Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5571/2023 19.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “əsassız hesablanmış borcun silinməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Talışınski Fuad Şəmsəddin oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Mehri Rasim qızının katibliyi ilə, hazırki iş üzrə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 12 iyul 2023-cü il tarixli qətnamədən cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin verdiyi apellyasiya şikayətinə əsasən işə, İddiaçı və cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia barədə məlumat
1. İddiaçı, cavabdeh ASC-yə qarşı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh ASC tərəfindən ona əsassız olaraq hesablanmış 384 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozunda yerləşən fərdi yaşayış evində yaşayır. xx.xx.2023-cü ildə saat 12 radələrində ASC-nin Xəzər Rayon İşıq İdarəsinin üç nəfər əməkdaşı iddiaçının evinə gələrək iddiaçıya evin sayğacının əriyib istifadəyə yararsız vəziyyət düşməsinə görə irad tutmuşlar. İddiaçı həmin şəxslərə bildirmişdir ki, sayğac qısa qapanmadan ərimiş və o, bununla əlaqədar İşıq İdarəsinə məlumat vermiş, İdarədən isə ona bildirmişlər ki, “Novruz bayramından” sonra gəlib sayğacı dəyişdirəcəklərini bildirmişlər. Buna baxmayaraq İdarənin həmin əməkdaşları iddiaçının barəsində qanunsuz olaraq akt tərtib etmiş, sonradan isə iddiaçıya həmin akt əsasında 384 manat əsassız borc hesablanmışdır. İddiaçı hesab edir ki, hesablanmış borc əsassız olduğundan silinməlidir. b) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat
3. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnamə ilə iddianın təmin edilməsini qət etmişdir.
4. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, qeyd edilən akt əsasında iddiaçıya əlavə elektrik sərfiyyatına görə hesablanmış 384,87 manat məbləğində borc əsassızdır. Belə ki, iddiaçıya məxsus ünvanda qurşadılmış elektrik sayğacında aşkar edilmiş nasazlığın məhz iddiaçının təqsiri üzündən baş verməsini təsdiq edə biləcək sübutlar cavabdeh ASC tərəfindən məhkəməyə təqdim edilməmişdir. c) apellyasiya şikayəti barədə məlumat
5. Cavabdeh ASC həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçıya məxsus evə quraşdırılmış elektrik sayğacına ASC-nin əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixdə keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, sayğaca müdaxilə olunmuş, sayğacın qrifi yanmış, elektrik işlədiciləri elektrik şəbəkəsinə birbaşa qoşulmuşdur. ASC-nin əməkdaşları aşkar edilmiş faktla bağlı NDM seriyalı, 032243 saylı, xx.xx.2023-cü il tarixli akt tərtib etmişlər. Abonent olan iddiaçı aktın tərtib edilməsində iştirak etməkdən və aktı imzalamaqdan imtina etmişdir. ASC-nin mütəxəssisləri həmin akt əsasında müvafiq hesablama aparmış və müəyyən etmişlər ki, itirilmiş elektrik enerjisinin dəyəri 384,87 manat təşkil edir. Həmin borc iddiaçının abonent hesabına daxil edilmiş və yaranmış borcun ödənilməsi üçün iddiaçıya müvafiq bildiriş göndərilmişdir. Qeyd edilən akt və borcun hesablanması “Elektrik enerjisindən istifadə Qayadalarının” (bundan sonra – EEİQ) tələblərinə uyğundur. Lakin işə baxmış Rayon Məhkəməsi bunları nəzərə almamışdır. d) apellyasiya baxışı iclasında tərəflərin iştirakı və iclasda iştirak etmiş şəxslərin verdikləri izahatlar barədə məlumat
7. Cavabdeh ASC-nin nümayəndəsi apellyasiya baxışı iclasında iştirak edərək apellyasiya şikayətinin dəlillərini müdafiə etdi və şikayətin məzmununa uyğun izahat verdi.
8. Apellyasiya baxışında iştirak etmiş iddiaçı, apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, iddia ərizəsinin məzmununa, habelə Rayon Məhkəməsinin qətnaməsinin əsaslarına uyğun izahat verdi. e) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi
9. Məhkəmə apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
10. Belə ki, işdə olan sənədlərdən görünür ki, iddiaçıya məxsus olan fərdi yaşayış evi cavabdeh ASC tərəfindən elektrik enerjisi ilə təchiz edilir və istehlak edilmiş elektrik enerjisinin dəyəri, ASC tərəfindən həmin ünvanda, küçədə quraşdırılmış elektrik sayğacı vasitəsi ilə hesablanır.
11. İşdə olan sənədlərdən görünür ki, ASC-nin əməkdaşları, elektrik xəttinə və sayğaca qanunsuz müdaxilələrin olub-olmamasını, onların işlək vəziyyətdə olmasını yoxlamaq üçün xx.xx.2023-cü il tarixdə baxış keçirən zaman aşkar etmişlər ki, iddiaçının ünvanında quraşdırılmış elektrik sayğacının qrifi yanmış və işlədicilər şəbəkəyə birbaşa qoşulmuşdur. Bununla bağlı ASC-nin əməkdaşları NDM 032243 saylı akt tərtib etmiş, əvvəlki sayğacı yenisi ilə əvəz etmişlər. Müəyyən edilmiş səbəbdən, ASC, ona dəymiş zərərin həcmi hesablamış və dəymiş zərər 384,87 manat müəyyən edilmiş və həmin pulun ödənilməsi iddiaçıdan tələb edilmişdir.
12. Cavabdeh ASC hesab edir ki, onun əməkdaşlarının hərəkətləri, tərtib etdikləri akt, ziyanın əvəzinin hesablanması EEİQ-in tələblərinə uyğun olmuş, buna görə də, ASCyə dəymiş ziyan iddiaçı tərəfindən ödənilməlidir.
13. İddiaçı isə hesab edir ki, ASC-nin ondan qeyd edilən məbləğin ödənilməsini tələb etməsi əsassızdır. Çünki sayğac küçədə yerləşir və iddiaçının özü, habelə ailə üzvləri sayğaca heç bir müdaxilə etməmişlər.
14. Göstərilənləri nəzərə alan Məhkəmə mövcud mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.2-ci maddəsinə görə, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.
15. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 13-cü maddəsinə görə, satıcı (icraçı) istehlakçını maraqlandıran malın (işin, xidmətin) qiyməti, istehlak xassələri (ərzaq malları barəsində isə; həm də tərkibi, yararlılıq müddəti, kaloriliyi, sağlamlıq üçün zərərli maddələrin normativ sənədlərin tələbləri ilə müqayisəli miqdarı), əldə edilməsi şərtləri, təminat öhdəlikləri və iddiaların irəli sürülməsi, malın işlədilməsi, saxlanılması və təhlükəsiz istifadəsi üsulları və qaydaları barəsində istehlakçıya zəruri və düzgün məlumat verməlidir.
16. EEİQ-nın tələblərinə görə, yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur (bənd 7.11.). İstehlakçının (məişət abonenti istisna olmaqla) təqsirindən hesablaşma uçot cihazları zədələdikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda və s.), uçot cihazlarının qoşulma sxemləri pozulduqda, uçot cihazlarından kənar 7 özbaşına yük qoşulduqda enerji təchizat müəssisəsi onu elektrik şəbəkəsindən açmalı, elektrik qəbuledicilərinin qoyulmuş gücü və hesablaşma elektrik sayğaclarının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən istehlakçının (məişət abonenti istisna olmaqla) işləmə saatlarına görə Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində yenidən hesablaşma aparılmalıdır. Yenidən hesablaşmaya görə əlavə ödənişin verilməsi istehlakçıya aşkar edilmiş pozuntu aradan qaldırılmadan təkrarən elektrik şəbəkəsinə qoşulmaq hüququ vermir (bənd 8.17.). Enerji təchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri istehlakçının, o cümlədən məişət abonentinin hesablaşma elektrik sayğacına baxış keçirmək və göstərişini yazmaq üçün elektrik sayğacı quraşdırılmış yerə maneəsiz buraxılmalıdırlar. Enerji təchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri istehlakçının, o cümlədən məişət abonentinin tələbi ilə xidmət vəsiqəsini təqdim etməyə borcludurlar. Enerji təchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərində hesablaşma elektrik sayğacına baxış keçirərkən xidməti vəsiqə ilə yanaşı baxışın keçirilməsi haqqında qərarın surətini və baxışın Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barəsində çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim etməlidirlər (bənd 8.34.). Məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və elektrik enerjisindən istifadə göstərişini azaltmaq məqsədilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma aparmağa borcludur (maddə 8.32.). Məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur (maddə 8.33.). İstehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin “Dövlət Enerjinəzarət” İdarəsinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır (bənd 9.1.). İstehlakçı hesablaşma elektrik sayğaclarındakı bütün nasazlıqlar və onun qoşulma sxeminin pozulması, həmçinin tikililərində və ya ərazisində yerləşən enerjitəchizatı müəssisəsinə məxsus elektrik qurğularında və avadanlıqlardakı nasazlıqlar haqqında enerjitəchizatı müəssisəsinə məlumat verməlidir (bənd 9.4.).
17. Göstərilənləri nəzərə alan Məhkəmə bildirir ki, cavabdeh ASC apellyasiya şikayətində yuxarıda qeyd edilən akta əsaslanaraq, həmin aktda təsvir edilmiş qanunazidd hərəkətlərin məhz iddiaçı tərəfindən törədilməsini, bununla da iddiaçının ona münasibətdə delikt törətməsini bildirsə də, bu halı təsdiq edən sübutları məhkəmələrə təqdim etməmişdir. Halbuku hazırki halda sübut etmə yükü iddiaçının deyil, cavabdeh ASC-nin üzərinə düşür. Çünki elektrik sayğacı iddiaçıya aid sahənin daxilində deyil, ümumi istifadədə olan yerdə - küçədə qauraşdırılmışdır.
18. Odur ki, qeyd edilənlərə əsasən Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdeh ASC-yə münasibətdə delikt törədərək ASC-yə maddi zərər vurması sübuta yetmir. Bu hal sübuta yetmədiyindən də, iddiaçı, cavabdeh ASC-yə vurmadığı zərərin əvəzini, yəni əlavə sərfiyyata görə ona hesablanmış borcu ödəməməlidir. Rayon Məhkəməsi həmin borcun silinməsi barədə nəticəyə gəlməkdə haqlı olmuşdur.
19. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin iş üzrə gəldiyi və hazırki apellyasiya baxışının predmeti olan nəticə faktlar nöqteyinəzərindən düzgündür. Apellyasiya şikayətinin təmin, qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
20. Buna görə də MPM-nin 384-cü maddəsində təsbit olunmuş səlahiyyətlərindən çıxış edən, yuxarıda göstərilənlərə əsaslanan və MPM-nin 392, 393, 402-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə QƏT ETDİ:
Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 12 iyul 2023-cü il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün cavabdeh ASC tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.