Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5540/2021 01.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil4, Cavabdeh nümayəndəsi və vəkili Vəkil3 iştirakı ilə İbrahimli (İbrahimov) Mirzə Valeh oğlunun Cavabdeh qarşı “satılmış pay haqqının əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 30 noyabr 2020-ci il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İbrahimli (İbrahimov) Mirzə Valeh oğlu Cavabdeh qarşı iddia ərizəsi, sonradan isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən torpaq sahəsində inşa etdikləri yaşayış binasındakı yaşayış sahəsindən payına düşən 640 kv.m-nin dəyəri olan 608 000 (altı yüz səkkiz min) manatın, 30 manat dövlət rüsumunun və qiymətləndirmə barədə arayışın alınması üçün ödədiyi 100 manatın Cavabdeh xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, 1996-cı ildə əsas fəaliyyət növlərindən biri yaşayış binalarının layihələndirilməsi, tikintisi və təmiri olan “xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətini (MMC) təsis etmiş, Bakı şəhər İcra Hakimiyyəti başçısının 30 dekabr 2004-cü il tarixli 323 saylı Sərəncamı və onunla MMC arasında bağlanan 07 iyun 2005-ci il tarixli 0525 saylı icarə müqaviləsinə əsasən Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov (keçmiş Şərifli) küçəsi 2378-ci məhəllədə yerləşən 0,247 ha torpaq sahəsi yaşayış binasının layihələndirilməsi və inşası məqsədilə 49 il müddətinə MMC-nə icarəyə verilmişdir. Qeyd edilən topaq sahəsində hündürmərtəbəli yaşayış binasının tikintisini nəzərdə tutsa da, bunun üçün böyük maliyyə vəsaiti tələb olunduğundan X3, Cavabdeh və özünün qoyacağı kapital hesabına yaşayış binasının şərikli inşa edilməsi ilə bağlı aralarında razılaşma olmuş, tələb olunan kapitalın 40%-ni onun, 40%-ni Cavabdeh, 20%ni isə X3 qoymasına razılaşmışlar. 02 fevral 2005-ci il tarixdə MMC-dəki payın alqı-satqısı müqaviləsini bağlamış, cəmiyyətdəki payının 20%-ni X4, 40%-ni isə Cavabdeh satmış, 18 fevral 2005-ci il tarixdə MMC-nin təsisçilərinin dəyişməsiylə əlaqədar yeni təsis müqaviləsi bağlanmışdır. 2005-ci ildə hündürmərtəbəli yaşayış binasının inşasına başlanılmış, 2007ci ilin aprel-may aylarında binanın inşası davam etdiyi vaxtda Bakı şəhər İcra Hakimiyyətindən bildirilmişdir ki, tikintinin davam etdirilməsi, inşa ediləcək yaşayış binasının istismara qəbul edilməsi, binadakı mənzillərin və qeyri-yaşayış sahələrinin özgəninkiləşdirilməsi üçün tikinti işlərini görən MMC Mənzil-Tikinti Kooperativinə çevrilməlidir. Bakı şəhər İcra Hakimiyyətinin tələbini icra etmək məqsədilə təsisçisi olduğuqları cəmiyyətin Mənzil-Tikinti Kooperativinə çevrilməsinə razılaşalar da, qanunvericilikdə Mənzil-Tikinti Kooperativinin yaradılması üçün ən azı beş nəfərin iştirakı tələb edildiyindən əlavə iki şəxsi formal payçı göstərilməklə 22 may 2007-ci ildə təsis müqaviləsi bağlayaraq MMC-nin təşkilati hüquqi formasının dəyişdirilməsi yolu ilə "xxxx" Mənzil-Tikinti Kooperativini yaratmışlar. Təsis müqaviləsinə əsasən, onun payı 35% (formal olaraq 5% azaldılaraq), X2 payı 20%, Cavabdeh payı 35% (formal olaraq 5% azaldılaraq) müəyyən olunmuş və formal payçılar kimi X10 payı 5%, X5 payı 5% müəyyənləşdirilmişdir. 15 may 2007-ci il tarixdə MMC-nin borclular və kreditorlar qarşısında olan öhdəlikləri, mühasibat balansında əksini tapmış əsas vəsaitləri, azqiymətlilər, dövriyyədə olan pul vəsaitləri, əmlakları, payları və s. “xxxx" MTK-ya təhvil verilmişdir. Binanın bünövrəsinin qazılması anından başlayaraq Cavabdeh rəhbərliyi ilə mənzillərin və qeyri-yaşayış sahələrinin satışı prosesinə başlanılmış, 2007-ci ilin sonlarında ümumi sahəsi 16 000 (on altı min) kv.m olan 16 mərtəbəli yaşayış binasının inşası tam yekunlaşmışdır. Razılığa əsasən, satış işlərini Cavabdeh həyata keçirməli, bütün işlər yekunlaşdıqdan sonra o, əldə olunan gəliri kapitaldakı paya uyğun (40%+40%+20% sxemi üzrə) təsisçilər arasında bölüşdürməli olmuş, binanın inşasının başa çatmasına az qalmış Cavabdeh onu və X6 görüşə çağıraraq bildirmişdir ki, binanın satılmamış qalan 1600 kv.m-lik sahəsinin binanın istismara qəbul etdirilməsi xərclərinin çəkilməsi üçün ayrılması lazımdır. Binaya qazın çəkilməsi, sakinlərin aldıqları mənzilə mülkiyyət hüququ almaları və s. səbəblərdən binanın istismara qəbul edilməsi zəruri olduğundan təkliflə razılaşaraq satılmamış qalan 1600 kv.m-lik yaşayış sahəsinin qeyd edilən xərclər üçün saxlanmasını qərara almışlar. 2019-cu ildə inşa etdikləri binada oğluna məxsus mənzilin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün müraciət etdikdə ona məlum olmuşdur ki, bina istismara qəbul edilmədiyindən mənzilə mülkiyyət hüququ əldə etmək mümkün deyildir. Məsələnin aydınlaşdırılması üçün onun, X3 və Cavabdeh iştirakı ilə görüş keçirilmiş, görüşdə binanın nə üçün istismara qəbul edilmədiyi, 1600 kv.m-lik sahənin taleyi və başqa məsələlər müzakirə olunmuşdur. Cavabdeh bəzi məsələlərlə bağlı binanın istismara qəbul edilmədiyini, satılmamış qalan 1600 kv.m.-in bir hissəsinin binanın bəzi xərcləri üçün satıldığını, 900 kv.m-lik sahənin satılmadığını, həmin sahənin payçılar arasında kapital qoyuluşu ilə bağlı paylara uyğun bölünəcəyini, 360 kv.mnin ona, 360 kv.m-nin özünə (Cavabdeh), 180 kv.m-nin X4 məxsus olduğunu, bunun üçün qısa vaxtda sənədlərin payçılara təqdim ediləcəyini bildirmişdir. Lakin bu günədək ona çatası sahə və ya onun bazar dəyəri ona təqdim edilməmiş, sonradan öyrənmişdir ki, Cavabdeh 1600 kv.m-lik yaşayış sahələrini onlardan xəbərsiz satıb, həmin satışdan əldə etdiyi vəsaiti mənimsəyib, bina isə heç bir xərc çəkilmədən istismara qəbul edilərək bunun üçün müvafiq akt verilib. Hesab edir ki, binanın satılmamış qalan 1600 kv.m-lik yaşayış sahəsinin 640 kv.m. (1600 kv.m.in 40%-i) hissəsi onun payı olduğundan həmin payın dəyəri olan 608 000 (altı yüz səkkiz min) manat Cavabdeh alınıb ona ödənilməlidir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 30 noyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin olunmuş, “xxxx” Mənzil Tikinti Kooperativinin Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov (keçmiş Şərifli) küçəsindəki 2378-ci məhəllədə yerləşən torpaq sahəsində inşa etdiyi 2 girişli, 17 mərtəbəli 158 “A” saylı yaşayış binasının pay bölgüsünə daxil edilməyən 1600 kv.m.sahəsinin 35% hissəsinin dəyəri qismində 532 000 manatın, eləcə də dövlət rüsumuna görə ödənilmiş 30 manatın Cavabdeh İbrahimli (İbrahimov) Mirzə Valeh oğlunun xeyrinə tutulması, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək onun ləğv olunmasını və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini, məhkəmənin işin hallarına və sübutlara düzgün hüquqi qiymət vermədiyi, gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmadığı, inşa etdikləri binanın 1600 m2 sahəsinin inşaatın başa çatmasından sonra ortaya çıxan xərclərin qarşılanması üçün satılması barədə aralarında razılaşma əldə olunduğunu nəzərə almadığı arqumentləri ilə əsaslandırmışdır. Qətnamədən iddiaçı da apellyasiya şikayəti verərək onun iddiasının təmin edilməməsi ilə bağlı hissədə ləğv olunmasını və iddia tələbinin tam təmin edilməsini xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla məhkəmənin sübutlara düzgün qiymət vermədiyini, X10 və X5 formal payçılar olduğunu nəzərə almadığını irəli sürmüşdür. Apellyasiya baxışı zamanı Cavabdeh nümayəndəsi (vəkili) Vəkil3 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək izahatında göstərmişdir ki, təsisçilər arasında binanın ümumi sahəsinin 10% hissəsinin (1600 kv.m. sahənin) ümumi məqsədlər üçün, yəni icra hakimiyyətinə verilmək, binanın kommunikasiya xətləri ilə təchiz olunması və digər xərclərin qarşılanması üçün ayrılması barədə razılaşma olmuş, həmin sahədən 300 m2 Bakı şəhər İcra Hakimiyyətinin mənzil fonduna təqdim edilmiş, yerdə qalan sahələr isə binaya qaz çəkilməsi, su anbarının istifadəyə verilməsi, həyətyanı sahənin asfaltlaşdırılması, yanğından mühafizə sisteminin quraşdırılması, liftlərin alınması və digər məqsədlər üçün istifadə olunmuşdur. İddiaçı bunu bildiyi halda gəlir əldə etmək həvəsinə düşmüş və əsassız tələb irəli sürmüş, məhkəmə isə heç bir araşdırma aparmadan qanunsuz qərar çıxarmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı və onun nümayəndələri (vəkilləri) cavabdehin apellyasiya şikayətinin əsassız olduğunu bildirərək və öz şikayətlərini iddia ərizəsinin məzmununa uyğun izahat verməklə müdafiə edərək iddia tələbinin tam təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər. İşə baxılmasının yeri və vaxtı barəsində lazımi qaydada məlumatlandırılmış iş üzrə üçüncü şəxslər - X7 və “xxxx” Mənzil Tikinti Kooperativinin nümayəndəsi məhkəməyə gəlmədiklərindən işə onların iştirakları olmadan baxılmasına qərar verilmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, “apellyasiya instansiyası məhkəməsi qanunçuluğun maraqlarına uyğun olaraq şikayətin dəlillərindən kənara çıxa bilər. Qanunçuluğun maraqları dedikdə baxılan iş üzrə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunması başa düşülməlidir. Bu vəzifənin məhkəmə tərəfindən yerinə yetirilməsi işdə iştirak edən şəxsin apellyasiya şikayətində əks olunan mövqeyindən asılı ola bilməz. Hüququn tətbiqinə məhkəmə bilavasitə cavabdehlik daşıdığından tərəflərin hüquqi mövqeyi hakim üçün heç bir halda məcburi deyil. Məhz buna görə də qanunverici MPM-in 372.7-ci maddəsində müəyyən etmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlamalıdır”. Məhkəmə kollegiyası bu kontekstdə iş materiallarını araşdıraraq hesab edir ki, qətnamə ləğv olunaraq iddia tələbi üzrə icraata xitam verilməlidir. Belə ki, işin müəyyən edilmiş və mübahisələndirilməyən hallarına görə, təsisçisi İbrahimli (İbrahimov) Mirzə Valeh oğlu olan “xxxx” MMC 04.03.1996-cı il tarixdə təsis edilmiş, Bakı şəhər İcra Hakimiyyəti başçısının 30.12.2004-cü il tarixli sərəncamı və 07.06.2005-ci il tarixli icarə müqaviləsi əsasında Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov (keçmiş Şərifli) küçəsi 2378-ci məhəllədə yerləşən 0,247 ha torpaq sahəsi yaşayış binasının layihələndirilməsi və inşası məqsədilə 49 il müddətinə MMC-nə icarəyə verilmiş, 02 fevral 2005-ci il tarixdə İbrahimli (İbrahimov) Mirzə Valeh oğlu müəssisədəki 100%-lik payının 40%-ni Cavabdeh, 20%-ni isə X1, 22 may 2007-ci il tarixdə Cavabdeh, X7, İbrahimli (İbrahimov) Mirzə Valeh oğlu, X14 və X8 “xxxx” Mənzil-Tikinti Kooperativini təsis etmiş, kooperativdə Cavabdeh payı 35%, X3 payı 20%, İbrahimli (İbrahimov) Mirzə Valeh oğlunun payı 35%, X10 payı 5%, X5 payı 5% müəyyənləşdirilmişdir. İşin müəyyən olunan halı həmçinin ondan ibarətdir ki, Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov (keçmiş Şərifli) küçəsi 2378-ci məhəllədə yerləşən 0,247 ha torpaq sahəsində “xxxx” Mənzil-Tikinti Kooperativi tərəfindən 2 girişli, 17 mərtəbəli yaşayış evi inşa olunmuş, həmin yaşayış evi 24 may 2016-cı il tarixdə istismara qəbul edilmişdir. İddiaçının iddia tələbinə görə, təsisçilərin ümumi razılığına əsasən evin 1600 kv.m sahəsi binanının istismara qəbul olunması, eləcə də digər xərclərin qarşılınması üçün Cavabdeh sərəncamına verilmiş, lakin sonradan həmin sahənin Cavabdeh tərəfindən satıldığı və əldə olunan gəlirin mənimsənildiyi aydın olmuşdur. Mülki işin materiallarına əlavə edilmiş “xxxx” MTK-nın Nizamnaməsinin 1.1-ci bəndinə əsasən, Kooperativ Mülki Məcəlləyə, Azərbaycan Respublikasının anoloji qanunvericiliyinə və Nizamnaməyə müvafiq surətdə fəaliyyət göstərir. Nizamnamənin 7.1.3-cü bəndinə görə, kooperativin tikinti planını və smetasını, proqramını, illik hesabatını və mühasibat balansını təsdiq etmək, zərəri bölüşdürmək, üzvləri arasında mənzil bölüşdürmək Kooperativin ümumi yığıncağının müstəsna səlahiyyətinə aid olan məsələlərdəndir; 15.2-ci və 15.3-cü bəndlərinə görə isə, kooperativin mənfəəti üzvlər arasında onların pay (mütləq və əlavə) haqqları məbləğinə, habelə kooperativin fəaliyyətində şəxsi əməyi ilə və digər formada iştirakına uyğun olaraq bölüşdürülür. Ümumi yığıncaq kooperativ ödənişlərinin və dividendlərin kooperativin mənfəətinin müəyyən miqdarı ilə məhdudlaşdırılmasını müəyyən edə bilər. Azərbaycan Respublikasının qüvvədə olan Mülki Məcəlləsinin 111-ci maddəsinə əsasən də, kooperativin ali idarəetmə orqanı onun üzvlərinin ümumi yığıncağıdır. Kooperativ üzvlərinin ümumi yığıncağının müstəsna səlahiyyətlərinə aşağıdakılar aiddir: kooperativin nizamnaməsini dəyişdirmək; kooperativin müşahidə şurasını yaratmaq və onun üzvlərinin səlahiyyətlərinə xitam vermək, habelə kooperativin icra orqanlarını yaratmaq və onların səlahiyyətlərinə xitam vermək, bir şərtlə ki, kooperativin nizamnaməsinə görə bu hüquq onun müşahidə şurasına verilmiş olmasın; kooperativ üzvlərini qəbul etmək və çıxarmaq; kooperativin illik hesabatlarını və mühasibat balanslarını təsdiq etmək və zərəri bölüşdürmək; kooperativin yenidən təşkili və ləğvi haqqında qərar qəbul etmək; bu Məcəllənin 49-1.2-ci maddəsində nəzərdə tutulmuş əqdlərin bağlanması haqqında qərar qəbul etmək. Kooperativin nizamnaməsi ilə ümumi yığıncağın müstəsna səlahiyyətinə başqa məsələlərin həlli də aid edilə bilər. Həmin Məcəllənin 110-2-ci maddəsinə görə isə, kooperativin mənfəəti Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş məcburi ödənişlər verildikdən sonra, kooperativin nizamnaməsində nəzərdə tutulmuş hallarda və qaydada kooperativin fondlarına, kreditorlarla hesablaşmaların həyata keçirilməsinə, kooperativin nizamnaməsi ilə müəyyənləşdirilmiş digər məqsədlərə və (və ya) kooperativ ödənişlərinin və dividendlərin ödənilməsinə yönəldilir. Kooperativin mənfəəti kooperativin üzvləri arasında onların pay (mütləq və əlavə) haqları məbləğinə, habelə kooperativin fəaliyyətində şəxsi əməyi ilə və (və ya) digər formada iştirakına uyğun olaraq bölüşdürülür. Kooperativ üzvlərinin ümumi yığıncağı ödənilən kooperativ ödənişlərinin və dividendlərin kooperativin mənfəətinin müəyyən miqdarı ilə məhdudlaşdırılmasını müəyyənləşdirə bilər. Mülki Məcəllənin 109.13-cü maddəsinə əsasən, dövlət orqanları, bələdiyyələr, digər fiziki və hüquqi şəxslər kooperativlə münasibətlərini müqavilə əsasında qururlar. Dövlət orqanları və bələdiyyələr Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallar istisna olmaqla, kooperativlərin təsərrüfat, maliyyə, təşkilati (idarəetmə orqanlarının formalaşdırılması) və digər fəaliyyətinə müdaxilə etmirlər. Göründüyü kimi, işə baxmış birinci instansiya məhkəməsi “xxxx” MTK-nın təsis edildiyi və fəaliyyət göstərdiyi dövrdə qüvvədə olmuş mülki qanunvericilik normalarını pozaraq kooperativin ümumi yığıncağının qanunla və nizamnamə ilə müəyyən edilmiş səlahiyyətini öz üzərinə götürmüş, iddia tələbinin əslində məhkəmədə baxılmalı olmamasını nəzərə almamışdır. Belə ki, iddiaçının, MTK-nın digər təsisçisinə qarşı irəli sürdüyü iddia tələbi kooperativin ümumi yığıncağında həll edilməli məsələ olmaqla yığıncağın müstəsna səlahiyyətindədir; bu məsələnin müzakirəsinə və həllinə məhkəmə qaydasında baxılması kooperativin təsərrüfat və təşkilati fəaliyyətinə dövlət orqanın müdaxiləsi hesab olunur. Həmçinin qeyd olunmalıdır ki, mülki qanunvericilik mülki hüququn subyektləri kimi kooperativ üzvlərinin mülki hüquqlardan biri olan ümumi yığıncaq hüququnun məhkəmə müdafiəsinə təminat verir və kooperativ üzvlərinin pozulmuş ümumi yığıncaq hüquqlarının bərpasını məhkəmə qaydasında tələb etmək hüququ mövcuddur; kooperativ üzvü, kooperativin ümumi yığıncağının çağırılması barədə ərizəsinə ağlabatan müddətdə baxılmadığı təqdirdə müvafiq öhdəliyin kooperativin icra orqanının üzərinə qoyulmasını məhkəmədən tələb edə bilər. Başqa sözlə, kooperativ üzvünün payına mütənasib olan əmlak və əmlak hüquqlarının naturada ayrılması, təsisçilikdən çıxarılması, əldə edilən gəlirlərin müəyyən olunması və gəlirlərdən ona düşən pul vəsaitinin ödənilməsinin təmin edilməsi məsələlərinin həlli yalnız bu məsələlərin kooperativin ümumi yığıncağının gündəliyinə salınması ilə mümkündür. Lakin apellyasiya baxışı zamanı müəyyən olunmuşdur ki, iddiaçı, “xxxx” MTK-nın mənfəətindən ona pay ödənilməsi ilə bağlı ümumi yığıncağın çağırılmasını istəməmişdir. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, iddiaçının, “xxxx” MTK-nın təsisçilərindən biri olan Cavabdeh qarşı irəli sürdüyü “satılmış pay haqqının əvəzinin ödənilməsi” tələbinə məhkəmə qaydasında baxılmalı deyildir və bu qənaət Konstitusiya Məhkəməsinin “X9 şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 07 iyul 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 21 iyun 2010-cu il tarixli qərarındakı hüquqi mövqelərə də uyğundur. Kollegiya onu da qeyd edir ki, tərəflər arasında yaranmış mübahisə əslində kommersiya xarakterlidir və əgər gələcəkdə onlar məhkəmə müdafiəsi hüququndan istifadə etmək istəyəcəklərsə bu xüsusatı nəzərə almalıdırlar. Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə görə iş məhkəmədə baxılmalı deyildirsə iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 391-ci maddəsinə əsasən isə, bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.4, 391 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin Məhkəməsinin 2(007)-861/2020 saylı iş üzrə 30 noyabr 2020-ci il tarixli qətnaməsi ləğv olunsun. İbrahimli (İbrahimov) Mirzə Valeh oğlunun Cavabdeh qarşı “satılmış pay haqqının əvəzinin ödənilməsi” tələbinə dair mülki işin icraatına xitam verilsin. İbrahimli (İbrahimov) Mirzə Valeh oğluna izah olunsun ki, o, Kooperativin fəaliyyəti nəticəsində əldə etdiyi gəlirdən payına uyğun ödənişlərin verilməsi barədə Kooperativə müraciət etmək, həmin məsələnin gündəliyə salındığı ümumi yığıncaq ağlabatan müddətdə çağırılmadığı təqdirdə isə, bu qərardadın əsaslandırıcı hissəsində göstərilənləri nəzərə almaqla müvafiq iddia qaldırmaq hüququna sahibdir. Qərardaddan tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-5540/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5540/2021
01.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver