Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-552/2021 09.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə, Cavabdeh “xxxx” ASC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı aktın etibarsız hesab edilməsi və əsassız hesablanmış borcun silinməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2(006)-5914/2019 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək barəsində tərtib olunmuş elektrik enerjisindən istifadə qaydalarının pozulması haqqında xx.xx.2019-cu il tarixli aktın etibarsız hesab edilməsi və əsassız hesablanmış 3300 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Zabrat qəsəbəsində yerləşən qeyri-yaşayış sahəsinin mülkiyyətçisi İddiaçıdır. Həmin obyektdə elektrik enerjisindən istifadə üzrə ********** VÖEN əsasında icarədar X3 fəaliyyət göstərir və 09/K348 saylı abonent kimi istifadəçidir. Elektrik enerjisindən istifadəyə görə ödənişlər vaxtlı-vaxtında edilir. xx xxxxxx 2019-cu il tarixdə “xxxx” ASC-nin əməkdaşları həmin qeyri-yaşayış sahəsinin yerləşdiyi ünvana gələrək dövlət yoxlamasının keçirilməsi üçün baxış keçirmiş və barəsində elektrik enerjisindən istifadə qaydalarının pozulması haqqında xx.xx.2019-cu il tarixli 005444 saylı akt tərtib etmişlər. Aktda göstərilmişdir ki, guya eyni obyektə kənar xətt daxil olur, kənar xətt obyektin arxa hissəsində olan fərdi yaşayış evinə məxsus elektrik sayğacı qidalandıran sip kabelin obyektin dam hissəsindən izolyasiya pozulmaqla budaqlanma birbaşa işlədicilərə çəkilmişdir. Həmin akt əsasında ona 3300 manat borc hesablanmışdır. Akt tərtib olunarkən onun və hal şahidlərinin iştirakı təmin olunmamış, sayğacdan kənar xətt olduğu təqdirdə fotoşəkli çəkilib akta əlavə olunmamışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2(006)- 5914/2019 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək cavabdeh “xxxx” ASC tərəfindən xx.xx.2019-cu il tarixdə tərtib edilmiş NDQ № 005444 saylı aktın ləğv edilməsi və həmin akt əsasında hesablanmış 3193,02 manat məbləğində borcun İddiaçı abunə hesabından silinməsi qət olunmuşdur. Cavabdeh “xxxx” ASC tərəfindən qətnamədən apellyasiya şikayəti verilərək, qətnamənin ləğv olunması və ərizənin baxılmamış saxlanılması barədə qərardad qəbul edilməsi xahiş olunmuşdur. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işə baxarkən prosessual pozuntuya yol vermiş, məhkəmə aidiyyəti qaydalarını pozmuşdur. Belə ki, mübahisə iddiaçının sahibkarlıq fəaliyyətindən irəli gəldiyi halda, işə ümumi məhkəmə tərəfindən baxılmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(103)-1704/2020 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2(006)-5914/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən cavabdeh tərəfindən verilən kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərarı ilə qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş, mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi hesab etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2005-ci il tarixli 18 saylı Qərarı ilə təsdiq olunmuş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 1.1-ci bəndində məişət abonentinə anlayış verilmişdir. Hazırki işin mübahisələndirilməyən halına əsasən iddiaçının mülkiyyətində olan qeyri-yaşayış obyekti (restoran) icarə müqaviləsi əsasında X1 istifadəsindədir. Sonuncu həmin restoranı məişət abonenti kimi deyil, gəlir əldə etmək üçün xidmət sahəsi kimi istifadə etmiş, İddiaçı isə obyekti icarəyə verməklə gəlir götürmüşdür. Nə İddiaçı, nə də P.Babazadə qeyri-yaşayış sahəsi olan restorana münasibətdə “Elektrik enerjisindən istifadə Qaydaları”nın 1.1-ci bəndinin tələbləri baxımından məişət abonenti sayıla bilməz. Belə olan halda məhkəmənin istinad etdiyi məişət abonentinə dair yuxarıda sadalanan halların (akt tərtib edilərkən hal şahidlərinin iştirakının təmin edilməsi və s.) hazırkı halda tətbiq edilməsinin mümkünlüyünü apellyasiya instansiyası məhkəməsi müzakirə etməmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi X5 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, iddiaçının nümayəndəsi Nümayəndə isə apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2(006)- 5914/2019 saylı qətnaməsi cavabdehin apelyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan “xxxx” ASC-nin əməkdaşları tərəfindən tərtib olunmuş xx xxxxxx 2019-cu il tarixli NDQ № 005444 saylı aktdan görünür ki, Bakı şəhəri Zabrat qəsəbəsində yerləşən İddiaçı məxsus qeyri-yaşayış sahəsində yoxlama keçirilən zaman məlum olmuşdur ki, obyektə sayğac sxemindən kənar xətt daxil olur. Kənar xətt obyektin arxa hissəsində olan fərdi yaşayış evinə məxsus elektrik sayğacı qidalandıran sip kabelin obyektin dam hissəsindən izolyasiya pozulmaqla budaqlama ilə birbaşa işlədicilərə çəkilmişdir. İş materiallarında olan “xxxx” ASC tərəfindən verilmiş abunə haqqında arayışdan görünür ki, NDQ № 005444 saylı akta əsasən Bakı şəhəri Zabrat qəsəbəsində yerləşən İddiaçı məxsus obyektə 3193,02 manat cərimə hesablanmışdır. Apellyasiya icraatı zamanı şahid qismində dindirilmiş X4 işçi kimi həmin obyektdə ofisiant işlədiyini, sayğaca kənar müdaxilə edilməsindən xəbərsiz olduğunu, aktın məzmunu ilə tanış olmadan həmin aktı imzalandığını və orada başqa heç kimin olmadığını bildirdi. Digər şahid X3 isə iddiaçıya məxsus qeyri-yaşayış sahəsini icarəyə götürərək işlətdiyini, aylıq kommunal xərclərin onun tərəfindən ödənildiyini, sayğaca kənar müdaxilədən xəbərsiz olduğunu və akt tərtib edilərkən obyektdə olmadığını bildirdi. Beləliklə işin faktiki hallarından görünür ki, iddiaçıya məxsus olan qeyri-yaşayış obyekti (restoran) icarə müqaviləsi əsasında X1 istifadəsindədir. Sonuncu həmin restoranı məişət abonenti kimi deyil, gəlir əldə etmək üçün xidmət sahəsi kimi istifadə etmiş, İddiaçı isə obyekti icarəyə verməklə gəlir götürmüşdür. Lakin iddiaçıya məxsus qeyri-yaşayış sahəsində elektrik enerjisindən istifadə qaydalarının pozulması haqqında cavabdeh təşkilatın əməkdaşları tərəfindən akt tərtib edilərkən nə İddiaçı, nə də həmin obyekti icarəyə götürmüş Pərvin Babazadənin iştirakı təmin edilməmişdir. Bundan əlavə, iddiaçıya məxsus obyektdə elektrik enerjisindən istifadə qaydalarının pozulması halının mövcudluğunu və bu pozuntunun məhz istehlakçının təqsiri üzündən yarandığını təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki işə baxılarkən məhkəmə aidiyyəti qaydalarının pozulması barədə apelyasiya şikayətinin dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə araşdırması zamanı İddiaçı VÖEN əsasında fəaliyyət göstərən fərdi sahibkar kimi fəaliyyət göstərməməsi, mübahisənin onun sahibkarlıq fəaliyyəti ilə bağlı olmaması müəyyən edildiyindən, mülki işə düzgün olaraq ümumi məhkəmədə baxılmışdır. Birinci instansiya məhkəməsində işə baxılarkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş “Elektrik enerjisindən istifadə Qaydaları”nda nəzərdə tutulmuş maddi hüquq normalarının düzgün tətbiq olunmaması, yəni mübahisəyə səhvən enerji təchizatı müəssisəsi ilə məişət abonenti arasında münasibətləri tənzimləyən normanın tətbiq olunması barədə Ali Məhkəmənin hazırkı işlə bağlı qərarında qeyd olunan xüsusatla bağlı məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxmışdır. Bununla yanaşı, məhkəmə kollegiyası qeyd edir ki, adı çəkilən Qaydalarda məişət abonenti olmayan istehlakçılar tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə aktın tərtib edilmə qaydası nəzərdə tutulmamışdır. Kollegiya həmçinin qeyd edir ki, yuxarıda adı çəkilən Qaydalarda nəzərdə tutulan maddi hüquq normasının düzgün tətbiq olunmaması düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnməmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin etməklə düzgün nəticəyə gəlmişdir. Mübahisələndirilən qətnamə mahiyyət etibarilə düzgün olduğundan, apelyasiya şikayəti təmin edilməməli, qətnamə cavabdehin apelyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 382, 384, 392, 393, 402, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh “xxxx” ASC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2(006)- 5914/2019 saylı qətnaməsi cavabdehin apelyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına yazılı formada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-552/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-552/2021
09.02.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver