Məhkəmə qərarları › İş №2(103)-5558/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5558/2021

02.06.2021 · Daşınar əşyanın sahibsiz hesab edilməsi və daşınmaz əşya üzərində dövlət mülkyyəti hüququnun tanınması haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5558/2021 02.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Həmidov Həmid Üzeyir oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Arifli Şamxal Mehdi oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 2(004)-1993/2021 nömrəli, 12 aprel 2021ci il tarixli qərardadından iş üzrə ərizəçi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: Ərizəçi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı (üçüncü şəxslər cəlb olunmaqla) “daşınar əşyaların sahibsiz hesab edilməsi və mülkiyyətə verilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 12 aprel 2021-ci il tarixli qərardadı ilə (hakim G.Axundova, iş № 2(004)-1993/21) ərizə baxılmamış saxlanılmışdır. Dövlət Gömrük Komitəsi 28.04.2021-ci il tarixdə məhkəməyə şikayət ünvanlayaraq ünvan 1adının ləğv edilməsi, işə mahiyyəti üzrə baxılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmənin istinad etdiyi sahiblik hüququ haqqında məsələ qeyri-müəyyən olmaqla ehtimallara əsaslanır. İşin hallarından görünür ki, 11 ildir ki, mübahisəli əmlaka heç kim iddia etməmiş, konkret olaraq iddianın predmetinə dair mübahisə olmamış, həmçinin istintaq orqanı tərəfindən mübahisəli əmlakın sahibi müəyyən edilməmişdir. Yasamal Rayon Məhkəməsinin 29 aprel 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İddiaçının nümayəndəsi B.Həsənov məhkəmə kollegiyasının iclasında şikayəti müdafiə edərək təmin olunmasını xahiş etdi. İşdə iştirak edən digər şəxslər işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsalar da, məhkəmə iclasına gəlməmiş və gəlməməyin səbəbləri haqqında məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq gəlməyən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası sədrlik edənin məruzəsini, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət qismən təmin olunmalı, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 12 aprel 2021-ci il tarixli qərardadı ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İşdən göründüyü kimi, ərizəçinin tələbi ümumi dəyəri 4205 manat olan gümüş metaldan hazırlanmış əşyaların, yəni daşınar əmlakın sahibsiz elan edilməsi və həmin əmlakların Dövlət Gömrük Komitəsinin mülkiyyətinə verilməsi barədədir. Ərizə xüsusi icraat qaydasında verilmişdir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası MPM-nin 259.0.10 və 306.4cü maddələrini rəhbər tutaraq məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu qənaətinə gəlmiş və elə bu əsasla da ərizəni baxılmamış saxlamışdır. Mülki Prosessual Məcəllənin 259.0.10-ci maddəsinə əsasən hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi barəsindəki ərizələrə baxıldıqda hüquq haqqında mübahisə olması müəyyən edilərsə ərizə baxılmamış saxlanılır. Həmin Məcəllənin 306.4-ci maddəsinə əsasən xüsusi icraat qaydasında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarır və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah edir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin ərizənin baxılmamış saxlanması ilə bağlı bu qənaətini və əsaslandırmasını düzgün saymır. Məhkəmə kollegiyası hesab edir ki, verilmiş tələblərə aid hüquq haqqında mübahisənin olub-olmamasından asılı olmayaraq hazırkı işə xüsusi icraat qaydasında baxıla bilməz. Məhkəmə kollegiyası bu baxımdan hazırkı işdə hüquq haqqında mübahisənin olub-olmaması ilə bağlı hər hansı araşdırma aparmır. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 305-ci maddəsində məhkəmənin xüsusi icraat qaydasında baxdığı işlərin dairəsi konkret müəyyən olunmuşdur. Həmin maddədə daşınar əşyalar üzərində dövlətin mülkiyyət hüququnun tanınması barədə ərizəyə xüsusi icraat qaydasında baxılması nəzərdə tutulmamışdır. MPM-nin 305.1.4-cü maddəsi yalnız daşınmaz əşya üzərində dövlət mülkiyyət hüququnun tanınması barədə işlərə xüsusi icraata qaydasında baxılmasını nəzərdə tutmuşdur. Məhkəmə kollegiyası MPM-nin 305.1.4-cü maddəsini rəhbər tutaraq hesab edir ki, hazırkı iş üzrə tələblərdən birini təşkil edən gümüş metaldan hazırlanmış əşyaların, yəni daşınar əşyaların sahibsiz hesab edilməsi barədə işə məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılır. Lakin hazırkı işdə bu tələb müstəqil şəkildə deyil, həmin əmlakların Dövlət Gömrük Komitəsinin mülkiyyətinə verilməsi tələbi ilə birlikdə verilmişdir. Yəni, ərizəçinin daşınar əşyaların sahibsiz hesab edilməsi barədə tələb irəli sürməkdə məqsədi həmin əmlakların Dövlət Gömrük Komitəsinin mülkiyyətinə verilməsi barədə qətnamə çıxarılmasına nail olmaqdan ibarətdir. Göründüyü kimi, ərizəçinin tələbinin birinci hissəsi müstəqil olmamaqla tələbin ikinci hissəsinin əsasını təşkil edir. Məhkəmə kollegiyası hesab edir ki, Dövlət Gömrük Komitəsi daşınar əşyaların sahibsiz hesab edilməsi barədə ərizə ilə xüsusi icraat qaydasında məhkəməyə müraciət edə bilər. Lakin həmin daşınar əmlakların Dövlət Gömrük Komitəsinin mülkiyyətinə verilməsini xüsusi icraat qaydasında tələb edə bilməz. Deməli, daşınar əşyaların sahibsiz hesab edilməklə Dövlət Gömrük Komitəsinin mülkiyyətinə verilməsi barədə ərizəyə xüsusi icraat qaydasında məhkəmədə baxıla bilməz və ona görə də elə bu əsasla hazırkı işin icraatına xitam verilməlidir. MPM-nin 261.0.1-ci maddəsinin tələbinə görə iş məhkəmədə baxılmalı deyildirsə iş üzrə icraata xitam verilir. Məhkəmə kollegiyası bir daha qeyd edir ki, Dövlət Gömrük Komitəsi daşınar əşyaların sahibsiz hesab edilməsi barədə ərizə ilə xüsusi icraat qaydasında məhkəməyə müraciət edə bilər və həmin ərizə təmin olunacağı təqdirdə sahibsiz hesab edilən əşyaların taleyi onlar Dövlət Gömrük Komitəsinin mülkiyyətinə verilməklə deyil, Nazirlər Kabinetinin 18 aprel 2002-ci il tarixli 69 saylı qərarı ilə təsdiq olunmuş “Müsadirə edilmiş, sahibsiz qalmış, vərəslik hüququ əsasında dövlət mülkiyyətinə keçən əmlakın və dəfinələrin uçotu, qiymətləndirilməsi, saxlanması, istifadəsi və satışı barədə Əsasnamə”nin 3-cü bəndində nəzərdə tutulmuş qaydada həll olunacaqdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1, 263, 264, 398.0.3, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara a l d ı: Şikayət qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 12 aprel 2021-ci il tarixli qərardadı ləğv olunsun. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin “daşınar əşyaların sahibsiz elan edilməklə Dövlət Gömrük Komitəsinin mülkiyyətinə verilməsi” tələbinə dair ərizəsinə xüsusi icraat qaydasında məhkəmədə baxılmalı olmadığına görə iş üzrə icraata xitam verilsin. Qərardaddan 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Akif İsgəndərov Hakimlər Həmid Həmidov Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar