Məhkəmə qərarları › İş №2(103)-5525/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5525/2022

03.08.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5525/2022 03.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Bakı şəhəri 40 saylı Notariat Kontoruna qarşı X3, X2 və X1 üçüncü şəxs qismində cəlb edilməklə “vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi, miras paylarının müəyyən edilməsi və həmin miras paylarına vərəsəlik şəhadətnaməsi verilməsi vəzifəsinin notariat orqanının üzərinə qoyulması” tələbinə dair mülki iş üzrə Bakı şəhər Xətai Rayon Məhkəməsinin 2(011)-418/2022 saylı, 22 iyun 2022ci il tarixli qərardadından üçüncü şəxslər X3 və X2 tərəfindən verilmiş şikayətlərə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icaat qaydasında baxaraq, Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1089/2012 №-li vərəsəlik işi üzrə Bakı şəhəri 40 saylı Notariat ofisi tərəfindən verilmiş 24 dekabr 2012-ci il tarixli vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, Bakı şəhəri, R.Məmmədov küçəsi, ev 24, mənzil 23-də ½ miras payının və babadan qalmış əmanətin ona çatacaq 1/6 miras payının müəyyən edilməsi və həmin miras paylarına ona vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi vəzifəsinin Bakı şəhəri 40 saylı Notariat ofisinin üzərinə qoyulmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(011)-418/2022 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Həmin qətnamədən cabadehlə yanaşı üçüncü şəxslər X3 və X2 tərəfindən də apellyasiya şikayətləri verilmişdir. Xətai Rayon Məhkəməsinin 22 iyun 2022-ci il tarixli qərardadları ilə üçüncü şəxslər X3 və X2 tərəfindən apellyasiya şikayətləri prosessual müddət ötürülməklə verildiyindən geri qaytarılmışdır. Həmin qərardaddan üçüncü şəxslər Ş.Xəlilova və E.Xəlilova şikayətlər verərək, qərardadın ləğv edilməsini, verilmiş apellyasiya şikayətinin baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişlər. Üçüncü şəxs X3 şikayətini onunla əsaslandırmışdır ki, Xəbərnamədə qeyd edilən imza ona aid deyildir, sözü gedən qətnamənin surəti ona Cavabdeh1 vəkili Vəkil2 tərəfindən xx.xx.20122-ci il tarixdə təqdim edilmişdir. Həmin vaxtadək o, qətnaməni rəsmi qaydada almadığımdan qətnamənin mövcudluğundan xəbərsiz olmuşdur. Yalnız xx.xx.2022-ci il tarixdə qətnamənin surətini əldə etdikdən sonra şikayət vermə imkanı əldə edə bilmişdir. Belə ki, apellyasiya şikayəti xx.xx.2022-ci il tarixində məhkəməyə elektron göndərilmişdir. Göründüyü kimi qanunla nəzərdə tutulan (1 ay) müddət ötürülmədiyi üçün prosessual müddətin bərpa olunması barədə əlavə vəsatət verməmişdir. Bununla da onun prosessual hüququ məhkəmə tərəfindən pozulmuşdur.Onun adından imzalanmış xəbərnamə reallığı əks etdirmir. əgər həmin xəbərnaməyə diqqət yetirilsə, imzanın ona məxsus olmadığını müəyyən etmək olar. Üçüncü şəxs X2 da şikayətini eyni məzmunda əsaslandırmışdır. Xətai Rayon Məhkəməsinin 05 iyul 2022-ci il tarixli qərardadları ilə şikayətlər təmin edilməmiş, baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətlərin dəlillərini araşdıraraq hesab edir ki, şikayətlər qismən təmin edilməli, mübahisələndirilən qərardadlar ləğv olunaraq mülki iş Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(011)-418/2022 saylı qətnaməsindən üçüncü şəxslər X3 və X2 tərəfindən verilmiş apellyasiya şikayətlərinin mümkünlüyü məsələsinə yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360.1-ci maddəsinin tələblərinə görə apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Göründüyü kimi apellyasiya şikayətinin verilməsi üçün qanunla nəzərdə tutulmuş müddətinin hesablanması tərəflərin qətnaməni əldə etdiyi tarixdən hesablanır. İş materiallarında olan iddia ərizəsində iddiaçı özü qeyd etmişdir ki, bibiləri X3 və X2 ailə həyatı quraraq mübahisəli mənzildən (Bakı şəhəri, Xətai rayonu, R.Məmmədov küçəsi, ev 24, mənzil 23) köçmüşlər və orada yaşamırlar. Digər tərəfdən iş materiallarında olan 82 saylı Mənzil Kommunal İstismar Sahəsinin xx.xx.2021-ci il tarixli arayışından görünür ki, X3 və X2 qeyd edilən mənzildə yaşamırlar (s.64). Bundan başqa iş üzrə üçüncü şəxslər şikayətlərində qətnamənin alınması barədə olan xəbərnamədəki imzaların onlara məxsus olmadığını bilrmişlər. İşə baxan birinci instansiya məhkəməsi isə qeyd edilən hallara qiymət verməyərək poçt qəbzinə istinad edərək qətnamənin əldə olunduğu qənaətinə gəlmişdir. Qeyd olunanlara əsasən Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi sadalanan əsaslarla apellyasiya şikayətlərini geri qaytarmaqda haqlı olmamışdır. Ona görə də sadalanan hallar üzrə zəruri araşdırma aparılması üçün həmin qərardad ləğv olunmalı, iş apellyasiya şikayətlərinin mümkünlüyü barədə məsələnin yenidən müzakirə edilməsi üçün birinci instansiya məhkəməsinə göndərilməlidir Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququna malikdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Şikayətlər qismən təmin olunsun. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-418/2022 saylı iş üzrə 22 iyun 2022ci il tarixli qərardadı ləğv edilsin və mülki iş Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(011)-418/2022 saylı qətnaməsindən üçüncü şəxslər X3 və X2 tərəfindən verilmiş apellyasiya şikayətlərinin mümkünlüyü məsələsinə yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Fuad Babayev Hakimlər: Şərafət Məmmədova Rafael Eyvazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar