Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5571/2020 26.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Abbasov Mirzəli Əbdüləli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 Ağakərim oğlu və Cavabdeh6 qarşı “müqavilənin etibarsız hesab edilməsi və sair tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli qətnamədən iddiaçının verdiyi apellyasiya şikayətinə əsasən işə, iddiaçının özünün və vəkili (nümayəndəsi) X1 iştirakları ilə, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Cavabdehlərə qarşı iddia ərizəsi ilə Xətai Rayon Məhkəməsinə müraciət etmiş iddiaçı aşağıdakı tələblər üzrə qətnamə qəbul edilməsini xahiş etmişdir: - ünvan 1 “K” ünvanında yerləşən yaşayış binasının 4-cü mərtəbəsindəki, sahəsi 117 kv.m-dən ibarət 3 otaqlı mənzilə dair cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış xx.xx.2016-cı il tarixli “Alğı-satqı müqaviləsinin” etibarsız hesab edilməsi; - həmin yaşayış binasının 5-ci mərtəbəsində yerləşən və sahəsi 88 kv.m-dən ibarət 2 otaqlı mənzilə dair cavabdehlər Cavabdeh1 və Cavabdeh3 arasında bağlanmış “Alğısatqı müqaviləsinin” etibarsız hesab edilməsi; - həmin yaşayış binasının 4-cü mərtəbəsində yerləşən və sahəsi 88 kv.m-dən ibarət 2 otaqlı mənzilə dair cavabdehlər Cavabdeh1 və Cavabdeh4 arasında bağlanmış xx.xx.2018-ci il tarixli “Alğı-satqı müqaviləsinin” etibarsız hesab edilməsi; - həmin binanın 5-ci mərtəbəsində yerləşən və sahəsi 88 kv.m-dən ibarət 2 otaqlı mənzilə dair cavabdehlər Cavabdeh1 və Cavabdeh5 arasında bağlanmış xx.xx.2016-cı il tarixli “Alğı-satqı müqaviləsinin” etibarsız hesab edilməsi; - həmin binada yerləşən (mənzilin nömrəsi, ölçüsü və digər göstəriciləri müqavilədə qeyd edilməyib) mənzilə dair cavabdehlər Cavabdeh1 və Cavabdeh6 arasında bağlanmış xx.xx.2016-cı il tarixli “Alğı-satqı müqaviləsinin” etibarsız hesab edilməsi; - mənzillərin qanunsuz satılması nəticəsində iddiaçıya dəymiş maddi zərərin əvəzinin ödənilməsi məqsədi ilə 266.000 manat məbləğində pulun Cavabdeh1 tutularaq iddiaçıya ödənilməsi. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2013-cü il tarixdə Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, 37 “K” ünvanda yerləşən 0,07165 ha torpaq sahəsini əldə etmişdir. Xətai Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2015-ci il tarixli sərəncamına əsasən iddiaçıya həmin torpaq sahəsi üzərində yaşayış binasının tikintisinə icazə verilmişdir. İddiaçı həmin sərəncama əsasən qeyd edilən ünvanda bina inşa etdirmiş və bina üzərində mülkiyyət hüququnu xx.xx.2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə aldırmışdır. Sonradan iddiaçıya məlum olmuşdur ki, icazəsi və razılığı olmadan Cavabdeh1 iddiaçı tərəfindən inşa edilmiş binadakı mənzillərin əksəriyyətini qanunsuz olaraq iş üzrə digər cavabdehlərə satmış və mənzillərin satışına görə onlardan aldığı cəmi 266.000 manatı isə mənimsəmişdir. Göründüyü kimi, Cavabdeh1 qanunsuz əməlləri nəticəsində iddiaçı əmlakından məhrum olmuşdur. Odur ki, Cavabdeh1 ilə digər cavabdehlər arasında ayrı-ayrılıqda bağlanmış “Alğı-satqı müqavilələri” etibarsız hesab edilməli, digər cavabdehlərdən aldığı 266.000 manat məbləğində pul isə Cavabdeh1 alınaraq iddiaçıya ödənilməlidir. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qətnamə ilə iddianın rədd edilməsini qət etmişdir. İddiaçı həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Əsasları iddia tələbinin əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq qeyd edilir ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. Belə ki, iddiaçı ona məxsus binanda yerləşən mənzillərə dair cavabdehlər arasında ayrı-ayrılıqda bağlanmış “Alğısatqı müqavilələrindən” yalnız 2019-cu ilin avqust ayında məlumatı olmasına baxmayaraq, Rayon Məhkəməsi hesab etmişdir ki, iddiaçı müqavilələrin etibarlılığını mübahisələndirmək üçün qanunvericiliklə müəyyən edilmiş müddəti ötürmüşdür. Apellyasiya baxışında iştirak edən iddiaçı və onun vəkili (nümayəndəsi) apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, iddia ərizəsinin və apellyasiya şikayətinin məzmununa uyğun izahat vermişlər. Cavabdehlər isə apellyasiya baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılsalar da, iclasa gəlməmiş və bunun səbəbi barədə Məhkəməyə məlumat verməmişlər. Bu hal işin baxılmasına mane olmadığından Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinin tələbini rəhbər tutaraq işə onların iştirakı olmadan baxmışdır. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə apellyasiya şikayətinin dəlillərini və mülki işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Rayon Məhkəməsinin qətnaməsi qismən, yəni “mənzillərin qanunsuz satılması nəticəsində iddiaçıya dəymiş maddi zərərin əvəzinin ödənilməsi məqsədi ilə 266.000 manat məbləğində pulun Cavabdeh1 tutularaq iddiaçıya ödənilməsi barədə” tələbin təmin edilməməsi ləğv edilməli və həmin tələbin təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməlidir. Belə ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş RX seriyalı, ******* №-li “Çıxarışdan” görünür ki, - ünvan 1 “K” ünvanında yerləşən və iddiaçıya məxsus 0,07165 ha torpaq sahəsi üzərində inşa edilmiş, ümumi sahəsi 3.240,3 kv.m olan çoxmərtəbəli yaşayış binası iddiaçının mülkiyyəti kimi reyestrdə qeydə alınmışdır. Həmin ünvanda yerləşən və mülkiyyət hüququ üzrə iddiaçıya məxsus çoxmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsindəki sahəsi 117 kv.m-dən ibarət olan 3 otaqlı mənzilə dair Cavabdeh1 və Cavabdeh2 arasında xx.xx.2016-cı il tarixdə “Alğı-satqı müqaviləsi” bağlanmışdır. Müqavilə üzrə mənzilin dəyəri 58.000 manat müəyyən edilmişdir. Həmin yaşayış binasının 5-ci mərtəbəsində yerləşən və sahəsi 88 kv.m-dən ibarət olan 2 otaqlı mənzilə dair Cavabdeh1 və Cavabdeh3 arasında 2016-cı ildə “Alğı-satqı müqaviləsi” bağlanmışdır. Müqavilə üzrə mənzilin dəyəri 52.000 manat müəyyən edilmişdir. Həmin binanın 4-cü mərtəbəsində yerləşən və sahəsi 88 kv.m-dən ibarət olan 2 otaqlı mənzilə dair Cavabdeh1 və Cavabdeh4 arasında xx.xx.2018-ci il tarixdə “Alğı-satqı müqaviləsi” bağlanmışdır. Müqavilə üzrə mənzilin dəyəri 61.000 manat müəyyən edilmişdir. Binanın 5-ci mərtəbəsində yerləşən və sahəsi 88 kv.m-dən ibarət olan 2 otaqlı mənzilə dair Cavabdeh1 və Cavabdeh5 arasında xx.xx.2016-cı il tarixdə “Alğı-satqı müqaviləsi” bağlanmışdır. Müqavilə üzrə mənzilin dəyəri 40.000 manat müəyyən edilmişdir. Binasında olan mənzilə (mənzilin nömrəsi, ölçüsü və digər göstəriciləri müqavilədə qeyd edilməyib) dair Cavabdeh1 və Cavabdeh6 arasında xx.xx.2016-cı il tarixdə “Alğısatqı müqaviləsi” bağlanmışdır. Müqavilə üzrə mənzilin dəyəri 55.000 manat müəyyən edilmişdir. Yuxarıda qeyd edilən “alğı-satqı müqavilələrinin” etibarsız hesab edilməsini tələb edən iddiaçı bildirir ki, bu müqavilələr əsasında Cavabdeh1, bunun üçün hər hansı səlahiyyəti olmadığı halda iddiaçının mülkiyyətində olan əmlaklar üzərində sərəncam vermişdir. İddiaya qarşı etiraz edən Cavabdeh1 Rayon Məhkəməsinə bildirdiyi mövqeyi isə ondan ibarət olmuşdur ki, mübahisəli ünvanda yerləşən yaşayış binasının yerləşdiyi torpaq sahəsi iddiaçının adına olsa da, binanın tikintisi üçün maliyyə vəsaiti onun (Cavabdeh1) tərəfindən ödənilmişdir. Binanın tikintisinə 3 nəfər şərik olmuşdur - iddiaçı, cavabdeh və (iş üzrə tərəf olmayan) İlham Vahabov. Binanın yerləşdiyi torpaq sahəsi iddiaçının və İ.Vahabov arvadının adına qeydiyyatdan keçmişdir. Bina şərikləri öz aralarında belə razılaşmışlar ki, torpağa görə pulu iddiaçı və İ.Vahabov verəcək, binanın tikintisi üçün tələb olunan vəsaiti isə Cavabdeh1 təmin edəcəkdir. Xərclər çıxıldıqdan sonra isə qalan gəlir şəriklər arasında bərabər hissələrdə bölünəcəkdir. Torpağın alınması üçün 243.000 manat vəsait xərclənmişdir. Cavabdeh1 isə binanın layihəsi və tikintisi üçün 1.200.000 manatdan çox vəsait xərcləmişdir. İddiaçının əvvəldən mənzillərin satılmasından, mənzillərlə müqavilələrin bağlanmasından məlumatı olmuşdur. Çünki binanın tikintisi üçün xərclənən vəsaitin bir hissəsi mənzillərin satışından əldə olunmuş vəsait hesabına həyata keçirilmişdir. Binada yerləşən 36 mənzildən 9 barəsində bağlanmış müqavilələr iddiaçı tərəfindən imzalanmış və notarial qaydada təsdiq edilmişdir. Hazırda etibarlılığı mübahisələndirilən müqavilələrə gəldikdə isə, Cavabdeh2 ilə bağlanmış müqaviləni Cavabdeh1 dəqiq xatırlamasa da, güman edir ki, müqavilə iddiaçının iştirakı ilə bağlanmışdır. Cavabdeh3 satılmış mənzil də iddiaçının iştirakı ilə Cavabdeh1 tərəfindən satılmışdır. Cavabdeh4 əldə etdiyi mənzilə görə pul vəsaiti Cavabdeh1 ödənilmiş, sonuncu da həmin vəsaiti götürmüşdür. Cavabdeh5 və Cavabdeh6 mənzillərin satılması barədə müqavilələri də Cavabdeh1 imzalamışdır. Rayon Məhkəməsində işin baxılması zamanı Cavabdeh3 izahatında bildirmişdir ki, müqaviləni 2016-cı il tarixdə Cavabdeh1 ilə bağlamış, mənzilin qiymətini 52.000 manata razılaşmışlar. Həmin məbləğin 42.000 manatını əvvəlcədən, qalan 10.000 manatını isə sonradan ödəmişdir. Müqavilənin bağlanmasından iddiaçının da məlumatı olmuşdur. İş üzrə digər Cavabdeh5 Rayon Məhkəməsinə verdiyi izahatında bildirmişdir ki, o, 2016-cı ilin yanvar ayında 2 otaqlı mənzili almışdır. Müqaviləni Cavabdeh1la bağlamış və pulu da ona ödəmişdir. Müqaviləni bağlayarkən və sonralar iddiaçını tanımamışdır. İddiaçını yalnız ötən ay qaz sayğacının kartını alarkən tanımışdır. İş üzrə Cavabdeh6 Rayon Məhkəməsinə verdiyi izahatında göstərmişdir ki, xx.xx.2016-cı il tarixdə mənzili Cavabdeh1 almış, pulunu hissə-hissə 2018-ci il tarixdə ödəyib qurtarmışdır. Müqavilə bağlanan vaxt iddiaçını orada görmüşdür, lakin şəxsi tanışlığı olmamışdır. İddiaçı ilə tanışlığı 2019-cu ilin avqust ayında olmuşdur. Həmin vaxt iddiaçı su, qaz və elektrik sayğaclarının quraşdırılması üçün müqaviləni ondan tələb etmişdir. Qeyd olunanlara əsasən işin halları kimi müəyyən edilir ki, Xətai RİH başçısının xx.xx.2015-ci il tarixli, 300 saylı sərəncamı ilə iddiaçının xüsusi mülkiyyətində olan və ünvan 3 “K” ünvanında yerləşən qeyri-yaşayış binasını söküb yerində təqdim olunmuş layihəyə uyğun olaraq çoxmənzilli fərdi yaşayış evin tikintisinə icazə verilmişdir. İş üzrə iddiaçı ilə Cavabdeh1 həmin ünvanda yeni çoxmərtəbəli yaşayış binasının tikintisi barədə birgə fəaliyyət barədə şifahi razılığa gəlmişlər. Sözügedən ünvanda yerləşən 0,07165 ha torpaq sahəsi üzərində ümumi sahəsi 3.240,3 kv.m ibarət çoxmərtəbəli yaşayış binası inşa edilmişdir. xx.xx.2019-cu il tarixdə hər iki daşınmaz əmlak üzərində iddiaçının mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Bundan sonra Cavabdeh1, mülkiyyətçi olan iddiaçı tərəfindən ona hər hansı səlahiyyət verilmədiyi halda, sonuncunun mülkiyyətində olan çoxmərtəbəli yaşayış binasında yerləşən 5 mənzilin özgəninkiləşdirilməsi barədə cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 ilə ayrı-ayrılıqda müqavilələr bağlamışdır. Cavabdeh1 mənzillərin onun tərəfindən satılması barədə iddiaçı ilə razılığa gəldiklərini bildirsə də, bu dəlilini sübuta yetirə bilməmişdir. MPM-nin 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi tərəfindən “Mahmudov Rusiyaya qarşı” iş üzrə qəbul etdiyi xx.xx.2007-ci il tarixli qərarında qeyd etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, nəzərə alınmalıdır ki, sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Qeyd edilən prosessual hüquq normalarının tələblərindən və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yuxarıda qeyd edilən qərarında təsbit olunmuş hüquqi mövqeyindən çıxış edən Məhkəmə bildirir ki, mənzillərin Cavabdeh1 tərəfindən iddiaçının razılığı ilə satılması halı məhkəmə araşdırması nəticəsində öz təsdiqini tapmamışdır. Belə olan halda, hesab edilməlidir ki, hazırda etibarlılığı mübahisələndirilən müqavilələr üzrə “satıcı” qismində çıxış edən Cavabdeh1 həmin müqavilələri bağlamaq üçün müvafiq səlahiyyətlərə malik olmamışdır. Bunları müəyyən edən Məhkəmə eyni zamanda qeyd edir ki, mübahisəli mənzillərə dair “Alğı-satqı müqavilələrinin” bağlanması zamanı həmin əmlaklar barədə əqdlərin legitimliyinə dair cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 şübhə yaranmadığından onlar vicdanlı əldə edən şəxslər hesab edilməlidir. Çünki, işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçıya məxsus çoxmərtəbəli yaşayış binasında yerləşən mənzilləri almış cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 Cavabdeh1 ilə müvafiq “Alğı-satqı müqavilələri” bağlayarkən sonuncunun buna səlahiyyətinin olmadığını bilməmiş və bilməli deyildilər. Məhkəmənin qənaətinə görə cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 mübahisəli mənzilləri vicdanla hərəkət edərək əldə etdiklərindən sözügedən “Alğı-satqı müqavilələrinin” etibarsız hesab edilməsi barədə iddiaçının iddia tələbi əsassızdır. Çünki Azərbaycan Respublikası Mülki Məcəllənin 182.1ci maddəsinə görə, əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. “S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il tarixli qərarında qeyd edilmişdir ki, əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfındən müdafıə olunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafıəsi haqqında” Avropa Konvensiyasının 1 №-li Protokolunun 1-ci maddəsinə görə hər bir fıziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, mülkiyyətindən məhrum edilə bilməz. “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafıəsi haqqında” Avropa Konvensiyası müddəalarının və X2 Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2006-cı il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası “İnsan hüquqlarının və əsas azadlıqların müdafıəsi haqqında” Avropa Konvensiyasının iştirakçısı və onu ratifıkasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifıkasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulmuş hüquqlarını təmin etməlidir. Bunları, mübahisəli müqavilələrin bağlanması zamanından xeyli müddətin keçməsini, cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 mənzilləri təmir edərək ailə üzvləri ilə birlikdə artıq neçə illərdi ki, həmin mənzillərdə yaşamalarını nəzərə alan Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi “cavabdehlər arasında ayrı-ayrılıqda bağlanmış müqavilələrin etibarsız hesab edilməsi barədə” tələbi təmin etməməkdə haqlı olmuşdur. Bununla yanaşı apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, iddiaçının mülkiyyət hüququ pozulmuşdur. Məhkəmə qeyd edir ki, ölkədaxili və beynəlxalq hüquq normalarının tələbinə görə iddiaçının pozulmuş hüququ bərpa edilməlidir. Lakin, bu prosedur, mübahisəli mənzilləri vicdanla əldə etmiş şəxslərin hüquqlarının pozulması hesabına həyata keçirilməməlidir. Məhkəmə hesab edir ki, iddiaçının pozulmuş hüququnun bərpası, mübahisəli mənzillərə görə Cavabdeh1 digər cavabdehlər tərəfindən ödənilmiş cəmi 266.000 manat məbləğində pulun sonuncudan tutularaq iddiaçıya ödənilməsi yolu ilə həyata keçirilməlidir. Belə ki, mübahisəli mənzillərə görə Cavabdeh2 tərəfindən 58.000 manat, Cavabdeh3 tərəfindən 52.000 manat, Cavabdeh4 tərəfindən 61.000 manat, Cavabdeh5 tərəfindən 40.000 manat və Cavabdeh6 tərəfindən 55.000 manat məbləğində pulun Cavabdeh1 ödənilməsi işin mübahisəsiz halıdır. Cavabdeh1 mülkiyyətində olmayan mənzilləri iş üzrə digər cavabdehlər .Səlimova, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 xeyrinə özgəninkiləşdirmək hüququna malik olmadığı üçün, “özgəninkiləşdirməyə” görə sonunculardan yuxarıda qeyd edilən pul məbləğlərinin onun tərəfindən alınmasının hüququ əsası yoxdur. Başqa sözlə desək, Cavabdeh1, iddiaçıya məxsus mənzillərə görə cəmi 266.000 manat məbləğində pulu almaqla və özündə saxlamaqla iddiaçıya münasibətdə əsassız varlanmışdır. Cavabdeh1 yuxarıda göstərilən pul vəsaitinin bir hissəsini mənzillərin tikintisinə sərf etdiyini bildirsə də, bu dəlil iş materialları ilə sübuta yetirilmir. Sübuta yetirlməyən dəlil isə əsaslı hesab edilə bilməz. Mülki Məcəllənin 1091-ci maddəsinin mənasına görə, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin (maddə 1091.1.). Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir (maddə 1091.2.). Mülki Məcəllənin 1092.1-ci maddəsinin tələbinə görə isə, əsassız varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Mülki Məcəllənin 373.1-ci maddəsinə görə, ümumi iddia müddəti 10 il təşkil edir. Qeyd edilən maddi hüquq normalarının işin müəyyən edilmiş hallarına tətbiqi nəticəsində müəyyən edilir ki, Cavabdeh1 266.000 manat məbləğində pulu iddiaçıya ödəməlidir. Beləliklə də, apellyasiyanın nəticəsi ilə müəyyən edilir ki, Rayon Məhkəməsi “cavabdehlər arasında ayrı-ayrılıqda bağlanmış müqavilələrin etibarsız hesab edilməsi barədə” tələbi təmin etməməklə faktlar nöqteyi-nəzərindən düzgün nəticəyə gəlsə də, “mənzillərin qanunsuz satılması nəticəsində iddiaçıya dəymiş maddi zərərin əvəzinin ödənilməsi məqsədi ilə 266.000 manat məbləğində pulun Cavabdeh1 tutularaq iddiaçıya ödənilməsi barədə” tələbi təmin etməməklə işin hallarına uyğun olmayan və səhv nəticəyə gəlmiş, bu hissədə maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Odur ki, qeyd edilənləri və MPM-nin 385-ci maddəsinin tələblərini nəzərə alan, MPM-nin 384-cü maddəsinin tələblərindən çıxış edən Məhkəmə MPM-nin 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli qətnamə qismən, yəni “mənzillərin qanunsuz satılması nəticəsində iddiaçıya dəymiş maddi zərərin əvəzinin ödənilməsi məqsədi ilə 266.000 manat məbləğində pulun Cavabdeh1 tutularaq iddiaçıya ödənilməsi barədə” tələbin rədd edilməsi hissəsində ləğv edilsin. Həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilərək həmin tələb təmin edilsin. 266.000 (iki yüz altmış altı min) manat məbləğində pul Cavabdeh1 tutularaq İddiaçı ödənilsin. Xətai Rayon Məhkəməsinin qətnaməsi “cavabdehlər arasında ayrı-ayrılıqda bağlanmış müqavilələrin etibarsız hesab edilməsi barədə” tələbin təmin edilməməsi hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-5571/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5571/2020
26.08.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver