Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-557/2022 16.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi ilə, İddiaçı vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Bakı şəhəri 14 saylı Notariat Ofisinə, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X6 və X2 qarşı "kredit müqaviləsinin etibarsız hesab edilməsi" tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 2411/2020 saylı, 02 sentyabr 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1 və Bakı şəhəri 14 saylı Notariat Ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 onunla bağladığı 10 yanvar 2018-ci il tarixli kredit müqaviləsinin və X3 və X7 arasında bağladığı 24.01.2018-ci il tarixli ipoteka müqavilələrinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə 2018-ci ilin yanvar ayında "xxxx" (hazırkı adı NEPTUN) Şirkətinin direktoru Cavabdeh1 arasındakı razılaşmaya əsasən iddiaçı onun rəhbərlik etdiyi "xxxx" şirkətindən malları alıb Bərdə və Bərdə ətrafı rayonlarda satışı üçün ticarət obyektlərinə paylamalı və ümumi satışdan əldə edilən vəsaitin 10 faizi nağd bonus kimi, əlavə olaraq 5 faiz bonusun əvəzində isə satış üçün gələn mallardan verilməli idi. Bərdə və Bərdə ətrafı rayonlara malların satışı yalnız iddiaçının vasitəsilə həyata keçirilməli idi. Tərəflər arasında olan razılaşmanı pərdələmək məqsədilə Cavabdeh1 tərəfindən iddiaçıya aralarında formal olaraq kredit müqaviləsi bağlanması təklif edildi və bildirildi ki, narahat olmasın, bu müqavilə formal xarakter daşıyır. Bundan sonra 10 yanvar 2018-ci ildə Cavabdeh1 təklifi ilə digər əqdi pərdələmək məqsədilə tərəflər arasında kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsinin şərtlərində qeyd edilmişdir ki, iddiaçıya guya Cavabdeh1 100.000 (bir yüz min) manat borc alır və həmin borcun təminatı olaraq da X7 və X3 arasında ipoteka müqavilələri bağlanmışdır. Əslində isə İddiaçı Cavabdeh1 100.000 manat borc almamışdır. Bu müqavilənin məqsədi əslində "xxxx", sonradan adı dəyişmiş "xxxx" Şirkətindən satış məqsədilə alacağı malların ödənişinin təminatı olaraq bağlanmışdır, yəni digər əqdi pərdələmək məqsədilə. İddiaçı Cavabdeh1 rəhbərlik etdiyi şirkətlə əməkdaşlığa başladılar və bir müddət əməkdaşlıqları davam etdi. Lakin sonradan tərəflər arasındakı sövdələşmə Cavabdeh1 tərəfindən pozularaq Bərdə və Bərdə ətrafı rayonlara malların satışı iddiaçıdan başqa şəxslərə də həvalə edildi. Buna görə də iddiaçı ilə "xxxx" şirkəti arasındakı satış dövriyyəsi aşağı düşdü. Daha sonra keyfiyyətsiz mallar vuruldu və hətta dəfələrlə göndərilmiş mallar keyfiyyəti aşağı olduğu üçün qarşılıqlı razılığa əsasən geri qaytarmalar da olmuşdur. Neptun şirkəti ilə əməkdaşlıqları müddətində fəaliyyətləri qarşılıqlı inama və etimada əsasən davam etmişdir. Bundan sonra işlər zəiflədiyi üçün dəfələrlə qalan malların və ticarət obyektlərinə verilmiş lakin pulu ödənilməmiş satış nöqtələri ilə təhvil-təslim aparılması üçün dəvət olunsa da, bu günədək münasibət bildirilməyib. Lakin, bir neçə gün əvvəl Neptun Şirkəti tərəfindən iddiaçının barəsində Bərdə rayon Polis Şöbəsinə şikayət edilsə də, aralarındakı mal dövriyyəsinin təminatı olaraq 10 yanvar 2018-ci il tarixdə bağlanmış kredit müqaviləsinə istinad edilməmişdir. Əslində isə həmin müqavilə Neptun şirkətindən iddiaçıya göndərilən malların satışı ilə əlaqədar Cavabdeh1 ilə aralarındakı razılaşmanı pərdələmək məqsədilə bağlanmış əqddir. İddiaçı Bərdə rayon Polis Şöbəsinə verilmiş onun barəsində şikayət ərizəsində aralarında bağlanmış 10 yanvar 2018-ci il tarixli kredit müqaviləsinə istinad etmədiyini görəndə Cavabdeh1 tərəfindən aldadıldığını anlayıb məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2411/2020 saylı, 02 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını, iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 03 mart 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilərək Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 02 sentyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş, Cavabdeh1 ilə İddiaçı arasında bağlanmış 10 yanvar 2018-ci il tarixli kredit müqaviləsi, eləcə də X3 və X7 ilə bağlanmış ipoteka müqavilələri etibarsız hesab edilmişdir. Həmin qətnamədən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-4357/2021 saylı, 23 iyul 2021-ci il tarixli qərarı ilə qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan 03 mart 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Kassasiya instansiyası məhkəməsi işi yeni apellyasiya baxışa göndərərkən mövqeyini aşağıdakı kimi əsaslandırmışdır: “Apellyasiya instansiyası məhkəməsi kredit müqaviləsinin başqa əqdi pərdələmək məqsədi ilə bağlanması nəticəsinə gələrkən tərəflərin məhz hansı əqdi pərdələmələrini konkret müəyyən etməmiş və bu istiqamətdə lazımi araşdırma aparmamışdır. İddiaçıya görə mübahisəli kredit müqaviləsi Cavabdeh1 direktoru olduğu "xxxx" şirkətindən Bərdə və Bərdə ətrafı rayonlarda satışının təşkili üçün alacağı malların təminatı kimi bağlanmasını və həmin müqaviləyə əsasən ona hər hansı məbləğdə pul verilməməsini iddia etmişdir. Cavabdeh1 isə kredit müqaviləsində müəyyən olunmuş pul məbləğinin iddiaçıya verilməsini və kredit müqaviləsinin işlədiyi şirkətin fəaliyyəti ilə bağlı olmamasını bildirməklə iddia tələbi ilə razılaşmamışdır. İşdə tərəflərin əmək münasibətlərində olmasını təsdiq edə biləcək heç bir mötəbər sübut yoxdur. Bərdə rayon polis X9 müstəntiqinin işin 128-131-ci səhifələrində olan cinayət işi başlanmasının rədd edilməsi haqqında 03 iyul 2020-ci il tarixli qərarı isə tərəflər arasında məhz hansı əqdin bağlanmasının nəzərdə tutulması və həmin müqavilənin hansı səbəbdən bağlanmaması nəticəsinə gəlmək üçün tam əsas vermir. Belə olan halda, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi (MPM-nin 372.1-ci maddəsi) tərəflərin dəlillərini tam və hərtərəfli araşdırmaqla mübahisəli hüquq münasibətində müəyyənliyin yaranmasını təmin etməli idi. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsi mübahisənin düzgün həllinin təmin edilməsi məqsədi ilə tərəflərə onların həqiqətən də şirkətin fəaliyyəti ilə bağlı hər hansı münasibətdə olmalarını təsdiq edən sübutların təqdim olunmasına (MPM-nin 14.1-ci mad.) şərait yaratmamış, yalnız İddiaçı iddia ərizəsində göstərdikləri əsasında kredit müqaviləsinin yalan əqd olması barədə nəticəyə gəlmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının işin 137-139-cu səhifələrində olan iclas protokolundan görünür ki, iddiaçının nümayəndəsi Vəkil2 məhkəmədə verdiyi izahatında tərəflər arasındakı münasibətlər barədə məlumatsız olmasını və “Sahil Trade” şirkətinin Cavabdeh1 işlədiyi şirkət olmasını bildirmişdir. Cavabdehin nümayəndəsi Vəkil1 isə iddiaçıya biznes fəaliyyəti ilə məşğul olmaq üçün borc verilməsini, Cavabdeh1 "xxxx" şirkətinin icraçı direktoru olmasının müqavilənin etibarsızlığı üçün əsas olmamasını bildirmişdir. Tərəflərin həmin izahatları olduqca səthi olmaqla iş üzrə qəti nəticəyə gəlmək üçün əsas verməməsinə baxmayaraq, məhkəmə kollegiyası tərəflərə suallar verməklə işin həmin hallarının aydınlaşdırılmasına səy göstərməmişdir. Halbuki işin həmin halının aydınlaşdırılması tərəflərin hansı əqdi pərdələmələrini müəyyən etmək üçün mühüm əhəmiyyət daşımışdır. Göstərilənlərlə əlaqədar kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsi səthi yoxlanılmış və qiymətləndirilmiş sübutlar əsasında tərəflər arasında bağlanmış müqavilələrin əhəmiyyətsiz əqd (yalan əqd) olması barədə nəticəyə gəlməklə maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur”. Təkrar apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən İddiaçı vəkili Vəkil2 iddia tələbinin eləcə də apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verməklə izahatında əlavə olaraq bildirdi ki, tərəflər arasında 10 yanvar 2018-ci il tarixli kredit müqaviləsi formal olaraq bağlanmış, həmin müqaviləyə əsasən iddiaçıya hər hansı bir məbləğdə vəsait verilməmişdir, əslində həmin müqavilə tərəflər arasında olan başqa əqdi pərdələmək üçün bağlanmışdır. Təkrar apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak etmiş Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinə etiraz edərək izahatında əlavə olaraq bildirmişdir ki, tərəflər arasında borc münasibətləri olmuşdur, belə ki, Cavabdeh1 iddiaçını 2-3 il əvvəldən tanımış, aralarında başqa işgüzar münasibətlər də olub. Ona görə cavabdeh inanıb iddiaçıya 100 000 manat pul vermişdir, borcun verilməsi iddiaçının biznesinin inkişaf etdirilməsi məqsədi daşımışdır. İddiaçı ilə cavabdeh arasında bağlanmış müqavilə formal xarakter daşımır. İddiaçı öz mövqeyini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Müqavilə faktiki olaraq bağlanılmış, iddiaçıya borc verilmişdir. Müqavilənin təminatı olaraq ipoteka müqaviləsi imzalanmışdır. Onlar pulu tələb etdikdən sonra iddiaçı məhkəməyə müraciət etmişdir. İddiaçıya satmaq üçün mallar Neptun şirkəti tərəfindən verilmişdir. İddiaçının istinad etdiyi tamamilə onun mülahizəsinə əsaslanır. Bu müqavilə 3 il ərzində iddiaçı tərəfindən mübahisələndirilməmişdir. İddiaçı tərəfindən satılması üçün götürülən mallar cavabdehə geri qaytarılıbsa bununla bağlı məhkəməyə sübut təqdim edilməlidir. Mallar Neptun şirkəti tərəfindən verilib. Malların dəyəri çox olub. Müqavilə şifahi və yazılı olub. Tərəflər arasında olan müqavilənin yalan əqdə uyğun olması təsdiq edə biləcək hər hansı sübut yoxdur. İddiaçı iddia ərizəsində qeyd edir ki, müqavilə bağlanan zaman iddiaçının həmin müqavilənin formal xarakter daşıdığını, bununla bağlı hər hansı öhdəlik yaranmayacağını bilirmiş. Ona görə cavabdehlə münasibətlər kəskinləşdikdən sonra müqavilənin etibarsız hesab edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etməli idi. Təkrar apellyasiya baxışı zamanı məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdehlər və müstəqil tələb irəli sürməyən üçüncü şəxslər məhkəmə iclasında iştirak etməmişlər, iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir, kollegiya onların iştirakları olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı və 372.7-ci maddələrinə görə isə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə Kollegiyası ilk olaraq qeyd edir ki, apellyasiya şikayəti qətnamənin ləğv edilməsinə yönəldiyindən qətnamənin qanuniliyi tam yoxlanılmalıdır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, hazırki halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin hüquqi mövqeləri nəzərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Bununla yanaşı nəzərə alınmalıdır ki, “Mülki Prosessual Məcəllənin 420-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 fevral 2012-ci il tarixli qərarında, kassasiya məhkəməsi tərəfindən faktiki və hüquqi cəhətlərdən analoji hallara artıq formalaşmış məhkəmə təcrübəsindən müvafiq səbəblər göstərmədən fərqli yanaşılmasının Konstitusiyanın 60-cı maddəsində təsbit edilmiş məhkəmə müdafiəsi təminatının pozulmasına gətirib çıxara biləcəyi, bu konstitusiya təminatının məhkəmələr tərəfindən qərarların qəbul edilməsində qanunsuzluqdan müdafiəni də ehtiva etdiyi vurğulanaraq aşağıdakılar göstərilmişdir: “Kassasiya məhkəməsi apellyasiya məhkəməsinin qərarını ləğv edərkən, bu məhkəməni işin düzgün həllinə istiqamətləndirərək hüquq normalarını təfsir etməli, buraxılmış səhvlərin mahiyyətinin nədən ibarət olduğunu və qanunun normasının necə başa düşülməli olmasını dəqiq, aydın və inandırıcı formada izah etməlidir. Kassasiya məhkəməsinin qərarında şərh edilən göstərişlərin həmin işə yenidən baxan apellyasiya məhkəməsi üçün məcburiliyi bu göstərişlərin qanuna uyğun və hərtərəfli əsaslandırılmış olmasına əsaslanır. Kassasiya məhkəməsinin məhz bu cür hərtərəfli əsaslandırılmış göstərişlərinin məcburiliyi apellyasiya məhkəməsinin üzərinə işin yeni baxışı zamanı bu göstərişlərə riayət etmək vəzifəsi qoyur. Apellyasiya məhkəməsi tərəfindən kassasiya məhkəməsinin məcburi göstərişlərinə riayət edilməməsi mübahisənin yanlış həllinə və apellyasiya məhkəməsinin qərarına yenidən baxılmasına səbəb ola bilər. Belə olan halda, apellyasiya məhkəməsinin qərarının yenidən baxılmasının əsasını həmin göstərişlərdə qeyd olunan və aradan qaldırılmayan qanun pozuntuları təşkil edir. Bu mənada, MPM-in 407.1.4, 407.2, 408.1.5, 416 və 420-ci maddələrinin müddəaları baxımından kassasiya məhkəməsi işə baxmanın hədlərindən çıxaraq öz mülahizəsi ilə heç bir, o cümlədən hansı halların hansı sübutetmə vasitələri ilə təsdiq və ya inkar edilməsi, işə yenidən baxılarkən hansı sübutların toplanması və araşdırılması, habelə işə yenidən baxan məhkəmənin hansı nəticəyə gəlməli olması haqqında göstəriş verə bilməz. Belə göstərişlərin verilməsi hakimlərin müstəqilliyinə dair konstitusiya prinsipi ilə ziddiyyət təşkil etmiş olar. Kassasiya məhkəməsi belə göstərişlər verdiyi halda, apellyasiya məhkəməsi qanunvericiliyin müvafiq tələblərinə uyğun olaraq, habelə Konstitusiyanın hakimlərin müstəqil, yalnız Konstitusiyaya və qanunlara tabe olduqlarını nəzərdə tutan 127-ci maddəsinin İ hissəsini rəhbər tutaraq, işi öz səlahiyyətləri çərçivəsində həll etməlidir”. İş materiallarında olan Cavabdeh1 ilə İddiaçı arasında bağlanmış Bakı şəhəri 14 saylı notariat kontorunun xüsusi notariusu E.Q.Əliyev tərəfindən təsdiq edilmiş 10 yanvar 2018-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 İddiaçı 100.000 manat borc pul vermişdir. Həmin müqavilənin 2-ci bəndinə əsasən “borc alan” krediti 10.01.2020-ci il tarixədək “borc verənə” qaytarmağı öhdəsinə götürür. İş materiallarında olan ipoteka saxlayan Cavabdeh1, ipoteka qoyan X3 və borc alan İddiaçı arasında bağlanmış, Bərdə regional “ASAN xidmət” mərkəzinin notariat kontorunun xüsusi notariusu M.Ə.Həsənzadə tərəfindən təsdiq edilmiş 24.01.2018-ci il tarixli, 3M- 24/10.01.2018 saylı ipoteka müqaviləsinə əsasən X1 mülkiyyətində olan Bərdə rayonu, Lək kəndində, 0,12 ha torpaq sahəsi ünvanında yerləşən ümumi sahəsi 34,5 kv.m, yaşayış sahəsi 16,3 kv.m, yardımçı sahəsi 18,2 kv.m olan 1 otaqlı fərdi yaşayış evi və 0,12 ha torpaq sahəsi (10.01.2018-ci il tarixli, 3M-24 saylı kredit müqaviləsi üzrə) öhdəliklərin təminatı kimi Cavabdeh1 ipoteka kimi təqdim edilmişdir. İş materiallarında olan ipoteka saxlayan Cavabdeh1, ipoteka qoyan X7 və borc alan İddiaçı arasında bağlanmış, Bərdə regional “ASAN xidmət” mərkəzinin notariat kontorunun xüsusi notariusu M.Ə.Həsənzadə tərəfindən təsdiq edilmiş 24.01.2018-ci il tarixli, 3M- 24/10.01.2018 saylı ipoteka müqaviləsinə əsasən X4 mülkiyyətində olan Bərdə rayonu, Lək kəndində, 0,08 ha torpaq sahəsi ünvanında yerləşən ümumi sahəsi 79,6 kv.m, yaşayış sahəsi 50,2 kv.m, yardımçı sahəsi 29,4 kv.m olan 3 otaqlı fərdi yaşayış evi və 0,08 ha torpaq sahəsi(10.01.2018-ci il tarixli, 3M-24 saylı kredit müqaviləsi üzrə) öhdəliklərin təminatı kimi Cavabdeh1 ipoteka kimi təqdim edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı hazırki tələbində 2018-ci ilin yanvar ayında "xxxx" şirkətinin direktoru Cavabdeh1 ilə şirkətə məxsus qeyri-ərzaq məhsullarının Bərdə və Bərdə ətrafı rayonlarda satışını həyata keçirmək barədə razılığa gəldikdən sonra Cavabdeh1 təklifi ilə ona 100.000 manat məbləğində kreditin verilməsi və qohumları Q.Məmmədov və T.Qənbarova ilə ipoteka müqavilələrinin bağlanmasını, həmin müqavilələrin satış məqsədi ilə ona verilmiş malların ödənişinin təminatı olaraq digər əqdi pərdələmək məqsədi ilə bağlanmasını, müqavilə ilə əlaqədar ona heç bir pul məbləğinin verilməməsini əsas göstərməklə kredit və ipoteka müqavilələrinin etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 isə kredit müqaviləsində müəyyən olunmuş pul məbləğinin iddiaçıya verilməsini və kredit müqaviləsinin işlədiyi şirkətin fəaliyyəti ilə bağlı olmamasını bildirməklə iddia tələbi ilə razılaşmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının tələbinin əsası kimi istinad etdiyi halların aydınlaşdırlması üçün təkrar apellyasiya baxışı zamanı "xxxx" şirkəti ("xxxx" MMC) iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə, iddiaçı ilə "xxxx" şirkəti ("xxxx" MMC) arasında ticarət əlaqələrinin olub-olmaması barədə məlumatın, müsbət halda bununla bağlı sənədlərin təsdiq edilmiş surətinin məhkəməyə təqdim edilməsi üçün sorğu göndərilmiş, çünki iddiaçı hazırda mübahisələndirilən müqavilənin cavabdehin işlədiyi şirkətin fəaliyyəti ilə bağlı olmasına, yəni müqavilənin Cavabdeh1 direktoru olduğu "xxxx" şirkətindən Bərdə və Bərdə ətrafı rayonlarda satışının təşkili üçün alacağı malların təminatı kimi bağlanmasını qeyd etmişdir. Həmçinin qeyd edilməlidir ki, işdə tərəflərin əmək münasibətlərində olmasını təsdiq edə biləcək heç bir mötəbər sübut olmamışdır. Təkrar apellyasiya baxışı zamanı yuxarıda qeyd edilən sorğuya cavab verilmədiyindən, 15 yanvar 2022-ci il tarixli qərardad ilə İddiaçı ilə "xxxx" şirkəti ("xxxx" MMC) arasında ticarət əlaqələrinin olub-olmaması barədə məlumatın, müsbət halda bununla bağlı sənədlərin təsdiq edilmiş surətinin "xxxx" şirkəti ("xxxx" MMC)-dən götürülməsi qərara alınmışdır. Bununla belə qərardadda göstərilən tələblər tam icra edilməmişdir. Belə ki, təqdim edilmiş satıcı "xxxx" MMC-nin baş direktoru Cavabdeh1 ilə alıcı İddiaçı arasında bağlanmış 24 dekabr 2019-cu il tarixli alqı-satqı müqaviləsindən görünür ki, satıcı alıcıya müxtəlif mal və xidmətləri təklif edir, alıcı isə həmin malı qəbul edir və müqaviləyə əsasən malın dəyərini satıcıya ödəyir. Məhkəmə kollegiyası qeyd edir ki, təqdim edilmiş müqavilə 24 dekabr 2019-cu il tarixə, yəni tərəflər arasında bağlanmış müqavilədən sonrakı tarixə aid olmaqla, iddiaçı ilə cavabdeh arasında müqavilə bağlandığı tarixdən əvvəlki tarixə dair aralarında hər hansı ticarət əlaqələrinin olmas və 100000 manat dəyərində malın satılmasına dair razılıq olması öz təsdiqini tapmamışdır. Göründüyü kimi iddiaçı tərəf hazırda mübahisələndirilən müqavilənin əslində hansı əqdi pərdələmək məqsədi ilə bağlanmasına dair mötəbər sübut təqdim edə bilməmiş, məhkəmə araşdırması zamanı isə tərəflərin hansı əqdi pərdələmək məqsədlərinin müəyyən edilməsi üçün müvafiq sorğular verilsə də nəticəsi olmamışdır. Halbuki Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinə əsasən yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, hazırda mübahisələndirilən müqavilə ilə tərəflərin hansı əqdi pərdələmələrini müəyyən edilmədiyindən tərəflər arasında bağlanmış 10 yanvar 2018-ci il tarixli kredit müqaviləsinin və X3 və X7 arasında bağlanmış 24.01.2018-ci il tarixli ipoteka müqaviləsinin etibarsızlığı üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, 10 yanvar 2018-ci il tarixli kredit müqaviləsi real müqavilə olmuş, həmin müqavilənin formal olaraq bağlanması öz təsdiqini tapmamışdır, bununla yanaşı müqaviləyə əsasən Cavabdeh1 İddiaçı 100.000 manat borc pul verməsi göstərilsə də, məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamaqla müqavilədə göstərilən borcun iddiaçıya verilməsi müəyyən edilməmişdir. Belə ki, iddiaçı tərəfin təkrar apellyasiya baxışı zamanı verdiyi izahatında həmin məbləğdə vəsaitin iddiaçıya verilməməsi bildirilmiş, cavabdeh tərəfindən isə bu və ya başqa qaydada pul vəsaitin iddiaçıya verilməsi barədə mötəbər sübut təqdim edilməmişdir. Müqavilədə nəzərdə tutulmuş pulun iddiaçıya verilməməsi isə, yəni cavabdehin öhdəliyini icra etməməsi müqavilənin etibarsızlığına əsas ola bilməz. Mülki Məcəllənin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Həmin Məcəllənin 354.2-ci maddəsinə görə, bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Mülki Məcəllənin 354-cü maddəsi yalnız etibarsız əqdlərin məhkəmədə mübahisələndirilməsi müddətini özündə ehtiva etdiyindən, həmin müddət iddia müddəti kimi qiymətləndirilə bilməz və belə olan halda həmin Məcəllənin 375.2-ci maddəsinin tələbinə müvafiq olaraq iddia müddətinin tətbiqi barədə ərizənin verilib-verilməməsi qanunun həmin normasının hazırkı işə tətbiqi üçün əhəmiyyət kəsb etmir. Bununla yanaşı, Mülki Məcəllənin 354-cü maddəsinin əqdlərin etibarsızlığını müəyyən edən 14-cü fəsildə, iddia müddətinin isə həmin Məcəllənin 18-ci fəslində nəzərdə tutulması Məcəllənin 354-cü maddəsinin xüsusi norma olaraq iddia müddətinin tətbiqi ilə bağlı olmadığına dəlalət edir. Qanunvericiliyin bu norması onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Belə ki, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Kəsici müddətin tətbiq edilməsi üçün mübahisə tərəfinin iddia müddətinin tətbiqinə dair ərizə verməsi də tələb olunmur. Çünki Mülki Məcəllənin 375.2-ci maddəsi yalnız iddia müddətlərinə aiddir. Kəsici müddətin tətbiq edilməsi isə məhkəmənin səlahiyyətinə aid olub, həmin müddətin tətbiqi üçün mübahisə tərəfinin ərizə verməsi tələb olunmur. İş materiallarından göründüyü kimi iddiaçı hazırki iddia tələbi ilə MM-nin 354.2-ci maddəsində göstərilən kəsici müddəti ötürməklə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Yuxarıda göstərilənlərəəsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Q Ə T E T D İ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2411/2020 saylı, 02 sentyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün İddiaçı ödədiyi dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Rəşad Həsənov Məmməd Məmmədov
Məhkəmə qərarları › İş №2(103)-557/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-557/2022
16.03.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver