Məhkəmə qərarları › İş №2(103)-5519/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5519/2024

09.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kirayə müqaviləsi üzrə mübahisələr - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5519/2024 09.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı 07 iyul 2015-ci il tarixli “22/52” nömrəli “xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi və mənzildən çıxarılma” tələbinə mülki iş üzrə (Açar sözlər: apellyasiya şikayəti verilməsi üçün prosessual müddət ötürülmüşdür) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X5 (sədrlik edən və məruzəçi), X1 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı 07 iyul 2015ci il tarixli “22/52” nömrəli “xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi və mənzildən çıxarılma” tələbinə dair Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(002)-1408/2024 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş şikayət üzrə apellyasiyanın mümkünlüyünü Bakı Apelyasiya Məhkəməsinin inzibati binasında yoxlayaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları:

1. İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi və mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 istifadələrinə verilmiş Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, 22 saylı binada 52 nömrəli 2 otaqlı mənzilə dair 07 iyul 2015-ci il tarixli “22/52” nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 və ailə üzvləri ilə birlikdə həmin mənzildən çıxarılması və ”22/52” nömrəli mənzilin boşaldılaraq Komitənin Mənzil istismar Eepartamentinə təhvil verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

2. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(002)- 1408/2024 nömrəli qətnaməsi ilə Cavabdeh1 ilə iddiaçı Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti arasında bağlanılmış 07 iyul 2015-ci il tarixli “22/52” nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 və X2 Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, 22 saylı binanın 52 nömrəli 2 otaqlı mənzilindən çıxarılması, Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, 22 saylı binanın 52 nömrəli 2 otaqlı mənzil cavabdehlər tərəfindən boşaldılaraq iddiaçı Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinə təhvil verilməsi qət edilmişdir.

3. Qətnamədən narazı qalan Cavabdeh1 apellyasiya şikayəti verərək, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 24 avqust 2022-ci il tarixli, 2(002)-1408/2024 nömrəli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq normaları:

4. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər.

5. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 128.1-cı maddəsinə əsasən, prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir.

6. Həmin Məcəllənin 130.1-ci maddəsinin tələblərinə görə, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.

7. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.

8. Maddə 361.1. Bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində aşağıdakılar göstərilməlidir: ...şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi; ...şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar;

9. Maddə 363.1.1-1. apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə, 363.1.3. apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır.

10. Maddə 366.1. Apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir.

11. Maddə 366.2. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

12. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(002)-1408/2024 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayəti qeyri-mümkün hesab edilməli və mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır.

13. Belə ki, Azərbaycan Respublikasının MPM-in 361.1-ci maddəsində apellyasiya şikayətinin müəyyən edilmiş formada verilməsi tələbi əks olunmuş və 361.1.2-361.1.7-ci maddələrində apellyasiya şikayətinin məzmunu ilə bağlı tələblər müəyyən edilmişdir. Apellyasiya şikayətinin forması isə “Mülki Prosessual Məcəlləyə əlavə 2”-də göstərilmişdir.

14. Lakin iş üzrə Cavabdeh1 tərəfindən elektron qaydada imzalanmış apellyasiya şikayətindən görünür ki, şikayət “Mülki Prosessual Məcəlləyə əlavə 2”-də müəyyən edilən formaya uyğun tərtib edilməmişdir.

15. Belə ki, 6 8, 9-cu bəndlər ümumiyyətlə qeyd edilməmiş, 7-ci bənddə sadəcə prosessual normalar sadalanmışdır.

16. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(002)-1408/2024 nömrəli qətnaməsi Cavabdeh1 tərəfindən poçt xəbərnaməsində 26 iyul 2024-cü il tarixdə imza edilməklə qəbul edilmişdir.

17. Həmin qətnamədən Cavabdeh1 nümayəndəsi və vəkili X4 tərəfindən apellyasiya şikayəti 27 avqust 2024-cü il tarixdə elektron kabinet vasitəsilə verilməklə qanunvericiliklə müəyyən edilmiş müddət 1 gün ötürülmüşdür.

18. Bununla belə cavabdeh həmin qətnamədən şikayət verilməsi üçün ötürülmüş müddətin bərpa edilməsi barədə ərizə də təqdim etməmişdir.

19. Mülki Prosessual Məcəllənin 133.3-cü maddəsinə əsasən müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.).

20. Mülki Prosessual Məcəllənin 130.3-cü maddəsinə görə, prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Həmin Məcəllənin 363.1.3-cü maddəsinə görə isə apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır.

21. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası

Q Ə R A R A A L D İ:

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(002)-1408/2024 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və mülki iş, apellyasiya şikayətinin geri qaytarılması üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar