Məhkəmə qərarları › İş №2(103)-5573/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5573/2021

21.05.2021 · Daşınar əşyanın sahibsiz hesab edilməsi və daşınmaz əşya üzərində dövlət mülkyyəti hüququnun tanınması haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5573/2021 21.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Elşən Kazımov və Xəyal Sarıyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, ərizəçinin nümayəndəsi Bəbir Həsənovun iştirakı ilə, ərizəçi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin “daşınar əşyanın sahibsiz elan edilməklə Dövlət Gömrük Komitəsinin mülkiyyətinə verilməsi barədə” ərizəsinə dair mülki iş üzrə Yasamal Rayon Məhkəməsinin 05.04.2021-ci il tarixli qərardadından ərizəçi Dövlət Gömrük Komitəsi tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Yasamal Rayon Məhkəməsinin 05.04.2021-ci il tarixli qərardadı ilə qərara alınıb ki, həmin ərizə baxılmamış saxlanılsın. Ərizəçi Dövlət Gömrük Komitəsi şikayət verərək xahiş edib ki, qərardad ləğv olunsun. Qərardad ləğv olunmalı və iş üzrə icraata xitam verilməlidir. Belə ki, ərizə xüsusi icraat qaydasında verilib. Ərizədə xahiş olunub ki, ümumi dəyəri 12.500 manat olan “Mercedes-Benz” markalı, C230 tipli nəqdliyyat vasitəsi sahibsiz elan edilməklə Dövlət Gömrük Komitəsinin mülkiyyətinə verilsin. Bu ərizəyə xüsusi icraat qaydasında məhkəmədə baxılmalı deyil. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 305-ci maddəsi məhkəmənin xüsusi icraat qaydasında baxdığı işləri müəyyən edib. Həmin maddədə daşınar əşyaya (avtomobil daşınar əşyadır) dövlətin mülkiyyət hüququnun tanınması barədə iş nəzərdə tutulmayıb. Ərizədə avtomobilin sahibsiz elan edilməsi xahiş olunsa da bu, müstəqil tələb deyil, mülkiyyət hüququnun tanınması barədə tələbin əsasıdır. Yəni ərizəçi avtomobilin ona görə sahibsiz elan edilməsini istəyir ki, o, Dövlət Gömrük Komitəsinin balansına verilməklə üzərində dövlətin mülkiyyət hüququ tanınsın. Avtomoibilin sahibsiz hesab edilməsi barədə işə xüsusi icraat qaydasında baxıla bilər. Belə ki, MPM-in 305.1.4-cü maddəsinə görə daşınar əşyanın sahibsiz hesab edilməsi haqqında işə xüsusi icraata qaydasında baxılır. Lakin avtomobil sahibsiz hesab edildikdən sonra Nazirlər Kabinetinin 18.04.2002-ci il tarixli, 69 №-li qərarı ilə təsdiq olunmuş “Müsadirə edilmiş, sahibsiz qalmış, vərəsəlik hüququ əsasında dövlət mülkiyyətinə keçən əmlakın və dəfinələrin uçotu, qiymətləndirilməsi, saxlanması, istifadəsi və satışı barədə” Əsasnamənin 3-cü bəndində müəyyən edilmiş qaydada istifadəsi, satışı və verilməsi həyata keçirilməlidir. X1 Komitəsi avtomobilin sahibsiz hesab edilməsini istəyirsə xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edə bilər, lakin avtomobilin Dövlət Gömrük Komitəsinə verilməsini xüsusi icraat qaydasında tələb edə bilməz. Beləliklə, daşınar əşyanın sahibsiz elan edilməklə Dövlət Gömrük Komitəsinin mülkiyyətinə verilməsi barədə ərizəyə xüsusi icraat qaydasında məhkəmədə baxılmalı olmadığına görə iş üzrə icrata xitam verilməlidir. Xitamın hüquqi əsası MPM-in 305 və 261.0.1-ci maddələrinin göstərişləridir. 305-ci maddə xüsusi icraat qaydasında baxılan işlərin dairəsini müəyyən edib, əgər iş həmin maddədə nəzərdə tutulmayıbsa, deməli, bu maddə həmin işə xüsusi icraat qaydasında baxılmalı olmadığını müəyyən edib. 261.0.1-ci maddədə isə qeyd olunub ki, işə məhkəmədə baxılmalı deyildirsə iş üzrə icraata xitam verilir. Birinci instansiya məhkəməsi ərizəni ona görə baxılmamış saxlayıb ki, hüquq haqqında mübahisə var. MPM-in 306.4-cü maddəsinə görə xüsusi icraat qaydasında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarır və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah edir. Bu, düzgün əsaslandırma deyil, çünki həmin əsaslandırmadan belə başa düşülür ki, əgər hüquq haqqında mübahisə olmasayıdı işə xüsusi icraat qaydasında baxıla bilərdi. Lakin hüquq haqqında mübahisənin olubolmadığından asılı olmayaraq hazırkı işə xüsusi icraata qaydasında baxıla bilməz. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397 və 398-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət qismən təmin edilsin. Hazırkı iş üzrə Yasamal Rayon Məhkəməsinin 05.04.2021-ci il tarixli qərardadı ləğv edilsin. Ərizəçi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən verilmiş “daşınar əşyanın sahibsiz elan edilməklə Dövlət Gömrük Komitəsinin mülkiyyətinə verilməsi barədə” ərizəyə xüsusi icraat qaydasında məhkəmədə baxılmalı olmadığına görə iş üzrə icraata xitam verilsin. Qərardaddan 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar