Məhkəmə qərarları › İş №2(103)-554/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-554/2024

30.01.2024 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-554/2024 30.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı – cavabdehlər Cavabdeh və Səbail Rayon İcra Hakimiyyətinə (müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində cəlb edilən X7 və Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik hüquqi şəxsi) qarşı «özbaşına tikililərin sökülməsi» tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “özbaşına tikililərin sökülməsi”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Kazımov Elşən Cələddin oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Həsənova Şərqi Əlabbas qızının katibliyi, İddiaçı, Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil, Müstəqil tələb irəli sürməyən 3-cü şəxs X2 iştirakları ilə Səbail Rayon Məhkəməsinin 2(009)-2/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları:

1. İddiaçı – cavabdehlər Cavabdeh və Səbail Rayon İcra Hakimiyyətinə qarşı «özbaşına tikililərin sökülməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 6 evin 21 və 29 saylı mənzillərin qarşısında ümumi istifadədə olan eyvan sahədə cavabdeh tərəfindən qanunsuz inşa edilmiş (29 saylı mənzilin artırması) tikilinin sökülərək, zəbt olunmuş 12.25 kv/metr sahənin boşaldılaraq əvvəlki vəziyyətinə gətirilməsi, həmçinin həmin 7 saylı evin həyətinin giriş hissəsinin ikinci mərtəbəsində inşa olunmuş sahəsi 12.18 kv/metr (2.9x4.2) olan tikilinin, 7 saylı evə giriş-çıxış üçün nəzərdə tutulmuş pilləkan qəfəsinin sol tərəfində sahəsi 8.7 kv/metr olan mətbəx otağının və onunla üzbəüz tikilinin qarşı tərəfinin 3.68 kv/metr (0.8x4.6) artırılmış hissəsinin sökülərək sahənin əvvəlki vəziyyətinə gətirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. (İddia tələbi dəyişdirilmişdir.)

2. İddia tələbi onun əsaslandırılmışdır ki, qeyd olunan ünvanda o, azyaşlı qızı, mənzilin mülkiyyətçisi bacısı X7 “italyanka” deyilən həyətdə, qeydiyyatda olmaqla birlikdə daimi yaşayırlar. Mənzillərinin çıxışı ümumi istifadədə olan eyvanadır. Həmin eyvana 2 tərəfdən giriş- çıxış üçün pilləkənlər nəzərdə tutulubdur. Lakin həmin ünvanın 29 saylı mənzilində yaşayan, qonşuları, cavabdeh X6 adlı qardaşı tərəfindən özbaşına olaraq və 45 saylı MKİS-nin rəisinin razılığı ilə mənzilinə yaxın olan, eyvana bitişik girişçıxış üçün nəzərdə tutulan pilləkəni bağlayaraq, bütün qonşuların ümumi istifadəsində olan eyvanda özü üçün mənzil tikməklə qonşuların, o cümlədən, onun da yaşayış hüquqlarını məhdudlaşdırmışdır. Onun tərəfindən tikilən otağın giriş-çıxış qapısı onun divarıyla bitişik, yəni, eyni divar olduğundan, dəmir qapısı açılıb-bağlananda bitişik divar deformasiya olur və divarda, yəni, mənzilinin divarında çatlar əmələ gəlir. Yay fəslində qapı daim açıq vəziyyətdə olur. Eyni zamanda qapı açılıb bağlanarkan güclü səs yaranır, qapı açıq vəziyyətdə olarkan mənzilinin pəncərəsinə təbii işığın və havanın düşməsi çətinləşir, yaşadığı mənzil təbii işıqsız və havasız olur. Bundan başqa, pilləkənin daraldılması nəticəsində qonşuların mənzillərinə məişət əşyalarını gətirilibçıxarılmasını məhdudlaşdırır. 2014-cü ilin dekabr ayında kirayəşin tərəfindən yanğın təhlükəsizlik qaydalarına riayət edilmədiyindən yanğın baş vermiş, müxtəlif əşyalar yanmışdır. Yanğın zamanı digər girişçıxış üçün nəzərdə tutulan pilləkanlər bağlı olduğundan qonşular, azyaşlı uşaqlar və yaşlı sakinlər güclü həyacan keçirmişlər. Yuxarıda qeyd olunan qanunsuzluqlarla əlaqədar, daim yaranan münaqişələrə görə Səbail RPİ-nin 8-ci Polis Bölməsinə müraciətlərinə xx.xx.2015-ci və xx.xx.2015-ci il tarixli məktublarla “ümumi yaşayış qaydalarına riayət etməkləri və xəbərdar olmaqları” və “mülki qaydada məhkəməyə müraciət tövsiyyə olmuşdur”. Ona görə də hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

3. Cavabdeh iddiaya etiraz verərək bildirmişdir ki, iddia əsassız olduğuna görə rədd olunmalıdır. Belə ki, o, Ermənistan Respublikasından məcburi Bakı şəhərinə gələn yüzlərlə qaçqından biridi. Mübahisəli evi 1990-cı ildə ermənidən alıb. Heydər Əliyevin sərəncamına əsasən sənədləşdirib, hazırki dövrə qədər maneəsiz ailəsiylə birlikdə yaşayırlar. O dövrlər imkansız olduğundan o və qardaşları birlikdə həmin evi almışdırlar. Hazırda həmin evdə o ailəsiylə və qardaşı Ziyəddin ailəsi ilə birlikdə yaşayırlar. Mübahisəli evdə isə qardaşı Ziyəddin ailəsi ilə yaşayır. İddiaçı bura köçən günə qədər heç bir qonşu ilə adi söz-söhbət belə olmayıb. Son dövrlər qardaşının arvadı ilə iddiaçı arasında kiçik mübahisə yaranmış və bu söz-söhbət uzanmış mövcud vəziyyətlə nəticələnmişdir. İddiaçı özünə məxsus evi 2012-ci ildə almışdır və özü də etiraf edir ki, o evi alandan sonra orda heç bir tikinti işləri aparılmayıb. Deməli iddiaçı bura köçəndə ona məxsus ev hazırki vəziyyətdə olub. İddiaçı isə 5-6 ildən sonra qonşuluq münasibətlərinin soyuduğundan belə bir iddia qaldırmışdır. O ona məxsus evi alandan sora sadəcə təmir işləri aparmış, heç bir əlavə tikinti işləri görməmişdir. Bu faktı Səbail rayon İcra Hakimiyyəti, eləcədə 45 saylı MKİS təsdiq edə bilərlər. Göründüyü kimi iddiaçının göstərdiyi faktlar əssasızdır. 1990-cı ildən bu günə kimi heç bir qonşunun iradı və pretenziyası olmadığı və 30 ilə yaxın maneəsiz yaşamağlarına baxmayaraq, 4- 5 il əvvəl gələn qonşunun belə iddia qaldırması absurtdur.

4. Səbail Rayon Məhkəməsinin 2(009)-2/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi (hakim Rəna Qafarova) ilə iddia qismən təmin edilmiş, Bakı şəhəri, Səbail rayonu, Buxta küçəsi 7 saylı evdə ümumi istifadə üçün nəzərdə tutulmuş giriş-çıxış yolunun üzərində Cavabdeh tərəfindən inşa edilmiş sahəsi 0,64 kv.metr (0,85 x 0,75 m) olan anbar tikilisinin ümumi istifadədə olan pilləkən meydançasından istifadə olunmasına maneələr törətdiyinə görə sökülməsi, həmin ərazinin əvvəlki vəziyyətinə gətirilməsi müəyyən olunmuş, iddia qalan hissələrdə təmin edilməmişdir.

5. Qətnaməni cavabdeh mübahisələndirməmişdir.

6. Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti və onun dəlilləri:

7. İddiaçı T.Qurbanov qətnamədən apellyasiya şikayəti vermiş və şikayətinin dəlilləri kimi qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin nəticə hissəsi ilə işin faktiki halları arasında kəskin uyğunsuzluq mövcduddur. Ekspert rəyləri ilə müəyyən edilmişdir ki, iddiasında qeyd etdiyi- sökülməsi tələb edilən tikililər tam qanunsuz inşa edilmişdir, həmin tikililərə dair hüquqmüəyyənedici sənəd də yoxdur və bu tikililər evində normal yaşamasına evdən istifadəsinə maneə yaradır. Buna görə də apellyasiya şikayətinin təmin edilməsini, qətnamənin iddianın təmin edilməyən hissəsində ləğv, həmin hissədə də iddianın təmin edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:

8. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi və bildirdi ki, rayon məhkəməsi yalnız anbarın sökülməsini qət etmişdir, halbuki, cavabdeh tərəfindən onların bütün giriş -çıxışı zəbt edilmiş, dəhliz ləğv edilmişdir, tək anbarın sökülməsi bu mübahisəni həll etməyəcəkdir, qarşı tərəfin yaratdığı səs-küydən evdə normal yaşaya bilmirlər. İddiaçı eyni zamanda mübahisə edilən ünvanda olan mənzili 2012-ci ildə müqavilə ilə aldığını, evə köçəndən sonra cavabdehin orada təmir-bərpa işləri həyata keçirdiyini qeyd etdi.

9. Məhkəmə kollegiyasının iclasında Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdilər.

10. Məhkəmə kollegiyasının iclasında müstəqil tələb irəli sürməyən 3-cü şəxs S.Qurbanova apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, iddiaçı onun bacısıdır, mübahisəli mənzildə birlikdə yaşayırlar, evə 2012-ci ildə köçüblər, qarşı tərəfin yaratdığı səs-küydən, maneədən evdə normal yaşaya bilmirlər, buna görə də şikayətin təmin edilməsini xahiş etdi.

11. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş digər cavabdeh Səbail Rayon İcra Hakimiyyətinin nümayəndəsi və 3-cü şəxslər məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-in 376.2-ci maddəsinə əsasən mülki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi:

12. Səbail Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəisi tərəfindən xx.xx.2015- ci il tarixli, Q-5 nömrəli İddiaçı ünvanlanan məktubdan görünür ki, həmin binada uzun illərdir yaşayan sakinlərin dediyinə görə 2-ci mərtəbədə ümumi keçid meydançasında giriş-çıxış bir tərəfdən indiki kimi olub, Buxta küçəsindəki 7 saylı sözü gedən ev isə 1900-cü ildə tikilmişdir və binanın heç bir plan sxemi onlarda olmayıb.

13. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X10 Xidməti 2-ci Ərazi X10 İdarəsinin 1 iyun 2015-ci il tarixli, 25/260840 nömrəli İddiaçı ünvanlanan məktubdan görünür ki, sözügedən ünvanda yerləşən iki mərtəbəli yaşayış evinin ünvanına bitişik olan pilləkan qəfəsi həmin evin 29 saylı mənzilində yaşayan X3 tərəfindən özbaşına olaraq bağlamış, bununla da evin 2-ci mərtəbəsində yaşayan sakinlərin baş verə biləcək yanğın hadisəsi zamanı təxliyyəsini məhdudlaşdırmışdır. Araşdırma zamanı əməkdaşlar tərəfindən mövcud vəziyyəti səciyyələndirən-yazılmış və fotoşəkillər çəkilmişdir. Müəyyən edilmişdir ki, evin ümumi dəhlizində digər 2-ci girişçıxış yolu olan pilləkan qəfəsi bağlanmışdır. Qeyd olunanları nəzərə alaraq, 2-ci çıxışın açılmasını təmin etmək məqsədilə aidiyyəti üzrə müvafiq göstərişin verilməsi üçün Səbail Rayon İcra Hakimiyyətinə 30 iyun 2015-ci il tarixli, xx/xx-0814 saylı məktub ünvanlanmışdır.

14. AR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 10/7828 saylı, xx.xx.2023-cü il tarixli ekspert rəyi ilə müəyyən olunur ki, ünvan 2 ünvanında cavabdeh tərəfindən inşa edilmiş 4 mərtəbəli fərdi yaşayış evinin inşa olunmasına dair müvafiq icra hakimiyyəti orqanlarından icazə sənədləri olmadığından yaşayış evinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 160 saylı qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişiklik edilməməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydaları”nın 4.1 və 4.2-ci bəndlərinin və Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 69.5.2-1-ci maddəsinin tələblərinə uyğun inşa edilmədiyi müəyyən edilir. Həmçinin həmin ünvanda cavabdeh tərəfindən inşa edilmiş 4 mərtəbəli fərdi yaşayış evinin iddiaçıya məxsus fərdi yaşayış evinin istismarına hər hansı maneə (təbii işıqlandırma, havalandırma, giriş-çıxışa mane olam və s.) törədib-törətməməsi məsələsinin müəyyən olunması tikinti-texniki ekspertinin həll etdiyi məsələlər dairəsinə aid olmadığından bu hissədə tədqiqat aparılmadı.

15. Azərbaycan Respublikası Baki şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş idarəsinin xx.xx.2015-ci il tarixli, 18/10-8/244 nömrəli Səbail Rayon İcra Hakimiyyətininə ünvanlanan məktubdan görünür ki, mənzillərə giriş-çıxış üçün nəzərdə tutulmuş pilləkanin qonşu tərəfindən bağlanaraq ümumi istifadədə olan eyvanda tikinti işləri aparılması ilə bağlı İddiaçı müraciətinə baxılmışdır. Əməkdaşları tərəfindən yerində baxış zamanı müəyyən edilmişdir ki, Buxta küç. 7 saylı ünvandakı 2 mərtəbəli evin 29-cu mənzilinin sahibi Z.Ələsgərov tərəfindən ikinci mərtəbədəki mənzilin girişinin qarşısındakı ümumi dəhlizin bir hissəsi (12 kv.m.) uzun müddət öncə zəbt olunaraq mənzilin sahəsinə qatılmış, giriş qapısının yeri dəyişdirilərək ərizəçinin yaşadığı mənzilin pəncərəsinin bilavasitə yanından, həmin zəbt olunmuş sahədən təşkil edilmişdir. Qeyd olunanları nəzərə alaraq, qanunsuzluqların, çatışmazlıqların və narazılığa səbəb olan amillərin aradan qaldırılması, zəruri tədbirlərin görülməsi xahiş olunmuşdur.

16. Azərbaycan Respublikasının İnsan Hüquqları Üzrə Müvəkkilinin (Ombudsmanın) Aparatının 3/9799-15 nömrəli, xx.xx.2015-ci il tarixli İddiaçı ünvanlanan məktubdan görünür ki, Buxta küçəsi 21 saylı 2 mərtəbəli bina 1900-cu ildə inşa olunmuşdur. X7 21 saylı mənzili 2012-ci ildə hal-hazırda mövcud olduğu vəziyyətdə almış, qonşu 29 saylı mənzildə yaşayan vətəndaş X3 1991-ci ildən qeydiyyatdadır və ailəsi ilə birlikdə yaşayır. Yaşadığları mənzilin pəncərəsinin qarşısında, ümumi istifadə meydançasında 29 saylı mənzilə bitişik olan tikili 15-20 il əvvəl tikilmiş köhnə tikilidir. X3 ilə aralarında yaranmış mübahisə məhkəmə predmeti olduğundan aidiyyəti üzrə məhkəmə orqanlarına müraciət etməkləri tövsiyə edilmişdir.

17. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Baki şəhər Ərazi idarəsinin ********** nömrəli, xx.xx.2017-ci il tarixli məktubdan görünür ki, Bakı şəhəri, Səbail rayonu Buxta küçəsi ev 7, 29 saylı mənzil ilkin olaraq xx.xx.1995-ci il tarixdə Cavabdeh adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Bakı şəhəri, Səbail rayonu, Buxta küçəsi, ev 7, 21 saylı mənzil Notarius İ.B.Suleymanlı tərəfindən bağlanmış 4Ə/2-201 reyestr nömrəli xx.xx.2012-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən X4 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir.

18. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti daşınmaz əmlakın Dövlət reyestrinin ******* nömrəli xx.xx.2012-ci il tarixli çıxarışından görünür ki, Baki şəhəri, Səbail rayonu, Buxta küçəsi, ev 7, mənzil 21 ünvanında yerləşən, ümumi sahəsi 22.9 kv.metr olan mənzilin hüquqi sahibi X7 qeyd olunmuşdur.

19. Azərbaycan Respublikası Bakı Şəhəri İcra Hakimiyyəti Başçısının Aparatı Mənzil-Kommunal Təsərrüfatı Departamenti Səbail Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi 45 saylı MKİS-in 27 yanvar 2017-ci il tarixli, 13 nömrəli arayışından görünür ki İddiaçı, bacısı X7 ünvan 4 ünvanında qeydiyyatdadır.

20. Səbail Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəisi tərəfindən xx.xx.2015- ci il tarixli, Q-5 nömrəli İddiaçı ünvanlanan məktubdan görünür ki, sözü gedən ev 1900-cü ildə tikilmişdir və binanın heç bir plan sxemi onalarda olmayıb. Həmin binada uzun illər yaşayan sakinlərin dediyinə görə 2-ci mərtəbədə ümumi keçid meydançasında giriş-çıxış bir tərəfdən indiki kimi olub və heç bir qeyri-qanuni tikinti işləri aşkar edilməmişdir.

21. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti daşınmaz əmlakın Dövlət reyestrinin ******* nömrəli çıxarışından görünür ki, Baki şəhəri, Səbail rayonu, Buxta küçəsi, ev 7, mənzil 21 ünvanında yerləşən, ümumi sahəsi 22.9 kv. metr olan mənzil X7 tərəfindən İddiaçı xeyrinə yüklü edilmişdir.

22. 23.06.2018-ci il tarixli mənzilin əvəzsiz istifadəyə verilməsi haqqında müqavilədən görünür ki, Baki şəhəri, Səbail rayonu, Buxta küçəsi, ev 7, mənzil 21 ünvanında yerləşən, ümumi sahəsi 22.9 kv. metr olan mənzil tam mülkiyyət üzrə X5 məxsus hissəsi (tam hissə, 22.9 kv/m, 1 otag) əvəzsiz istifadə üçün İddiaçı verilmişdir.

23. Məhkəmə Ekspertiza Mərkəzinin 17 iyul 2017-ci il tarixli 8641 saylı ekspertiza rəyinin nəticə hissəsindən görünür ki, baxış zamanı əldə olunan məlumatları nəzərə alaraq, X1 faktiki istifadəsində olan Bakı şəhəri, Səbail rayonu Buxta küçəsi, 7 saylı evin 29 saylı mənzilin mövcud vəziyyəti üzrə ümumi sahəsinin 42.75 kv.m. olduğu, baxış zamanı təqdim olunmuş plan-sxemə əsasən isə ümumi sahəsinin 30.5 kv.metr olmaqla, həmin mənzilin plan və ölçülərdə (cizgilərdə) əks olunmuş sərhədlər hüdudlarından kənar olduğu müəyyən edilmişdir. Tədqiq olunan 21 saylı mənzilin texniki pasportun göstəriciləri ilə mövcud vəziyyətini müqayisədə 6.4 kv.m. əlavə tikililərin inşa olunduğu, digər 29 saylı mənzilin isə baxış zamanı təqdim olunmuş plan-cizgi ilə mövcud vəziyyətini müqayisədə 12,25 kv.m. artıq tikililər olduğu müəyyən edilmişdir. Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Bakı şəhəri, Səbail rayonu Buxta küçəsi, 7 saylı evin tərəflərin yaşadığı 21 və 29 saylı mənzillərin qarşısında inşa edilmiş tikilinin (29 saylı mənzilin artırması) mövcudluğu ümumi istifadədə olan sahənin (eyvanın) və həmin sahəyə giriş-çıxışın zəbt olunması hallarının olduğu müəyyən edilmişdir. Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, mübahisələndirilən Buxta küçəsi 7 saylı evin (binanın) həyətinin giriş hissəsinin 2-ci mərtəbəsində inşa olunmuş tikililərə baxış zamanı tərəflər şərait yaratmadığından, eləcə də həmin tikililərə dair iş materiallarında hər hansı bir təsdiq olunmuş plan-sxem olmaması səbəbindən, qərardadın bu suallarını cavablandırmaq mümkün olmamışdır. Bu sualların cavabandırılması üçün 29 saylı mənzilə dair təsdiq olunmuş texniki pasportun (plan-sxem, layihə sənədləri) təqdim olunması zəruridir.

24. Məhkəmə Ekspertiza Mərkəzinin 05 yanvar 2018-ci il tarixli 27239 saylı ekspertiza rəyinin nəticə hissəsindən görünür ki, baxış zamanı əldə olunan məlumatları nəzərə alaraq, Bakı şəhəri, Səbail rayonu, Buxta küçəsi 7 saylı evin (binanın) həyətinin giriş hissəsində ikinci mərtəbədə inşa olunmuş sahəsi 12.18 kv.m.(2.9x4.2)m olan tikilinin, 7 saylı evə giriş-çıxış üçün nəzərdə tutulmuş piləkən qəfəsəsinin sol tərəfində sahəsi 8.7 kv.m olan mətbəx otağının və onunla üzbəüz tikilinin qarşı tərəfinin 3.68 kv.m.(0.8x4.6)m artırılmış hissəsinin mövcudluğu FHN-nin X10 Xidməti 2-ci Ərazi X10 İdarəsi tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli xx/xx-0840 saylı məktubda və Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli məktubda qeyd olunanlara əsasən iddiaçının və Buxta küçəsi 7 5aylı evin 21 saylı mənzilinin digər sakinlərinin mənzildən sərbəst istifadə edilməsinə (işıqlanması, havalanması) maneçilik yaradır. Lakin həmin mübahisəli tikililərin iddiaçının və 21 saylı digər evin sakinləri hüquq və mənafelərini pozulub-pozulmamasının müəyyən edilməsi hüquqi məsələ olduğundan məhkəmə tərəfindən müəyyən edilə bilər. Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Bakı şəhəri, Səbail rayonu, Buxta küçəsi 7 saylı evin (binanın) həyətinin giriş hissəsində ikinci mərtəbədə inşa olunmuş sahəsi 12.18 kv.m.(2.9x4.2)m olan tikilinin, 7 saylı evə girişçıxış üçün nəzərdə tutulmuş pilləkan qəfəsəsinin sol tərəfində sahəsi 8.7 kv.m. olan mətbəx otağının və onunla üzbəüz tikilinin qarşı tərəfinin 3.68 kv.m.(0.8x4.6)m artırılmış hissəsinin inşa olunması üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000- ci il tarixli 160 saylı qərarında göstərilənlərə əsasən müvafiq icazə sənədləri alınmalıdır. Lakin iş materiallarında həmin tikililərin inşa olunmasına dair hər hansı müvafiq təsdiq olunmuş sənədlərin olmadığı müəyyən edilmişdir.

25. Bakı İnzibati Məhkəməsinin 18 aprel 2022-ci il tarixli, 2-1(112)-25/2022 saylı qərarı ilə iddia tələbi qismən - Səbail rayon İcra hakimiyyəti nəzdində daimi fəaliyyət göstərən idarələrarası komissiyanın xx.xx.2017- ci il tarixli, Ə-42/2-091/2-t/1 saylı aktının təsdiq edilməsi və vətəndaş Cavabdeh mənzil ölçülərinin dəqiqləşdirilməsi haqqında Bakı şəhəri Səbail rayon İcra hakimiyyəti başçısının 171 saylı, 28 dekabr 2017- ci il tarixli sərəncamın ləğv edilməsi hissəsində təmin edilmişdir.

26. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 noyabr 2022-ci il tarixli, 2-1(103)-2288/2022 nömrəli qərarı ilə Bakı İnzibati Məhkəməsinin 18 aprel 2022ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

27. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023cü il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 noyabr 2022-ci il tarixli, 2-1(103)-2288/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

28. Həmin inzibati iş üzrə birinci instansiya məhkəməsi tərəfindən təyin edilərək keçirilmiş Məhkəmə Ekspertiza Mərkəzinin 13.11 2020-ci il tarixli 10/1712 saylı ekspert rəyindən görünür ki, Cavabdeh məxsus Bakı şəhəri Səbail rayonu, Buxta küçəsi, 7 saylı evin, 29 saylı mənzilin 2-ci mərtəbəsində yerləşən pilləkan meydançasına daxil olduqda sağ tərəfdə evə bitişik vəziyyətdə 0,64 kv.m (0,85 x 0,75 m) sahəsi olan anbar tikilisinin quraşdırıldığı müəyyən edilmişdir. Həmin tikilinin İddiaçı yaşadığı 21 saylı mənzilidən istifadə hüququna (giriş-çıxış və s.) maneə törətmədiyi müəyyən edilmişdir. Lakin sahəsi 0,64 kv.metr olan anbar tikilisi ümumi istifadə üçün nəzərdə tutulmuş giriş-çıxış yolunun üzərində quraşdırıldığını nəzərə alaraq ümumi istifadədə olan pilləkan meydançasından istifadə olunmasına maneələr törətdiyi müəyyən edilir.

29. Mülki işə apellyasiya qaydasında baxılarkən kollegiya tərəfindən tərəflərin iştirakı ilə mübahisəli ünvana xx.xx.2023-cü il tarixdə yerində müayinə keçirilmişdir. Tətbiq edilən maddi hüquq normaları:

30. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkənin qərarı əsasında sökülə bilər. Tətbiq edilən prosessual hüquq normaları:

31. Azərbaycan Respublikasinin Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya Məhkəməsinin baxışının hədləri:

32. Hazırkı halda, Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının şikayətinə əsasən iddia tələbinin təmin edilməyən hissəsində yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:

33. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

34. Belə ki, mülki iş materialları ilə müəyyən edilmişdir ki, iddiaçı ünvan 6 evin 21 və 29 saylı mənzillərin qarşısında ümumi istifadədə olan eyvan sahədə cavabdeh tərəfindən qanunsuz inşa edilmiş iddia ərizəsində göstərilən tikililərin sökülməsini və sahənin əvvəlki vəziyyətinə gətirilməsini tələb edir.

35. Birinci instansiya məhkəməsi həmin ünvanda cavabdeh tərəfindən inşa edilmiş sahəsi 0,64 kv.metr (0,85 x 0,75 m) olan anbar tikilisinin ümumi istifadə üçün nəzərdə tutulmuş giriş-çıxış yolunun üzərində quraşdırıldığını nəzərə alaraq, ümumi istifadədə olan pilləkən meydançasından istifadə olunmasına maneələr törətdiyinə görə həmin anbarın sökülməsini və həmin ərazinin əvvəlki vəziyyətinə gətirilməsini müəyyən etmişdir, həmçinin sökülməsi tələb edilən digər tikililərin isə İddiaçı yaşadığı 21 saylı mənzildən istifadə hüququna (giriş-çıxış və s.) maneə törətməsi öz təsdiqini tapmadığından iddianı digər hissədə rədd etmişdir.

36. Hazırki mülki iş üzrə mübahisəsiz hal ondan ibarətdir ki, iddiaçının mənzili 2012-ci ildə əldə etməsi, həmin tarixdən də orada yaşaması, həmçinin iddiaçının hazırda sökülməsini istədiyi sahələrin onun həmin mənzili əldə etməsindən çox əvvəllər mövcud olmasıdır.

37. Mülki iş üzrə obyektivliyin təmin olunması üçün kollegiya tərəfindən tərəflərin iştirakı ilə mübahisəli ünvanda 18 dekabr 2023-cü il tarixdə yerində müayinə keçirilmiş və müəyyən edilmişdir ki, tərəflər ünvan 6 ünvanda yaşayır, onların bildirməsinə əsasən həmin tikili keçən əsrin əvvəllərində inşa edilmiş, taxta -daş konstruksiyalı olmaqla alt hissədə iki, üst tərəfdən isə bir mərtəbəlidir, tikili “italyan” tipli olmaqla mənzillər yanyanadır və qapıları tikili boyu uzanan uzun dəhlizə açılır, iddiaçının mənzili ilə cavabdehə aid mənzil həmin dəhlizin sonunda yerləşir, tərəflərin mənzillərinin girişçıxışı ayrı olmaqla, istifadə zamanı biri digərinə maneə olmur, iddiaçı təkrar bildirir ki, o, həmin məzili 2012-ci ildə əldə etmişdir, eyni zamanda da tərəflər təsdiq edirlər ki, cavabdeh həmin ünvanda 35-40 il bundan öncə yaşayır, iddiaçının hazırda sökülməsini istədiyi sahələr onun həmin mənzili əldə etməsindən çox əvvəllər mövcud olmuşdur, eyni zamanda da müəyyən olunmuşdur ki, iddiaçının sökülməsini istədiyi sahə onun mənzilindən xeyli uzaqda yerləşir və onun mənzilindən istifadəsinə heç bir əngəl törətmir, eləcə də müəyyən olundu ki, tərəflər arasında ixtilaf, əslində cavabdehin mənzilindən istifadə zamanı birgəyaşayış qaydalarına əməl etməməsi, yəni mənzilə çox adamın yığışması, çoxlu səs-küy salınması, gecə saatlarında ucadan danışılması, qeyri-etik ifadələr işlədilməsi, qapının möhkəm çırpılması və s. bu kimi hallarla bağlı yaranmışdır.

38. Beləliklə də müəyyən edilir ki, iddiaçının sökülməsini tələb etdiyi tikililər onun mənzilindən xeyli uzaqda yerləşdiyindən mənzildən istifadəsinə heç bir əngəl və maneə törətmir, sadəcə bu mübahisənin yaranma səbəbi daha çox cavabdeh tərəfin birgəyaşayış qaydalarına əməl etməməsi, ümumi istifadədə olan həyətdə səs-küyün olmasıdır, buna görə də kollegiya hesab edir ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassızdır, təmin edilə bilməz. Nəticə:

39. Göstərilənlərə əsasən, Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddia tələbini qismən təmin etməkdə haqlı olmuşdur, qətnamə qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

40. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin olunmadığından şikayətin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş iddiaçının özünə aid edilməlidir.

41. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Səbail Rayon Məhkəməsinin 2(009)-2/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi iddiaçının apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7-ci maddəsinə əsasən geri qaytarılacaqdır. Sədrlik edən: İkram Şirinov Hakimlər: Elşən Kazımov Kamran Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar