Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5523/2020 07.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, İddiaçılar İddiaçı2 və İddiaçı1 nümayəndəsi və vəkili X5, cavabdeh Ləğv prosesində olan “xxxxxxxxx” açıq səhmdar cəmiyyətinin ləğvedicisi X1 nümayəndəsi X4 iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(006)-992/2020 nömrəli qətnaməsindən iddiaçılar İddiaçı2 və İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh «xxxxxxxxx» ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X6 ilə «xxxxxxxxx» ASC arasında imzalanmış xx xxxxxx 2016-cı il tarixli 15 saylı və İddiaçı2 ilə «xxxxxxxxx» ASC arasında imzalanmış xx xxxxxx 2016-cı il tarixli 16 saylı əmanət girov müqavilələrinin əhəmiyyətsiz sayılması; xx xxxxxx 2016-cı il tarixdə «xxxxxxxxx» ASC ilə X6 arasında imzalanmış PTD.103447.008 saylı lider əmanət müqaviləsi üzrə 15.000 ABŞ dolları əsas və 3.112.5 ABŞ dolları faiz, cəmi 18.112.5 ABŞ dolları «xxxxxxxxx» ASC-dən tutularaq İddiaçı1 ödənilməsi; xx xxxxxx 2016-cı il tarixdə «xxxxxxxxx» ASC ilə İddiaçı2 arasında imzalanmış PTD.158021.003 saylı lider əmanəti müqaviləsi üzrə 15.000 ABŞ dolları əsas və 3.112.5 ABŞ dolları faiz, cəmi 18.112.5 ABŞ dolları vəsaitin «xxxxxxxxx» ASC-dən tutularaq İddiaçı2 ödənilməsi; qətnamə qəbul olunduğu gündən borc məbləği tam ödənildiyi günədək hər bir borc məbləği üzrə qalıq borc məbləğinə ayrı-ayrılıqda 8,25 % dərəcəsi ilə faiz məbləği hesablanması və tutularaq İddiaçı2 və İddiaçı1 ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(006)-992/2020 nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir. Qətnamədən iddiaçılar apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddia ərizəsində də göstərildiyi kimi, Mülki Məcəllənin 280-cı maddəsi girov müqaviləsinin etibarlılığı üçün imperativ normalar müəyyənləşdirmişdir.Həmin Məcəllənin 280.4-cü maddəsində bu maddənin qaydalarına riayət edilməməsinin girov müqaviləsinin etibarsızlığına səbəb olduğu göstərilmişdir. Belə müqavilələr əhəmiyyətsiz sayılır. Konstitusiya Məhkəməsinin oxşar münasibətləri tənzimləyən xx.xx.2018-ci il tarixli və xx.xx.2019-cu il tarixli Qərarlarında kredit müqaviləsinin mühüm şərtlərinə kreditin məbləği, müddəti, illik faiz dərəcəsi və s. aid edir, müqavilənin ölçüsü və mahiyyəti dedikdə onları nəzərdə tutmuş və təminat müqavilələrində göstərilməsini mütləq hesab etmişdir. Mülki Məcəllə isə, bu məlumatların göstərilmədiyi girov müqaviləsinin əhəmiyyətsiz olmasını bildirmişdir. İddia ərizəsinə əlavə edilmiş xx xxxxxx 2016-cı il tarixdə 15 saylı və eyni tarixli 16 saylı əmanət girov müqavilələrindən də göründüyü kimi, müqavilələrdə faiz dərəcəsi və icra müddəti göstərilməmişdir. Bundan əlavə Konstitusiya məhkəməsi şərhdə ipoteka və zaminliyə ona görə münasibət bildirmişdir ki, girova dair müddəalardan fərqli olaraq, ipoteka və zaminliyə dair maddələrdə qeyd olunan əsasların olmamasının həmin müqavilənin etibarsızlığa səbəb olması birbaşa göstərilməmişdir, girova dair fəsildə isə müqavilənin birbaşa əhəmiyyətsiz olması Mülki Məcəllədə nəzərdə tutulmuşdur.İddia tələbinin rədd edilmə səbəblərindən biri də odur ki, birinci instansiya məhkəməsi cavabdeh tərəfindən verilmiş etiraza əsaslanaraq və Mülki Məcəllənin 354.2-ci maddəsini rəhbər tutaraq bildirmişdir ki, iddiaçı əqdin etibarsız sayılması ilə bağlı 1 illik müddəti ötürdüyünə görə iddia tələbi təmin edilə bilməz. Məhkəmə məhz burada tətbiq olunacaq normanı düzgün seçməmiş və yanlışlığa yol vermişdir. Çünki, bu cür əqdlər bağlandığı andan etibarsızdır, hüquqi nəticələrə səbəb olmur, burada müddət ümumiyyətlə tətbiq edilə bilməz. Məhkəmə iclasında iddiaçıların vəkili və nümayəndəsi X9 bildirdi ki, qanunvericiliyin tələb etdiyi şərtlər olmadıqda müqavilə etibarsız sayılır. Etibarsız müqavilə olduğundan tərəflər üçün hüquq və vəzifələr yaratmır. Qanunvericiliyin nəzərdə tutduğu bir il müddətlər onun yaratdığı nəticələrin mübahisələndirilməsi üçündür. Lakin onlar heçnə alıb-verməmişlər, ona görə də mübahisələndirilən heç bir hal olmamalıdır. Onlar sadəcə olaraq qoyduqları pulu tələb edirlər. Bir kredit müqaviləsi, iki girov müqaviləsi olub. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X7 apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etdi. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, xx xxxxxx 2016-cı il tarixdə «xxxxxxxxx» ASC ilə X6 arasında PTD.103447.008 saylı lider əmanət müqaviləsi, eyni tarixdə də bankla İddiaçı2 arasında PTD.158021.003 saylı lider əmanəti müqaviləsi bağlanmışdır. Hər iki müqavilə üzrə faiz dərəcəsi 7 % müəyyən olunmuşdur. Ayrı-ayrılıqda depozitlərin məbləği hər bir müqavilə üzrə 15.000 (on beş min) ABŞ dolları müəyyən olunmuşdur. Həmin müqavilələr üzrə vəsaitlər AZ13AMRA******************** saylı hesaba və AZ49AMRA******************** saylı hesaba mədaxil edilmişdir. «xxxxxxxxx» ASC ilə «X8» TASC arasında xx xxxxxx 2016-cı il tarixli 1540 saylı kredit müqaviləsi imzalanmış və həmin kreditin icrasının təmin edilməsi məqsədi ilə xx xxxxxx 2016-cı il tarixli 15 saylı və eyni tarixli 16 saylı əmanət girov müqavilələri imzalanmış və müvafiq olaraq PTD.103447.008 saylı və PTD.158021.003 saylı lider əmanət müqavilələri üzrə vəsaitlərin girovla yüklü olması qeyd olunmuşdur. xx xxxxxx 2016-cı il tarixli əlavə razılaşmadan görünür ki, X6, «xxxxxxxxx» ASC və «X8» TASC arasında xx xxxxxx 2015-ci il tarixli 103447.007 saylı depozit müqaviləsinə dair əlavə razılaşma bağlanmışdır. xx.xx.2019-cu il tarixdə verilmiş ölüm haqqında şəhadətnamədən görünür ki, X6 xx xxxxxx 2019-cu il tarixdə vəfat etmişdir. xx.xx.2019-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, İddiaçı1 X2 qanun üzrə vərəsəsidir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin mübahisələndirilən hissədə ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılması üçün əsas ola bilməz. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair xx xxx 2011ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Apellyasiya şikayətinin obyektini birinci instansiya məhkəməsinin qətnaməsi, yəni iddianın təmin edilməyən hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır) predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin bu hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarına əsasən qətnamə iddiaçıların apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə yoxlanılmalı, cavabdehə münasibətdə isə qətnamə yoxlanılmır. Hazırki iş üzrə, iddia tələbinin faktiki əsası (faktiki hallar), tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dizpozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir. Əvvəla ona görə ki, iddiaçılar(15 nömrəli əmanət girov müqaviləsinin tərəfi İddiaçı1 atası Siracəddin Həsənov olmuşdur) cavabdehlə qeyd olunan müqavilələri könüllü bağlamaqla müqavilədə qeyd olunan şərtlərdən başqa sözlə əmanətlərini nəyə görə girov qoyduqlarından məlumatlı olmuşdur. Düzdür Mülki Məcəllənin 280.2-ci maddəsinin tələbinə əsasən girovla təmin edilən öhdəliyin mahiyyəti, ölçüsü(yüxarı həddi) və icra müddəti göstərilməlidir. Bu maddənin qaydalarına riayət edilməməsi girov müqaviləsinin etibarsızlığına səbəb olur. Belə müqavilə əhəmiyyətsiz saylır(MM.mad.280.4) Lakin girov müqavilələrinin 2.1-ci bəndində girovun xx xxxxxx 2016-cı il tarixli 1540 saylı kredit müqaviləsinə görə qoyulması dəqiq müəyyən edilmişdir. Bu kredit müqaviləsi cavabdeh bankla “X8” TASC arasında bağlanmış, sonuncunun adından kredit müqaviləsini isə X6 imzalamış, eyni zamanda 15 nömrəli əmanət girov müqaviləsinin tərəfi də Siracəddin Həsənov olmuşdur. Digər 16 nömrəli əmanət girov müqaviləsinin tərəfi isə X3 Həsənova olmuşdur. Demək girovla təmin edilən öhdəliyin mahiyyəti, ölçüsü, icra müddətindən, başqa sözlə kreditin məbləği, müddəti və faiz dərəcəsindən ən dəqiq məlumatlı şəxs Siracəddin Həsənov olmuşdur. Digər əmanət girov müqaviləsinin tərəfi də doğma qızı olduğundan onun da prinsipcə girovla təmin edilən öhdəliyin mahiyyətindən məlumatlı olmaması( bu barədə doğma atası ona məlumat verməmiş olmazdı) inandırıcı və ağlabatan deyildir. Ən azından həm də ona görə ki, müqavilə bağlayarkən əmanətini nəyə görə girov qoyduğu ona bəlli idi. Apelyasiya instansiyası məhkəməsi vurğulayır ki, qanunvericinin Mülki Məcəllənin 280-ci maddəsinin qaydalarına riayət edilməməsinin girov müqaviləsinin etibarsızlığına səbəb olmasını müəyyən etməkdə məqsədi girov qoyan şəxslərinin hüquqlarını qorumaq və mənafeyini müdafiə etmək olduğu açıq-aşkar bəllidir. Lakin bu maddənin tələblərindən pis niyyətlə sui-istifadə etmək də yolverilməzdir. Belə ki, qeyd olunduğu kimi girov qoyan Siracəddin Həsənova, eləcə də doğma qızı olan digər iddiaçıya əmanətini hansı öhdəliyə görə girov qoyduğu, başqa sözlə kreditin məbləği, müddəti, faiz dərəcəsi açıq-aşkar məlum idi. Hazırda isə bu şərtlərin göstərilmədiyini əsas götəirərək öhdəliklərinin icrasından bu şəkildə yayınmağa cəhd etmək isə əlbətdə ki, hüquqa uyğun hesab edilə bilməz. Digər tərəfdən nə iddia ərizəsində, nədə apellyasiya şikayətində iddiaçılar bu hala görə, yəni girov müqavilələrində bu şərtlərin göstərilməməsinin onların mənafeyinə hansı formada zərər vurduğu barədə bir dəlil belə göstərməmişlər. Bu fakt da ona dəlalət edir ki, əslində iddiaçıların məqsədi hüquqdan sui-istifadə etməklə cavabdehə zərər vurmaqdan başqa bir şey deyildir. Bütün bunlara görə də apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və şikayətin təmin edilməməsi qənaətinə gəlir. Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçıların apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla mübahisələndirilən hissədə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: İddiaçılar İddiaçı2 və İddiaçı1 birgə apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(006)- 992/2020 nömrəli qətnaməsi iddiaçılar İddiaçı2 və İddiaçı1 apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər
Məhkəmə qərarları › İş №2(103)-5523/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5523/2020
07.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver