Məhkəmə qərarları › İş №2(103)-5531/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5531/2021

14.06.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5531/2021 14.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, Cavabdehin (qarşılıqlı iddia üzrə iddiaçının) nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Bakı şəhəri 50 saylı Notariat Kontoruna qarşı “müqavilənin etibarsız hesab edilməsi tələbinə dair” ilkin, Cavabdeh2 cavabdeh İddiaçı qarşı “pul məbləğinin qaytarılması və borcun girov əmlaka yönəldilməsi barədə qarşılıqlı iddia tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 11 mart 2021-ci il tarixli 2(007)-342/2021 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh2 və Bakı şəhəri 50 saylı Notariat Kontoruna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh ilə arasında bağlanmış 02 oktyabr 2019-cu il tarixli kredit müqaviləsinin etibarsız hesab edilməsi, 02 oktyabr 2019-cu il tarixli ipoteka müqaviləsinin ləğv edilməsi, Bakı şəhəri, Nərimanov rayonu, Faiq Yusifov küçəsi, ev 164, 4 saylı mənzilin cavabdehin xeyrinə daşınmaz əmlakın dövlət reyestrində yüklülüyünün dövlət qeydiyyatının ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda Cavabdeh2 cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı 80000 ABŞ dolları məbləğində pulun ödəmə gününə müvafiq kurs üzrə manatla alınaraq ona verilməsi, tutmanın ipoteka predmeti olan cavabdeh İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 220.1 kv.m olan 4 otaqlı mənzilinə yönəldilməsi, həmin əmlakın qiymətləndirilərək açıq hərracdan satılması, satışdan əldə olunmuş pul məbləğinin cavabdehin ona olan borcuna yönəldilməsi və mənzilin bir ay ərzində boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onunla Cavabdeh2 arasında bağlanmış 02.10.2019-cu il tarixli kredit müqaviləsinə əsasən sonuncu ona 136000 manat məbləğində borc verməyi öhdəsinə götürmüş, müqaviləni imzaladıqdan sonra ona məlum olmuşdur ki, onun iradəsindən və diqqətindən yayınaraq kredit müqaviləsinə öhdəliyin ABŞ dollarının məzənnəsinə uyğun olaraq ödənilməsi barədə müddəa daxil edilmişdir. Halbuki, müqavilə bağlanarkən şifahi formada belə razılaşmaları olmamış, o da qarşı tərəfə etimad edərək müqavilənin belə bir bəndinin olmasına diqqət etməmişdir. Cavabdeh2 qarşılıqlı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı notarial təsdiqli kredit müqaviləsinə əsasında tərəfindən 80000 ABŞ dolları məbləğində borc pul verilmiş və müqavilə Bakı şəhər 50 saylı Notariat Kontorunun 02.10.2019-cu il tarixli 3M- 1001 reyestr qeydli “kredit” müqaviləsi ilə rəsmiləşdirilmişdir. Borclu şəxs verilən pulun təminatı olaraq özünə məxsus olan və ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 220.1 kv.m olan 4 otaqlı mənzilini ipoteka ilə yüklü edərək girov qoymuşdur. İpoteka müqaviləsi də, Bakı şəhər 50 saylı Notariat Kontorunun 3M-1092 reyestr qeydli 02.10.2019-cu il tarixli əqd əsasında təsdiqlənmişdir. İpoteka müqaviləsi üzrə yüklülük qeydə alınaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin 1 Saylı Bakı Ərazi İdarəsinin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən 04.10.2019-cu il tarixli ********** qeydiyyat nömrəli Çıxarış da verilmişdir. Lakin aradan neçə müddət keçməsinə baxmayaraq borclu ona verməli olduğu pul məbləğini qaytarmamış və hər dəfə pulu onlardan tələb etdikdə “yoxumdur, bir az da gözlə verəcəyəm” deyərək onu aldatmışdır. Hazırda borclu qaytarmalı olduğu pul məbləğini qaytarmamaqla üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Bu əsasla da, ipoteka qoyan şəxs İddiaçı ünvanına ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş göndərilmişdir. Cavabdeh ondan aldığı pul vəsaitini özündə saxlamaqla şəxsi məqsədləri üçün istifadə etmiş və üzərinə götürdüyü öhdəlik üzrə vəzifələrini icra etməyərək onun pulunu qaytarmamışdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 11 mart 2021-ci il tarixli 2(007)-342/2021 saylı qətnaməsi ilə ilk iddia təmin edilməmiş, qarşılıqlı iddia təmin edilmiş, 02 oktyabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə 80000 ABŞ dolları məbləğində pulun məhkəmə qətnaməsinin icra edildiyi günə ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla İddiaçı alınaraq Cavabdeh2 verilməsi, 02 oktyabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə tutmanın İddiaçı məxsus Bakı şəhəri, Nərimanov rayonu, Faiq Yusifov küçəsi, ev 164, 4 saylı mənzilə yönəldilməsi, mənzilin açıq hərracda satılaraq, əldə edilən vəsait hesabına Cavabdeh2 olan həmin borcun ödənilməsi, mənzilin hərracda ilkin satış qiymətinin 374.170 manat məbləğində müəyyən edilməklə, hərrac yolu ilə satıldıqdan bir ay sonra İddiaçı məxsus Bakı şəhəri, Nərimanov rayonu, Faiq Yusifov küçəsi, ev 164, 4 saylı mənzilin boşaldılması, məhkəmə xərclərinə aid olan ilkin iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumunun ilkin İddiaçı, qarşılıqlı iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumunun qarşılıqlı iddiaçı Cavabdeh2 aid edilməsi qət edilmişdir. Qətnamədən İddiaçı apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir. İddia ərizəsi ilə eyni məzmunlu apelyasiya şikayətində göstərilmişdir ki, qətnamə qanunsuz və əsassızdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi-vəkili (qarşılıqlı iddia üzrə iddiaçının) apelyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq, təmin edilməməsini və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) teleqram ünvanlayaraq, özündə koronavirus infeksiyasının simptomlarını hiss etdiyi üçün analiz verdiyini qeyd edərək, məhkəmə iclasının təxirə salınmasını xahiş etsə də, qeyd etdiyi halı təsdiq edən hər hansı sübut əlavə etməmişdir, kollegiya işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməlidir. İş materiallarında olan Cavabdeh2 ilə İddiaçı arasında bağlanmış 02 oktyabr 2019cu il tarixli kredit müqaviləsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh2 İddiaçı 80000 ABŞ dollarının manatla məzənnəsini təşkil edən 136000 manat məbləğində borc pul vermişdir. Tərəflərin razılaşmasına əsasən pul məbləğinin geri qaytarılması öhdəliyin icra edildiyi gün Azərbaycan manatının ABŞ dollarına olan rəsmi məzənnəsi nəzərə alınmaqla həyata keçiriləcəkdir. 02 oktyabr 2019-cu il tarixli qəbzin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh2 tərəfindən 136000 manat məbləğində pul vəsaiti İddiaçı depozit hesabına köçürülmüşdür. Cavabdeh2 ilə İddiaçı arasında 02 oktyabr 2019-cu il tarixdə bağlanmış ipoteka müqaviləsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 220.1 kv.m olan 4 (dörd) otaqlı mənzili həmin tarixli kredit müqaviləsinə əsasən yaranmış öhdəliyin icrasının təmin edilməsi məqsədilə ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü etmişdir. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, İddiaçı məxsus olan ünvan 2 Cavabdeh2 xeyrinə yüklü edilmişdir. İddiaçı iddia edir ki, müqavilə bağlanarkən kredit müqaviləsinə öhdəliyin ABŞ dollarının məzənnəsinə uyğun olaraq ödənilməsi barədə müddəa daxil edildiyini bilməmişdir, həmin müqavilə etibarsız hesab edilməli, ipoteka müqaviləsi ləğv edilməklə mənzilin cavabdehin xeyrinə daşınmaz əmlakın dövlət reyestrində yüklülüyünün dövlət qeydiyyatı da ləğv edilməlidir. Cavabdeh isə kredit müqaviləsinə əsasən verdiyi pul məbləğini geri tələb edərək, tutmanın ipoteka predmetinə yönəldilməsini tələb etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324-cü maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir (324.1). Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər (324.2). Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir (324.4). İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (324.5). Mülki Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Mülki Məcəllənin 337-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh2 kredit müqaviləsi bağlamış, müqavilə bağlanan zaman tərəflərin şəxsiyyəti müəyyən edilmiş, hüquq və vəzifələri izah edilmiş, müqavilənin bağlanması üçün bank xərcləri, depozit hesabları, rüsumlar ödənilmiş, tərəflər iradə ifadələrini öz hərəkətləri ilə nümayiş etdirərək sözügedən 02 oktyabr 2019-cu il tarixli kredit müqaviləsini imzaları ilə təsdiq etmişlər. Kollegiya hesab edir ki, sözügedən müqavilə bağlanarkən Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtlərin pozulması və bu Məcəllənin 337.1-ci maddəsinin tələbləri baxımından həmin müqaviləin etibarsız hesab edilməsi üçün hər hansı əsasın olması müəyyən edilməmişdir. İddiaçı müqavilə bağlanarkən öhdəliyin ABŞ dollarının məzənnəsinə uyğun olaraq ödənilməsi barədə müddəa daxil edildiyindən xəbərsiz olduğunu qeyd etsə də, məhkəmə haqlı olaraq göstərmişdir ki, tərəflər həmin müqavilə ilə tanış olmuş, onlara hüquq və vəzifələri izah edilmiş, onlar kredit müqaviləsinin şərtləri ilə razılaşdıqlarını öz imzaları ilə təsdiq etmişlər. İddiaçının qeyd olunan dəlili əsassızdır. Həmçinin kredit müqaviləsinin təminatı olaraq tərəflər arasında bağlanılmış ipoteka müqaviləsinin ləğv edilməsi üçün hər hansı əsas müəyyən edilməmişdir. Kollegiya hesab edir ki, məhkəmə ilkin iddianın təmin edilməməsi barədə düzgün nəticəyə gəlmişdir. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən isə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 36.1-ci maddəsinə görə, İpoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır. Həmin Qanunun 36.3-cü maddəsinə görə isə, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında qeydə alınmalıdır. İş materiallarından, eləcə də Cavabdeh2 nümayəndəsi-vəkilinin Kollegiya iclasında təqdim etdiyi poçt qəbz və xəbərnamələrindən görünür ki, Cavabdeh2 tərəfindən göstərilən tələblərinə əməl olunmuşdur, belə ki, İddiaçı 06.07.2020-ci il tarixdə öhdəliyin icrası barədə xəbərdarlıq (15.07.2020-ci il tarixdə İddiaçı təqdim olunmuşdur), 28.07.2020ci il tarixdə isə tutmanın ipoteka predmetinə yönəldilməsi barədə bildiriş (31.08.2020-ci il tarixdə İddiaçı təqdim olunmuşdur) göndərilmiş, 19.08.2020-ci il tarixdə isə həmin bildiriş ipoteka saxlayanın ərizəsi əsasında dövlət qeydiyyatına alınmışdır. Mülki Məcəllənin 269.7-ci maddəsinə əsasən girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın. Məhkəmə kollegiyası hesab edir ki, mülki və ipoteka qanunvericiliyinin yuxarıda şərh olunmuş normaları və müqavilə şərtləri baxımından tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və birinci instansiya məhkəməsi həmin münasibətlər çərçivəsində İddiaçı hərəkətlərini öhdəliyin icra edilməməsi kimi qiymətləndirməkdə haqlı olmuşdur. Cavabdeh İddiaçı 02.10.2019-cu il tarixdə iddiaçı Cavabdeh2 80.000 ABŞ dolları məbləğində borc (kredit) alıb, həmin borcu 01.01.2020-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüş, lakin üzərinə götürdüyü öhdəliyi icra etməmişdir. Kollegiya qarşılıqlı iddia tələbinə aid hissədə məhkəmənin gəldiyi nəticə ilə qismən razılaşaraq hesab edir ki, qətnamə ipoteka predmetinin ilkin satış qiymətinə aid hissədə dəyişdirilməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Birinci instansiya məhkəməsinin qərardadı əsasında ipoteka predmetinin qiymətləndirilməsi aparılmışdır, “xxxx” MMC-nin 19 noyabr 2020-ci il tarixli qiymətləndirmə hesabatı ilə Bakı şəhəri, Nərimanov rayonu, Faiq Yusifov küçəsi, ev 164, 4 saylı mənzilin hazırkı bazar dəyəri 374.170 manat; həmin mənzilin təcili satış (likvid) qiyməti isə 348.000 manat müəyyən edilmişdir. Məhkəmə isə bu rəy ilə müəyyən edilmiş bazar qiymətini əsas götürərək mənzilin hərracda ilkin satış qiymətini 374.170 manat məbləğində müəyyən etmişdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində isə ilkin satış qiymətinin anlayışı verilmişdir: ilkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. “Likvid qiymət” dedikdə isə elə bir qiymət nəzərdə tutulur ki, girov əmlakın qiymət fərqi olmadan və dəyər itkisi yaratmadan tez realizə edilə (satıla) bilməsi mümkün olsun. Likvidlik sadəcə maddi dəyərləri (hazırki işdə girov əmlakı) pula çevirmək baxımından nəzəri imkan deyil, o həm də bunu cəld, rahat və maksimal dərəcədə faydalı şəkildə həyata keçirməkdir. Qeyd olunanlara əsasən Kollegiya hesab edir ki, ipoteka predmetinin ilkin satış qiyməti onun likvid qiymətinə əsasən (348.000 manat olmaqla) müəyyən edilməldir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 384.0.3-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: İddiaçının (qarşılıqlı iddia üzrə cavabdehin) apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-342/2021 saylı iş üzrə 11 mart 2021-ci il tarixli qətnaməsi ipoteka predmeti olan mənzilin ilkin satış qiymətinə aid hissədə dəyişdirilsin. Bakı şəhəri, Nərimanov rayonu, Faiq Yusifov küçəsi, ev 164, 4 saylı mənzilin ilkin satış qiyməti 348.000 manat müəyyən edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar