Məhkəmə qərarları › İş №2(103)-5546/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5546/2024

03.10.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5546/2024 03.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı iddia tələbinə dair iş üzrə (Açar sözlər: təbii qazın təchizatı, təbii qazdan istifadə qaydalarının pozulması, əsassız hesablanmış borc, borcun silinməsi) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, Qasımov Ramil Rəşid oğlunun katibliyi ilə İddiaçı Cavabdeh İB-nə qarşı “borcun silinməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 24 iyun 2024-cü il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları

1. ünvan 1 ünvanında yerləşən ev üzrə X2 2010-cu ilin iyun ayından Cavabdeh İB-nin abonenti kimi qeydiyyata alınmış, ona **********00000 abonent kodu verilmişdir.

2. ünvan 1 ünvanında yerləşən evə verilən təbii qazın hesabatını aparmaq üçün ünvana xx.xx.2019-cu il tarixdə “Smart G-4 İTRON Gallus Pay” markalı sayğac quraşdırılmışdır.

3. 31 yanvar 2022-ci il tarixdə Cavabdeh İB-nin əməkdaşları tərəfindən həmin ünvanda akt tərtib olunmuş, aktda “abonentin qaz sayğacını özbaşına açaraq qazdan rezin boru vasitəsilə istifadə etdiyi” qeyd olunaraq ona 1477,44 manat borc hesablanmışdır.

4. 03 mart 2022-ci il tarixdə Cavabdeh İB-nin əməkdaşları tərəfindən ünvandakı sayğac çıxarılmış və oraya “Zenner” markalı yeni sayğac quraşdırılmışdır.

5. 13 dekabr 2022-ci il tarixdə Cavabdeh İB-nin əməkdaşları tərəfindən həmin ünvanda sayğac növbəti dəfə dəyişdirilmiş, xx.xx.2022-ci il tarixdə tərtib olunmuş aktda isə abonentin qazdan qeyri-qanuni istifadə etdiyi qeyd olunaraq ona 4095,36 manat borc hesablanmışdır.

6. Cavabdeh İB-nin laboratoriyasının tərtib etdiyi 14-2-2/3-5-3076-1 saylı xx.xx.2023-cü il tarixli aktda göstərilmişdir ki, çıxarılan sayğaca baxış keçirilmiş, çıxış hissəsinə yad əşya (məftil parçası) salındığı və hesablama mexanizminin iş prinsipinə maneə törədildiyi müəyyən olunmuşdur.

7. 29 mart 2023-cü il tarixli aktda laboratoriyanın tərtib etdiyi 14-2-2/3-5-3076-1 saylı akta istinad olunaraq abonentə 1555,20 manat borc hesablanmışdır.

8. 02 dekabr 2023-cü il tarixdə Cavabdeh İB-nin əməkdaşları tərəfindən həmin ünvanda sayğac növbəti dəfə dəyişdirilmişdir.

9. Cavabdeh İB-nin laboratoriyasının tərtib etdiyi 14-2-2/3-5-13787/Q002 saylı 22 yanvar 2024-cü il tarixli aktda göstərilmişdir ki, çıxarılan sayğaca baxış keçirilmiş, sayğacın çıxış plasmas borusunun deşildiyi, sayğacın xəta ilə işlədiyi, onun istismara yararsız olduğu müəyyən edilmişdir.

10. xx.xx.2024-cü il tarixdə tərtib olunmuş aktda 14-2-2/3-5-13787/Q002 saylı 22 yanvar 2024-cü il tarixli akta istinad olunaraq göstərilmişdir ki, sayğaca müdaxilə edilib və dəymiş ziyan hesablanmalıdır.

11. X1 xx.xx.2024-cü il tarixli akt əsasında 777,60 manat borc hesablanmışdır.

12. ünvan 1 ünvanında yerləşən ev üzrə ünvan 2 5 saylı mənzil üzrə 2010-cu ildən etibarən mütəmadi ödənişlər aparılmış, ümumilikdə 3173,94 manat ödəmə həyata keçirilmişdir.

Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

13. X2 (iddiaçı) Cavabdehnə (cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, cavabdeh tərəfindən ona hesablanmış 7337,51 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

14. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, cavabdeh özünün elektron məlumat bazasında ona məlum olmayan səbəbdən yaranmış 7337,51 (yeddi min üç yüz otuz yeddi manat əlli bir qəpik) borcun ona məxsus **********358 kodu olan sayğaca yönəldilməsi barədə məlumat yerləşmişdir Yaşadığı ərazi küləkli olduğu və ərazidə olan irigövdəli, qurumuş ağacların aşması nəticəsində sayğacın qoruyucu qutusu sınmış və sayğacın özü də zədələnmişdir. Bu barədə qəza xidmətinə müraciət etmiş, bundan sonra xidmətin əməkdaşları ünvana gələrək sınmış qutunu yenisi ilə əvəzləməklə zədəli sayğacı özləri ilə aparmışlar. Bu barədə tərtib edilmiş aktı iddia ərizəsinə əlavə etmişdir. Sonradan bunu tərəfindən sayğaca müdaxilə kimi qiymətləndirmək absurddur. Bu məbləği ödəmək iqtidarında deyil, yaşlı, xəstə birisi olaraq aldığı pensiyası dava-dərmanına belə çatmadığı vaxtda bu böyük məbləğdə əsassız borcun ödənilməsi onun ailə büdcəsinə uyğun deyil. Hər dəfə qaz sayğacına pul yüklədikdə ondan həmin əsassız borca görə pul tutulmaqdadır. Sayğacın hansı laboratoriyada, hansı şəraitdə, hansı meyarlar əsasında və ən əsası onun iştirakı təmin edilmədən yoxlanılması onda belə bir fikir formalaşdırır ki, həqiqətən də göstərilən borc məbləği əsassızdır və silinməlidir. Qanunun müddəalarına cavabdeh orqan tərəfindən vaxtı-vaxtında düzgün riayət olunsa idi, küçədə nəzarətsiz qalmış, sonradan isə onun iştirakı təmin olunmadan aparılmış hansısa laboratoriya müayinəsini əsas götürüb ondan külli miqdarda borc istənilməzdi.

15. İddiaçının məhkəmə iclasında iştirak edən nümayəndəsi iddia tələbini müdafiə etmiş, cavabdehin nümayəndəsi isə məhkəməyə gəlməmişdir.

16. Birinci instansiya məhkəməsinin 24 iyun 2024-cü il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, 97,38 manat məbləğində dövlət rüsumunun Cavabdehndən alınıb dövlət büdcəsinə ödənilməsi qət olunmuşdur.

17. Məhkəmə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, sübutetmə vəzifəsi cavabdehin üzərinə düşdüyü halda, Cavabdeh İB tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında 31 yanvar 2022-ci il tarixli ******* saylı, 15 dekabr 2022-ci il tarixli ******* saylı, 29 mart 2023-cü il tarixli ******* saylı aktlarda “abonent qaz sayğacını özbaşına açaraq rezin boru vasitəsilə istifadə edir, təbii qazdan qeyri-qanuni istifadə olunduğu aşkar olundu, sayğaca müdaxilə edilib” kimi qeydlər edilsə də, cavabdeh həmin qüsurların iddiaçının təqsiri üzündən yaranması, eyni zamanda iddiaçının yaşadığı evinə dair hesablanmış 7337,51 manat məbləğində borcun yaranmasının və hesablanmasının əsasları ilə bağlı sübutları məhkəməyə təqdim etməmişdir. Halbuki, “Qaz təchizatı” haqqında Azərbaycan Respublikasının Qanununun 13.8-1-ci maddəsinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, cavabdeh təşkilat qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalı, bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməli, istehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməli idi.

18. Gəldiyi nəticənin hüquqi əsaslandırması zamanı məhkəmə həmçinin, Mülki Məcəllənin 18-ci, “Qaz təchizatı haqqında” Qanunun 13-cü, “İstehlakçıların müdafiəsi haqqında” Qanunun 3-cü, 18-ci,260-cı maddələrinə, “Qazdan istifadə Qaydaları”nın 4.6cı, 4.7-ci, 4.8-ci, 4.9-cu bəndlərinə istinad etmişdir.

19. Qətnamədən cavabdehin nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini, məhkəmənin sübutlara düzgün qiymət vermədiyi, iddiaçının təbii qazdan qeyri-qanuni yolla istifadə etdiyinin sübuta yetirildiyini nəzərə almadığı, maddi hüquq normalarını düzgün tətbiq etmədiyi arqumentləri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinə qarşı etiraz

20. İddiaçının nümayəndəsi tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz verilmiş, qətnamənin qüvvədə saxlanılması xahiş olunmuşdur.

Apellyasiya baxışı

21. İşə baxılmasının vaxtı (yeri) barədə lazımi qaydada məlumatlandırılmış Cavabdeh İB nümayəndəsini məhkəməyə göndərməmiş, iddiaçı da məhkəməyə gəlməmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

22. Maddə 385. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

23. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir.

24. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

25. Maddə 1091. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

26. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.

“Qaz təchizatı” haqqında Qanun

27. Maddə 13 (bənd 8). Qaz paylaycısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesabat) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylaycısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylaycısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.

28. Maddə 13 (2022-ci ilin may ayından qüvvədə olan 8-1-ci bənd). Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”

29. Bənd 4.2. Qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir.

30. Bənd 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.

31. Bənd 6.5. Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir.

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Şurasının 14 mart 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “İstehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması” Qaydaları

32. Bənd 3. İstehlakçılar tərəfindən təbii qazın alqı-satqı müqaviləsində göstərilən qaz cihazları üçün nəzərdə tutulan normativ hesabata müvafiq olaraq, axırıncı texniki baxış müddətindən sonrakı dövr üçün və ya iddia müddəti ərzində (3 ilə qədər) qaz sərfinə bərabər qanunsuz istifadə olunmuş qazın dəyəri hesablanaraq istehlakçı tərəfindən təchizatının hesablanma hesabatına ödənilir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

33. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

34. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

35. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

36. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının həddi

37. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

38. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

39. İşin hallarından görünür ki, 2022-ci ilin yanvar ayından sonra iddiaçı barəsində tərtib olunmuş aktlar əsasında ona cəmi 7905,6 manat borc hesablanmış, həmin aktların tərtibatı zamanı iddiaçının iştirakı təmin edilməmişdır.

40. Tələb olunan borcun real, həqiqətən sərf olunmuş qaza görə hesablanmış borc olduğu sübuta yetirilməlidir və bu halda sübutetmə yükü təchizatçının üzərinə düşür. Məhz cavabdeh, hesablanmış borcun həqiqətən sərf olunmuş qaza görə hesablanmış borc olduğunu sübuta yetirməlidir. Kollegiya hesab edir ki, aktlara əsasən hesablayıb tələb etdiyi məbləğ baxımından cavabdeh bunu sübut edə bilməmişdir.

41. Xüsusilə qeyd olunmalıdır ki, iddiaçının adına tərtib olunmuş “GASPER” adlandırılan sənəddən və abonent saldosundan, ünvan 1 ünvanında yerləşən evdəki sayğacın göstəricilərinin mütəmadi olaraq oxunduğu, ödənişlər edildiyi və qaz kartına yükləmələr həyata keçirildiyi görünür – bu xüsusat da aktlarda göstərilən halın düzgünlüyünə şübhə yaradır.

42. Eyni zamanda nəzərə alınmalıdır ki, cavabdeh tərəfindən qanunvericiliyin tələblərinə (§ 28) əməl olunmamış, xx.xx.2022-ci il tarixli, 29 mart 2023-cü il tarixli və xx.xx.2024-cü il tarixli aktlar tərtib edilərkən onun bir nüsxəsi həmin dövrlərdə qüvvədə olan qanunvericiliyin tələbinə uyğun olaraq nə iddiaçıya (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), nə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), yaxud cinayət təqibi orqanına təqdim edilməmiş, beləliklə də iddiaçının (istehlakçının) qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən olunmamışdır.

43. Birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.

44. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdeh nümayəndəsinin apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3310/2024 saylı iş üzrə 24 iyun 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği Cavabdehnə aid olunsun. Qətnamədən Cavabdeh tərəfindən, qətnamə ona rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Məmməd Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar