Məhkəmə qərarları › İş №2(103)-5541/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5541/2020

31.08.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5541/2020 31.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Ərazi İdarəsinə və Bakı şəhəri 18 saylı Notariat ofisinə qarşı “Saziş müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-494/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Ərazi İdarəsinə və Bakı şəhəri 18 saylı Notariat ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikah dövründə əldə edilmiş ünvan 2, mənzil 50 ünvanında yerləşən iki otaqlı mənzilə dair cavabdehlər Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxxxx 2019-cu il tarixli Saziş müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh2 adına verilmiş xx.xx.2019-cu il tarixli çıxarışın ləğv edilməsinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Ərazi İdarəsinə həvalə edilməsi barədə qətnamə qəbul edəsilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh1 arasında nikah bağlanmış və nikahları xx xxxxxx 2015-ci il tarixdə AZ-İ № 011505 saylı qeyd ilə nikah qeydə alınmışdır. Hazırda birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi tələbinə dair mülki iş Bakı Şəhər Xətai Rayon Məhkəməsinin icraatındadır. Birgə nikahları dövründə ünvan 2, mənzil 50 ünvanında yerləşən iki otaqlı mənzili almışdırlar. Evə dair ərinin adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış vardır, evi bütün mebellərlə (bahalı cehiz əşyaları ilə) o, təchiz etmişdir. Lakin sonradan ona məlum olmuşdur ki, əri Cavabdeh1 birgə nikah dövründə əldə edilmiş olmasına baxmayaraq mübahisəli mənzili onun razılığı olmadan Cavabdeh2 adına bağışlamışdır. Hazırda Cavabdeh2 adına xx.xx.2019-cu il tarixli çıxarış verilmişdir. Bir mənzilə dair iki çıxarışın olması qanunsuzdur. Ona görə də məhkəməyə müraciət etməli olmuşdur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-494/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təminedilmişdir. Qətnamədən apellyasiya şikayəti verən Cavabdeh2 onun ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasınıxahiş etmiş, şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi maddi hüquq normalarını pozmuş, işin faktiki hallarını hər tərəfli araşdırmamış və məhkəmə iclasında onun iştirakını təmin etməmişdir. Həmçinin bildirir ki mübahisəli mənzil onun mülkiyyətində olmuş və onun nəvəsi Samirin valideynləri olmadığından o da həmin mənzildə onun himayəsində yaşamışdır. Samir onun yeganə vərəsəsidir. Samir Gürcüstan vətəndaşı olduğu üçün gəlini Samirə ona bildirmişdir ki, Samir hər 3 aydan bir ölkə sərhəddini tərk etməlidir və buna görə də əgər o Samirə evə dair etibarnamə versə onun daimi yaşayış icazəsi olacaqdır. O da buna görə mənzilə dair etibarnamə vermiş, lakin iddiaçı onun etibarından sui-istifadə edərək mənzilə dair onun nəvəsi Samirlə alqı-satqı müqaviləsi bağlamışdır. Onun mənzili satmaq fikri olmamış, o nəvəsinin evi olmadığı üçün nikah qurduqdan sonra onun evində yaşamasına icazə vermişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış tərəflər məhkəmə iclasına gəlməmiş, kollegiya onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materiallarında olan AN-İ seriyalı ******* nömrəli Daşınmaz Əmlakın Alqı-satqısı müqaviləsinin surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, X3 küçəsi, ev 7, 50 saylı mənzil satıcı Cavabdeh2 tərəfindən alıcı Cavabdeh1 xx xxxxxx 2018-ci il tarixində 40 000 manata satılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin **********20 nömrəli, xx xxxxxx 2019-cu il tarixli 6 saylı Vəkil bürosuna ünvanladığı məktubundan görünür ki, Bakı şəhəri, Xətai rayonu, X3 küçəsi, ev 7, 50 saylı mənzil yeni qaydalarla Bakı şəhəri, Xətai rayonu, X3 küçəsi, 101, M7, mənzil 2, 18 saylı DNK-nın 3M-887 reyestr nömrəli xx xxxxxxxx 2019-cu il tarixli saziş müqaviləsinə əsasən Cavabdeh2 adına xx.xx.2019-cu il tarixdə qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Birinci instansiya məhkəməsinin şahid qismində dindirdiyi Abbas Mirzəliyev ifadəsində bildirmişdir ki, iddiaçının atasıdır. Cavabdeh2 kürəkəninin babasıdır. O, özünə məxsus mənzili satmaq istəmiş, kürəkəni və qızı həmin mənzili 40 000 manata satın almışlar. Kişi qoca olduğu üçün Samirənin adına etibarnamə verilmişdir, babanın əvəzinə notariatda alqı-satqı müqaviləsini iddiaçı imzalamışdır. Eyni zamanda qızı Samirə mübahisəli mənzildə qeydiyyatda olduğu üçün xx.xx.2018-ci il tarixində notariusa razılıq ərizəsi vermişdir. Şahid eyni zamanda qeyd etmişdir ki, həmin mənzilin alınması üçün onun tərəfindən qızına 10 000 ABŞ dolları verilmişdir. İş materiallarında olan Bakı şəhəri, Xətai rayonu, X3 küçəsi, ev 7, 50 saylı mənzilin alqı-satqısı ilə bağlı 47-15 nömrəli notariat işinə əlavə olunmuş materiallardan məlum olur ki, Cavabdeh2 xx xxxxxx 2018-ci il tarixdə özünə məxsus Bakı şəhəri, Xətai rayonu, X3 küçəsi, ev 7, 50 saylı mənzil barəsində sərəncam verməyi, bank əməliyyatları aparmağı İddiaçı etibar etmişdir. xx.xx.2018-ci il tarixdə Omarova X1 ərizə yazaraq qeydiyyatda olduğu Bakı şəhəri, Xətai rayonu, X3 küçəsi, ev 7, 50 saylı mənzilin satılmasına və ya bağışlanmasına razı olduğunu, Cavabdeh2 heç kimlə qanuni nikahının olmadığını, Cavabdeh2 adından satdığı mənzilə iddia qaldırılarsa dəyən ziyanı özünün ödəyəcəyini bildirmişdir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli, AN-İ N ******* saylı alqı-satqı müqaviləsinin surətindən görünür ki, Cavabdeh2 ilə Cavabdeh1 öz aralarında Bakı şəhəri, Xətai rayonu, X3 küçəsi, ev 7 ünvanında yerləşən 50 saylı mənzilin 40 000 manata alqısatqısına dair müqavilə bağlamışdırlar. Notariat işinə əlavə edilmiş xx.xx.2018-ci il tarixli qəbzdən görünür ki, 40 000 manat pul vəsaiti Cavabdeh1 tərəfindən ödənilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, X3 küçəsi, ev 7, 50 saylı mənzil (yeni qaydalarla: Bakı şəhəri, Xətai rayonu, X3 küçəsi, 101, M7, 2 saylı mənzil) xüsusi mülkiyyət hüququ ilə xx.xx.2018cu il tarixində Cavabdeh1 adına rəsmiləşdirilmişdir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli, 42-15 reyestrli alqı-satqı müqaviləsinin ləğvinə dair xx xxxxxxxx 2019-cu il tarixli 3 M-887 nömrəli Saziş müqaviləsindən görünür ki, Cavabdeh2 ilə Cavabdeh1 öz aralarında Bakı şəhəri, Xətai rayonu, X3 küçəsi, ev 7, 50 saylı mənzilə dair bağladıqları xx.xx.2018-ci il tarixli, 4Ə-15 reyestrli alqı-satqı müqaviləsini heç bir əsas göstərilmədən öz razılıqları ilə aralarında ləğv etmişdirlər. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, X3 küçəsi, b. 7, 50 saylı mənzil (yeni qaydalarla: Bakı şəhəri, Xətai rayonu, X3 küçəsi, 101, M7, 2 saylı mənzil) xüsusi mülkiyyət ``hüququ ilə xx.xx.2019-cu il tarixində Cavabdeh2 adına rəsmiləşdirilmişdir. Mülki qanunvericiliyə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 324.4 və 324.5-ci maddələri). Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla, bu Məcəllənin tələblərinə uyğun gəlməyən və ya onunla müəyyənləşdirilmiş qaydaları və qadağanları pozan əqd, habelə hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqd etibarsız sayıla bilər (Mülki Məcəllənin 337.1 və 339-cu maddələri). Beləliklə, hər hansı əqdin (o cümlədən alqı-satqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. İşin yuxarıda şərh edilən faktiki hallarından göründüyü kimi, mübahisəsi gedən mənzil Cavabdeh2 verdiyi etibarnamə əsasında hərəkət edən İddiaçı tərəfindən Cavabdeh1 (keçmiş əri) alqı-satqı müqaviləsi əsasında satılmışdır. Başqa sözlə, Cavabdeh2 (təmsil olunan), İddiaçı həmin etibarnamə ilə onun maraqlarını üçüncü şəxslər qarşısında təmsil etmək və yenə onun maraqlarından çıxış etmək səlahiyyəti vermiş, İddiaçı onun maraqlarından deyil, öz maraqlarından hərəkət edərək mənzili keçmiş əri olan Cavabdeh1 satmış, mənzilin satışından Cavabdeh2 (təmsil olunana) pul verilməsi sübut olunmamışdır; bu o deməkdir ki, qanunvericiliyin etibarnamə institutu ilə bağlı tələbləri pozulmuşdur. Belə ki, iddiaçının həmin mənzili öz ərinə satması onun öz maraqlarından hərəkət etməsi mənasına gəlir. “M.Şahverdiyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx xxxxxx 2012-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2013-cü il tarixli Qərarında Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “...təmsil olunan təmsilçilikdə ən üstün müdafiəyə malik olduğundan onun qanuni maraqları təmin edilməlidir. İlk növbədə, aydınlaşdırılmasına ehtiyac olan hal təmsil edilən şəxsin belə etibarnamənin verilməsində hansı əqdlərin bağlamasına yönələn iradə ifadəsinin olması nəzərə alınmalıdır. Belə ki, həmin şəxs tərəfindən verilən etibarnamədə konkret subyektə münasibətdə konkret şərtlərlə əqdin bağlanmasına dair səlahiyyətlər əks olunmuşdursa, o zaman təmsil olunanın iradə və maraqları müəyyən şəkildə ifadə olunur və təmsilçi təmsil olunanın özünün formalaşdırdığı iradənin vasitəçisi qismində çıxış edir”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 359.3-cü maddəsinə əsasən təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. Həmin Məcəllənin 337-ci maddəsinə görə isə, “bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır”. Kollegiya qeyd edir ki, mübahisəli mənzilə dair bağlanmış xx.xx.2018-ci il tarixli alqısatqı müqaviləsi əhəmiyyətsiz əqd olduğundan həmin mənzil üzərində Cavabdeh1 heç bir hüququ yaranmamış, bununla da həmin mənzil birgə nikah dövründə əldə edilmiş mənzil hesab edilə bilməz. Ona görə də kollegiya hesab edir ki, xx.xx.2018-ci il tarixli müqviləsi ləğv edilərkən iddiaçının razılığının alınmasına ehtiyyac olmamışdır. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada qeyd olunmalıdır ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır; çünkü iddia tələbinin qanuni əsası kimi istinad olunan Azərbaycan Respublikası Ailə Məcəlləsinin, eləcə də Mülki Məcəllənin tələblərinə müvafiq olaraq, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Hazırkı iş üzrə isə, iddiaçının birgə nikah dövründə əldə olunmuş əmlak olduğunu iddia etdiyi ünvan 2 ünvanında yerləşən 50 saylı mənzilin bu statusa sahib olmadığı apellyasiya baxışı zamanı məyyən edilmişdir. Yuxarıda qeyd olunduğu kimi, xx.xx.2018-ci il tarixli, 4Ə-15 reyestrli alqı-satqı müqaviləsi əhəmiyyətsiz əqd olduğundan həmin əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Başqa sözlə xx.xx.2018-ci il tarixli, 4Ə-15 reyestrli alqı-satqı müqaviləsi əsasında ünvan 2 ünvanında yerləşən 50 saylı mənzili üzərində Cavabdeh1 heç bir hüququ yaranmamış, buna görə də həmin mənzil tərəflərin birgə nikah dövründə əldə etdikləri əmlak statusu daşıya bilməz. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iddia tələbi rədd edilməlidir. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Q Ə T E T D İ: Apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-494/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi apellyasiya ləğv edilsin. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Ərazi İdarəsinə və Bakı şəhəri 18 saylı Notariat ofisinə qarşı “Saziş müqaviləsinin etibarsız hesab edilməsi” iddia tələbi təmin edilməsin. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu onu ödəmiş şəxsin özünə aid edilsin. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Кollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar