Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-557/2021 28.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “təbii qazdan istifadəyə görə yaranmış borcun ödənilməsi tələbinə dair” 2(003)-45/2020 saylı mülki iş üzrə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 04.06.2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “təbii qazdan istifadəyə görə yaranmış borcun ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, təbii qazdan istifadəyə görə yaranmış 19155,57 manat məbləğində əsas borcun, 30 manat məbləğində dövlət rüsumunun, ümumilikdə 19185,57 manat məbləğində borcun Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh İddiaçı Bakı X2 Departamentində qeydiyyatda olmaqla 15.04.2016-cı il tarixli, ***-**-** nömrəli müqavilə əsasında fasiləsiz təbii qazdan istifadə edir. Həmin ünvana İddiaçı Bakı X2 Departamenti tərəfindən **********00072 saylı hesab nömrəsi verilmişdir. Qeyd olunan ünvanda fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində G-6T markalı 28195917 nömrəli qaz sayğacı quraşdırılmışdır. Cavabdeh sayğacdan kənar qaz xətti vasitəsilə, təbii qazdan qeyri-qanuni istifadə etmişdir. Təbii qazdan qeyri-qanuni istifadə halı ilə bağlı olaraq, İddiaçı İB-nin nümayəndələri tərəfindən bir neçə dəfə akt tərtib edilmişdir. Belə ki, Cavabdeh 21.11.2016-cı il tarixli, ******* saylı akt əsasında 1036,8 manat, 03.02.2017-ci il tarixli, ******* saylı akt əsasında 1776 manat, 04.11.2017-ci il tarixli, ******* saylı akt əsasında 489,6 manat, 30.01.2018-ci il tarixli, ******* saylı akt əsasında 1262 manat, 15.03.2018-ci il tarixli, ******* saylı akt əsasında 1056 manat, cəmi 5620,4 manat İddiaçı İB-yə ziyan vurmuşdur. Cavabdeh onunla bağlanmış “Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə” müqavilənin müvafiq bəndlərini pozmaqla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Hal-hazırda cavabdehin təbii X1nı pozduğuna görə 19155,57 manat debitor borcu qalmışdır. Belə ki, müqavilənin 2.3.2-ci bəndinə əsasən istehlakçı “X1”nın tələblərinə əməl etməlidir. Müqavilənin 3.4-cü bəndinə əsasən, hesab istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən sonra bir ay müddətində istehlakçı tərəfindən bank və ya poçt şöbələri vasitəsi ilə tam ödənilməlidir. Azərbaycan Respublikası Prezidentinin “Əhalinin təbii qazdan istifadə üzrə yaranmış borclarının silinməsi tədbirləri barədə” 29 dekabr 2009-cu il tarixli, 207 saylı Fərmanının 3-cü bəndində göstərilir ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti təbii qazın dəyərinin tam həcmdə və vaxtında istehlakçılardan yığılması üçün zəruri tədbirlər görsün. Azərbaycan Respublikası Prezidentinin “Əhalinin və iqtisadiyyatın enerjidaşıyıcıları ilə təminatının yaxşılaşdırılması tədbirləri haqqında” 29 iyun 2000-ci il tarixli, 356 saylı Fərmanının 9-cu bəndində qeyd olunur ki, İddiaçı təbii qaz üzrə ödənişlərin tam yerinə yetirilməsi üçün şəhər(rayon) icra hakimiyyəti orqanları ilə birlikdə təxirəsalınmaz tədbirlər həyata keçirsinlər. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 04.06.2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh İddiaçı xeyrinə 480 (dörd yüz səksən) manat məbləğində borcun və ödənilmiş dövlət rüsumuna görə 0,75 (yetmiş beş qəpik) manat məbləğində pul vəsaitinin tutulması, iddia tələbinin qalan hissədə rədd edilməsi qət olunmuşdur. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin iddianın rədd olunmuş hissəsində ləğv edilməsini, iddia tələbinin tam təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı 15.04.2016-cı il tarixli, ***-**- ** saylı “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilə əsasında Cavabdeh məxsus istixananı təbii qazla təchiz edir. Həmin ünvana İddiaçı İB-nin Bakı X2 Departamenti tərəfindən **********00072 nömrəli abonent kodu verilmişdir. Qeyd olunan ünvanda istixananı təbii qazla təchiz edən qaz xəttinin üzərində qaz sayğacı quraşdırılmışdır. Lakin cavabdeh müqavilənin 2.3.2. yarımbəndinin və “X1”nın 6.5-ci bəndinin tələblərini pozaraq, istifadəsinə verilmiş sayğacdan əvvəl özbaşına olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. İddiaçı İB-nin işçiləri tərəfindən Birliyin balansında və istismarında olan küçə qaz xətlərinə, eləcə də cavabdehin fərdi yaşayış evində quraşdırılmış qaz sayğacına baxış keçirilərkən qaz xəttinə özbaşına qoşulmaqla cavabdehin təbii qazdan qeyri-qanuni istifadə halı aşkar olunaraq aktlaşdırılmış və bu halı təsbitləyən fotolar çəkilmişdir. Qeyd olunan faktlarla bağlı Birliyin işçiləri tərəfindən “Təbii X1n pozulması haqqında” aktlar tərtib edilmişdir. Belə ki, 21.11.2016-cı il tarixli, ******* saylı akta əsasən 1036,80 manat, 03.02.2017-ci il tarixli, ******* saylı akta əsasən 1776 manat, 14.11.2017-ci il tarixli, ******* saylı akta əsasən 489,60 manat, 30.01.2018-ci il tarixli, ******* saylı akta əsasən 1262,4 manat, 15.03.2018ci il tarixli, ******* saylı akta əsasən 1056 manat, 17.01.2020-ci il tarixli, ******* saylı akta əsasən 806,40 manat, 28.02.2020-ci il tarixli, ******* saylı akt əsasında 864 manat, 03.03.2020-ci il tarixli, ******* saylı akt əsasında 86,44 manat, 30.04.2020-ci il tarixli, ******* saylı akt əsasında 864 manat, cəmi 8241,6 manat İddiaçınə ziyan dəymişdir. Bundan öncə cavabdehin 01.01,2016-cı il tarixə 13534,77 manat borcu var idi. İtirilmiş təbii qazın bərpası məqsədi ilə istehlakçıya istifadə etdiyi standart qaz cihazları üçün onların pasportunda göstərilmiş saatlıq maksimal qaz sərfiyyatına uyğun olaraq 21776,37 manat məbləğində dəymiş ziyan hesablanmışdır. Cavabdehə Birliyin nümayəndələri tərəfindən 21776,37 manat pul məbləğinin könüllü ödənilməsi təklif edilmiş, əks təqdirdə müvafiq qaydada məhkəməyə müraciət ediləcəyi və dəymiş zərərdən əlavə məhkəmə xərclərinin də ondan tələb ediləcəyi izah edilmişdir. Cavabdeh tərəfindən dəymiş ziyanla bağlı heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Qeyd olunanlarla bağlı Xəzər Rayon Məhkəməsinə müraciət edilmişdir . Xəzər Rayon Məhkəməsinin qərarı ilə qiyabi qaydada Birliyin iddiası təmin edilmişdir. Vətəndaş sonradan müraciət edərək qiyabi qətnanmənin ləğvi və iddia icraatına keçməsini xahiş etmiş, məhkəmə isə qəbul etmişdir. Məhkəmə qətnaməsində qeyd edilmişdir ki, iddiaçı tərəf məhkəmə araşdırması zamanı borcun hansı qaydada və əsasla hesablanması ilə bağlı sübutları məhkəməyə təqdim edə bilməmişdir. Bununla bağlı qeyd edirlər ki, cavabdehin qanunsuz xətdən istifadəsi ilə bağlı fotoşəkillər və dəymiş ziyan aktları məhkəməyə təqdim edilmişdir. Eyni zamanda ekspert rəyi ilə də sübut olunmuşdur ki, cavabdeh nəinki 2017-ci ildə, hətta məhkəmə müddətində də qanunsuz xətdən istifadə edərək fərdi istixana fəaliyyəti ilə məşğuldur. Həmçinin, cavabdehin 2010-2020-ci il tarixlərdə cəmi 300 manat ödəniş etməklə təbii qazdan hansı formada istifadə etdiyini məhkəmə ümumiyyətlə araşdırmamışdır. Xəzər Rayon Məhkəməsi danılmaz bu faktlar qarşısında Birliyin iddia tələbini qismən təmin etmişdir. Həmçinin, Birlik tərəfindən istehlakçının təbii qazdan qanunsuz istifadə etməsini sübut edən foto şəkillər və aktlar məhkəməyə təqdim olunmasına baxmayaraq bunu sübut kimi qiymətləndirməmiş və cavabdehin özünü müdafiə xarakterli çıxışlarına qiymət verərək Birliyin iddiasını rədd etmişdir. Qətnamədə öz əksini tapan ekspet rəyində sübut olunur ki, məhkəmə müddətində də cavabdeh təbii qazdan rezin boru vasitəsi ilə istifadə edir. Hətta ekspertin çəkdiyi şəkillərə baxanda da aydın görünür ki, qaz xətti istixanaya gedir. Belə olan halda məhkəmə nə ekspertin rəyini, nə İddiaçı İB-nin təqdim etdiyi və ekspert rəyi ilə də sübut olunan materiallarını qəbul etmir və məhkəmə müddətində baş verən qanunsuz istifadəni nəzərə almayaraq cavabdehin özünü müdafiə xarakterli dediyi illər öncə 20 gün qazdan qanunsuz istifadə etdiyini ancaq qəbul edir və cəmi 480 manat təmin edir. Bu qərar həqiqətən ədalətsiz və bir tərəflidir. Bu qərarla istixana sahibinin qanunsuz əməlinə haqq qazandırılır, lakin Birliyin haqlı mənafeyi tapdalanır. İddiaçı İB-yi tərəfindən tələb olunan məbləğ qanuni və əsaslıdır. Birlik hesab edir ki, istehlakçı qazın alqı-satqısı barədə müqavilənin müvafiq bəndlərini pozmaqla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir və belə olan halda öhdəlikləri icra etmədiyi və pozduğu üçün məsuliyyət daşımalıdır. Birinci instansiya məhkəməsinin hakimi işə birtərəfli, qərəzli və qeyri-obyektiv baxmışdır. Birincisi, cavabdeh iş materiallarına əlavə edilmiş foto şəkillərdən də aydın şəkildə görünür ki, cavabdehin mənzilində olan istixanasına şlanq vasitəsi ilə qanunsuz xətt daxil olur, ikincisi, məhkəmə işi obyektiv araşdırsa idi ən azından cavabdeh tərəfindən 2010-cu il tarixdən 2020-ci il tarixdən 300 manat ödəniş aparıldığını müəyyən edərdi. Cavabdehin 10 ildir 300 manat ödəniş etməklə təbii qazdan hansı formada istifadə etdiyini məhkəmə ümumiyyətlə araşdırmamışdır. Bununla yanaşı istehlakçının sayğacdan kənar istifadədən başqa sayğac üzrə faktiki istifadə edib dəyərini ödəmədiyi borcunu da məhkəmə silmişdir. Beləki cavabdehin 21776,37 manat borcdan cəmi 9252,97 manat borcu akt üzrədir, qalan 12523,40 manat borc sırf sayğac üzrə yaranan borcdur. Borcun çox, ödənişin az olması ilə bağlı İddiaçı İB-yi dəfələrlə cavabdehin qaz təminatını dayandırmış, lakin bu zamanda sayğacda kənar təbii qazdan istifadə etdiyi üçün akt üzrə də borcları yazılmışdır. Bu kimi hallar qaz paylayıcını ziyana salmaqla yanaşı istehlakçılar arasında intizamsılıq yaradar. Belə ki, bir qrup şəxs istifadə etdiyi qaza görə pul ödədiyi halda bu kimi şəxslər isə pul ödəmədən qazan qeyri-qanuni istifadə etmiş, sonda isə məhkəmə onun borcunu silmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, tərəflər iclasda iştirak etməmiş və bunun səbəblərini bildirməmişlər. Kollegiya işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Birinci instansiya məhkəməsi iş üzrə tədqiq edilmiş sübutlar əsasında müəyyən etmişdir ki, İddiaçı Bakı X2 Departamenti ilə Cavabdeh arasında «Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə» 15.04.2016-cı il tarixdə 40204-16 saylı müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən iddiaçı öz üzərinə cavabdehə kifayət həcmdə təbii qaz vermək, cavabdeh isə istifadə etdiyi qaz üçün müvafiq məbləğdə və müəyyən olunmuş qaydada ödəməni həyata keçirmək öhdəliyini götürmüşdür. İş materiallarına əlavə edilmiş abonent saldosunun surətindən görünür ki, Cavabdeh verilən qaz xətti üzrə abonent kodu **********00072 sayla qeydiyyata alınmışdır. İddiaçı İB tərəfindən Cavabdeh 21.11.2016-cı il tarixli, ******* saylı, 03.02.2017ci il tarixli, ******* saylı, 04.11.2017-ci il tarixli, ******* saylı, 15.03.2018-ci il tarixli, ******* saylı aktlar tərtib edilmiş, həmin aktlar əsasında müvafiq olaraq 10368 m3, 8880 m3, 2448 m3, 5280 m3 qanunsuz qaz sərfi göstərilmişdir. İddiaçı 21.11.2016-cı il tarixli, ******* saylı aktı əsasında 1036,8 manat, 04.11.2017-ci il tarixli, ******* saylı aktı əsasında 489,6 manat, 30.01.2018-ci il tarixli, ******* saylı aktı əsasında 1262 manat, 15.03.2018-ci il tarixli, ******* saylı akt əsasında 1056 manat məbləğində itirilmiş qazın dəyəri hesablanmışdır. İşə məhkəmə iclasında baxılması zamanı, cavabdeh 2017-ci ilin qışında 20 gün qeyri-qanuni olaraq təbii qazdan istifadə etməsini bildirərək, iddia tələbini yalnız həmin hissədə qəbul etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 19 mart 2020-ci il tarixli ekspert rəyinə əsasən ünvan 3 ünvanına baxış keçirilən zaman müəyyən edilmişdir ki, fərdi yaşayış evini təbii qaz ilə təmin edən İddiaçı İB-yə məxsus 108 mm-lik ümumu paylayıcı qaz xəttinə 20 mmlik rezin boru ilə əlavə qoşulma vardır. Lakin mülki iş materiallarında 108 mm-lik qaz xəttinin təbii qazla təmin etdiyi qaz işlədicilərin iş rejimi (işləmə müddətləri) və həmin xəttin hansı təzyiqdə olması barədə məlumatların olmadığına görə İddiaçı İB-yə vurulmuş ziyanın müəyyən edilməsi üzrə tədqiqat aparmaq mümkün olmamışdır. Birinci instansiya məhkəməsi cavabdehin 20 gün qeyri-qanuni olaraq təbii qazdan istifadə etməsi barədə izahatını əsas götürərək hesab etmişdir ki, 03 fevral 2017-ci il tarixli akt əsasında təbii qazdan qeyri-qanuni istifadəyə görə hesabat müddəti 74 gün qəbul edilməklə hesablanmış 8880 m3 qaz sərfinin hesabat müddəti 20 gün qəbul edilməklə 2400 m3 müəyyən olunmalı və buna əsasən yalnız həmin akt üzrə hesablanmış 480 (dörd yüz səksən) manat məbləğində borc cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini qaz sayğacı vasitəsi ilə istifadə edilmiş və ödənilməmiş təbii qazın dəyəri kimi tələb edilən 13535,17 manat borcun tutulması hissəsində təmin etməməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmiş olsa da, cavabdehdən iddiaçının xeyrinə təbii qazdan qeyri-qanuni istifadə halı ilə bağlı tərtib edilmiş 21.11.2016-cı il tarixli, ******* saylı, 03.02.2017-ci il tarixli, ******* saylı, 04.11.2017ci il tarixli, ******* saylı, 30.01.2018-ci il tarixli, ******* saylı və 15.03.2018-ci il tarixli, ******* saylı aktlar üzrə tələb olunan 5620,4 manat vəsaitin 480 manat hissəsində iddianı qismən təmin etməklə yalnış qənaətə gəlmişdir. Belə ki, birinci instansiya məhkəməsində və apellyasiya baxışında iş üzrə keçirilmiş məhkəmə mühəndis-texniki ekspertizasının 19 mart 2020-ci il tarixli, 3068 nömrəli və 22 yanvar 2021-ci il tarixli, 10/3611 nömrəli rəylərindən görünür ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evini təbii qaz ilə təmin edən İddiaçınə məxsus 108 mm-lik ümumi paylayıcı qaz xəttinə 20 mm-lik rezin boru ilə əlavə qoşulma olmuşdur. Mülki iş materiallarında 108 mm-lik qaz xəttinin təbii qazla təmin etdiyi qaz işlədicilərinin iş rejimi (işləmə müddətləri) və həmin xəttin hansı təzyiqdə olması barədə məlumatların olmadığına görə İddiaçınə olan borcun müəyyən edilməsi və düzgün hesablanıbhesablanmaması barədə tədqiqat aparmaq mümkün olmamışdır. Birinci instansiya məhkəməsində məhkəmə baxışı zamanı cavabdeh 2017-ci ilin qışında 20 gün qeyriqanuni olaraq təbii qazdan istifadə etməsini bildirərək, iddia tələbini yalnız həmin hissədə qəbul etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehə məxsus ünvanda təbii qazdan qeyriqanuni istifadə halı ekspertiza rəyləri və cavabdehin qismən etirafı ilə təsdiq olunduğundan iddiaçı bununla bağlı tərtib edilmiş aktlar üzrə itirlimiş qazın dəyərini tələb etməkdə haqlı olmuşdur. Lakin həmin aktlar üzrə itirilmiş qazın dəyərinin hesablanmasına dair hesabat müddətinin 30 gündən artıq müəyyən edilməsi ağlabatan deyil və real hesab edilə bilməz. İddiaçı tərəfindən hesabat dövrünün həmin müddətə hesablanması da əsaslandırılmamışdır. Qeyd edilən aktlarda 30 gündən artıq hesablanmış müddətin aktın tərtib edildiyi tarixdən əvvəlki 30 gün üçün nəzərə alınması qanuni hesab edilməlidir. Birinci instansiya məhkəməsinin 03.02.2017-ci il tarixli akt üzrə hesabat müddətini 30 gündən daha az 20 gün qəbul etməsi və bu müddətə uyğun qaz sərfiyyatını müəyyən etməsi cavabdehin izahatından başqa heç bir mötəbər sübutla təsdiq edilmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.05.2011-ci il tarixli, 80 №-li Qərarı ilə təsdi edilmiş “X1”nın 5.5-ci bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin 4-cü bəndinə əsasən paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə, Qaz paylayıcısı aşağıdakı hallarda qazın verilməsini dayandıra bilər. Qanunvericilik aktlarının yuxarıda göstərilən tələblərindən göründüyü kimi istehlakçıya hər ay qazın sərfiyyatı ilə bağlı hesabat təqdim edilir və istehlakçı həmin hesabatı bir ay ərzində ödəmədikdə, paylayıcı qazın verilməsini dayandıra bilər. Qanunun bu müddəasından irəli gələn tələbləri nəzərə alaraq məhkəmə belə nəticəyə gəlmişdir ki, qaz paylayıcısının əməkdaşları hər ay iddiaçının sayğacına baxış keçirib müvafiq hesabatı ona təqdim etməlidirlər. İddiaçı təşkilat tərəfindən tərtib edilmiş aktlar üzrə itirilmiş qazın bərpası ilə bağlı dəymiş ziyanın hesablanması ilə bağlı hesabat dövrünün 30 gündən çox götürülməsi hər hansı normativ akta əsaslanmır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, 21.11.2016-cı il tarixli akt üzrə 432 manat (6x24x30=4320m3); 03.02.2017-ci il tarixli akt üzrə 720 manat (6x20x30=3600m3); 04.11.2017-ci il tarixli akt üzrə 432 manat (6x12x30=2160 m3); 30.01.2018-ci il tarixli akt üzrə 720 manat (6x20x30=3600m3) və 15.03.2018-ci il tarixli akt üzrə 720 manat (6x20x30=3600), cəmi 3024 manat itirlmiş qazın dəyəri cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21.2- ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “X1”nın 6.5-ci bəndinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı apellyasiya şikayətində hazırkı iddia ərizəsinin əsası olmayan əlavə aktlara da (17.01.2020-ci il tarixli, ******* saylı, 28.02.2020ci il tarixli, ******* saylı, 03.03.2020-ci il tarixli, ******* saylı, 30.04.2020-ci il tarixli, ******* saylı) istinad edərək qanunsuz qoşulma nəticəsində cəmi 8241,6 manat zərər dəydiyini göstərmişdir. Həmin aktlar və onlara görə hesablanmış qazın itirilmiş dəyəri hazırkı iddianın əsasını və predmetini təşkil etmədiyindən baxılan mülki iş çərçivəsində apellyasiya şikayətinin bu dəlilinə qiymət verilə bilməz. Məhkəmə kollegiyası cavabdehdən ödənilməmiş təbii qazın dəyəri kimi tələb edilən 13535,17 manat borcun tutulmasına dair apellyasiya şikayətinin dəlillərini əsaslı saymır. Belə ki, iddiaçı həmin borcun 2016-cı ilə kimi yarandığını bildirsə də, bu borcun yaranması əsaslarını təsdiq edən mötəbər sübutları təqdim edə bilməmişdir. Abonentin qeyd edilən dövrədək həmin məbləğdə borcunu ödəmədiyi halda onun ünvanına fasiləsiz qaz təchizatının davam etməsi, qaz paylayıcı tərəfindən qaz təchizatının dayandırılmaması belə bir borcun mövcud olmasını inandırıcı etmir. Ona görə də birinci instansiya məhkəməsinin iddia tələbinin həmin hissədə təmin olunmaması barədə gəldiyi nəticə qanuni və əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarına görə proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31.01.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Qeyd edilənlərə əsasən, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehdən iddiaçının xeyrinə təbii qazdan qeyri-qanuni istifadə ilə bağlı tərtib edilmiş 21.11.2016-cı il tarixli, ******* saylı, 03.02.2017-ci il tarixli, ******* saylı, 04.11.2017-ci il tarixli, ******* saylı, 30.01.2018-ci il tarixli, ******* saylı və 15.03.2018-ci il tarixli, ******* saylı aktlar üzrə itirilmiş qazın dəyərinin tutulmasına dair iddianın qismən təmin edilən və rədd olunan hissələrində ləğv edilməli, iddia tələbi həmin hissədə qismən təmin edilməli, cavabdehdən iddiaçının xeyrinə 3024 manat itirilmiş qazın dəyəri tutulmalı, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 04.06.2020-ci il tarixli, 2(003)-45/2020 saylı qətnaməsi - cavabdehdən iddiaçının xeyrinə təbii qazdan qeyri-qanuni istifadə halı ilə bağlı tərtib edilmiş aktlar üzrə itirilmiş qazın dəyərinin tutulmasına dair iddianın qismən təmin edilən və rədd olunan hissələrində ləğv edilsin. İddia tələbi həmin hissədə qismən təmin olunsun. Cavabdeh İddiaçı xeyrinə təbii qazdan qeyri-qanuni istifadə ilə bağlı tərtib edilmiş 21.11.2016-cı il tarixli, ******* saylı, 03.02.2017-ci il tarixli, ******* saylı, 04.11.2017-ci il tarixli, ******* saylı, 30.01.2018-ci il tarixli, ******* saylı və 15.03.2018-ci il tarixli, ******* saylı aktlar üzrə 3024 (üç min iyirmi dörd) manat itirilmiş qazın dəyəri və ödənilmiş dövlət rüsumuna görə 4,71 (dörd manat yetmiş bir qəpik) manat pul vəsaiti tutulsun. İddia tələbi qalan həmin hissədə təmin olunmasın. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-557/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-557/2021
28.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver