Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5519/2021 13.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Məmmədova Nigar Kərəm qızının katibliyi, İddiaçı, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-339/2021 saylı, 17 mart 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Bakı şəhəri 17 Saylı Notariat Ofisinə qarşı etibarnamənin, müəssisədəki payın alqı-satqısına dair müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun adından Cavabdeh2 12.09.2017-ci il tarixdə 17 saylı Notariat Ofisində verilmiş 7E3030 nömrə ilə qeyd olunmuş etibarnamənin və həmin notariat ofisində 3M-42 reyestr nömrəsi ilə rəsmiləşdirilmiş “müəssisədəki payın alqı-satqısına dair” 14.07.2017-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə,hazırkı məsələdə cinayət tərkibi olduğu halda xüsusi qərardad çıxarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-339/2021 saylı, 17 mart 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. Apellyasiya şikayəti və onun dəlilləri: İddiaçı həmin qətnamədən apellyasiya şikayəti vermiş və şikayətin dəlilləri ondan ibarət olmuşdur ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulduğunu, maddi hüquq normalarının düzgün təfsir edilmədiyini və nəticdə iş üzrə əsassız qətnamə qəbul edildiyini bildirmişdir. Bu səbəbdən, apellyasiya şikayətinin təmin edilərək, rayon məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdi. Apellyasiya şikayəti ilə bağlı mülki işə baxılmasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, cavabdeh Bakı şəhəri 17 saylı notariat ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: İddiaçı tərəfindən Cavabdeh2 verilmiş və 17 saylı notariat ofisinin notarisu Nümayəndə2 tərəfindən 12.09.2017-ci il tarixdə təsdiqlənmiş etibarnamənin məzmunundan görünür ki, İddiaçı təsisçisi olduğu "İDEAL KOMPANİ” MMC-də olan 25% payının alqı-satqısına sərəncam verməyi, satmağı, bağışlamağı və bu işlə əlaqədar ona çatası pulu almağı və bütün bank əməliyyatlarını həyata keçirməyi, buna dair notariat kontorunda müqavilə imzalamağı,Vergilər Nazirliyinin idarə və departamentlərində nümayəndəsi olmağı, adından ərizə verməyi, arayışlar və dublikatlar almağı və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar adından ərizə verməyi və bu işlə əlaqədar bütün hərəkətləri etməyi Cavabdeh2 həvalə etmişdir. Etibarnamə 3(üç)il müddətinə verilmişdir və 12.09.2020-ci il tarixədək qüvvədə olmuş, həmçinin də etibarnamədə səlahiyyətlər başqa şəxslərə verilə bilməsi göstərilmişdir. “Müəssisədəki payın alqı-satqısı” barədə İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 14 sentyabr 2017-ci il tarixli müqaviləyə əsasən: Satıcı (birinci tərəf) aşağıda göstərilən paylarını satır. Alıcı (ikinci tərəf) həmin payları nizamnamə kapitalındakı dəyərinə 800000 (səkkiz yüz min) manata alır. Payın məxsus olduğu müəssisə 19.11.2017-ci il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən ********** dövlət qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış (VÖEN-**********) Bakı şəhəri Nəsimi rayonu H.Əliyev küçəsindəki 2-ci mk.ev 21 ünvanında yerləşən "İDEAL KOMPANİ” MMC-dir. Alqı- satqı zamanı yuxarıda qeyd olunan etibarnaməyə əsasən İddiaçı adından Cavabdeh2 iştirak etmişdir. Həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunmasına dair Binəqədi Rayon Məhkəməsinin 15 sentyabr 2017-ci il tarixli qərarının, iş üzrə icraata xitam verilməsi barədə Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin mühim işlər üzrə müstəntiqi C.Aundovun qəbul etdiyi 23 yanvar 2018-ci il tarixli qərarın məzmunundan görünür ki, İddiaçı"İDEAL KOMPANİ” MMC-də direktor vəzifəsində işləyərkən bir sıra şirkət əməkdaşlarının köməyi ilə 2016-cı il ərzində şirkətin mərkəzi kassasından ümumilikdə 4.475.641 manat götürməklə mənimsəməsi faktı üzrə Azərbaycan Respublikası CM-nin 308.1,179.3.2-ci maddələri ilə 01.06.2017-ci il tarixdə cinayət işi başlanmış,sonradan onun əməli CM-nin 178.2.1,178.2.3,178.2.4.,308.1 və 313-cü maddələrinə tövsiv edilmiş, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 07.06.207-ci il tarixli qərarı ilə barəsində 3 ay 23 gün müddətinə “həbs qətimkan” tədbiri seçilmiş,həmin məhkəmənin 15 sentyabr 2017-ci il tarixli qərarı ilə “həbs” qətimkan tədbiri “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilmiş, 23 yanvar 2018-ci il tarixdə isə cinayət işinə xitam verilmişdir. Müstəntiq C.Axundov tərəfindən İddiaçı, onun müdafiəçisi X1 və Bakı istintaq təcridxanasına ünvanlanmış 31 iyul 2017-ci il tarixli məktubdan və həmin məktuba əlavə olunmuş eyni tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə notariat hərəkətlərinin aparılması, xüsusilə mütəxəssis yoxlamasında iştirak etmək üçün səlahiyyətli şəxsə etibarnamə verilməsi məqsədi ilə Bakı İstintaq Təcridxanasına notariusun dəvət edilməsinə dair İddiaçı vəsatəti təmin olunmamışdır. Qeyd olunan məktubda bununla əlaqədar saxlandığı yerin rəisinə müraciət etmək tövsiyə edilmişdir "İDEAL KOMPANİ” MMC-nin 2016-ci ildə qeydiyyatdan keçmiş nizamnaməsindən görünür ki, cəmiyyət İddiaçı tərifindən təsis edilmiş, nizamnamə kapitalı 50 manat həcmində hər biri 1 manat olan 50 paydan ibarət olmuş, sonradan nizamnamədə dəyişiklik olmuş, cəmiyyətin nizamnamə kapitalı 3.200.000 manat müəyyən edilmiş hər biri 160000 manat olmaqla 20 paydan ibarət olmuş, payların 15-i, 75%-i Cavabdeh1, 5-i, 25%-i isə İddiaçı məxsus olmuşdur. Azərbaycan Respublikası Vergilər Nazirliyinin kommersiya qurumunun dövlət reyestrindən 03.08.2017-ci il tarixli çıxarışdan görünür ki, "İDEAL KOMPANİ” MMC 19.11.2017-ci il tarixdə qeydiyyata alınmışdır. Həmin müəssisədə İddiaçı payı 25%,Cavabdeh1 payı 75% təşkil edir. X2 notarial qaydada təsdiq olunmuş 14.09.2017-ci il tarixli ərizəsinin surətindən görünür ki,o, "xxxx" MMC-də əri İddiaçı məxsus 100% paydan 25%-nin satılmasına etiraz etmir. Həmin ərizə 46 saylı notariat kontorunun notariusu T.Kərimova tərəfindən təsdiq edilmişdir. İddiaçı tərəfindən “səlahiyyətli orqanlara” ünvanlanmış 14.09.2017-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizəsində qeyd olunur: “Bildirirəm ki, "İDEAL KOMPANİ” MMC-dəki 25% payımın alqı-satqısından mənə verilməli olan vəsait etibarnamə üzrə nümayəndəm tərəfindən ailə üzvlərimə verilmişdir. Gələcəkdə bu barədə heç bir iddiam və ya tələbim olmayacaqdır. Ərizə mənim sözlərim əsasında yazılıb və yazılanları öz imzamla təsdiq edirəm”. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətindən məhkəməyə daxil olmuş 16.11.2020-ci il tarixli,15.12.2020-ci il tarixli və 13.03.2021-ci il tarixli məktubların məzmunundan görünür ki, 17 saylı notariat ofisinin notariusu Nümayəndə2 12.09.2017-ci il tarixdə saat 17:30-dan 17:41-dək, 15.09.2017-ci il tarixdə isə saat 10:10-dan 10:33-dək Penitensiar Xidmətin Müalicə Müəssisəsində olmuşdur. İddiaçı tərəfindən “səlahiyyətli orqanlara” ünvanlanmış "xxxx" MMC-n in təsisçisi Cavabdeh1 ünvanlanmış 28.12.2017-ci il tarixli ərizənin məzmunundan görünür ki,İddiaçı maddi sıxıntılarına və borclarına görə etdiyi xahişi nəzərə alaraq ******* (iki milyon) maliyyə yardımı etdiyinə görə ailəsi və öz adından Cavabdeh1 minnətdarlığını bildirmiş, bu günə qədər ona və şirkətə qarşı heç bir tələbinin və iddiasının olmadığını və bundan sonra da olmayacağını bildirmişdir. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının apellyasiya şikayətinə əsasən tam yoxlayır. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, istənilən mülki mübahisənin düzgün həlli iddia tələbinin qanuni əsasının düzgün müəyyən olunmasından asılıdır. İddiaçı bildirir ki, o, mübahisələndirdiyi etibarnamə və MMC-dəki payının alqısatqısınıa dair müqaviləni hədə-qorxunun təsiri və məcburetmə nəticəsində bağlamışdır. Belə olan halda müəyyən olunur ki, iddiaçının hazırkı iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin birlikdə götürülmüş 337.1., 339.4. və 354.2-ci maddələri təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir(maddə 337.1.). Həmin Məcəllənin 339-cu maddəsində digər bir sıra hallarla yanaşı zorakılıq və hədə təsiri altında bağlanməş əqdin etibarsızlığı təsbit olunmuşdur. Əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılıq üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin(maddə 339.4.). Məcəllənin 354-cü maddəsi etibarsız əqdlər üzrə müddətləri tənzimləyir. Həmin normanın tələbinə görə maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində mübahisə edə bilər (maddə 354.2.). Məhkəmə kollegiyası bir daha vurğulayır ki, MM-nin 354-cü maddəsində nəzərdə tutulmuş müddət iddia müddəti olmayıb, kəsici müddətdir və mülki hüququn həyata keçirilməsi yalnız həmin müddət daxilində mümkündür. Başqa sözlə, həmin müddətin keçməsi hüququn özünün xitamına səbəb olur. Hazırkı iş üzrə iddiaçı mübahisələndirdiyi əqdləri məcburetmə həticəsində imzaladığını, bunun da həmin vaxt həbsdə olması ilə bağlı olduğunu bildirmişdir. Mülki iş üzrə tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, iddiaçı 15.09.2017-ci ildə həbsdən buraxılmış, 23.01.2018-ci il tarixində isə onun barəsində olan cinayət təqibinə xitam verilmişdir. Rayon məhkəməsi müəyyən etmişdir ki, iddiaçı əqdlərin etibarsızlığına tətbiq olunan bir illik müddəti buraxmışdır. Belə ki, etibarnamə 12 sentyabr 2017-ci ildə verilsə də, müəssisədəki payın alqı-satqı müqaviləsi 14 sentyabr 2017-ci il tarixdə bağlansa da, iddiaçı məhkəməyə 22.07.2020-ci il tarixdə müraciət etmişdir. İddiaçının apellyasiya şikayətinin əsas dəlili kimi rayon məhkəməsi tərəfindən MMnin 354.2-ci maddəsinin hazırkı işə tətbiqinin əsaslılığı müzakirə olunarkən iddiaçı bildirdi ki, o, həqiqətən də 15.09.2017-ci il tarixində həbsdən azad ounmuş, həbsdən çıxdıqdan sonra MMC-dəki təsis payının satılması ilə əlaqədar olaraq alqı-satqı müqaviləsinə əsasən ona ödənilməli olan, lakin ödənilməmiş 800.000 manatın ödənilməsi barədə qarşı tərəflə uzun –uzadı müzakirələr aparmış, hər dəfə də ona həmin məbləğin yaxın vaxtlarda ödəniləcəyi barədə vədlər verilmış, buna baxmayaq, həmin vəsait son anadək ona ödənilməmiş, bu səbəbdən də o, məcbur olub hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Belə olan halda məlum olur ki, hətta iddiaçı mübahisələndirdiyi əqdlərin bağlandığı an etibarsız olmasına dair biri digərini tamamlayan və təkzibolunmazlıqla bağlı tələblərə cavab verən sübutlar təqdim etmiş olsayde belə, yenə də onu hazırkı tələbi təmin oluna bilməzdi, çünki iddiaçının sonrakı hərəkətləri, yəni qarşı tərəflə həmin müqaviləyə əsasən ödənilmədiyini bildirdiyi 800.000 manatın ödənilməsi barədə danışıqlar aparması və bu barədə razılığın əldə olunması ilə bağlı bildirdikləri MM-nin 357-ci maddəsinin dispozitiv şərtlərinin təsiri altına düşür. Qanunun tələbinə görə əqdin bağlanılmasının bəyənilməsi, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə malikdir (maddə 357.). Demək ki, iddiaçının bağlandığı vaxt etibarsız hesab etdiyi əqd, sonradan onun sərbəst iradəvi hərəkətləri və istəyi ilə etibarlı hala gətirilmişdir. Qeyd olunanlara əsasən Məhkəmə Kollegiya iddiaçının şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla birlikdə qiymətləndirərkən belə nəticəyə gəlir ki, rayon məhkəməsi iddianı rədd etməkdə haqlı olmuşdur. Bununla belə rayon məhkəməsi qətnaməsində MM-nin 354-cü maddəsinə düzgün istinad etsə də, lakin səhvən onu iddia müdddəti olduğunu qeyd etmiş, bununla belə, mahiyyət etibarı ilə düzgün nəticəyə gəlmişdir. Prosessual qanunun tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (MPM maddə 77.1). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Nəticə: Göstərilənlərə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı rədd etməkdə haqlı olmuş, qətnamə qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş iddiaçının özünə aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-339/2021 saylı, 17 mart 2021-ci il tarixli qətnaməsi onun apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilən dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə rəsmən təqdim edildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İkram Şirinov Hakimlər: Tofiq Səmədov Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-5519/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5519/2021
13.10.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver