Məhkəmə qərarları › İş №2(103)-5548/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5548/2024

16.10.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5548/2024 16.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: əsassız hesablanmış borcun silinməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xəyal Əjdər oğlu Sarıyev (sədrlik edən və məruzəçi), X3 və X1 ibarət tərkibdə, Rüfanə Elxan qızı Əzizzadənin katibliyi ilə, İddiaçı Elbrus qızının iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 24 iyul 2024-cü il tarixli, 2(011)-3686/2024 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.İddiaçının yaşadığı mənzilin eyvanında qaz xətti üzərində quraşdırılmış G-4 markalı **********0 nömrəli mexaniki tipli qaz sayğacının göstəricisinin 2943 m3 olduğu və mənzildə 1 ədəd PQ-4 məişət tipli qaz plitəsi, 1 ədəd 24 kw gücündə kombi tipli su qızdırıcısı quraşdırıldığı müəyyən edilmiş və bu barədə müvafiq akt tərtib edilmişdir. 2023-cü il dekabr ayında sayğaca baxış zamanı göstəricinin 2943 m3 olduğu müəyyən edilərək abonentə 439,75 manat məbləğində borc yaranmışdır. 2.İddiaçı borcun əsassız hesablandığını iddia edərək hazırki tələblə məhkəməyə müraciət etmişdir. a)Birinci instansiya məhkəməsində icraat 3.İddiaçı Cavabdeh İB-nə qarşı cavabdeh "Azəriqaz” İstehsalat Birliyi tərəfindən ünvan 1 ünvanında yerləşən yaşayış mənzilində quraşdırılmış G-4 markalı, **********0 saylı qaz sayğacına dair tərtib olunmuş "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında" xx.xx.2020-ci il tarixli, ******* nömrəli akt əsasında hesablanmış 439 manat 75 qəpik məbləğində borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 4.İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən yaşayış mənzil iddiaçının mülkiyyətində, istifadəsində və sahibliyindədir. İddiaçı həmin ünvanda təbii qazdan istifadəyə görə sayğac üzrə ödənişləri vaxtı-vaxtında ödəmiş və tərəfindən qaz sayğacına heç bir müdaxilə olunmamışdır. xx.xx.2020-ci il tarixdə cavabdeh "Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları tərəfindən iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən yaşayış sahəsində G4 markalı, **********0 nömrəli məişət qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında № ******* saylı akt tərtib olunmuşdur. Abonentin saldosunda göstərilən borca görə 439,75 manat məbləğində borc hesablanmışdır. Ona görə də “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2020-ci il tarixli, ******* nömrəli akt tərtib olunmuşdur. Ünvanıma quraşdırılmış məişət qaz sayğacı iddiaçının iştirakı olmadan “Azeriqaz” İstehsalat Birliyi tərəfindən quraşdırılmış və iddiaçı bu barədə heç bir sənədə imza cəkməmişdir. Belə ki, ünvan 1 ünvanında yaşayış olmayıb, o vaxtlar təmin işləri gedib və buna görə də həsablanmış borc əsassızdır. İddiaçı sayğac üzrə ödənişləri vaxtı-vaxtında ödəmişdir. Sayğac üzrə cavabdeh təşkilata heç bir borcu yoxdur. İddiaçı hesab edir ki, sayğacın dəyəri və cərimə silinməlidir. İddiaçı qeyd etmişdir ki, həmin zaman "xxxx"ASC-dən cəmi həsablanan borc 57 manat, "xxxx" ASC-dən cəmi həsablanan borc 89,53 manat olub. 5.Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra-məhkəmə) 24 iyul 2024-cü il tarixli, 2(011)-3686/2024 saylı qətnaməsi ilə (hakim-Əminə Abbasova) iddia tələbi təmin edilməmişdir. 6.Məhkəmə işin fakitki halları ilə bağlı qeyd etmişdir ki, ünvan 2 ünvanında yerləşən mənzilə xx.xx.2020-ci il tarixində G-4 markalı **********0 nömrəli mexaniki qaz sayğacı quraşdırılmış və bu barədə ******* nömrəli “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında akt tərtib olunmuşdur. 2023-cü il dekabr ayında sayğaca baxış zamanı göstəricinin 2943 m3 olduğu müəyyən edilərək abonentə 439,75 manat məbləğində borc yazılmışdır. 7.İddianı rədd edən məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, iddiaçı 439,75 manat məbləğində borcun “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2020-ci il tarixli, ******* nömrəli akt əsasında hesablandığını iddia etsə də, məhkəməyə bunu təsdiq edən sənədləri təqdim etməmişdir. Cavabdeh İB tərəfindən məhkəmə sorğusuna əsasən təqdim edilmiş sənədlərdən isə məlum olmuşdur ki, mənzilin eyvanında qaz xətti üzərində quraşdırılmış G-4 markalı **********0 nömrəli mexaniki tipli qaz sayğacının göstəricisinin 2943 m3 olduğu və mənzildə 1 ədəd PQ-4 məişət tipli qaz plitəsi, 1 ədəd 24 kw gücündə kombi tipli su qızdırıcısı quraşdırıldığı müəyyən edilmiş və bu barədə müvafiq akt tərtib edilmişdir. Eyni zamanda mənzildə qaz sərfinin ölçülməsi üçün xx.xx.2020-ci il tarixində G-4 markalı **********0 nömrəli mexaniki qaz sayğacı quraşdırılmış və bu barədə ******* nömrəli “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında akt tərtib olunmuşdur. Növbəti aylarda qaz sayğacının göstəricisinin götürülməsinə istehlakçı tərəfindən lazımi şərait yaradılmamış, yalnız 2021-ci ilin oktyabr, noyabr aylarında, eyni zamanda 2023-cü ilin yanvar və dekabr aylarında sayğacın göstəricisini götürmək mümkün olmuşdur. 2023-cü il dekabr ayında sayğaca baxış zamanı göstəricinin 2943 m3 olduğu müəyyən edilərək abonentə 439,75 manat məbləğində borc yaranmışdır. 8.İddiaçıya hesablanmış 439,75 manat məbləğində borc onun tərəfindən istifadə edilən qazın sərfinə görə hesablandığından, istehlakçı tərəfindən qazın hesabı tam ödənilməli olduğundan məhkəmə hesab etmişdir ki, Cavabdeh İB tərəfindən abonentdən həmin borcun tələb edilməsi qanuni və əsaslı olmuşdur. 9.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13.8-ci; “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 5.2 və 5.5ci;Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1, 119.1, 284-5, 284-6 və 216- 220-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri 10.Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. 11.Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh iddiaçı ilə arasında nə qazın alğı-satqı müqaviləsi, nə qazpaylayıcı şəbəkənin balans mənsubiyyət sərhəddini müəyyən edən aktı (balans mənsubiyyəti sərhədi - qaz paylayıcısı tərəfindən qazın istehlakçıya çatdırılma məntəqəsində qaz paylayıcısı və istehlakçıarasında müqavilə ilə qazpaylayıcı şəbəkənin balans mənsubiyyətini müəyyənləşdirən ayırma nöqtəsidir), məhkəməyə təqdim edilməmişdir və məhkəmə tərəfindən bu nüanslara düzgün qiymət verilməmişdir. Cavabdehin ondan qazdan istifadə qaydalarının pozulmasına görə birbaşa qazdan istifadə qaydalarının pozulmasına görə dəymiş zərəri tələb etməsi də qanuna uyğun deyil. Belə ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunun xx.xx.2022-ci il tarixdə əlavə edilmiş 13-cü maddəsinin 8-1-ci hissəsində qazdan istifadə qaydalarının pozulması hallarının sənədləşdirilməsi və buna görə dəymiş zərərin tələb edilməsinin əsasları dəqiq göstərilmişdir. Qanunun tələb etdiyi birinci addım ondan ibarətdir ki, abonentlər tərəfindən qaz xəttinə kənar qoşulma faktını aşkar etdikdə, qaz paylayıcısı (onun əməkdaşı) qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qanusuz qoşulma ilə sərf olunan qazın verilməsini dayandırmalıdır. Qazdan kənar istifadə halları və sayğaca müdaxilə aşkar edildikdə, qaz paylayıcısı (onun əməkdaşı) həmin faktı müvafiq aktın tərtib edilməsi ilə rəsmləşdirilməli və aktın bir sürəti abonentə təqdim etməklə (məhkəmənin qənaətinə görə, burada qanunun əsas məqsədi müəyyənlik prinsipinin təmin edilməsindən və qazdan istifadə qaydalarını pozan abonenti məlumatlandırmaqla, məruz qala biləcəyi sui-istifadə hallarından öz hüquqlarını müdafiə etməsinə şərait yaratmaqdan ibarətdir), bir nüsxəsini isə qazdan istifadə qaydalarını pozan şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılması üçün enerji nəzarəti orqanına, yaxud cinayət tərkibinin əlamətlərinin olması şübhə doğurduqda, cinayət təqibi orqanına təqdim etməlidir. Qanun tələb edir ki, qazdan istifadə qaydalarını pozan şəxsin təqsirli olub-olmaması qaz paylayıcı tərəfindən deyil,“Qaztəchizatı haqqında” Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində göstərilən orqanlar tərəfindən müəyyən edilməli, yalnız təqsiri müəyyən edildikdən sonra qaz paylayıcı dəymiş zərəri istehlakçıdan tələb edə bilər. Lakin işdən görünür ki, zərərin tələb edilməsinə əsas olmuş qanunla müəyyən edilmiş qaydaya cavabdeh tərəfindən əməl edilməmiş, aktın bir nüsxəsi nə iddiaçıya, nə də təqsirlilik məsələsinin müəyyən edilməsindən ötrü müvafiq dövlət orqanlarına təqdim edilməmişdir (yaxud bununla bağlıcavabdeh məhkəməyə sübut təqdim etməmişdir). Bu halda, iddiaçının qazdan istifadə qaydalarının pozulmasında təqsirli olması müəyyən edilməmiş olur. Qanunvericilik isə borclunun öz öhdəliklərinin təqsirli pozuntusu üçün məsuliyyət daşımasını müəyyən etmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 12.Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. a)Məhkəmə icraatı iştirakçılarının izahatları 13.Məhkəmə kollegiyasının iclasında iddiaçı X2 apellyasiya şikayətini müdafiə etdi, iddia tələbi və apellyasiya şikayətində göstərilənlərə uyğun məzmunda izahat verərək, qətnamənin ləğv edilərək, iddianın təmin edilməsini xahiş etdi. 14.İş üzrə cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarləq edilməsinə baxmayaraq, nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: 15.Maddə 72. Dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 16.Maddə 560.1.Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir.Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunu: 17.13-cü maddəsinin 8-ci bəndi. Bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir. “Qazdan istifadə qaydaları”

18. 5.2-ci bəndi. Bu Qaydaların 5.4-cü, 6.5-ci, 6.5-2-ci və 6.5-3-cü bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. Qazın dəyəri barədə ödəniş hesabının nümunəsi bu Qaydaların 4 nömrəli əlavəsində göstərilmişdir.

19. 5.5-ci bəndi.Qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 20.Maddələr 14.2, 77.1, 217.4.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 21.Maddə 385.2.Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

22.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 23.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırkı halda apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam olaraq yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

24.Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və işin materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 24 iyul 2024-cü il tarixli, 2(011)- 3686/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 25.Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, ünvan 2 ünvanında yerləşən mənzilə xx.xx.2020-ci il tarixində G-4 markalı **********0 nömrəli mexaniki qaz sayğacı quraşdırılmış və bu barədə ******* nömrəli “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında akt tərtib olunmuşdur. 2023-cü il dekabr ayında sayğaca baxış zamanı göstəricinin 2943 m3 olduğu müəyyən edilərək abonentə 439,75 manat məbləğində borc yazılmışdır. 26.Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək qeyd edir ki, Cavabdeh İB tərəfindən iddiaçıdan tələb edilən 439,75 manat borc, qazdan istifadə qaydalarının pozulması nəticəsində Birliyə dəyən zərərin əvəzi kimi deyil, iddiaçı tərəfindən istifadə edilmiş qazın dəyəri kimi tələb edilmişdir. 27.Belə ki, iş materiallarından görünür ki, iddiaçıya məxsus mənzilin eyvanında qaz xətti üzərində quraşdırılmış G-4 markalı **********0 nömrəli mexaniki tipli qaz sayğacının göstəricisinin 2943 m3 olduğu və mənzildə 1 ədəd PQ-4 məişət tipli qaz plitəsi, 1 ədəd 24 kw gücündə kombi tipli su qızdırıcısı quraşdırıldığı müəyyən edilmiş və bu barədə müvafiq akt tərtib edilmişdir. Eyni zamanda mənzildə qaz sərfinin ölçülməsi üçün xx.xx.2020-ci il tarixində G-4 markalı **********0 nömrəli mexaniki qaz sayğacı quraşdırılmış və bu barədə ******* nömrəli “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında akt tərtib olunmuşdur. Növbəti aylarda qaz sayğacının göstəricisinin götürülməsinə istehlakçı tərəfindən lazımi şərait yaradılmamış, yalnız 2021-ci ilin oktyabr, noyabr aylarında, eyni zamanda 2023-cü ilin yanvar və dekabr aylarında sayğacın göstəricisini götürmək mümkün olmuşdur. 2023-cü il dekabr ayında sayğaca baxış zamanı göstəricinin 2943 m3 olduğu müəyyən edilərək abonentə 439,75 manat məbləğində borc yaranmışdır. 28.Göründüyü kimi, iddiaçı 439,75 manat məbləğində borcun “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2020-ci il tarixli, ******* nömrəli akt əsasında hesablandığını iddia etsə də, bunu təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmiş, eyni zamanda qeyd olunan hal iş materialları ilə öz təsdiqini tapmamışdır. 29.Buna görə də kollegiya hesab edir ki, məhkəmə iddianı rədd etməklə düzgün hüquqi nəticyə gəlmişdir. 30.“Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 31.Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. 32.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. 33.Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. 34.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 24 iyul 2024-cü il tarixli, 2(011)-3686/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən Xəyal Sarıyev

Hakimlər Günay Axundova

Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar