Məhkəmə qərarları › İş №2(103)-5568/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5568/2023

20.09.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5568/2023 20.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Fəraməz oğlunun Cavabdehnə qarşı mülki iş üzrə (Açar sözlər: əsassız hesablanmış borcun silinməsi) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi ilə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1543/2023 nömrəli, 06 iyul 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Tərəflər arasında “qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqısatqısı” müqavilə bağlanmış, həmin müqaviləyə əsasən, cavabdeh iddiaçını təbii qazla təmin etmək, iddiaçı isə, cavabdeh tərəfindən ona ötürülən təbii qazın dəyərini ödəməyi öhdəsinə götürmüşlər. Buna qədər isə tərtib edilmiş xx.xx.2016-ci il tarixli, 090678 saylı, xx.xx.2016-ci il tarixli, ******* saylı və 26 yanvar 2018-ci il tarixli, ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktlara əsasən təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə edilməsi aşkar edilmiş, itirilmiş qazın bərpası üçün hesabat aparılmış və dəymiş ziyan müvafiq olaraq 1728 kub metr, 2544 kub metr və 4226 kub metr müəyyən edilmişdir. Verilən qaz xətti üzrə **********00000 sayla qeydiyyata alınmış abonent koduna 2015-ci il üzrə 354.30 manat, 2016-ci il üzrə 427.20 (172.8+254.4) manat, 2018-ci il üzrə 845.20 manat və 2022-ci il üzrə 9.48 manat borc hesablanmışdır. Hazırda iddiaçı məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən əsassız hesablanmış ünvan 1 ünvanında yerləşən fərdi yaşayış ünvanında yerləşən evə (abonent kodu **********300000) hesablanmış 2049,08 manat borcun silinməsini xahiş edir.

Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Fəraməz oğlu Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən əsassız hesablanmış ünvan 1 ünvanında yerləşən fərdi yaşayış ünvanında yerləşən evə (abonent kodu **********300000) hesablanmış 2049,08 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ailəsi ilə birlikdə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində yaşayır. Bu ünvana cavabdeh təşkilat tərəfindən X-2075 nömrəli müqavilə əsasında qazın alqı-satqısına dair müqavilə əsasında məişət qazı verilmişdir. Evdə bir “iran sobası”, “4 gözlü qaz sobası” movcuddur. Əvvəlcə bu ünvanda oğlu ailəsi ilə birlikdə yaşamış və həmin qaz cihazlarından istifadə etmişdir. Oğlu Nəcəf zərurətlə əlaqədar yaşayış yerini dəyişmiş və həmin ünvana özü köçüb yaşamağa başlamışdır. 2016-cı ildə qaz xəttini kəsərək bildirmişlər ki, cavabdeh təşkilata 1000 manat borc yaranmışdır. Bu borcun 200 manatını ödədikdən sonra ona smart kart verdilər və 2022-ci ilin mart ayına kimi cavabdeh təşkilatla bağladığı müqavilə əsasında qazdan istifadə etmişdir. 2022-ci ilin mart ayında zərurətlə əlaqədar Masallı rayonuna getmiş, rayondan qayıtdıqdan sonra fərdi yaşayış evinə aid olan qaz sayğacının dəyişdirildiyini, onun əvəzinə mexaniki qaz sayğacının qoyulduğunu görmüşdür. Həmin qaz sayğacı işləmədiyi üçün cavabdeh təşkilatı təmsil edən və Mərdəkan qəsəbəsində yerləşən qaz idarəsindəki səlahiyyətli şəxslərə müraciət etdikdən sonra onlar bildirdilər ki. 2049,08 manat borcu vardır. Həmin borcu əsassız hesab edir və bildirir ki, bu borc qaz idarəsini təmsil edən şəxslər tərəfindən subyektiv mülahizələr əsasında yazılmışdır. Bundan başqa hal-hazıra kimi əsassız olaraq borca görə tutmalar davam etdirilir. Abonent kodu **********00000 olmaqla qeydiyyata alınmışdır. "Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları yaşadığı fərdi yaşayış evinin qaz xəttinin, yəni sayğaca qeyri-qanuni istifadə aşkar olunması səbəbindən onun 2049,08 qəpik qaz sərfiyyatına görə borcu yaranmışdır.

4. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1543/2023 nömrəli, 06 iyul 2023-cü il tarixli qətnaməsi ilə (hakim Şeyda Məhərrəmova) iddianın qismən təmin edilməsi, Cavabdeh tərəfindən tərtib edilmiş 26 yanvar 2018-ci il tarixli, ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt əsasında İddiaçı Fəraməz oğluna (abonent kodu **********300000) hesablanmış 422.6 (dörd yüz iyirmi iki manat altı qəpik) manat məbləğində borcun və xx.xx.2016-cı il tarixdə sayğacın işlək vəziyyətdə olmaması səbəbindən G-4 tipli öncədən ödənişli 1502AZ**********11 nömrəli yeni qaz sayğacı ilə əvəz edilməsi nəticəsində istehlakçı - İddiaçı Fəraməz oğluna (abonent kodu **********300000) hesablanmış 867.2 (səkkiz yüz altımış yeddi manat, iki qəpik) manat məbləğində borc olmaqla ümumulikdə 1289,8 (min iki yüz səksən doqquz manat, səksən qəpik) məbləğində borcun silinməsi, iddianın qalan hissədə təmin edilməməsi, 25 (iyirmi beş) manat məbləğində dövlət rüsumunun Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.

5. Məhkəmə gəldiyi nəticəni “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunun 6.2-ci maddəsinə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 6.5-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləninin 14.2, 77.1, 217.3 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

6. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh əməkdaşları tərəfindən hazırlanmış aktlar qanunvericiliyin tələblərinə uyğun hazırlanmışdır və bir nüsxəsi abonentə təqdim edilmişdir və abonentin həmin aktları imza etməkdən imtinası həmin aktların qanunsuz olduğuna dəlalət etmir. Bundan əlavə, əməkdaşları tərəfindən aktlar tərtib olunarkən çəkilən fotoşəkillərdə açıq-aşkar görünür ki, qaz sayğacından kənar qanunsuz olaraq qazxəttinə qoşulma mövcuddur. Təqdim olunmuş sübutlara – yəni aktlara hərtərəfli və tam baxılmayıb və hakim təqdim edilən sübutlar nəzərə almamış və qətnamə qəbul edərkən lazımi qaydada əsaslandırmamışdır. Məhkəmə mülki işi araşdırarkən istehlakçının təbii qazdan istifadə etsə də ödənişin ödənilməməsini və ya istifadə olunmuş təbii qazın nədən qeydə alına bilməməsini araşdırmamışdır. Halbuki bu deyilən meyarlar araşdırlsa abonentin Azəriqaz İB-yə dəymiş ziyanı öz təsdiqini tapmış olardı. Məhkəmə nədənsə iddiaçıdan sübut təqdim edilməsini tələb etməmiş və sübutsuz işə baxaraq əsassız qətnamə qəbul etmişdir. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydadaverilən əsaslandırılmış vəsatəti və ya öztəşəbbüsü ilə ekspertiza təyin edə bilər.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlillər

8. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

9. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

«Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun

10. 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.

11. 13-cü maddəsinin 9-cu bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın

12. 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir.

13. 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır.

14. 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır.

15. 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.

16. 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.

17. 6.5-ci bəndinə əsasən, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

18. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

19. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

20. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

21. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

24. Hazırki halda, cavabdeh apellyasiya şikayətində qətnamənin tam ləğv edilməsini xahiş etdə də, iddia tələbinin təmin edilməməsi hissəsində qətnamə iddiaçı tərəfindən mübahisələndirilmədiyindən qətnamə yalnız iddia tələbinin təmin edilməsi hissəsində yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

25. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayət təmin edilmədən, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1543/2023 nömrəli, 06 iyul 2023-cü il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

26. Belə ki, iş materiallarında olan paylayıcı Cavabdeh İstehsalat Biriliyinin Bakı Regional Qazın Satışı Departamenti ilə istehlakçı Hüseynova Məryam Əli qızı arasında bağlanmış “qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” barədə xx.xx.2019-cu il tarixli, X-2075 saylı müqavilədən görünür ki, həmin müqavilə paylayıcının ünvanına müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməsi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməsi haqqında bağlanılmışdır.

27. İş materiallarında olan paylayıcı Cavabdeh İstehsalat Biriliyinin Bakı Regional Qazın Satışı Departamenti ilə istehlakçı İddiaçı Fəraməz oğlu arasında bağlanmış “qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” barədə xx.xx.2022-ci il tarixli, 03-10739 saylı müqavilədən görünür ki, həmin müqavilə paylayıcının ünvanına müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməsi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməsi haqqında bağlanılmışdır.

28. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ******* nömrəli “qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu” haqqında aktdan görünür ki, istehlakçıya məxsus ünvanda “İtron” tipli “G 4” markalı qaz sayğacı istismar müddəti bitdiyi üçün çıxarılaraq “Mexaniki” tipli qaz sayğacı quraşdırılmışdır.

29. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ******* nömrəli “qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu” haqqında aktdan görünür ki, istehlakçıya məxsus ünvanda “Zenner” tipli “G 4” markalı qaz sayğacı çıxarılaraq “İtron” tipli “G 4” markalı qaz sayğacı quraşdırılmışdır.

30. İş materiallarında olan Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərini Tənimləmə Agentliyi Bakı Filialının 06 oktyabr 2022-ci il tarixli məktubundan görünür ki, sözügedən ünvanda qaz xətti üzərində istismarda olmuş G-4 tipli sonradan ödənişli ******* nömrəli qaz sayğacı xx.xx.2015-ci il tarixdə çıxarılaraq G-4 tipli öncədən ödənişli (smart-kart tipli) 1402AZ**********27 nömrəli yeni qaz sayğacı ilə əvəz edilmiş və müvafiq olaraq "Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında" (bundan sonra - akt) ******* nömrəli akt tərtib edilmişdir. Aktda sayğacın mexaniki göstəricisinin 3353 olduğu qeyd olunmuşdur. Abonent saldosu (fərdi hesab) təhlil edilən zaman ******* nömrəli qaz sayğacı çıxarılanadək 2012-ci ilin fevral, mart, noyabr və dekabr aylarında, 2013-cü ilin mart ayından dekabr ayınadək olan müddətlərdə (sentyabr ayı istisna olmaqla), 2014-cü ilin isə yanvar, fevral, aprel, may və iyul aylarında qaz paylayıcısı tərəfindən istehlakçıya verilən qazın dəyəri qaz sayğacının göstəricilərinə əsasən hesablanmamışdır. Həmçinin sözügedən qaz sayğacı çıxarılan zaman (xx.xx.2015-ci il) mexaniki göstəricisi 3353 olsa da, 2014-cü ilin dekabr ayında 12375, 2015-ci ilin yanvar və fevral aylarında isə müvafiq olaraq 1200 və 2800 olaraq qeyd olunmuşdur. Qeyd olunanlara əsasən qaz paylayıcısı tərəfindən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 5.2-ci bəndinin və həmin Qaydalara əlavə edilmiş (2 nömrəli əlavə) qaz paylayıcısı ile istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin 2.15-ci bəndinin tələbləri pozulmuşdur. Belə ki, qaydaların həmin bəndlərinə uyğun olaraq qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalı ve hər ay istehlakçıya hesab təqdim etməli (göndərməli), istehlakçıya verilen qazın həcminin və dəyərinin, həmçinin istismarda olan qaz qurğularının tam və dəqiq uçotunu aparmalıdır. 2015-ci ilin mart ayında quraşdırılmış G-4 tipli öncədən ödənişli 1402AZ**********27 nömrəli qaz sayğacı xx.xx.2016-cı il tarixdə sayğacın işlək vəziyyətdə olmaması səbəbinden G-4 tipli öncədən ödənişli 1502AZ**********11 nömrəli yeni qaz sayğacı ile əvəz edilmiş ve müvafiq olaraq ******* nömrəli akt tərtib edilmişdir. Çıxarılan sayğacın mexaniki göstəricisi (2304) əsasında hesablanmış 230.40 manat məbləğində qazın dəyəri istehlakçının fərdi hesabına (abonent saldosu) əlavə edilmiş və nəticədə istehlakçının hesabında 867.2 manat məbləğində borc yaranmışdır. 2016-cı ilin may ve noyabr, 2018-ci ilin isə yanvar ayında qeyd olunan ünvanda qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma hallarının aşkar edilməsi səbəbindən Cavabdeh Bakı Regional Qazın Satışı Departamenti tərəfindən qanunsuz xətlər qazpaylayıcı şəbəkədən ayrılmış ve sözügedən tarixlər üzrə müvafiq olaraq 172.8 manat, 254,4 manat ve 845,2 manat məbləğlərində dəymiş zərər hesablanmışdır. Araşdırma materiallarına əsasən 2016-cı ilin may və 2018-ci ilin yanvar aylarında qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma hallarının aşkarlandığı zaman tərtib edilmiş 090678 ve ******* nömrəli Təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktlara əlavə edilmiş foto çəkilişlərin eyni tarixdə çəkildiyi müəyyən edilmişdir. Qeyd olunanlara əsasən qaz paylayıcısı tərəfindən dəymiş zərərin hesablanması zamanı səhvə yol verilerek qaydaların 5.2-ci bəndinin tələbləri pozulmuşdur. Həmin Qaydaların 5.2-ci bəndinə uyğun olaraq istehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Göstərilənləri nəzərə alaraq, sözügedən ünvanda qaz xətti üzərində istismarda olmuş G-4 tipli sonradan ödənişli ******* nömrəli qaz sayğacı çıxarılanadək (xx.xx.2015-ci ) 2012-ci ilin fevral, mart, noyabr və dekabr aylarında, 2013-cü ilin mart ayından dekabr ayınadək olan müddətlərdə (sentyabr ayı istisna olmaqla). 2014-cü ilin isə yanvar, fevral aprel, may ve iyul aylarında qaz sayğacının göstericilərinə əsasən hesablanmamış qazın deyerine, eyni zamanda 2016-cı ilin may va noyabr. 2018-ci ilin ise yanvar ayında qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma hallarının aşkarlaması nəticəsində hesablanmış dəymiş zərərlərə qanunvericiliyin tələblərinə uyğun olaraq yenidən baxılması və nəticəsi barədə Agentliyin Bakı filialına məlumat verilməsi üçün İB-ə xx.xx.2022-ci il tarixli AERA 20-3208/22 nömrəli məktubla sorğu göndərilmişdir. İB-nin Bakı Regional Qazın Satışı Departamentinin xx.xx.2022-ci il tarixli cavab məktubunda məsələyə dair tərəflər arasında qarşılıqlı anlaşmanın əldə edilməsi mümkün olmadığı halda qaz paylayıcısı ilə istehlakçı arasında bağlanmış qazın alqı-satqısı müqaviləsinin 5.2-ci bəndinə əsasən tərəflərin məhkəməyə müraciət edə biləcəkləri və hal-hazırda işin məhkəmə qaydasında mübahisələndirilmə ərəfəsində olduğu bildirilmişdir. Qeyd olunanlar qaydalara uyğun olaraq istehlakçı (İddiaçı) ilə qaz paylayıcısı arasında bağlanmış xx.xx.2022-ci il tarixli 03-10739 nömrəli qazın alqı-satqısı müqaviləsinin 5.2-ci bendine esasən məsələnin həll olunması üçün İB-a qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququnu istisna etmir.

31. İş materiallarında olan xx.xx.2016-ci il tarixli, 090678 saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın surətindən görünür ki, abonent sayğacdan kənar “rezin” boru ilə qazdan istifadə edir. İtirilmiş qazın bərpası üçün hesabat aparılmış, dəymiş ziyan 1728 kub metr müəyyən edilmişdir.

32. İş materiallarında olan xx.xx.2016-ci il tarixli, ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın surətindən görünür ki, dəfələrlə kənar xəttin kəsilməsinə baxmayaraq abonent sayğacdan kənar təbii qazdan istifadə edir. İtirilmiş qazın bərpası üçün hesabat aparılmış, dəymiş ziyan 2544 kub metr müəyyən edilmişdir.

33. İş materiallarında olan 26 yanvar 2018-ci il tarixli, ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın surətindən görünür ki, abonent sayğacdan kənar xətlə təbii qazdan qeyri-qanuni istifadə edir. İtirilmiş qazın bərpası üçün hesabat aparılmış, dəymiş ziyan 4226 kub metr müəyyən edilmişdir.

34. İş materiallarında olan abonentin saldosundan görünür ki, verilən qaz xətti üzrə **********00000 sayla qeydiyyata alınmış abonent koduna 2015-ci il üzrə 354.30 manat, 2016-ci il üzrə 427.20 (172.8+254.4) manat, 2018-ci il üzrə 845.20 manat və 2022ci il üzrə 9.48 manat borc hesablanmışdır.

35. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, 2018-ci il üzrə tərtib edilmiş akta əsasən dəymiş ziyan 4226 kub metr müəyyən edilmiş, lakin ödənilməli olan məbləğ 845.20 manat hesablanmışdır. Halbuki həmin məbləğ 422.6 manat müəyyən edilməli idi.

36. Belə ki, müəyyən edilmiş dəymiş ziyan, yəni 4226 kub metr, Azərbaycan Respublikasının Tarif Şurası tərəfindən tənzimlənən tarifə əsasən 0.10 qəpiyə vurulmalıdır. Bu zaman iddiaçı tərəfindən cavabdehə dəymiş zərərin 422.6 manat məbələğində olması müəyyən edilir.

37. Qanunvericiliyin yuxarıda istinad edilən normalarının tələbi baxımından iş üzrə sayğacdan kənar istifadə nəticəsində qaz itkisinin yaranması cavabdeh tərəfindən sübuta edilməlidir. Cavabdeh tərəf isə itirimiş qazın dəyərini 845.20 manat hansı əsasla hesablaması barədə hər hansı sübut təqdim etməmişdir.

38. Belə olan halda məhkəmə haqlı olaraq hesab etmişdir ki, cavabdeh tərəfindən artıq hesablanmış 422.6 manat 845.20 manatdan çıxılmalı və əsassız hesablanmış 422.6 manat silinməlidir.

39. Bundan başqa iş materilları ilə müəyyən edilmişdir ki, 2015-ci ilin mart ayında quraşdırılmış G-4 tipli öncədən ödənişli 1402AZ**********27 nömrəli qaz sayğacı xx.xx.2016-cı il tarixdə sayğacın işlək vəziyyətdə olmaması səbəbinden G-4 tipli öncədən ödənişli 1502AZ**********11 nömrəli yeni qaz sayğacı ilə əvəz edilmiş və müvafiq olaraq ******* nömrəli akt tərtib edilmişdir. Çıxarılan sayğacın mexaniki göstəricisi (2304) əsasında hesablanmış 230.40 manat məbləğində qazın dəyəri istehlakçının fərdi hesabına (abonent saldosu) əlavə edilmiş və nəticədə istehlakçının hesabında 867.2 manat məbləğində borc yaranmışdır.

40. Halbuki Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir.

41. Həmçinin nəzərə alınmalıdır ki, qanunvericiliyin tələbi baxımından borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır.

42. Lakin hazırkı işin hallarından göründüyü kimi, iddiaçıya hesablanmış 867.2 manat borc əsassız olmuşdur. Belə ki, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, təchiz edilir, quraşdırılır və dəyişdirilir. Eləcə də cavabdeh tərəf həmin borcun yaranma əsası barədə hər hansı sübut təqdim edə bilməmişdir.

43. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı yoxlanılan hissədə təmin edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətində qeyd edilənlər formal mülahizələr olmaqla yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.

44. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar ödənilən məsrəflərdən ibarətdir.

45. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

46. Kollegiya hesab edir ki, hazırkı halda apellasiya şikayəti təmin edilmədiyindən iş üzrə apellyator tərəfindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyator özünə aid edilməlidir

47. Məhkəmə kollegiyası həmçinin izah edir ki, cavabdehin apellyasiya şikayəti ilə mübahisələdirdiyi hissə 5000 manatdan az olduğundan Azərbaycan Respublikası MPM-in 402-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz.

48. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1543/2023 nömrəli, 06 iyul 2023-cü il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu Cavabdehnə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar