Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5530/2023 03.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, iddiaçı-cavabdeh İddiaçı vəkili və nümayəndəsi Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “lizinq obyektinin cavabdehdən alınaraq iddiaçıya verilməsi barədə” ilk iddiasına, iddiaçı Cavabdeh MMC-nin cavabdeh İddiaçı qarşı “lizinq müqaviləsi üzrə borcun ödənilməsi barədə” qarşılıqlı iddiasına dair mülki iş üzrə Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(005)-711/2023 nömrəli qətnaməsindən İddiaçı apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Münasibətlər: Mübahisə Cavabdeh MMC (lizinq verən) ilə İddiaçı (lizinq alan) arasında bağlanmış xx.xx.2021-ci il tarixli 322 nömrəli lizinq müqaviləsi ilə bağlıdır. Lizinq müqaviləsinə görə, Cavabdeh MMC lizinq obyektini - “BMW 528i” markalı, 2012-ci il buraxılışlı, WBAXH5C5CDW06716 ban nömrəli, **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobil müəyyən haqq müqabilində İddiaçı sahiblik və istifadəsinə verməyi, İddiaçı isə lizinq ödənişləri qrafikinə müvafiq olaraq lizinq ödənişlərini ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 1.3-cü bəndində qeyd olunub ki, müqavilə üzrə öhdəliklər tam yerinə yetirildikdən sonra lizinq obyekti lizinq alanın mülkiyyətinə keçir. Ödəniş cədvəlindən görünür ki, lizinq ödənişləri 36 ay ərzində ödənilməlidir, lizinq obyektinin dəyəri 25.500 manatdır, lizinq ödənişlərinin ümumi məbləği 36.499,52 manatdır, birinci ödəniş xx.xx.2022-ci il tarixdə, sonuncu ödəniş isə xx.xx.2024-cü il tarixdə həyata keçirilməlidir. Lizinq müqaviləsi bağlandığı gün - xx.xx.2021-ci tarixdə avtomobil lizinq alana təhvil verilib, xx.xx.2022-ci il tarixdə, yəni 6 ay 13 gün sonra avtomobil geri alınıb. Lakin bu barədə akt mövcud deyil. Avtomobilin həmin tarixdə geri alındığını İddiaçı iddia ərizəsində bildirib. Cavabdeh MMC isə bu məlumatın həqiqiliyini təkzib edən sübut təqdim etməyib. O cümlədən iş materiallarından görünür ki, Cavabdeh MMC həmin tarixdə - xx.xx.2022-ci ildə polis orqanına məktub (iş v. 76) ünvanlayaraq avtomobilin lizinq şirkətinə gətirilməsinə göstəriş verilməsini xahiş edib. Tələb və onun həlli: İlk iddia ərizəsində və həmin iddianın dəyişdirilməsi barədə ərizədə tələb olunub ki, lizinq obyekti olan avtomobil Cavabdeh MMC-dən alınaraq İddiaçı verilsin. Qarşılıqlı iddia ərizəsində tələb olunub ki, lizinq müqaviləsi üzrə əsas borc kimi 22.933,95 manat, faiz borcu kimi 3.296,77 manat, cərimə kimi 409,10 manat, cəmi 26.639,82 manat, habelə dövlət rüsumunun əvəzi kimi 170 manat İddiaçı alınaraq Cavabdeh MMC-yə verilsin. Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə qət olunub ki, ilk iddia təmin edilməsin, qarşılıqlı iddia təmin edilsin, əsas borc kimi 22.933,95 manat, faiz borcu kimi 3.296,77 manat, cərimə kimi 409,10 manat, cəmi 26.639,82 manat, habelə dövlət rüsumunun əvəzi kimi 170 manat İddiaçı alınaraq Cavabdeh MMC-yə verilsin. Şikayət və izahatlar: Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin, ilk iddia təmin olunsun, qarşılıqlı iddia rədd olunsun. Məhkəmə iclasında iştirak edən iddiaçı-cavabdeh İddiaçı vəkili və nümayəndəsi Vəkil1 apellyasiya şikayətinin əsaslı olduğunu bildirdi. Əvvəlki məhkəmə iclasında iştirak etmiş, cavabdeh-iddiaçı Cavabdeh MMC-nin vəkili və nümayəndəsi Vəkil2 apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. O, sonuncu məhkəmə iclasına gəlməmişdir. Qətnamənin yoxlanılması: İşdə iki iddia olduğuna görə, məhkəmə ardıcıllıqla aşağıdakıları qeyd edir: İlk iddia barədə: İlk iddia rədd olunmalıdır, çünki lizinq müqaviləsinin ləğvi barədə hər iki tərəf iradə ifadə edib. Belə ki, xx.xx.2022-ci ildə avtomobil İddiaçı geri alınıb, həmin vaxtdan sonra İddiaçı lizinq müqaviləsi üzrə heç bir ödəniş etməyib və ya avtomobilin özünə qaytarılması barədə iddia verməyib. İddiaçı bu tarixdən 5 aydan artıq vaxt keçdikdən sonra – xx.xx.2022-ci ildə ilk iddia ilə məhkəməyə müraciət edib. İddiaçı ötən müddətdə lizinq müqaviləsi üzrə heç bir ödəniş etməməsi və ya avtomobilin özünə qaytarılmasını tələb etməməsi onu təsdiq edir ki, lizinq müqaviləsinin ləğv edilməsi üçün Mülki Məcəllənin 748- 1.12.4-cü maddəsində müəyyən edilmiş hal artıq mövcuddur. Həmin maddəyə görə, lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verən pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Beləliklə, birinci instansiya məhkəməsi ilk iddianı rədd etməklə düzgün nəticəyə gəlib, həmin hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Qarşılıqlı iddia barədə: Qarşılıqlı iddia qismən təmin olunmalıdır. Belə ki, qarşılıqlı iddia həll edilərkən tərəflərin arasındakı münasibətin mahiyyəti nəzərə alınmalıdır. Münasibətin mahiyyətinə görə, lizinq müddətində (36 ayda) İddiaçı avtomobilin dəyərini hər ay hissə-hissə Cavabdeh MMC-yə ödəməli, sonda isə avtomobilə mülkiyyət hüququ əldə etməli idi. Lizinq ödənişlərinin strukturu da məhz bu mahiyyətə uyğun qurulub. Lakin lizinq münasibəti tərəflərin ümid etdiyi kimi tamamlanmayıb, avtomobil geri alınıb, bununla da münasibətin mahiyyəti dəyişib, yəni İddiaçı avtomobilin mülkiyyətçisi olmaq imkanını itirib, avtomobil Cavabdeh MMC mülkiyyətində qalıb. Odur ki, tərəflərin arasında mövcud olmuş münasibət avtomobil kirayəsi münasibətinə bərabər tutulur. Mülki Məcəllənin 751-ci maddəsinə görə, lizinq barəsində əmlak kirayəsi müqaviləsinin bu Məcəllənin 747-750-ci maddələrinə zidd olmayan qaydaları tətbiq edilir. Avtomobil 6 ay 13 gün, yəni xx.xx.2021-ci tarixdən xx.xx.2022-ci il tarixədək İddiaçı sahiblik və istifadəsində olub. Ödəniş cədvəlinə (iş v. 43) görə, həmin müddət üçün İddiaçı Cavabdeh MMC-yə ödəməli olduğu lizinq ödənişlərinin cəmi 6.522,62 manat təşkil edir. Əgər 6 ay 13 gün üçün ödənilməli məbləğ 6.522,62 manat təşkil edirsə, bu o deməkdir ki, 1 ay üçün ödənilməli olan məbləğ 1.013,87 manat təşkil edir. Bakı şəhərində 2012-ci il buraxılışlı “BMW 528i” markalı minik avtomobilinin 1 aylıq kirayə haqqının 1.013,87 manatdan artıq olduğunu təsdiq edən sübut təqdim olunmayıb. Cavabdeh MMCnin məhkəməyə verdiyi arayışa (iş v. 9) görə, İddiaçı cəmi 4.160 manat ödəyib, bunun 22,22 manatı cərimədir, qalan məbləğ 4.137,78 manat təşkil edir. Ona görə də 6 ay 13 gün üçün ödənilməli olan məbləğdən (6.522,62 manatdan) ödənilmiş məbləğ (4.137,78 manat) çıxılmalı, qalan məbləğ (2.384,84 manat) İddiaçı Cavabdeh MMC-nin xeyrinə tutulmalıdır. O cümlədən həmin məbləğin üzərinə gecikməyə görə cərimə kimi 100 manat əlavə edilməli, cəmi 2.484,84 manat tutulmalıdır. Cavabdeh MMC-nin 6 ay 13 günlük dövrə görə 6.522,62 manat məbləğində pul əldə etmək hüququnun tanınması və avtomobili öz mülkiyyətində saxlaması nəzərə alınarsa, onun ödəniş qrafikində xx.xx.2024-cü ilə kimi müəyyən edilmiş bütün ödənişləri tələb etməsi əsaslı deyil. Bu tələbin arxasında lizinq verənin hər hansı mənafeyi dayanmır. Mülki Məcəllənin 750-ci maddəsində qeyd olunub: “Lizinq alanın təqsiri üzündən müqaviləyə vaxtından əvvəl xitam verildikdə lizinq verən icra ilə bağlı öz mənafelərinə aid olmayan tələbləri irəli sürə bilməz”. Göründüyü kimi, lizinq verənə öz mənafelərinə aid olmayan tələbləri irəli sürməsi qadağan edilib. Həmin maddədə daha sonra qeyd olunub: “Tələblər müəyyənləşdirilərkən lizinq əmlakının qalıq dəyəri, lizinq muzdu üzrə faizlərin qalığı və qənaət edilmiş digər xərclər nəzərə alınır”. Cavabdeh MMC avtomobilin qalıq dəyəri barədə məhkəməyə məlumat verməyib. Göründüyü kimi, bazar dəyəri 25.500 manat olan avtomobilə görə Cavabdeh MMC-nin İddiaçı hesabına 6.522,62 manat (avtomobilin dəyərinin 28,9 faizini) əldə etmək hüququ tanınıb, bununla yanaşı MMC avtomobili öz mülkiyyətində saxlayıb. Ona görə də Cavabdeh MMC-nin qarşılıqlı iddiası qismən təmin edilməli, İddiaçı MMC-nin xeyrinə 2.484,84 manat tutulmalı, qarşılıqlı iddianın qalan hissəsi rədd edilməlidir. Beləliklə, qarşılıqlı iddia üzrə birinci instansiya məhkəmsinin gəldiyi nəticə işin hallarına uyğun olmadığından və maddi hüquq norması səhv tətbiq edildiyindən qətnamə həmin hissədə ləğv edilməli və qarşılıqlı iddianın qismən təmin edilməsi barədə yeni qətnamə qəbul olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti qismən təmin olunsun. Hazırkı iş üzrə Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(005)- 711/2023 nömrəli qətnaməsi Cavabdeh MMC-nin qarşılıqlı iddiasının təmin edilməsi hissəsində ləğv edilsin. Qarşılıqlı iddia qismən təmin olunsun. Lizinq müqaviləsi üzrə 2.484,84 (iki min dörd yüz səksən dörd tam yüzdə səksən dörd) manat və dövlət rüsumunun əvəzi kimi 20 (iyirmi) manat İddiaçı Cavabdeh MMC-nin xeyrinə tutulsun. Qarşılıqlı iddianın qalan hissəsi rədd edilsin. Qətnamə ilk iddiaya aid hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildikdən sonra 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-5530/2023
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5530/2023
03.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver