Məhkəmə qərarları › İş №2(103)-552/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-552/2022

21.06.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-552/2022 21.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və X1 ibarət tərkibdə, Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, İddiaçı “X7” şirkətinin nümayəndəsi X2, Cavabdeh2 iştirakları ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4904/2019 saylı, 15 avqust 2019cu il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı “X7” şirkəti iddia ərizəsi ilə Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Şirkətin Saziş ərazisi hüdudları və 3 saylı mədənin 6-cı sahəsində yerləşən ünvan 1 ünvanında inşa edilmiş özbaşına tikilidən çıxarılmaları, özbaşına tikilinin cavabdehlərin hesabına sökülməsi və torpaq sahəsinin boşaldılaraq Şirkətin qanuni istifadəsinə qaytarılması, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 10 manat məbləğində pulun cavabdehlərdən İddiaçı Şirkətinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlərin inşa etdiyi ev Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayi, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Sazişdə nəzərdə tutulan kontrakt sahəsinin coğrafi koordinatları daxilində yerləşir. Cavabdehlər lazımi icazələr almadan, şəhərsalma və tikinti normalarını ciddi surətdə pozaraq kontrakt sahəsində özbaşına tikinti işləri aparmışlar. İddiaçı şirkət əməliyyat şirkəti qismində fəaliyyət göstərir, ona kontrakt sahəsində neft-qaz əməliyyatlarının həyata keçirilməsi üçün müstəsna hüquq verilmişdir. Buna görə də kontrakt sahəsində tikinti işlərinin aparılması iddiaçının hüquqlarını pozur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4904/2019 saylı, 15 avqust 2019cu il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Şirkətin Saziş ərazisi hüdudları və 3 saylı mədənin 6-cı sahəsində yerləşən ünvan 1 ünvanında inşa edilmiş özbaşına tikilidən çıxarılmaları, özbaşına tikilinin cavabdehlərin hesabına sökülməsi və torpaq sahəsinin boşaldılaraq Şirkətin qanuni istifadəsinə qaytarılması, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi 10 manat məbləğində pulun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı Şirkətinin xeyrinə tutulması qət edilmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, bələdiyyənin müvafiq qərarları, alqısatqı müqavilələri qüvvədə ola-ola, torpağın dəyəri tam olaraq ödənildiyi təqdirdə iddiaçının iddiasının təmin olunması absurddur. Belə bir qərarın qəbulu onların mülkiyyət hüququna qanunsuz müdaxilədir. Dövlət orqanının qərarı ilə torpaq sahəsi alqı-satqı müqaviləsi ilə onlara satılmış və dəyəri ödənilmişdir. Həmin qərarların qüvvədə olduğu halda torpağın onların istifadəsindən alınması qanunsuzdur. Nə iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirmək üçün torpağın onların kontrakt ərazisinə daxil olmasına dair sübut təqdim etmiş, nə də məhkəmə bu halı araşdırmışdır. Bakı Apellyasiya Məhkəməsi mülki kolegiyasının 04 mart 2021-ci il tarixli 2(103)- 199/2021 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4904/2019 saylı, 15 avqust 2019- cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən cavabdehlər tərəfindən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının 06 sentyabr 2021-ci il tarixli, 2(102)- 4049/2021 saylı qərarı ilə kassasiya şikayəti təmin edilərək, Bakı Apellyasiya Məhkəməsi mülki kolegiyasının 04 mart 2021-ci il tarixli 2(103)-199/2021 saylı qətnaməsinin ləğv edilərək, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apelyasiya şikayətini müdafiə etdiyini bildirdi və təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iddiaçı “X7” şirkətinin nümayəndəsi X3 apellyasiya şikayətini əsassız hesab edərək, təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh1 məhkəmə iclasına gəlməmiş və gəlməməsi barədə məhkəməyə heç bir məlumat verilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası Cavabdeh1 iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apelyasiya şikayətinin dəlillərini mülki işin materialları ilə birlikdə araşdıraraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin tələblərinə əsasən kassasiya instansiyası məhkəməsinin qərarında şərh edilən hüquqi mövqeyi nəzərə alıb hesab edir ki, apelyasiya şikayəti təmin edilməli, hazırki mülki iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmalıdır. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Baxılan iş üzrə apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslığının tam yoxlanılması təşkil edir. İşdə olan və birinci instansiya məhkəməsi tərəfindən tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti, AZEN X9.Vi. və ARDNŞ-nin Ortaq Neft Şirkəti arasında 29 sentyabr 2004-cü il tarixində “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Saziş bağlanmış, həmin Saziş Azərbaycan Respublikasının 29 aprel 2005-ci il tarixli, 901-İİQ №-li Qanunu ilə qəbul və təsdiq edilmiş, onun həyata keçirilməsinə icazə verilmişdir. Qanunun 5-ci bəndində qeyd olunmuşdur ki, Sazişin pay iştirakçılarına Sazişdə nəzərdə tutulan kontrakt sahəsində neft-qaz əməliyyatları aparmaq üçün müstəsna hüquq verilir. AZEN X9.Vi., ARDNŞ-nin Ortaq Neft Şirkəti və İddiaçı Şirkətinin (iddiaçının) arasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blok üzrə birgə əməliyyat sazişi bağlanmış, iddiaçı əməliyyatçı təyin edilmişdir. Həmin sazişə görə əməliyyatçının bütün birgə əməliyyatlara tam nəzarət və rəhbərlik həyata keçirmək səlahiyyəti vardır, əməliyyatçının və əməliyyat şirkətinin müqavilədə nəzərdə tutulmuş bütün hüquq, funksiya və vəzifələrinə malikdir. Məhkəmə kollegiyası qeyd edir ki, özbaşına tikintinin sökülməsi barədə tələbin qanuni əsasını Mülki Məcəllənin 180-ci maddəsi təşkil edir. Həmin maddənin tələblərinə görə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır (maddə 180.1). Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər (maddə 180.4). Özbaşına tikintinin sökülməsi barədə tələbin əsaslı olub-olmadığının yoxlanılması üçün iki hal müəyyən edilməlidir: 1) iddia tələbində göstərilən tikilinin özbaşına tikinti olubolmadığı, 2) iddiaçının Mülki Məcəllənin 180.4-cü maddəsində göstərilən şəxslərə aid olub-olmadığı. Ərazinin boşaldılması, əvvəlki vəziyyətinə gətirilməsi və iddiaçının istifadəsinə qaytarılması barədə tələblərin qanuni əsasını isə Torpaq Məcəlləsinin 111-ci maddəsi təşkil edir. Həmin maddənin tələblərinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, evin yerləşdiyi torpaq sahəsi zəbt olunmuş və müvafiq icazələr olmadan orada tikinti işləri həyata keçirilmişdir. İddiaçı Mülki Məcəllənin 180.4-cü maddəsində nəzərdə tutulan “maraqlı tərəf” hesab olunduğundan evin sökülməsini və torpaq sahəsinin boşaldılmasını tələb edə bilər. Odur ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Şirkətin Saziş ərazisi hüdudları və 3 saylı mədənin 6-cı sahəsində yerləşən ünvan 1 ünvanında inşa edilmiş özbaşına tikilidən çıxarılmalı, özbaşına tikili cavabdehlərin hesabına sökülməli və torpaq sahəsi boşaldılaraq Şirkətin qanuni istifadəsinə qaytarılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq ediliməli hüquqla bağlı düzgün nəticəyə gəlməmişdir. Belə ki, apelyasiya baxışı zamanı müəyyən olunmuşdur ki, Bakı şəhəri, Binəqədi rayonu, Xocasən Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 10/2 saylı qərarından görünür ki, həmin Qərarla Binəqədi rayon Xocasən Bələdiyyəsinin ərazisində faktiki istifadə edilən təqdim edilmiş cizgidə göstərilən ölçü və ünvana uyğun olaraq fərdi yaşayış evinin tikintisi üçün 500 kv.m torpaq sahəsi alqı-satqı yolu ilə Cavabdeh1 mülkiyyətinə verilmiş və həmin tarixdə torpağın dəyəri olan 5.600.000 manat pul vəsaitinin torpaq haqqı olaraq bələdiyyənin hesabına ödənilməsi və torpağın alqı-satqısına dair akt tərtib olunmuşdur. Həmçinin müəyyən edilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Xocasən Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 10/3 saylı qərarı ilə faktiki istifadədə olan Xocasən Bələdiyyəsinin ərazisində təqdim edilmiş cizgidə göstərilən ölçı və ünvana uyğun olaraq, fərdi yaşayış evinin tikintisi üçün 500 kv.m torpaq sahəsi alqı-satqı yolu ilə Cavabdeh2 mülkiyyətinə verilmiş və həmin tarixdə torpağın dəyəri olan 5.600.000 (beş milyon altı yüz min) manat torpaq haqqının bələdiyyənin hesabına ödənilməsi barədə torpağın alqısatqısına dair akt tərtib olunmuşdur. Apelyasiya baxışı zamanı həmçinin iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 26 aprel 2022-ci il tarixli, 10/7020 saylı rəyi ilə müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin mütəxəssis rəyi Mərkəzə təqdim edilmədiyindən, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məxsus ünvan 2 ünvanında yerləşən torpaq sahələri və həmin torpaq sahələri üzərində yerləşən tikilinin “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlı, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Saziş ərazisi hüdudları daxilində yerləşib-yerləşməməsini müəyyən etmək mümkün olmamışdır. Tikilinin yerləşdiyi torpaq sahəsi bir tərəfdən yol ilə, digər tərəfdən yaşayış evləri və sənaye müəssisələri ilə əhatə olunmuşdur. Ümumilikdə həmin ərazi yaşayış massivi kimi istifadədir. Xüsusi proqram vasitəsilə ərazi öyrənilərkən müəyyən edilmişdir ki, həmin ərazilərdə dövlət reyestrində qeydə alınaraq, çıxarış verilmiş daşınmaz əmlak sahələri mövcuddur. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ayrılmış torpaq sahələri bir-birinə bitişik olaraq yerləşir. Mübahisəli torpaq sahələrində uzunluğu 45 metr, eni 24 metr olan beton konstruksiya inşa edilmişdir. Həmin beton konstruksiyanın bir hissəsi Cavabdeh1 Bəkəli qızının, bir hissəsi isə Cavabdeh2 məxsus torpaq sahəsində yerləşir. Torpaq sahələri arasında hasar mövcud deyil. Qeyd edilən rəydən məlum olur ki, ekspert ekspertizanın keçirilməsi barədə qərardadda qoyulmuş birinci suala, yəni, mübahisələndirilən torpaq sahəsinin sazişin ərazisi hüdudları daxilində yerləşib-yerləşməməsinin müəyyən edilməsi barədə sualı cavablandırılmamışdır. Qeyd edilən sualın cavablandırılıb mütəxəssis rəyinin verilməsi üçün məhkəmənin müraciətinə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 04 aprel 2022-ci il tarixli məktubu ilə bildirilmişdir ki, həmin müraciətdə göstərilən tədqiqat obyektinə baxış keçirilmiş və müvafiq mütəxəssis rəyi hazırlanmış və təqdim edilmiş smetada nəzərdə tutulmuş xidmət haqqı ödəniləcəyi və ödənişin təsdiqi barədə sənəd 1 saylı Bakı Ərazi İdarəsinə təqdim ediləcəyi təqdirdə mütəxəssis rəyinin məhkəməyə göndərilməsi təmin ediləcəkdir. Hazırki apelyasiya icraatı zamanı mütəxəssis rəyinin alınması üçün smetada nəzərdə tutulmuş xidmət haqqının ödənilməsi tərəflərə məktubla təklif olunsa da, tərəflər təklifə rəsmi olaraq hər hansı bir münasibət bildirməmiş, məhkəmə iclasında iddiaçının nümayəndəsi mütəxəssis rəyinin alınması üçün hər hansı bir ödəniş etmək niyyətində olmadıqlarını bildirmiş, cavabdeh isə mütəxəssis rəyinin verilməsi üçün ödəniş etdiyini bildirdiyindən, işin baxılması təxirə alınsa da, növbəti məhkəmə iclasında mütəxəssis rəyin təqdim olunmamışdır. Bu səbəbdən də iddiaçının mübahisələndirdiyi torpaq sahəsinin Sazişin hüdudları daxilində olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Kollegiya qeyd edir ki, cavabdehlərə məxsus torpaq sahəsinin Sazişin ərazisi hüdudları daxilində yerləşməsini sübut etmək yükü iddiaçının üzərinə düşür. İddiaçı bunun təsdiqi üçün sübut qismində xəritədən çıxarış təqdim etsə də, cavabdehə məxsus torpaq sahəsinin Sazişin hüdudları daxilində yerləşib-yerləşməməsinin müəyyən edilməsi üçün ekspertiza keçirilib bu barədə müvafiq rəy alınması qərara alınsa da, iddiaçı həmin rəyin alınmasına təşəbbüs göstərməmiş, habelə mütəxəssis rəyinin alınması üçün xidmət haqqının ödənilməsini təmin etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kollegiya hesab edir ki, iddiaçı iddia tələbində mübahisələndirdiyi cavabdehlərə məxsus torpaq sahəsinin Sazişin hüdudları daxilində yerləşməsini sübuta yetirə bilməmiş və iddiaçının təqdim etdiyi sübutlar məhkəməyə həmin faktın təsdiqi üçün yetərli olmamışdır. Kollegiya qeyd edir ki, iddiaçının mübahisələndirdiyi torpaq sahəsinin Sazişin hüdudları daxilində olsa da belə, hazırki iddia təmin edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 46-cı maddəsinə əsasən, dövlətin obyektlərinin - dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət zolaqlarının, mühüm meliorasiya və su təsərrüfat obyektlərinin yerləşdiyi torpaqlar Dövlət mülkiyyətində olan torpaqlara aiddir. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən, torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların yerquruluşu planlarının və təsvirlərinin tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçrilməsindən sonra yaranır. Həmin Məcəllənin 111-ci maddəsinə görə isə, Azərbaycan Respublikası torpaqlarının özbaşına tutulması qanunla qadağan olunur. Özbaşına tutulmuş torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçrilir. Özbaşına tutulmuş torpaqlar qanunvericiliklə müəyyən edilmiş qaydada geri qaytarılmadıqda, həmin torpaq sahəsinin kadastr dəyəri torpağı zəbt etmiş şəxs tərəfindən onun qanuni mülkiyyətçisinə ödənilməklə geri alınır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Məhkəmə kollegiyası qeyd edir ki, iş materialları ilə müəyyən edilmişdir ki, cavabdehlər mübahisələndirilən torpaq sahəsini qanuni əsaslarla əldə etmiş, torpağın dəyərini tam olaraq ödəmiş, məhz fərdi yaşayış evinin tikintisi üçün ayrılmış torpaq sahəsində yaşayış evi tikmişlər. Həmçinin ekspertiza rəyi ilə də müəyyən olunmuşdur ki, cavabdehlərə məxsus torpaq sahəsi və yaşayış evinin yerləşdiyi ərazi yaşayış massivi kimi mövcuddur. Bu səbəbdən də iddiaçının iddia etdiyi kimi, cavabdehlər torpaq sahəsini özbaşına zəbt etmədiyindən, iddia tələbinin həmin dəlili əsaslı hesab edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “X4rşı" qərarının 139-cu bəndində göstərmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsində “mülkiyyət” anlayışı müstəqil mənaya malikdir və əmlak sayıla bilən müəyyən hüquqları və maraqla da, “mülkiyyət hüquqları” hesab edilə bilər. Məhkəmə hesab etmişdir ki, istər daxili qanunlar tərəfindən marağın “hüquq” kimi tanınmaması, istərsə də, bu qanunla tərəfindən həmin marağın “mülkiyyət hüququ hesab edilməməsi faktı heç də sözügedən marağın 1 saylı Protokolun 1-ci maddəsi baxımından müəyyən hallarda “mülkiyyət hesab edilməsinin qarşısını almır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Akimova Azərbaycana qarşı” iş üzrə 27 sentyabr 2007-ci il tarixli qərarında xatırlatmışdır ki, “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da ’’mülkiyyət” kimi qiymətləndirilə bilər. “Broniovski Polşaya qarşı” işdə də (22 iyun 2004-cü il tarixli Məhkəmə qərarı) Avropa Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki “mülkiyyət” anlayışı müstəqil mənaya malikdir, həmin anlayış daxili qanunvericilikdə verilən formal tövsüfdən asılı deyil. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Burdov Rusiyaya qarşı” iş üzrə qərarında ifadə edilmiş hüquqi mövqelərə görə, “tələb” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin mənasına görə ’’mülkiyyət” kimi o halda başa düşülə bilər ki, kifayət qədər müəyyən olunmuş olsun ki, bu tələb hüquqi cəhətdən realizə edilə bilsin. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qeyd olunan qərarlarında ifadə etdiyi hüquqi mövqe bundan ibarətdir ki, əgər qanunsuz tikintiyə başlandığı andan etibarən aidiyyəti qurumlar (sahənin müvəkkili, bələdiyyənin işçiləri, icra hakimiyyətinin nümayəndələri) qanunsuz tikinti faktından xəbər tuturlarsa, “gözlərini yummaq” üçün susurlarsa və bununla vətəndaşa tikinti aparmaq üçün örtülü də olsa icazə verirlərsə, vətəndaş həmin evi tikib qurtarırsa, orada illərlə yaşayırsa, həmin qanunsuz tikili hesab olunan evə telefon xətti çəkilirsə, işıq, su və qaz sayğacı quraşdırılırsa, həmin evdə yaşayan şəxs yaşadığı evin bütün kommunal xərclərini ödəyirsə, onda dövlətdaxili qanunvericiliyə əsasən ev daşınmaz əmlakın dövlət reyestri xidmətindən qeydiyyatdan keçməmiş olsa belə, həmin ev ümumi anlamda şəxsin mülkiyyətində olan əmlak kimi qəbul edilməlidir. “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tədbiqi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15- dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. Yuxarıda qeyd edilən hüquqi mövqelərdən çıxış edərək məhkəmə kollegiyası hesab edir ki, mübahisə predmeti olan tikili xüsusi mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da hazırkı vəziyyətdə onu inşa etmiş şəxsin mülkiyyəti kimi qəbul edilməlidir. Bu baxımdan Kollegiya hesab edir ki, mübahisə predmeti olan tikilinin sökülməsi və cavabdehin həmin evdən çıxarılması bununla bağlı müvafiq məbləğdə kompensasiya verilməklə təmin edilə bilər. Hazırda isə iddiaçının belə bir təklifi olmamışdır. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, torpaq sahəsinin cavabdehlərin mülkiyyətinə verilməsi barədə Bakı şəhəri, Binəqədi rayonu, Xocasən bələdiyyəsinin 23 may 2005-ci il tarixli, 10/2 və 10/3 saylı qərarları mövcud olduğundan və həmin qərarlar əsasında torpağın alqı-satqısı həyata keçirilərək, torpaq haqqının məbləği Bələdiyyənin hesabına tam olaraq ödənildiyindən, cavabdeh səlahiyyətli orqanın verdiyi qərarın əsasında aldığı torpaq sahəsini qanuni əsaslarla əldə etməsinə inanaraq, həmin torpaq sahəsində fərdi yaşayış evi tikmiş və uzun müddət ərzində oradan yaşayış sahəsi kimi istifadə edərək, dövlətin təminat verdiyi bütün kommunal (qaz, su, işıq və s.) xidmətlərdən yararlanaraq kommunal ödənişlər həyata keçirdiyindən, mülkiyyət hüququ əldə edilməsi üçün gözləntisi olduğundan, iddiaçının tələblərinin təmin olunması üçün əsaslar olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında olan münasibətlərə düzgün qiymət verməmiş, maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş və bununla da iş üzrə düzgün olmayan nəticəyə gəldiyindən apellyasiya şikayəti təmin edilərək, qətnamə ləğv edilməklə, iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası MPM-in 385.1.1-ci və 385.1.4-cü maddələrinə əsasən, maddi hüquq normalarının və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi və qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna əsasən kollegiya hesab edir ki, iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumları rüsumları ödəmiş tərəflərin özlərinə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 385, 387, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, qət etdi: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilsin. Hazırki mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4904/2019 saylı, 15 avqust 2019-cu il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı “X7” şirkətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı Şirkətin Saziş ərazisi hüdudları və 3 saylı mədənin 6-cı sahəsində yerləşən ünvan 1 ünvanında inşa edilmiş özbaşına tikilidən cavabdehlərin çıxarılmaları, özbaşına tikilinin cavabdehlərin hesabına sökülməsi və torpaq sahəsinin boşaldılaraq Şirkətin qanuni istifadəsinə qaytarılması tələbinə dair iddiası rədd edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Fuad Talışinski

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar