Məhkəmə qərarları › İş №2(103)-5544/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5544/2025

08.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5544/2025 08.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin Cavabdeh qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-5544/2025 (Açar sözlər: borcun ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X3 və X2 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, İddiaçının nümayəndəsi X1, cavabdehin nümayəndə-vəkili Vəkil iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin Cavabdeh qarşı “pul” tələbi barədə kiçik iddia ərizəsinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e- 2(008)-2316/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə 08 oktyabr 2025-ci il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Cavabdeh "xxxx" MMC ilə bağladığı xx.xx.2020-ci il tarixli 21274654 nömrəli alqısatqı müqaviləsinə əsasən qiyməti 1906,4 manat olan X5 markalı televizoru ayda 105,8 manat ödəmək şərti ilə 18 ay müddətinə almışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən X8 Surefix üçün 1888.4 manat ödənilməmiş hissə, 566.52 manat cərimə pulu borcu, ümumilikdə 2454.92 manat borc, 44.45 manat ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırmışdır ki, cavabdeh "xxxx" MMC ilə xx.xx.2020-cü il tarixli müqaviləyə əsasən X8 Surefix almış və nəticədə 1888.4 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 1906.4 manat olan əşya üçün 2454.92 manat olmaqla, ondan 1888.4 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 566.52 manat cərimə pulu borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 18 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir.

4. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-2316/2025 saylı xx.xx.2025ci il tarixli qətnaməsi ilə (hakimTahirə Əsədova) iddianın təmin edilməsi, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən X8 Surefix üçün 1888.4 manat ödənilməmiş hissənin, 566.52 manat cərimə pulu borcunun, ümumilikdə 2454.92 manat borcun, 44.45 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi qət edilmişdir.

5. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 385.1, 442, 448.1-ci maddələrinə, Mülki Prosessual Məcəllənin 77.1, 107 və 119.1-ci maddələsinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

6. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Apellyasiya şikayətində ilkin olaraq göstərilmişdir ki, məhkəmə qətnaməni qəbul edərkən, cavabdehin iştirakının təmin edilməsi barədə zəruri hərəkətlər etməmişdir. Belə ki, cavabdehin ünvanına bildirişlər, o cümlədən yekun məhkəmə aktı göndərilsə də, cavabdehə çatdırılmamış və məhkəməyə geri qaytarılmışdır. Qeyd edilən məktublar iş materiallarına əlavə edilməsinə baxmayaraq, məhkəmə vurğulamışdır ki, cavabdehə müvafiq qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasında iştirak etməmiş və buna görə də onun iştirakı olmadan işə baxılmasına hər hansı mane etmişdir. Lakin məhkəmənin cavabdehin hüquqlarına və qanuni mənafeyinə toxunun qətnamənin onun iştirakı təmin edilmədən qəbul etdiyi qətnamə prosessual qanunvericiliyin müvafiq normalarından irəli gələn tələblərə əsasən qanunsuzdur və ləğv edilməlidir. Belə ki, iddiaçı tərəfindən irəli sürülmüş iddia tələblərinin predmeti 25 oktyabr 2020-ci il tarixli müqaviləyə əsasən, cavabdehə satılmış Samsung markalı TV üzrə müvafiq ödənişlərin cavabdeh tərəfindən həyata keçirilməməsidir. Lakin nəzərinizə çatdırmaq istəyir ki, cavabdeh tərəfindən sözügedən Samsung markalı televizor onda qüsur olduğu üçün iddiaçının səlahiyyətli nümayəndələrinə geri qaytarılmışdır. Birinci instansiyası məhkəməsi isə, cavabdehin iştirakı olmadan yalnız iddiaçının təqdim etdiyi sübutar əsasında qətnamə qəbul etmiş və çəkişmə prinsipinə əməl etmədən, həmin sübutların mötəbərliyinin araşdırılması istiqamətində cavabdehə müvafiq şərait yaratmamışdır, daha soğrusu məhkəmə bildirişləri cavabdehə çatmamasına baxmayaraq, məhkəmə onun iştirakı olmadan onun hüquqlarına toxunan qətnamə qəbul etmişdir. Həmçinin məhkəmə tərəfindən cərimə pulunun tutulması hissəsində qətnamənin əsaslandırılmasına diqqət yetirdikdə, məhkəmə iddiaçının təqdim etdiyi maliyyə və ödəniş cədvəlinə istinad etmişdir. Birinci instansiya məhkəməsi cavabdehin iştirakının təmin etmədən, iddiaçının təqdim etdiyi sübutlara istinad etməklə qanunsuz və əsassız qətnamənin qəbul edilməsi nail olmuş və qeyd edilən hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən hərtərəfli, tam və obyektiv qaydada araşdırılmalıdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

8. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

9. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 394-1.3 və 394- 1.4-cü maddələrinin tələblərinə əsasən işə iddia icraatı qaydasında şifahi qaydada baxılmasını məqsədəmüvafiq hesab etmişdir.

10. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndə-vəkili apelyasiya şikayətini müdafiə edib, onun dəlillərinə uyğun izahat verərək təmin edilməsini xahiş etdi.

11. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi

12. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

13. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

14. Maddə 433.1. Borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir

15. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

16. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

17. Maddə 600.1. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir.

18. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini tələb edə bilər.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

19. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

20. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

21. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.

22. Maddə 394-1.3. Apellyasiya şikayəti məhkəməyə daxil olduğu gündən 30 iş günü ərzində işə yazılı icraat qaydasında işdə olan sənədlər əsasında baxmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə müvafiq qərardad qəbul etməklə işdə iştirak edən şəxslərə məlumat verilir.

Apelyasiya baxışının hədləri

23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

25. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin tam ləğv edilməsi iddianın rədd edilməsi xahiş edildiyindən qətnamə bütünlüklə yoxlanılır.

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

26. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

27. Kollegiya hesab edir ki, Cavabdeh alğı-satqı müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımi qaydada icra edə bilməmiş, iddiaçıya olan borcu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də onun hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir.

28. Belə ki, iş materiallarında olan "xxxx" MMC ilə cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli müqavilədən görünür ki, iddiaçı X8 Surefix cavabdehə satmış və ödəniş cədvəli tərtib edilmişdir.

29. Maliyyə və ödəniş cədvəlindən görünür ki, cavabdehin "xxxx" MMC-yə aralarında bağlanmış xx.xx.2020-ci il tarixli müqavilə üzrə 2454.92 manat borcu vardır.

30. "xxxx" MMC tərəfindən cavabdehə ünvanlanmış xəbərdarlıq məktubundan görünür ki, cavabdeh borc barədə xəbərdar edilmiş, borcun ödənilməsi ondan tələb edilmiş və əks təqdirdə aidiyyəti üzrə Dövlət qurumuna müraciət ediləcəyi bildirilmişdir.

31. Məhkəmə kollegiyası hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları və müqavilə şərtləri baxımından tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və birinci instansiya məhkəməsi həmin münasibətlər çərçivəsində cavabdehin hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirməkdə haqlı olmuşdur.

32. Bununla belə kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi cavabdehdən tələb edilən cəriməni ədalətli həddədək azaltmayaraq tənasübsüzlüyə yol vermişdir.

33. Belə ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

34. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir.

35. Hazırki işin hallarından görünür ki, cavabdehin 1888.4 manat olduğu mübahisəli olmayan əsas borcuna münasibətdə iddiaçı 566.52 manat cərimə hesablayıb tələb etmişdir və kollegiyanın qənaətinə görə həmin məbləğin əsas borca mütənasib deyildir. Kollegiya hesab edir ki, cavabdehlərdən tutulmalı dəbbə pulunun məbləğinin 100 manat həddində müəyyənləşdirilməsi daha ağlabatan və ədalətlidir.

36. Apellyasiya şikayətində irəli sürülən, televizorun onda olmadığı arqumenti ilə bağlı kollegiya qeyd edir ki, məhkəməyə təqdim edilən xx.xx.2020-cü il tarixli texniki rəydən görünür ki, TV təmir üçün servisə qəbul edilmiş, televizorun ekranının sındığı müşahidə olunmuşdur. Həmin qüsür zəmanətə daxil olmayan hal, istehlakçı qüsuru kimi qiymətləndirilmişdir.

37. İş materiallarından göründüyü kimi iddiaçı tərəfindən cavabdehə məhsul satılmış, məhsul müvafiq qaydada cavabdeh tərəfindən təhvil alınmış, 1 ay sonra məhsulda ehtimal olunan qüsurla bağlı müraciət olunmuşdur. Və qüsurun istehsal qüsuru olmasını təsdiq edən hər hansı sübutu cavabdeh məhkəməyə təqdim etməmişdir. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir.

38. Kollegiya apelyatorun məhkəmə iclası barədə məlumatlandırılmamasına dair dəlilinə qiymət verərək qeyd edir ki, iş materiallarından göründüyü kimi işə tərəflərin iştirakı olmadan sadələşdirilmiş icraat formasında baxılması mümkün hesab edilmiş və bu barədə cavabdehə bildiriş göndərilmişdir. Məhkəməyə məlum olan ünvanda yaşamaması səbəbindən məhkəmə prosesi barədə məlumat əldə etməməsinin məsuliyyətini isə cavabdeh özü daşımaqla bu, məhkəmənin prosessual pozuntuya yol verməsi kimi qiymətləndirilə bilməz.

39. Bundan əlavə cavabdeh tərəf apellyasiya baxışı zamanı iddia müddətinin tətbiqinə dair ərizə verərək göstərmişdir ki, tərəflər arasında alqı-satqı müqaviləsi 2020-ci ilin oktyabr ayında bağlanmış, iddiaçı isə 2025-ci ilin yanvar ayında müvafiq tələblə məhkəməyə müraciət etmişdir. Odur ki, iddiaçı tərəfindən iddia müddəti ötürülməklə məhkəməyə müraciət edildiyindən iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

40. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.3-cü maddəsinə əsasən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. 377.2ci maddəyə görə icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. İşə əlavə edilmiş sübutlardan görünür ki, tərəflər xx.xx.2020-ci il tarixində bağlanmış müqavilə üzrə cavabdeh tərəfindən öhdəliyin 18 ay ərzində icrası barədə razılığa gəlmişlər, belə olan təqdirdə icra müddəti 2022-ci lin aprel ayında bitmiş olur. Odur ki, həmin vaxtdan 3 illik iddia müddətinin axımı başlamış, iddiaçı isə xx.xx.2025-ci il tarixdə iddia ərizəsi ilə məhkəmə müraciət etmişdir. Göründüyü kimi iddia müddəti ötürülməmişdir.

41. Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz; 384.0.3-cü maddəsinə görə isə apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.

42. Qeyd olunanlardan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, mübahisələndirilən qətnamə cərimə borcuna aid hissədə dəyişdirilməlidir.

43. Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

44. Kollegiya hesab edir ki, apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş tərəfin özünə aid edilməlidir.

45. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-2316/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsi Cavabdeh 566,52 manat cərimə borcunun tutulması hissəsində dəyişdirilsin. Cavabdeh tutulmalı olan cərimə borcunun məbləği 100 (yüz) manat müəyyənləşdirilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş şəxsin özünə aid olunsun. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar