Məhkəmə qərarları › İş №2(103)-5525/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5525/2021

22.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5525/2021 22.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həsənov Rəşad Məhəmməd oğlu (sədrlik edən və məruzəçi), X3 və X1 ibarət tərkibdə, Hüseynli Gültəkin Xalıq qızının katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 22 fevral 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı MMC Cavabdeh onun xeyrinə 3374,45 manat əsas borc, 506,17 manat cərimə borcu, 30 manat ödənilmiş dövlət rüsumu və 0,40 manat dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin qeyd edilən qətnaməsi ilə Cavabdeh "xxxx" MMCnin xeyrinə 3374,45 manat borcun, 50 manat cərimə borcunun, 30 manat dövlət rüsumunun və 0,40 manat dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqının tutulması, iddianın qalan hissədə rədd olunması qət edilmişdir. Cavabdeh, apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, birinci instansiya məhkəməsi tərəfindən qanunvericiliyin tələbləri pozularaq cavabdehin məhkəmə iclasında iştirakı təmin olunmadan qanunsuz qətnamə çıxarılmışdır. Bundan başqa, cavabdeh mebel istehsalı sahəsində uzun illərdir ki, fəaliyyət göstərir. Fuad İsmayılovla münasibətləri də hər ikisnin bu sahədə fəaliyyətləri ilə bağlı olmuşdur. 2019-cu ilin yay aylarında Fuad ona müraciət edərək, bir miqdar nəğd pula ehtiyacı olduğunu, onun adına mebel satışı ilə bağlı sənəd tərtib edərək, gələcəkdə borcu kredit şirkətinə ödəyəcəyini bildirmişdir. Cavabdeh də, müqavilənin formal xarakter daşıyacağına inanıb razılıq vermiş, əslində isə Fuad İsmayılovdan hər hansı məhsul almamış və bununla bağlı akt və ya hər hansı sənəd tərtib olunmamışdır. Onun adından ödənişi Fuad İsmayılov etmişdir. Ona görə də, həmin müqavilə özüözlüyündə etibarsız sayılmalıdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi, apellyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlmədiyindən, MPM-in 376.2-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası, qətnaməni cavabdehin mübahisələndirdiyi hissədə yoxlamışdır. Başqa sözlə, aşağıda aparılan hüquqi dəyərləndirmə şikayətin həddi və dəlilləri ilə bağlıdır. Kollegiya, iddiaçının nümayəndəsini dinləyib, apellyasiya şikayətini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət rədd edilməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İşin müəyyən edilmiş faktiki hallarına görə, fiziki şəxs “X6” ilə Cavabdeh arasında bağlanmış 17.08.2019-cu il tarixli, ORB000054 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən, “X7” dəyəri 5000 manat olan mebeli - sədəf yataq dəstini Cavabdeh verməyi, sonuncu isə, həmin malın dəyərini 6 ay müddətində ödəməyi öz öhdəsinə götürmüşdür. “X6” öhdəliyini icra edərək müqavilədə nəzərdə tutulmuş malı Cavabdeh vermiş və tərəflər arasında ödəniş qrafiki razılaşdırılmışdır. “X7” ilə İddiaçı MMC arasında bağlanmış 21.05.2019-cu il tarixli, R-45/19 saylı faktorinq müqaviləsinə əlavə olunan 19.08.2019-cu il tarixli, R-45/19-0024 saylı sazişdə, MMC-yə güzəşt olunan tələblər arasında Cavabdehla bağlanmış 17.08.2019-cu il tarixli müqavilə üzrə ödənməli borc məbləği də qeyd olunmuşdur. İddiaçı MMC tərəfindən 03.03.2020-ci il tarixdə cavabdehə müqavilə üzrə borcun ödənilməsi barədə bildiriş ünvanlansa da, Cavabdeh öhdəliyin icrasını gecikdirərək borcunu qrafik üzrə qaytarmamış və 06.07.2020-ci il tarixli maliyyə arayışına əsasən, 3374,45 manat əsas məbləğ üzrə borcu və 506,17 manat cərimə borcu qalmışdır. Göründüyü kimi, Cavabdeh müqavilə əsasında aldığı əşyanın dəyərini razılaşdırılmış müddətdə İddiaçı MMC-yə ödəməmiş və öhdəliyin icrasını gecikdirmişdir. Belə olan halda, Mülki Məcəlləsinin 567-ci və 597.1-ci maddələrinə əsasən, qətnamədə qeyd olunan məbləğlərdə borcun cavabdehdən iddiaçının xeyrinə tutulması əsaslıdır. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 597.1-ci maddəsinə görə, alıcı əşyanı alğı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur. MM-in 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 445.4-cü maddəsinə görə, icra üçün təqvim günü təyin edildikdə, əgər borclu təyin edilmiş vaxtadək öhdəliyi icra etməzsə, icranı xatırlatmasız gecikdirmiş sayılır. MM-in 462-ci və 463.1-ci maddələrinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olaraq yazılı formada bağlanmalıdır. Kollegiya, apellyasiya şikayətinin dəlillərinə münasibətdə ilk növbədə vurğulayır ki, iş materiallarından göründüqü kimi birinci instansiya məhkəməsi tərəfindən cavabdehə onun qeydiyyatda olduğu, həmçinin özünün də apellyasiya şikayətində qeyd etdiyi ünvan üzrə məhkəmə iclaslarının yeri və vaxtı barədə məhkəmə bildirişləri göndərilmiş və SMS xəbərdarlıqlar olunmışdur. Cavabdeh isə məhkəmənin hazırlıq iclasına gəlsə də, məhkəmə baxışı iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi cavabdehin məlumatlandırılması üçün bütün lazımi tədbirləri görmüşdür. Bundan başqa, cavabdeh apellyasiya şikayətində “X7” ilə onun arasında bağlanmış 17.08.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsinin formal olduğunu, əslində ona heç bir mal təhvil verilmədiyini və borcun Fuad İsmayılova aid olduğunu bildirsə də, məhkəməyə bununla bağlı hər hansı mötəbər sübut təqdim etməmiş, eyni zamanda, apellyasiya baxışında iştirakının təmin edilməsi məqsədilə ona məhkəmə iclaslarının vaxtı və yeri barədə bildirişlər göndərməsinə və həmin bildirişlərin rəsmi qaydada çatdırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş, şikayətinin dəlillərinə dair məlumat və ya sübutları təqdim etməmişdir. Halbuki, Mülki Prosessual Məcəllənin 14.2-ci və 77.1-ci maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi, qətnamənin mübahisələndirilən hissəsində işin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 32005-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ : Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-321/2021 saylı iş üzrə 22 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın (mübahisələndirilən hissədə). Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Rəşad Həsənov Hakimlər Rəfael Eyvazov Fuad Talışinski

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar