Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5549/2024 22.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” barədə iddiasına dair mülki iş üzrə QƏTNAMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Kazımov Elşən Cələddin oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Həsənova Şərqi Əlabbas qızının katibliyi ilə, Xətai Rayon Məhkəməsinin 2(011)-3089/2024 nörməli, xx.xx.2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları:
1. İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, «X1 tərəfindən ona hesablanmış 570,24 manat mələğində borcun əsassız hesab edilərək silinməsi barədə qətnamənin qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Binəqədi rayuonu, Sulu Təpə qəsəbəsində yerləşən fərdi yaşayış evində yaşayır. Qeyd edilən yaşayış evi ona məxsusdur və həmin evə Cavabdeh tərəfindən qaz xətti çəkilmişdir və onunla "Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasıda qazın alqı-satqısı barədə müqavilə” bağlanmışdır. Cavabdeh əməkdaşları tərəfindən evdə güya əlavə xətdən istifadə edilməsi ilə bağlı müxtəlif aylarda iddiaçıya cərimə yazılıb. Bunların heç birindən iddiaçının xəbəri olmayıb. Qaz idarəsində iddiaçı həmin aktları və şəkilləri tələb etsə də aktları ona vermişlər, lakin şəkilləri verməmişlər. O, onlara təklif etmişdir ki, komissiya təşkil edilsin və evə baxış keçirilsin, amma onlar razı olmayaraq ona demişlər ki, getsin məhkəməyə müraciət etsin. Ona məlum olmuşdur ki, ona 570,24 manat cərimə yazılıb.
3. Xətai Rayon Məhkəməsinin 2(011)-3089/2024 nörməli, xx.xx.2024-cü il tarixli qətnaməsi (hakim Aynur Abdullayeva) ilə iddia qismən təmin edilmiş, Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsində yerləşən fərdi yaşayış evi üzrə (abonent kodu: **********00046) İddiaçı 2023- cü ilin dekabr ayı üçün hesablanmış 570,24 (beş yüz yetmiş manat iyirmi dörd qəpik) manat borc məbləğindən 104,64 (bir yüz dörd manat altmış dörd qəpik) manat məbləğində borcun silinməsi, iddia qalan hissədə təmin edilməmiş, 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzinin Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilməsi qərara alınmışdır.
4. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri:
5. İddiaçı apellyasiya şikayətinin dəlili kimi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlməmiş, prosessuаl hüquq normаsının tətbiqində səhvə yol vermişdir. Belə ki, Binəqədi rayonu, Sulu Təpə qəsəbəsində yerləşən fərdi yaşayış evində yaşayır, qeyd edilən yaşayış evi ona məxsusdur və həmin evə cavabdeh tərəfindən qaz xətti çəkilmişdir və onunla "Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasıda qazın alqı-satqısı barədə müqavilə” bağlanmışdır. Cavabdeh əməkdaşları tərəfindən evdə güya əlavə xətdən istifadə edilməsi ilə bağlı ona cərimə yazılıb. Bunların heç birindən onun xəbəri olmayıb. Qaz idarəsində o, həmin aktları və şəkilləri tələb etsə də, aktları və şəkilləri ona verməmişlər. O, Azəriqaza təklif etmişdir ki, komissiya təşkil edilsin və evə baxış keçirilsin, amma onlar razı olmayaraq ona demişlər ki, getsin məhkəməyə müraciət etsin. Ona məlum olmuşdur ki, ona 570,24 manat cərimə yazılıb Göründüyü kimi cavabdeh qanunsuz istifadə etmədiyi qazın dəyərini ondan almaq istəyir. Belə olan halda rayon məhkəməsi iddia tələbini qismən təmin edərək, səhv nəticəyə gələrək, qismən əsassız qətnamə qəbul etmişdir. Halbuki, iş materiallarına tərəflərindən əlavə edilmiş sübutlar iddia tələbinin tam təmin edilməsinə əsas verdiyi halda, rayon instansiya məhkəməsi əsassız yerə iddia tələbini qismən təmin etmişdir. Bundan əlavə rayon instansiya məhkəməsinin icraatı dövründə ekspertiza keçirilmiş və ekspertin verdiyi rəyə əlavə edilmiş şəkillərlə cavabdehin təqdim etdiyi şəkillərin uyğunluğuna qiymət verilməmişdir. Məhkəmə belə qənaətə gəlmişdir ki, abonentin saldosundan görünür ki, sayğac xx.xx.2024-cü il tarixdə quraşdırılmışdır. Abonentin saldosuna əsasən iddiaçının istifadəsində saatda maksimal qaz sərfiyyatı 2,6 m3 olan 1 ədəd 4 gözlü qaz peçi (PQ-4) vardır. Məhkəmə hesab edir ki, qoşulma müddətinin əvvəli iş materialları ilə müəyyən edilmədiyindən hesabat 90 gün nəzərə alınmaqla müvafiq qaz cihazının göstəricilərinə əsasən aparılmalıdır. Bununla da, orta günlük iş rejimi 12 saat olmaqla 90 gün hesabat aşağıdakı kimi hesablanmalıdır: 2,6 m3 x 12 saat x 90 gün = 2.808 m3 . Ümumi qaz həcmi 2.808 m3 müəyyən edildiyindən, onun dəyəri qaz istifadəsinin limitləri nəzərə alınmaqla 465,60 manat təşkil edir. (1.200 m3 x 0,12 qəpik = 144 manat; (2.808 m3 - 1200 m3 ) x 0,20 qəpik = 321,6 manat; 144 manat + 321,6 manat = 465,60 manat. Cavabdeh tərəfindən tərtib edilmiş aktdan da göründüyü kimi 4752 m cərimə yazılmış və buda 12 qəpikdən hesablandıqda 570,24 manat edir. Yəni Azəriqaz tərəfindən hesabat aparılarkən limitdən istifadə etməmişdir. Məhkəmə öz mülahizələri əsasında hesablamalar aparmışdır.
6. İzahatında da dediyi kimi yalnız bir dəfə bir saatlıq kombini yoxlamaq üçün qoşulma olub və cavabdehin işçiləri gəlib görüblər. Məhkəmə tərəfindən sayğac quraşdırıldıqdan sonra sayğac vasitəsi ilə istifadə etdiyi qaz həcminə belə nəzər yetirmədən iddia tələbini tam təmin etməmişdir. Bunun nəticəsi olaraq da, 1-ci instansiya məhkəməsinin gəldiyi səhv nəticə onun hüquqlarını kobud surətdə pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097-ci maddəsinə əsasən isə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Beləliklə birinci instansiya məhkəməsinin mübahisələndirdiyi qətnamədə göstərdiyi nəticə qismən işin hallarına uyğun olmamışdır.
7. Göstərilənlərə əsasən qətnaməsinin iddianın təmin olunmayan hissəsinin ləğv edilməsinə və apellyasiya şikayətinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:
8. Apellyasiya şikayəti ilə bağlı mülki işə məhkəmə kollegiyasında baxılmasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməmənin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
9. Belə olan halda, Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübuların tədqiqi:
10. Mülki iş materiallarında olan İddiaçı məxsus **********00046 saylı abonentin saldosundan görünür ki, abonentin 2023-cü ilin dekabr ayı üzrə cədvəlin “qalıq və aktlar” bölməsində 570,24 manat borcu mövcud olmuşdur. Tətbiq edilən maddi hüquq normaları: Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
17. 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.
18. Maddə 18. Mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir.
19. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunu
20. Maddə 3. istehlakçıların öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqları vardır.
21. Qazpaylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qazpaylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə Qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir (11-ci maddənin 6-cı bəndi). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları” Qazpaylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir (1.3). İstehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir (1.4). Özbaşına qaz qurğularının quraşdırılmasını həyata keçirmək istehlakçılara qadağandır (3.4.1). Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qazpaylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsən tələb etməlidir. Qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallara adan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarım bəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktlar rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir (6.5-6.7)
22. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.
23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.2-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir.
24. Həmin Qaydaların 4.6-cı bəndinə əsasən qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır.
25. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır.
26. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.
27. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Tətbiq edilən prosessual hüquq normaları: Mülki Prosessual Məcəllə
28. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
30. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
31. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
32. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
33. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
34. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.
35. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.
36. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
37. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
38. Maddə 385.1. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır:
39. 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi;
40. 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.
41. Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
42. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır. Apellyasiya Məhkəməsinin baxışının hədləri:
43. Hazırkı halda Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə, iddia tələbinin təmin edilməyən hissəsində yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:
44. Məhkəmə kollegiyası mülki iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi, qismən, iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməli, iddia tələbi həmin hissədə də təmin edilməlidir.
45. Rayon məhkəməsi iddia tələbini qismən təmin edərkən qeyd etmişdir ki, göründüyü kimi, Mülki-Prosessual Məcəllənin 77.2-ci maddəsinin tələblərinə əsasən borcun hesablanmasına əsas olan aktı cavabdeh təşkilat qəbul etdiyindən, bu borcun əsaslı olmasını sübut etmək vəzifəsi məhz cavabdehin üzərinə düşür. Belə ki, iddiaçının kənar qoşulmadan istifadə etməsi işin mübahisəsiz halıdır. İddiaçı həmin müddətin 1 ilə yaxın olduğunu etiraf edir. Belə olduğu halda, borcun hesablanması ilə bağlı məhkəmə aşağıdakı halları qeyd edir. Belə ki, abonentin saldosundan görünür ki, sayğac xx.xx.2024cü il tarixində quraşdırılmışdır. Abonentin saldosuna əsasən iddiaçının istifadəsində saatda maksimal qaz sərfiyyatı 2,6 m3 olan 1 ədəd 4 gözlü qaz peçi (PQ-4) vardır. Məhkəmə hesab edir ki, qoşulma müddətinin əvvəli iş materialları ilə müəyyən edilmədiyindən hesabat 90 gün nəzərə alınmaqla müvafiq qaz cihazının göstəricilərinə əsasən aparılmalıdır. Bununla da, orta günlük iş rejimi 12 saat olmaqla 90 gün hesabat aşağıdakı kimi hesablanmalıdır: 2,6 m3 x 12 saat x 90 gün = 2.808 m3 . Ümumi qaz həcmi 2.808 m3 müəyyən edildiyindən, onun dəyəri qaz istifadəsinin limitləri nəzərə alınmaqla 465,60 manat təşkil edir. (1.200 m3 x 0,12 qəpik = 144 manat; (2.808 m3 - 1200 m3 ) x 0,20 qəpik = 321,6 manat; 144 manat + 321,6 manat = 465,60 manat. İtirilmiş təbii qazın dəyəri 465,60 manat hesablandığından, iddia tələbləri qismən təmin edilərək iddiaçıya hesablanmış 570,24 manat borcun 104,64 manat hissəsi silinməlidir. (570,24- 465,60=104,64). İddia qalan hissədə təmin edilməməlidir.
46. Məhkəmə kollegiyası rayon məhkəməsinin həmin mövqeyi ilə razılaşmır və qeyd edir ki, iddiaçı rayon məhkəməsinin iclasında verdiyi izahatında da, apellyasiya şikayətində də cəmi bir saatlıq kombinin yoxlanması üçün əlavə xəttə qoşulduğunu qeyd edib.
47. Cavabdeh hesab edir ki, o, məhz istehlakçı tərəfindən qanunsuz istifadə edilmiş təbii qazın həcmini (qeydə alınmayan) hesablayaraq müvafiq aktda qeyd etmişdir. Belə ki, dəymiş ziyanın həcminin hesablanmasında Birliyin mütəxəssisləri tərəfindən abonentin faktiki istifadəsində olan qaz cihazlarının (işlədiciləri) sərfiyyat göstəriciləri əsasında hesabat aparmışdır. Sayğaca qərəzli şəkildə müdaxilə edilməsi faktı öz-özlüyündə sayğacla təbii qaz sərfiyyatının istifadə olunan qədərindən az göstərilməsinə nail olmaq üçün edilən hərəkət kimi qiymətləndirilməlidir. Cavabdeh məhz istehlakçı tərəfindən qanunsuz istifadə edilmiş təbii qazın həcmini (qeydə alınmayan) hesablayaraq müvafiq aktda qeyd etmişdir.
48. Hazırda iddiaçı tərəfindən mübahisələndirilən borcun onun qazdan sayğacdankənar istifadə etməsinə istinad edən cavabdeh bununla bağlı iddiaçının sayğacdankənar qazdan istifadəsi ilə bağlı hər hansı sübut təqdim etməmişdir.
17. MPM-in 77.1-ci maddəsini əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir.
18. Həmin Məcəllənin 14.2-ci maddəsi görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
19. MPM-in 76-cı maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və iş üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən qanunla müəyyən olunmuş qaydada əldə edilmiş məlumatlar sübut hesab olunur. Həmin məlumatlar yazılı və maddi sübutlarla, ekspert rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, eləcə də işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (maddə 76.2).
20. Odur ki, iddiaçıya hesablanan borcun onun sayğacdankənar istifadəsi nəticəsində yarandığını təsdiq edən hər hansı bir sübut olmadığından, rayon məhkəməsi iddia tələbini bir hissədə təmin etməməkdə haqlı olmamışdır. Bu baxımdan, iddiaçının apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi, qismən, iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməli, iddia tələbi həmin hissədə də təmin edilməli, iddiaçıya əsassız hesablanmış (570,24- 104,64=465,6) 465,6 manat borc da silinməlidir. Nəticə:
21. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi, qismən, iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməli, iddia tələbi həmin hissədə də təmin edilməli, iddiaçıya əsassız hesablanmış (570,24- 104,64=465,6) 465,6 manat borc da silinməlidir.
22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinəəsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.
23. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.3, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,
QƏT ETDİ:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunsun. Xətai Rayon Məhkəməsinin 2(011)-3089/2024 nörməli, xx.xx.2024-cü il tarixli qətnaməsi qismən, iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilsin, həmin hissədə yeni qətnamə qəbul edilsin, (570,24-104,64=465,6) iddiaçıya əsassız hesablanmış 465,6 (dörd yüz altmış beş manat altı qəpik) manat borc da silinsin. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir, qanunvericilikdə hazırkı qətnamədən kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır.