Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5554/2023 11.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Sadıxov Çingiz Elbrus oğlunun katibliyi, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2686/2023 saylı işi üzrə xx.xx.2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən soyuducu “Toshiba” üçün 1076.4 manat ödənilməmiş hissə, 107.6 manat cərimə, ümumilikdə 1184 manat borc və 31.84 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məhsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə iddiası Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2686/2023 saylı işi üzrə xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3, 442, 465.2, 467, 567, 600.1, 600.2, 600.4, 601.1; Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 284-1, 284-5.1, 284-5.2, 284-5.3, 284-6.1 maddələrinə istinadən) qismən təmin edilmiş, Cavabdeh xx.xx.2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə əsas 1076.4 manat, cərimə 50 manat və ödənilmiş dövlət rüsumuna görə 31.84 manat olmaqla, cəmi 1158,24 manat məbləğində pul vəsaitinin alınaraq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı sübut kimi təqdim edilmiş "xxxx" MMC tərəfindən tərtib edilmiş maliyyə arayışı, "xxxx" MMC-nin bildirişi, xx.xx.2021-ci il tarixli nisyə alqısatqı müqaviləsi tədqiq edilmişdir (iş səh. 7, 9, 15). Cavabdeh apellyasiya şikayəti verərək, 13 iyul 2023-cü il tarixli, 2(010)-2686/2023 saylı Suraxanı Rayon Məhkəməsinin qətnaməsinin ləğv olunması və iddia tələbinin təmin edilməməsi barədə iş üzrə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1 və 284-5.2-ci maddələrinə istinadən qeyd edilmişdir ki, "xxxx" MMC ilə onun arasında xx.xx.2021-ci il tarixdə 18 ay müddətinə, 1184 manat məbləğində alqı-satqı müqaviləsi bağlanmışdır. xx.xx.2021-ci il tarixli müqaviləyə əlavə olan ödəniş cədvəlinə əsasən ödəniş müəyyən edilmişdir. xx.xx.2021-ci il tarixli təhvil-təslim aktı ilə bağlanmış alqı-satqı müqaviləsinin predmeti olan soyuducu “Toshiba” adında məhsul cavabdeh olaraq onun tərəfindən qəbul edilməkdən imtina edilmişdir. Belə ki, həmin əşyanın üzərində cızıqlar olmuş, içində olan qabda sınıqlar olmuş həmçinin, soyuducunun ölçüləri uyğun olmamışdır. xx.xx.2021-ci il tarixli, alqı-satqı müqaviləsi ləğv edilmişdir. Bu səbəbdən əmlakın təhvil verilməsinin səhəri günü şirkətə zəng edilmiş və əmlakın geri qaytarılacağı ilə əlaqədar götürülməsi xahiş olunmuşdur. xx.xx.2021ci il tarixdə həmin əmlak şirkətin əməkdaşları tərəfindən geri qəbul edilmişdir. Hətta bununla bağlı "xxxx" MMC-nin əmlakı təhvil verən əməkdaşı Fərhad adlı şəxsin imzası və buna dair aktı da vardır. Aktın surətini də təqdim edir. Maddi hüquq normaları düzgün tətbiq edilsə də iş mahiyyəti üzrə araşdırılmadan iddiaçı tərəfindən təqdim edilmiş sənədlər əsasında qətnamə qəbul edilmişdir. Bu səbəbdən də hazırda iddiaçının ləğv edilmiş müqavilə üzrə hər hansı tələb irəli sürmək hüququ olmamışdır. Bu səbəbdən də qətnamə ləğv edilməli, iddia tələbi rədd edilməlidir. Məhkəmə sadələşdirilmiş icraatda baxılmanın qaydalarını pozmuş cavabdeh olaraq onlara iddiaya dair bildiriş göndərməli olduğu halda belə bildiriş göndərməmiş, etiraz hüquqları və AR MPM 284-5.1 və 284-5.2-ci maddələrinin tələblərini pozmuşdur. Bu formada bildiriş onlara təqdim olunduğu halda sübutları ilkin məhkəməyə təqdim edə bilərdilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 394-1.3-cü maddəsinə əsasən apellyasiya şikayəti məhkəməyə daxil olduğu gündən 30 iş günü ərzində işə yazılı icraat qaydasında işdə olan sənədlər əsasında baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 50-58, 149-152, 259.0.1, 259.0.12, 371, 372, 384.0.5, 385.1.1, 387.1-cu maddələrinin tələblərinə uyğun ərizələrin təqdim edilən zaman mülki prosessual qanunvericiliyin tələblərinə tam riayət edilmədiyini nəzərə alaraq iddia ərizəsinin baxılmamış saxlanılmaqla apellyasiya şikayətinin qismən təmin və qətnamənin ləğv edilməsini qanuni hesab edir. Belə ki, iddia ərizəsi tərtib edilərkən mülki prosessual qanunvericiliyin müvafiq normalarına uyğun tərtib (forma və məzmuna riayət) edilməmiş, iddia tələbi üzrə ərizədə qeyd edilən tələb müqavilə münasibətlərindən irəli gəlsə də, müqavilə və iddianın əsasını təşkil edən sübutlar, habelə tərəflər arasında qüvvədə olan müqavilədən irəli gələn mübahisəyə pretenziya qaydasına riayət edilməyərək cavabdehin tələb barədə məlumatlı olması barədə sübutlar təqdim edilməmiş, səhv icraata qəbul edilmiş birinci instansiya icraatı zamanı bu prosessual tədbirlərin həyata keçirilməsi zərurəti təmin edilməmiş, hazırkı prosessual dövrdə isə bunun mümkünlüyü apellyasiya baxışı ilə məhdudlaşmışdır. xx.xx.2021-ci il tarixli müqavilə üzrə öhdəliklərin icrasının gecikdirilməsi ilə bağlı cavabdehə ünvanlanmış xəbərdarlıq məktubu ərizəyə əlavə edilsə də, onun çatdırılmasını təsdiq edən sənəd əlavə edilməmişdir. Sözügedən müqavilənin 4.1-ci bəndinə əsasən bu müqavilədən irəli gələn bütün mübahisəli məsələlər tərəflər arasında danışıqlar yolu ilə həll edilir. Əks halda yaranan mübahisələr Azərbaycan Respublikasınıın məhkəmə sistemində Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun həll edilir. Diqqətə çatdırılmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən: 259.0.1. məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə, məhkəmə ərizəni baxılmamış saxlayır. Mülki Prosessual Məcəllənin 76.1, 77.1 və 78.1-ci maddələrinin tələblərinə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur; Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məcəllənin 151.1-ci maddəsinə görə, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Məcəllənin 9.1 və 9.2-ci maddəsinə əsasən: Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir; Bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. Məcəllənin digər normativ tələblər ilə müəyyən edilir ki: 284-1. Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-2. Kiçik iddialara dair işlərdə ərizə bu Məcəllənin 4-cü fəslində müəyyən edilmiş ümumi aidiyyət qaydalarına əsasən verilir. 284-3.1.Ərizə məhkəməyə ümumi qaydada verilir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə ərizə həmin sistemdə qeydiyyatdan keçmiş mülki işlər üzrə işdə iştirak edən şəxslər, habelə kommersiya mübahisələri üzrə işdə iştirak edən şəxslər tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə göndərilir. 284-3.2.Ərizədə aşağıdakılar göstərilməlidir: 284-3.2.1.ərizənin verildiyi məhkəmənin adı; 284-3.2.2.iddiaçının, onun nümayəndəsinin (əgər ərizəni nümayəndə verirsə), cavabdehin soyadı, adı, atasının adı, yaşayış yeri (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, həmin şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); 284-3.2.3.iddiaçının tələbi və onun əsaslandığı hallar; 284-3.2.4.tələbin əsaslığını təsdiq edən sənədlər, əmlakın verilməsi tələbləri üzrə tələb olunan əmlakın dəyərinə dair sübutlar; 284-3.2.5.əlavə edilən sənədlərin siyahısı. 284-3.3.Ərizə ümumi qaydada verildikdə, iddiaçı və ya onun nümayəndəsi tərəfindən imzalanır və iddiaçının əsaslandığı sənədlər ona əlavə edilir. Nümayəndə tərəfindən verilən ərizəyə onun səlahiyyətlərini təsdiq edən sənəd də əlavə edilməlidir. 284-3.4.Ərizə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə göndərildikdə iddiaçının və ya onun nümayəndəsinin elektron imzası ilə təsdiq olunur. Ərizəyə əlavə edilən sənədlər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında təqdim edilir. 284-3.5. Ərizənin bu Məcəllənin 284-3.1-ci və 284-3.2-ci maddələri ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, yaxud bu Məcəllənin 152.1.2-152.1.9-cu maddələrində müəyyən edilmiş əsaslar olduqda hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Ərizənin qaytarılması həmin nöqsanlar aradan qaldırıldıqdan sonra kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında yenidən məhkəməyə müraciət etməyə mane olmur. 284-4.1. Məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından aşağıdakı hallarda imtina edir: 284-4.1.1. bu Məcəllənin 153.2-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmişdirsə; 284-4.1.2. verilmiş tələb bu Məcəllənin 284-1-ci maddəsinə uyğun deyildirsə; 284-4.1.3. verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa. 284-4.1.4. ərizənin əsaslandığı tələbetmə hüququ barədə mübahisə vardırsa. 284-4.2.Bu Məcəllənin 284-4.1-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə ərizənin daxil olduğu gündən 5 (beş) iş günü müddətində onun qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərardad çıxarır. Məhkəmə bu müddət ərzində ərizəni qəbul etməkdən imtina etməyibsə, o, qəbul edilmiş sayılır. Ərizəni qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilməz. 284-4.3.Ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. 284-5.1.Ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.4. Məhkəmə aşağıdakı hallarda işə iddia icraatı qaydasında baxılması haqqında əsaslandırılmış qərardad çıxarır: 284-5.4.1. qarşılıqlı iddia verilərsə; 284-5.4.2. üçüncü şəxsin işə daxil olması barədə vəsatəti təmin edilərsə; 284-5.4.3. tərəflərin təqdim etdiyi sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etmirsə; 284-5.4.4. iş üzrə əlavə araşdırmanın, o cümlədən sübutların yerində müayinəsi, tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti yaranırsa. 284-5.5.Bu Məcəllənin 284-5.4-cü maddəsində nəzərdə tutulan qərardaddan şikayət verilə bilməz. Məhkəmə kollegiyası izah etməyi vacib bilir ki, işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən nöqsanlar aradan qaldırılmaqla iş üzrə prosessual tərəfləri və mahiyyətinə uyğun tələbi düzgün müəyyən etməklə iddiaçıların işin qabaqcadan (məhkəmədən kənar) mübahisənin həll etmək imkanları barədə pretenziya qaydalarına riayət etdikdən sonra məhkəməyə müraciət etmək hüquqları məhdudlaşdırılmır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 397, 398-ci maddələrini rəhbər tutaraq, kollegiya Qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2686/2023 saylı işi üzrə xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın.
Məhkəmə qərarları › İş №2(103)-5554/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5554/2023
11.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver