Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5570/2024 23.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X6 Sarıyevin sədrliyi ilə, X5 və X1 ibarət tərkibdə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 05 avqust 2024-cü il tarixli, 2(009)-1730/2024 saylı qərardadından İddiaçı nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş şikayətə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı – Cavabdehnə qarşı “hesablanmış cərimənin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh (“X8” yaşayış Kompleksi) ilə İddiaçı arasında bağlanmış xx.xx.2010-cu il tarixli mənzil alğı-satqı müqaviləsinə edilmiş xx.xx.2015-ci il tarixli dəyişiklik üzrə 31.994 (otuz bir min doqquz yüz doxsan dörd) manat məbləğində cərimənin ləğv edilməsi, cərimə borcu hesablanmasının dayandırılması və həmin müqavilə üzrə qalıq borcun 12.584 (on iki min beş yüz səksən dörd) manat məbləğinin müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 05 avqust 2024-cü il tarixli, 2(009)-1730/2024 saylı qərardadı ilə iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin icraata qəbulundan iddianın yolverilməzliyinə görə imtina edilməsi və iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin İddiaçı qaytarılması qərara alınmışdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 05 avqust 2024-cü il tarixli, 2(009)-1730/2024 saylı qərardadından iddiaçının nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş şikayət həmin məhkəmənin 21 avqust 2024-cü il tarixli qərardadı ilə təmin edilməmiş və şikayət baxılması üçün iş materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəməyə müraciət etmək hüququ konstitusion səviyyədə təminat altına alınmış və qanunda xüsusi olaraq nəzərdə tutulmuşdur. İş materiallarında olan cavabdeh şirkətin xx.xx.2024-cü il tarixli cavab məktubunda iddiaçının ödədiyi 51292 manat vəsaitdən 45581 manatın əsas borc, 5711 manatının isə cərimə borcu olmasını qeyd edilmiş, 18.295 manat əsas, 26.283 cərimə borcu olmaqla, ümumilikdə 44.578 borcun olması göstərilmişdir. Eyni zamanda, cavabdeh qeyd olunan məktubunda hesablanmış cərimə məbləğinin silinməsi ilə bağlı iddiaçının müraciətinin qəbul edilmədiyini bildirib. Deməli, cavabdeh tərəfindən cərimə borcu iddiaçının ödədiyi məbləğdən tutulmuşdur. Cavabdehin bu hərəkəti ilə, cərimə borcu tutulmaqla hüquqlarının pozulduğunu hesab edən iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət edilib. Məhkəmə isə qərardadında əsaslandırdığı kimi tələbin cərimə borcunun tutulması ilə bağlı çərçivədə baxmalı olduğu halda iddianı yolverilməz hesab etmişdir. Hazırki iş üzrə qeyd olunan qərardadı qəbul etmiş məhkəmə iddiaçının pozulmuş hüquqlarının müdafiəsini həyata keçirməkdən məhrum etməklə yanlışlığa yol vermişdir. Bu baxımdan da hesab edir ki, mübahisələndirilən qərardad ləğv edilməli, iddia mümkün sayılmaqla işə mahiyyəti üzrə baxılması barədə qərardad qəbul edilməlidir. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdırıb, iş materiallarını tədqiq edərək hesab edir ki, iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 05 avqust 2024-cü il tarixli, 2(009)-1730/2024 saylı qərardadı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan “Abşeron" MTK ilə İddiaçı arasında ünvan 1 ünvanında yerləşən “X8” X4 C binası, 2-ci mərtəbəsində, 222 (C) saylı, ümumi sahəsi 113,2 kvadrat metr olan mənzilin alğı-satqısına dair xx.xx.2010-cu il tarixli PBR 040 saylı Müqavilədən görünür ki, mənzilin qiyməti 230.599 AZN (iki yüz otuz min beş yüz doxsan doqquz manat) təşkil edir. İş materiallarında olan “Abşeron" MTK ilə İddiaçı arasında ünvan 1 ünvanında yerləşən “X8” X4 C binasının zirzəmisinin ikinci mərtəbəsində yerləşən (211 (27A) nömrəli) 1 (bir) qoşa avtomobil dayanacaq sahəsinin alğı-satqısına dair xx.xx.2015-ci il tarixli müqaviləyə edilmiş Düzəliş № 3-dən görünür ki, 1 (bir) qoşa avtomobil dayanacağı üçün 63.876 AZN (altmış üç min səkkiz yüz yetmiş altı manat) təşkil edir. İddiaçı məhkəməyə müraciət edərək, Cavabdeh (“X8” yaşayış Kompleksi) ilə İddiaçı arasında bağlanmış xx.xx.2010-cu il tarixli mənzil alğı-satqı müqaviləsinə edilmiş xx.xx.2015-ci il tarixli dəyişiklik üzrə 31.994 (otuz bir min doqquz yüz doxsan dörd) manat məbləğində cərimənin ləğv edilməsi, cərimə borcu hesablanmasının dayandırılması və həmin müqavilə üzrə qalıq borcun 12.584 (on iki min beş yüz səksən dörd) manat məbləğinin müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə əsasən, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində təsbit edilmiş “məhkəmə hüququ” məhkəmənin əlçatan olmasını, o cümlədən məhkəmədə mülki işlər üzrə iddia qaldırmaq imkanını ehtiva edir. Bununla belə, bu hüquq mütləq deyil və məhdudiyyətlərə məruz qala bilər (X2rşı iş üzrə 1985-ci il 28 may, Bellet Fransaya qarşı iş üzrə 1995-ci il 4 dekabr tarixli Qərarlar). Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin mülki məhkəmə icraatının vəzifələrini təsbit edən 2-ci maddəsinə görə, mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Konstitusiyadan, qanunlardan və digər normativ hüquqi aktlardan irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. (MPM-5.1) Bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsilə məcburi şəkildə həyata keçirilməsinin mümkünsüzlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğunu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. İddia ərizəsindən müəyyən edilir ki, iddiaçının məhkəməyə müraciət etməkdə məqsədi – xx.xx.2010-cu il tarixli mənzil alğı-satqı müqaviləsinə edilmiş xx.xx.2015-ci il tarixli dəyişiklik üzrə 31.994 (otuz bir min doqquz yüz doxsan dörd) manat məbləğində cərimənin ləğv edilməsi, cərimə borcu hesablanmasının dayandırılması və həmin müqavilə üzrə qalıq borcun 12.584 (on iki min beş yüz səksən dörd) manat məbləğinin müəyyən edilməsidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, iddiaçıya qarşı cərimə borcunun tutulması ilə bağlı müvafiq tələb irəli sürülməzdən əvvəl onun belə bir iddia ilə məhkəməyə müraciət etməsi prosessual qanunvericiliyin tələbləri baxımından yolverilməzdir. Belə ki, cərimə borcunun olub-olmamasına, dayandırılmasına, müəyyən edilməsinə və ya azaldılmasına ondan həmin cərimə borcunun tutulması ilə bağlı tələb çərçivəsində baxılıb qiymət verilə bilər. Kollegiya məhkəmənin mövqeyi ilə razılaşaraq qeyd edir ki, iddia ərizəsinə məhkəmədə baxılmalı olmadığından iddianın yolverilməzliyinə görə məhkəmə iddianın qəbulundan imtina etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. Həmin Məcəllənin153.2 və 153.2.1-ci maddələrinə əsasən, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. Aşağıda göstərilənlərə əsasən hesab edir ki, ərizə iddianın yolverilməzliyinə görə qəbul edilməməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, şikayət əsassız olmaqla, qərardadın ləğv edilməsi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyin tələblərinə düzgün əməl olunmuşdur, ona görə də, məhkəmə qərardadı dəyişdirilmədən saxlanmalı, şikayət isə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2, 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş şikayət təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 05 avqust 2024-cü il tarixli, 2(009)- 1730/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Fuad Abdıyev Fərrux Qasımov
Məhkəmə qərarları › İş №2(103)-5570/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5570/2024
23.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver