Məhkəmə qərarları › İş №2(103)-5519/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5519/2022

05.10.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5519/2022 05.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı SOCAR-ın İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: neft kəmərinin mühafizə zonasında inşa edilmiş qanunsuz tikilinin sökülməsi tələbi) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Qürbət Ağa oğlu Əsgərov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-740/2022 saylı 06 iyun 2022-ci il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı SOCAR-ın İddiaçı Cavabdeh qarşı “neft kəmərinin mühafizə zonasında inşa edilmiş qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Binəqədi rayonu, Binəqədi qəsəbəsi ünvanında Binəqədi- Bakı DŞ-200 mm-lik yerüstü neft kəmərinin 2.9-cu km-liyində, 1-ci sırada, 39 T 0398854;4478792 saylı koordinatlar üzrə, kəmərə perpendikulyar, uzaqlaşmaqla, kəmərdən təqribən 5 metr aralı məsafədə, kəmərin mühafizə zonasında Cavabdeh tərəfindən inşa edilmiş fərdi yaşayış evinin və hasar tikilisinin cavabdehin hesabına sökülərək, ərazidən çıxarılması və ödənilmiş 100(yüz) manat dövlət rüsumunun cavabdehdən tutularaq, iddiaçı SOCAR-ın İddiaçı bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia onunla əsaslandırılmışdır ki, SOCAR-ın İddiaçı istismarında olan Binəqədi rayonu, Binəqədi qəsəbəsi ünvanında Binəqədi-Bakı DŞ-200 mm-lik yerüstü neft kəmərinin 2.9-cu km-liyində, 1-ci sırada, 39 T 0398854;4478792 saylı koordinatlar üzrə, kəmərə perpendikulyar, uzaqlaşmaqla, kəmərdən təqribən 5 metr aralı məsafədə, kəmərin mühafizə zonasında Cavabdeh tərəfindən inşa edilmiş fərdi yaşayış evi və hasar tikililəri faktları aşkar olunmuşdur. Neft boru kəmərlərinin strateji əhəmiyyətli dövlət obyekti və yüksək təhlükə mənbəyi olduğundan, həmçinin mühafizə zonası boyunca neft-qaz ayrılmaları olduğundan burada hər an yanğın-partlayış və digər fövqəladə halların baş verməsi labüddür və bu hallar əhalinin sağlamlığına xələl gətirər və ölkə iqtisadiyyatına ciddi təhdid yarada bilər.

3. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-740/2022 saylı 06 iyun 2022-ci il tarixli qətnaməsi ilə (hakim Fərid Hətəmzadə) iddianın təmin edilməsi, SOCAR-ın İddiaçı istismarında olan Binəqədi-Bakı DŞ-200 mm-lik yerüstü neft kəmərinin 2.9-cu km– də, 1-ci sırada, 39 T 0398854; ******* saylı koordinat üzrə, kəmərə perpendikulyar, uzaqlaşmaqla, kəmərdən təqribən 5 metr aralı məsafədə kəmərin mühafizə zonasında inşa edilmiş fərdi yaşayış evinin və hasarın Cavabdeh hesabına sökülməsi və Cavabdeh həmin ərazidən çıxarılması, iddiaçı SOCAR-ın İddiaçı tərəfindən ödənilmiş 100 (yüz) manat dövlət rüsumunun Cavabdehdan alınaraq iddiaçı SOCAR-ın İddiaçınə verilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 102 (bir yüz iki) manat məbləğində pul vəsaitinin Cavabdeh alınıb Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, Dövlət Xəzinədarlığı Agentliyi, Kod: 210005 VÖEN ********** m/h AZ 41 NABZ******************** S.W.İ.F.T. Bik:CTREAZ 22 ) ödənilməsi qət edilmişdir.

4. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 4.3, 22.2, 49.1, 50, 55, 67.2, 67.4, 68 və 111-ci maddələri, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1, 180.2, 180.3 və 180.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

5. Qətnamədən cavabdehin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə əsassız və qanunsuz olduğundan ləğv edilməlidir. Belə ki, Cavabdeh məxsus fərdi yaşayış evi qanunsuztikili deyildir və Bələdiyyədən alınmışdır, bütün sənədləşmə işləri də tam qanuni şəkildə həyata keçirilmişdir. Həmin fərdi yaşayış evində Cavabdeh 2007-ci ildən ailəsi ilə birlikdə yaşamışdır və SOCAR-ın İddiaçı həmin müddət ərzində bir dəfə də olsun fərdi yaşayış evinin sökülməsi barədə iddia qaldırmamışdır. Hətta ekspertiza təyin etməklə fərdi yaşayış evinin tikilmə tarixini müəyyən etmək olar. Cavabdeh fərdi yaşayış evinin kommunal ödənişlərini əks etdirən bütün ödəniş qəbzləri də vardır ki, həmin qəbzlər də sübut edir ki, Cavabdeh hansı tarixdən həmin fərdi yaşayış evində məskunlaşmışdır. Birinci instansiya məhkəməsinin məhkəmə baxışı zamanı Cavabdeh məhkəmədən təkrar ekspertiza keçirilməsini xahiş etmişdir. Çünki fərdi yaşayış evi neft kəmərindən 50 (əlli) metrdən çox uzaq məsafədə yerləşir və fərdi yaşayış evi SOCAR-a məxsus neft kəməri üçün heç bir təhlükə yaratmır. Cavabdeh ilə yanaşı həmin ərazidə və neftkəmərlərinə yaxın bir neçə fərdi yaşayış evi mövcuddur və həmin fərdi yaşayış evləri də neft kəmərləri üçün təhlükə yarada bilər. Amma SOCAR-ın İddiaçı sadəcə Cavabdeh qarşı iddia qaldırmışdır. Həm milli qanunvericlik, həm də insan hüquqlarının müdafiəsi ilə bağlı beynəlxalq normalar mülkiyyət hüququnu müdafiə edir. Hazırkı işdə cavabdehin mübahisəli əmlak üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa belə, həmin evi 2007-ci ildə inşa edib və 15 il ərzində ailəsi ilə birlikdə orda yaşayıb. İddiaçı yalnız 2022-ci ildə iddia qaldıraraq, bu evin sökülməsini tələb edib. 15 il ərzində iddiaçının həmin evə dair mülkiyyət hüququ gözləntisi yaranıb. Önər Yıldız Türkiyəyə qarşı işindəki analoji hal hazırkı işdə də mövcuddur. Hazırkı işdə cavabdeh mübahisəli torpaq sahəsini zəbt etməyib. Əksinə, həmin sahə bələdiyyə qərarı əsasında ayrılıb. Həmin sərəncama əsasən alqı-satqı müqaviləsi bağlanılıb və cavabdeh tərəfindən müvafiq məbləğdə torpaq haqqı ödənilib. O, həmin torpaq sahəsində yaşayış binası inşa edib, texniki şərtlərin razılaşdırılması və evin eskizinin alınması üçün Binəqədi rayonu Memarlıq və Şəhərsalma İdarəsinə müraciət edilmişdir. Göründüyü kimi, dövlət bir tərəfdən mülkiyyət hüququna real gözlənti bəxş etməyə əsas verən sənədlər təqdim etməklə cavabdehə real əmlak yaradıb ona sahiblənməyə imkan yaradır, digər tərəfdən onun sökülməsi barədə qərar verməklə, onu bu hüquqdan məhrum edir. Hazırkı işdə ekspertin rəyi ilə razılaşmayaraq, onun yenidən keçirilməsini xahiş edilmişdir. Məhkəmə, iclasda vəsatəti rədd etsə də, qətnamədə buna münasibət bildirməyib. Halbuki, qeyd edilən normalar hakimdən razılaşmadığı arqumentlərlə bağlı öz fikrini əsaslandırmağı tələb edir. Ekspert rəyində mübahisəli evlə kəmər arasındakı məsafəni düzgün qeyd etməyib. Belə ki, hasarla kəmər arasında 15 metr məsafə olsa da, hasarla həmin ev arasındakı məsafə 35 metrdən artıqdır. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

7. Məhkəmə iclsında iştirak edən Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər.

8. Məhkəmənin iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə iddiaçı SOCAR-ın İddiaçı məhkəmə kollegiyasının iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə iddiaçı SOCAR-ın İddiaçı nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

9. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin tələbləri baxımından heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.

10. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Yordanov və qeyrilərinin Bolqarıstana qarşı” iş üzrə 24 aprel 2012-ci il tarixli qərarında hesab etmişdir ki, Yordanovun və başqalarının Sofiya şəhərində yaşadıqları icazəsiz tikilmiş müvəqqəti tikilidən çıxarılmaları demokratik cəmiyyətdə zərurilik prinsipinə uyğun deyil və insanların şəxsi və ailə həyatına hüququnu müəyyən edən “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 8-ci maddəsinə ziddir. Həmin qərarda insanların illər ərzində yaşadıqları evlərdən çıxarılması onların həyat tərzinə, ev, şəxsi həyat və ailə həyatına hörmət hüquqlarına müdaxilə kimi qiymətləndirilmişdir.

Azərbaycan Respublikası Mülki Məcəlləsi

11. Maddə 180.1 tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.

12. Maddə 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.

13. Maddə 180.3- özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz.

14. Maddə 180.4 tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.

Azərbaycan Respublikası Torpaq Məcəlləsinin

15. Maddə 4.3- torpaq sahəsinin hüquqi statusu onun məqsədli təyinatını, torpaq sahəsi üzərində hüququn forması (mülkiyyət, istifadə və ya icarə hüququ), habelə torpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş yüklənməni (məhdudiyyətləri) əhatə edir.

16. Maddə 22.2 əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır. Telekommunikasiya fəaliyyəti üçün fiziki və hüquqi şəxslərə verilən torpaq sahələrinin, o cümlədən mühafizə zona və zonalarının ölçüsü bu fəaliyyət növü üçün torpaq ayrılması normalarına və layihə-texniki sənədlərə müvafiq olaraq müəyyənləşdirilir.

17. Maddə 49.1 hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ - torpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur.

18. Maddə 50 dövlət və bələdiyyə mülkiyyətində olan torpaqlar daimi və ya müvəqqəti istifadəyə müvafiq icra hakimiyyəti orqanları və bələdiyyələr tərəfindən verilir.

19. Maddə 55 hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr, hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər, məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü, vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır.

20. Maddə 66.1 müvafiq olaraq dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

21. Maddə 14.2 məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

22. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

23. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

24. Maddə 384.0.2 qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

25. Maddə 385 maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

Apellyasiya baxışının hədləri

26. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

27. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

28. Hazırki halda qətnamə cavabdeh tərəfindən mübahisələndirilərək ləğv edilməsi və iddia tələbinin rədd edilməsi xahiş edildiyindən qətnamə bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

29. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-740/2022 saylı 06 iyun 2022-ci il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməməlidir.

30. Kollegiya ilkin olaraq qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

31. Birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 25 fevral 2022-ci il tarixli, 1481 №-li rəyinə istinad etmiş və qənaətini onunla əsaslandırmışdır ki, cavabdeh Məmmədov X3-Bakı DŞ-200 mm-lik yerüstü neft kəmərinin 2.9-cu km–də, 1-ci sırada, 39 T 0398854;4478792 saylı koordinat üzrə, kəmərə perpendikulyar, uzaqlaşmaqla, kəmərdən təqribən 5 metr aralı məsafədə inşa edilmiş fərdi yaşayış evi və hasarı qanunla müəyyən olunmuş qaydada lazımi icazələr olmadan, şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla özbaşına tikdiyindən və bu tikililər neft kəmərinin mühafizə zonasında inşa edildiyi üçün neft kəmərinin texniki istismarına və istifadəsinə maneələr törətdiyindən özbaşına tikili hesab edilərək cavabdehin hesabına sökülməlidir.

32. Məhkəmə kollegiyası birinci insansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə ilə razılaşmamaqla qətnaməni qanuni və əsaslı hesab etmir.

33. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 103.1-ci maddəsinə görə ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və MPM-nin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.

34. Kollegiya hesab edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 25 fevral 2022-ci il tarixli, 1481 №-li rəyi yalnız digər subutlarla təsdiq olunduğu halda iş üçün əhəmiyyətli sübut hesab edilə bilər. Hazırki mülki işin xarakteri baxımından isə yalnız ekspert rəyinə istinad edilməklə yekun nəticəyə gəlinə bilməzdi.

35. Belə ki, iş materiallarına əlavə edilmiş və apellyasiya icraatı zamanı tədqiq edilmiş Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbə Bələdiyyəsinin 16 fevral 2007-ci il tarixli, 701/1 nömrəli sərəncamından və sərancama əlavə edilmiş torpaq sahəsinin eskiz lahiyəsindən görünür ki, Binəqədi Rayon Binəqədi Qəsəbəsinin ərazi hüdudları daxilində, Binəqədi Qəsəbə ərazsindən istifadəsində olan 300 m2 torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün vətəndaş Cavabdeh alqı-satqı yolu ilə mülkiyyətinə ayrılmışdır.

36. Həmçinin iş materiallarına əlavə edilmiş Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbə Bələdiyyəsinin 23 sentyabr 2022-ci il tarixli, 01-13/B-405 nömrəli sorğuya cavab məktubundan görünür ki, dövlət torpaqlarının idarə olunmasını yerli bələdiyyələr tərəfindən həyata keçirilməsinə və “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanunun 16-cı maddəsinin 3-cü və 4-cü bəndini, 19-cu maddəsinin 4-cü bəndini, 33-cü maddəsinin 3-cü bəndinə əsasən Binəqədi qəsəbə Bələdiyyəsi inzibati ərazisi hüdudları daxilində vətəndaş Cavabdeh oğlnun adına 300 m2 torpaq sahəsi ayrılmışdır.

37. Kollegiya qeyd edir ki, fərdi yaşayış evinin özbaşına tikili olması və mühafizə zolağı hüdudlarında yerləşməsi əsası ilə mübahisənin göstərilən qaydada həll edilməsi cavabdehin Konstitusiya ilə təsbit olunmuş hüquqlarının pozulması kimi qiymətləndirilməlidir. Nəzərə alınmalıdır ki, cavabdehə mübahisəli ərazidə fərdi yaşayış evi tikmək üçün icazə xx.xx.2007-ci il tarixdə verilmiş, müvafiq dövlət və icra hakimiyyəti orqanları tərəfindən cavabdehin ailə üzvlərinə, eləcə də cavabdehin özünə həmin sahədən istifadə ilə əlaqədar uzun illər ərzində heç bir irad bildirilməmiş və həmin şəxslər özlərinin mənzil şəraitlərini həll edilmiş hesab edərək uzun illər ərzində oradan maneəsiz və fasiləsiz istifadə etmişlər. Qanunvericilikdə müəyyən edilmiş qaydada lazimi icazələr alaraq özü üçün fərdi yaşayış evi tikintisini həyata keçirən və 15 ildən çox müddət ərizəndə həmin torpaq sahəsinə, eləcə də tikintisini həyata keçirdiyi torpaq sahəsində yerləşən tikiliyə sahiblik edən cavabdehin həmin torpaq sahəsinə və tikiliyə gözlənilən hüququ vardır.

38. Məhkəmə kollegiyası hesab edir ki, bu illər ərzində cavabdehin və onun ailə üzvlərinin orada yaşamasına nəinki maneçilik törədilməmişdir, əksinə onlardan torpağa görə əmlak vergisi alınmış, həmin evdə rahat yaşamaları üçün su, qaz (məhz hazırki iş üzrə iddiaçı tərəfindən) və elektrik xətləri çəkilməklə həmin xidmətlərə görə onlardan müvafiq haqq alınmışdır. Göstərilən orqanlar cavabdehə müvafiq kommunal xidmətlər göstərməklə və eləcə də susmaqla əslində onun həmin torpaq sahəsində tikilmiş evdən istifadə etməsinə öz razılıqlarını bildirmişlər. Bu müddət ərzində iddiaçı da cavabdehə hər hansı irad bildirməmişdir. Belə olan halda, iddiaçı qanunsuz olaraq zəbt edilmiş torpağı geri almaq hüququna malik olsa da, qanunsuz yerləşməyə illərlə göz yumduğuna, bununla da cavabdehin sosial həyat qurmasına imkan verdiyinə görə cavabdehə alternativ yaşayış sahəsi və ya müvafiq kompensasiya təklif olunmadan onun evsiz qalması ilə nəticələnəcək iddianın irəli sürülməsi əsassızdır.

39. Göründüyü kimi 300 kv.metr torpaq sahəsi üzərində cavabdehin inşa etdiyi tikilidən onun istifadə etməsinin legitimliyi tanınıb. Bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həmin torpaq sahəsi cavabdehin mülkiyyətinə verilib.

40. Kollegiya həmçinin qeyd edir ki, bələdiyyə tərəfindən verilmiş yuxarıda qeyd edilən sərəncam qüvvədə olduğu halda, mübahisəli tikilinin sökülməsi barədə tələbin qanuni əsası yoxdur.

41. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmədiyindən iş üzrə qəbul edilmiş qətnamə ləğv edilməli, iddia tələbi təmin edilməməlidir.

42. Kollegiya hesab edir ki, hazırki halda iddia tələbi təmin edilmədiyindən iş üzrə iddiaçı tərəfindən ərizənin verilməsi ilə əlaqədar ödənilmiş 100 manat dövlət rüsumu iddiaçının özünə aid edilməli, həmçinin apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş 50 manat dövlət rüsumu iddiaçı SOCAR-ın İddiaçı tərəfindən alınaraq Cavabdeh verilməlidir.

43. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 25 fevral 2022-ci il tarixli, 1481 №-li ekspertiza xərclərinə dair bildirşdən görünür ki, aparılmış tədqiqatın dəyəri 100 (yüz) manat təşkil etmişdir.

44. Kollegiya hesab edir ki, məhkəmənin yuxarıda qeyd edilən mövqeyi ilə iddia tələbi təmin edilmədiyindən aparılmış ekspertiza tədqiqatının xərci qismində 100 (yüz) manat iddiaçı SOCAR-ın İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir.

45. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.2, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Cavabdehin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-740/2022 saylı 06 iyun 2022-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı SOCAR-ın İddiaçı Cavabdeh qarşı “neft kəmərinin mühafizə zonasında inşa edilmiş qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddiası təmin edilməsin. İddia ərizəsinin verilməsi üçünə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş 50 manat dövlət rüsumu iddiaçı SOCAR-ın İddiaçı tərəfindən alınaraq Cavabdeh verilsin. Ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində pul vəsaiti cavabdehlər iddiaçı SOCAR-ın İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kasasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar