Məhkəmə qərarları › İş №2(103)-5554/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5554/2021

22.06.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5554/2021 22.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlundan və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı «borcun silinməsi» tələbinə dair 2(009)-209/2021 saylı mülki iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 10.02.2021ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC tərəfindən onun barəsində yazılmış borc məbləğinin silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2020-ci ilin aprel-may aylarında su pulu yığan Əsgər adlı şəxs sakinlərə su borcu olan qəbzləri paylayan zaman ona borcu ilə əlaqədar müraciət etmişdir. Həmin şəxs ona demişdir ki, “onun mənzilinə quraşdırılmış su sayğacı göstərmir.” O həmin nəzarətçidən su pulu borcunun hansı şəkildə müəyyən olunacağını soruşduqda, o bildirmişdir ki, idarəyə məlumat verəcək ki, araşdırsınlar. Sonrakı ayda da Əsgər ona qəbz vermədikdə yenə bildirmişdir ki, deyəcək gəlib baxacaqlar. Sonrakı ayda Sukanal İdarəsindən iki nəfər gəlib küçədən mənzilinə uzanan su borusunu yoxlamağa başlamışlar. Sonra onlardan biri həyətindəki su sayğacının yanında yeri qazmış və məlum olmuşdur ki, boru korroziyaya uğrayaraq çürümüş və su buraxmağa başlamışdır. Bir neçə müddət axan su onun yaşadığı evin altına, oradan da naməlum istiqamətə axırmış. Bu müddət ərzində evinə su gəldiyindən bu onda şübhə oyatmamış və bu səbəbdən suyun borunun korroziyaya uğrayan hissəsindən axaraq getməsi hiss olunmamışdır. Həmin şəxslər ona demişlər ki, həmin borunu o özü təmir etdirməlidir. O bildirmişdir ki, burada hər hansı bir qəza olmayıb ki, o özü təmir etsin. Boru köhnədir və istifadə müddəti bitdiyinə görə korroziyaya uğrayaraq çürümüşdür. Onlar isə onu dinləməyib getmişlər. O bir həftə ərzində həmin borunu 50 manat təqaüdündən xərcləyərək təmir etdirmişdir. Sonrakı aylarda həmin nəzarətçi ona su pulu qəbzi gətirəndə təəcüblənmişdir. Çünki ona hər ay istifadə etdiyindən daha çox su pulu borcu daxil olmuşdur. Halbuki, o tək yaşayır və hər istifadə etdiyi suyun borcu 3 və ya 5 manat civarında olmuşdur. Bu dəfə isə 659,50 manat göstərirdi. Nəzarətçinin deməsinə görə bu, syağacın göstərdiyi rəqəm idi. O, yuxarıda göstərdiyi xüsusatlar barədə Azərbaycan Respublikası Cavabdeh Açıq Səhmdar Cəmiyyəti Səbail Rayon Sukanal İdarəsinə borcunun səbəbləri barədə məlumat vermələri barədə ərizə ilə müraciət etmişdir. Cavab məktubunda ona bildirmişlər ki, həmin xüsusatlara görə məsuliyyəti o özü daşıyır. Lakin o bununla razı deyil, belə ki, baş vermiş korroziya hadisəsi qəza deyil, bu, borunun istifadə müddətinin bitdiyinə görə baş vermiş su itkisidir və bundan onun məlumatı olmayıb. Həm də, əgər nəzarətçi bu barədə ilk ayda, vaxtında Sukanal İdarəsinə məlumat versə idi, bu qədər borc da yığılmazdı. O isə, ona yazılan borcla razı deyil. Çünki ona aid olmayan bir problemə görə nə üçün o, borc ödəməlidir. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 10.02.2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, ünvan 1 ünvan üzrə İddiaçı **********081 saylı abunə hesabından 635,50 (altı yüz otuz beş manat əlli qəpik) manat borcun silinməsi qət edilmiş, qalan hissədə iddia tələbi təmin edilməmişdir. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmamış, yəni tərəflər arasındakı həqiqi münasibətlərə, faktlara əsaslanmamış, eyni zamanda, maddi hüquq normaları düzgün tətbiq olunmamışdır. "Cavabdeh” Açıq Səhmdar Cəmiyyətinin Səbail Rayon Sukanal İdarəsinin əməkdaşları tərəfindən 17 iyul 2020-ci il tarixdə İddiaçı məxsus **********081 saylı abnunə kodu əsasında xidmət göstərilən yaşayış sahəsində olan sayğaca baxış keçirilən zaman sayğacın göstəricisinə görə 1319 m3 su sərf olunduğu qeydə alınmışdır. Mütəxəsislər tərəfindən sayğaca baxış keçirilən zaman sayğacın normal işlədiyi qeydə alınmışdır. Böyük həcmdə su istehlakı su sayğacından sonra istehlakçıya məxsus su xəttində baş vermiş nasazlıq səbəbindən yaranmışdır. Apellyasiya baxışı zamanı iddiaçı şikayətə etiraz edərək təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdehin nümayəndəsi iclasda iştirak etməmiş və bunun səbəblərini bildirməmişdir. Kollegiya işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsi dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Hazrık iş üzrə qətnamə iddianın təmin olunmuş hissəsində yoxlanılır. Birinci instansiya məhkəməsi iş üzrə tədqiq edilmiş sübutlar əsasında müəyyən etmişdir ki, n Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin İddiaçı ünvanlanmış 25.09.2020-ci il tarixli, RO-01/7-753 saylı məktubundan görünür ki, su istehlakçısı kimi ərizəçi ilə Səbail rayon Sukanal İdarəsi arasında 12777827 nömrəli müqavilə imzalanmış və ərizəçiyə **********081 nömrəli abonent kodu verilmişdir. Müqavilənin şərtlərinə uyğun olaraq Səbail SKİ ərizəçini içməli su ilə təchiz etməyi, ərizəçi isə işlədilmiş suyun dəyərini ödəməyi öhdəsinə götürmüsdür. İstehlakçıya verilən suyun miqdarı suölçən sayğaclar vasitəsi ilə müəyyən olunur. 17.08.2020-ci il tarixində nəzarətçi tərəfindən ərizəçininn su sayğacı növbəti dəfə oxunmuş və sayğacın göstəricisinə görə 1319 m3 su işlədilməsi qeydə alınmışdır. Mütəxəssislər tərəfindən sayğaca baxış keçirilmiş və sayğacın normal işlədiyi qeydə alınmışdır. Böyük həcmdə su istehlakı su sayğacından sonra istehlakçıya məxsus su xəttində baş vermiş nasaslıq səbəbindən yaranmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 avqust 2014-cü ilin tarixli, 275 nömrəli qərarı ilə təsdiq olunmuş “İstehlakçıların su təchizatı və tullantı sularının qoşulması üçün texniki şərtin verilməsi və qoşulma qaydalarına” görə su sayğacından sonrakı su şəbəkəsindəki su itkilərinə görə istehlakçı özü məsuliyyət daşıyır. Məlumat üçün bilidirilmişdir ki, 25.09.2020-ci il tarixinə ərizəçinin su istifadəsinə və tullantı sularının axıdılmasına görə Səbail rayon Sukanal İdarəsinə 651.00 manat borcu vardır. Borcun hissəli ödənişinin razılaşdırılması üçün ərizəçinin Səbail rayon Sukanal İdarəsinə müraciət etməsi tələb olunmuşdur. Cavabdeh ASC Səbail rayon Sukanalı İdarəsinin Hesab Fakturasından görünür ki, İddiaçı su borcu 656 manat təşkil edir. Səbail rayon İcra Hakimiyyəti Başçısının 24 iyul 1998-ci il tarixli, 1163 saylı sərəncamından görünür ki, Səbail Rayon Məhkəməsinin 02 iyun 1998-ci il tarixli qətnaməsi ilə İddiaçı Timçenko küçəsi, 14 №-li binanın həyətində yerləşən 8 A №-li özbaşına tikiliyə yaşamaq hüququ tanınmışdır. Təqdim olunmuş abonent kartından görünür ki, İddiaçı ünvanında olan sayğacın göstəricisinə görə 15.04.2020-ci il tarixə su sərfiyyatı 11 m3 olmuş, cəmi borc 5,50 manat qeyd edilmişdir. Bundan sonra 2020-ci ilin may, iyun, iyul ayları üçün sayğac göstəricisi oxunmamış və bundan sonra 17.08.2020-ci il tarixə sayğacın göstəricisinə görə su sərfiyyatı 1319 m3 olmuş, cəmi borc 659,50 manat qeyd edilmişdir Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarını araşdıraraq belə qənaətə gəlmişdir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 149-cu maddəsinə əsasən öhdəçiliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn: əmlakı verməli, işi yerinə yetirməli, pulu verməli və sairə, yaxud müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə, borcludan öz vəzifələrinin icrasını tələb etmək hüququ vardır. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» 19 sentyabr 1995-ci il tarixli Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının 28 oktyabr 1999-cu il tarixli Qanununun 30-cu maddəsinə əsasən su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən suyun hesabı tam ödənildikdən sonra, su təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış suyun dəyərini su təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 №-li Qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın 2.1. bəndində Su təchizatı və kanalizasiya müəssisəsinin (STKM) aşağıdakı vəzifələri göstərilmişdir: 2.1.4. istehlakçıya verilən suyun və axıdılan tullantı sularının həcminin və dəyərinin, həmçinin istismarda olan su təchizatı və kanalizasiya sistemlərinin tam və dəqiq uçotunu aparmaq; 2.1.6. verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq hər ay istehlakçıya ödəməli olduğu vəsaitin həcmini əks etdirən hesabı təqdim etmək (göndərmək). Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv üçün əsas təşkil etmir. Belə ki, “Sudan istifadə Qaydaları”nın yuxarıda göstərilən normalarının tələblərinə zidd olaraq, su təchizatı müəssisəsinin nəzarətçisi tərəfindən İddiaçı ünvanında olan su sayğacının göstəricisi hər ay oxunmalı olduğu halda, 15.04.2020-ci il tarixdə oxunmuş (həmin vaxt üçün su sərfiyyatı 11 m3, cəmi borc 5,50 manat olmuş), bundan sonra 2020-ci ilin may, iyun, iyul ayları üçün sayğacın göstəricisi oxunmamış və yalnız 17.08.2020-ci il tarixdə nəzarətçi tərəfindən sayğacın göstəricisi oxunaraq su sərfiyyatının 1319 m3 olduğu müəyyən edilmiş və həmin miqdarda su sərfiyyatına görə iddiaçıya 659,50 manat məbləğində borc hesablanmışdır. İddiaçının abonent kartından görünür ki, iddiaçı tərəfindən 2018, 2019 və 2020-ci illər üçün sərf olunan suyun həcminin ən yuxarı həddi 19 m3, ən aşağı həddi isə 2.10 m3 olmuşdur. Həmçinin müəyyən olunmuşdur ki, iddiaçının ünvanında böyük həcmdə su istehlakı su sayğacından sonra iddiaçıya məxsus su xəttində baş vermiş nasazlıq, yəni su borusunun torpaq altında olan hissəsinin korroziyaya uğrayaraq çürüməsi və suyun naməlum istiqamətdə axıb getməsi nəticəsində yaranmışdır. Belə olduğu təqdirdə, eləcə də, su təchizatı müəssisəsinin nəzarətçisi tərəfindən iddiaçının ünvanında olan su sayğacı hər ay oxunmalı olduğu halda, 4 ay ərzində oxunmaması səbəbi ilə iddiaçının ünvanında olan su itkisinin vaxtında aşkar edilməməsinə görə məsuliyyətin iddiaçının üzərinə qoyulması ədalətsiz olardı. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının ünvanına aid su sayğacının oxunmadığı 4 ay (may, iyun, iyul, avqust) üçün hər ay orta hesabla 8 m3 su sərfiyyatı üçün 6 manat borc olaraq cəmi 24 manat (4 ay x 6 manat) borc hesablanmalı, həmin məbləğ iddiaçıya hesablanmış 659,50 manat borc məbləğindən çıxılmaqla qalan 635,50 (659,50- 24=635,50) manat məbləğində borc iddiaçının abunə hesabından silinməsi barədə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 10.02.2021-ci il tarixli, 2(009)-209/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə - iddianın təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar