Məhkəmə qərarları › İş №2(103)-5574/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5574/2020

29.07.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5574/2020 29.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Arifli Şamxal Mehdi oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Qasımov Rövşən Əliqasım oğlunun, cavabdehlər Cavabdeh1 İsrayıl oğlunun, Cavabdeh3, Cavabdeh4, Yiğit (Vəliyeva) Fəxriyyə İsrayıl qızınıniştirakları ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(011)- 624/2020 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti üzrə mülki işə baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 İsrayıl oğluna, Cavabdeh2 İsrayıl qızına, Cavabdeh3, Cavabdeh4, Yiğit (Vəliyeva) Fəxriyyə İsrayıl qızına, Cavabdeh6 qarşı “mənzilə köçürülmə və mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim İ.Abbasova, iş N 2(011)-624/2020) iddia qismən təmin olunaraq, İddiaçı Bakı şəhəri Xətai rayonu General Şıxlinski küçəsindəki 19 saylı evin 102-ci mənzilinə köçürülməsi qət edilmiş, iddia tələbi “cavabdehlərin mənzildən çıxarılmaları” hissəsində təmin olunmamışdır. İddiaçı apelyasiya şikayəti verərək Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin cavabdehlərin mənzildən çıxarılma hissəsində ləğv olunmasını və cavabdehlərin himayələrində olan azyaşlı uşaqlarla birlikdə mənzildən çıxarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İşin halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, X3 ilə 1966-cı ildə ailə qurmuşdur. Həyat yoldaşı oğlunun, gəlininin və 2 qızının qəddar davranışlarına tab gətirə bilməyib 2019-cu il aprelin 27-də dünyasını dəyişmişdir. O, oğlu, gəlini və qızı tərəfindən evindən qovulmuşdur və hazırda 4-cü qızının evində qalmaq məcburiyyətindədir. Hazırda öz evinə dönmək, ömrünün son illərini həmin evdə keçirmək istəyir. Onun 4 qızından 2-sinin və oğlunun görünməyən ədəbsizlikləri və kobud rəftarları ailənin bütün düzənini pozmuşdur. Yoldaşı ilə birlikdə oğluna sərbəst yaşaması üçün Zığ şossesi Oksigen küçəsində 3 mərtəbəli həyət evi və yaşadıqları Şıxlinski küçəsindəki evə yaxın yolun kənarında 3 obyekt tikib bağışlasalar da, oğlu mübahisəli evdən çıxmamış, onlara hədə qorxu gəlmiş, təhqir etmiş, onları öldürəcəyini bildirmişdir. O, həyat yoldaşı ilə birlikdə 3 övladının övladlıqdan və vərəsəlikdən çıxarılması üçün məhkəməyə müraciət etsə də, Xətai Rayon Məhkəməsi iddianı təmin etməmişdir. İddiaçı göstərilənləri nəzərə alaraq özünün mübahisəli mənzilə köçürülməsini, cavabdehlərin isə həmin mənzildən çıxarılmalarını məhkəmədən xahiş etmişdir. Cavabdehlər birinci instansiya məhkəməsində izahat verərkən iddianı qismən qəbul edərək iddiaçının mübahisəli mənzilə köçürülməsinə etiraz etmədiklərini, əksinə bunu istədiklərini, lakin mənzildən çıxarılmalarına etiraz etdiklərini bildirmiş və bunu başqa yaşayış sahələri olmadığı ilə izah etmişlər. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən işin tam, hərtərəfli və obyektiv araşdırılmasının təmin olunmaması və nəticədə maddi və prosessual hüquq normalarının tələblərinin pozulmuş olması ilə əsaslandırılmışdır. Apelyasiya şikayətində həmçinin göstərilir ki, məhkəmə iddiaçının cavabdehlər tərəfindən hədə-qorxuya, fiziki təzyiqə məruz qalmasını, bununla bağlı hüquq mühafizə orqanlarına şikayət ərizələri yazmasını, bu ərizələr əsasında araşdırmalar aparılmasını nəzərə almamışdır. İddiaçı və onun nümayəndəsi (vəkil) Qasımov Rövşən Əliqasım oğlu məhkəmə kollegiyasının iclasında apelyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verdilər və təmin olunmasını xahiş etdilər. Cavabdehlərdən Cavabdeh1 İsrayıl oğlu, Cavabdeh3, Cavabdeh4, Yiğit (Vəliyeva) Fəxriyyə İsrayıl qızı məhkəmə kollegiyasının iclasında apelyasiya şikayətini qəbul etməyərək onun rədd olunmasını xahiş etdilər. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İşdən göründüyü kimi, qətnamənin iddianın təmin edilən hissəsindən cavabdehlər tərəfindən şikayət verilməmişdir, qətnamə apelyasiya qaydasında yalnız iddiaçı tərəfindən iddianın təmin olunmayan hissəsində, yəni cavabdehlərin mənzildən çıxarılmaları tələbinin rədd olunması hissəsində mübahisələndirilmişdir. Məhkəmə kollegiyası bunu nəzərə alaraq qətnamənin qanuniliyini və əsaslılığını yalnız apelyasiya qaydasında mübahisələndirilən hissədə, yəni cavabdehlərin mənzildən çıxarılmaları tələbinin rədd olunması hissəsində yoxlayıb qiymət verir. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, tərəflərin izahatlarını dinləyib, apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilmədən, Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə iddiaçının apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İşin birinci instansiya məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, Bakı şəh, General Şıxlinski küçəsindəki 10 saylı evin 102-ci mənzili xx xxxx 1995-ci ildə X2 adına xüsusi mülkiyyət kimi qeydiyyatdan keçmişdir. İsrayıl Vəliyev xx.xx.2019-cu il tarixdə vəfat etmiş və onun ölümündən sonra qeyd olunan mənzil miras qalmışdır. İsrayıl Vəliyev 1966-cı ildə İddiaçı ilə rəsmi nikaha daxil olmuş və həmin nikahdan 5 (beş) övladları olmuşdur: İlhamə, Zülfiyyə, Fəxriyyə , Almaz və İlham. Miras mənzilin 3/6 hissəsi üçün miras qoyanın arvadı İddiaçı pay verilmiş və onun həmin hissə üzərində mülkiyyət hüququ xx.xx.2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bundan əvvəl İddiaçı məhkəmədə övladları İlham, İlhamə və Fəxriyyə Vəliyevlərə qarşı vərəsəlik hüququndan məhrumetmə tələbinə dair iddia qaldırmış, lakin Xətai Rayon Məhkəməsinin 2(011)-6177/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. Hazırkı mübahisə üzrə iddiaçının tələbi Fəxriyyə (qızı), İlham (oğlu), Səbinə (gəlini) və onların azyaşlı uşaqlarına qarşı yönəlmişdir. Tələb iki hissədən ibarətdir: mənzilə köçürülmə və mənzildən çıxarılma. Yuxarıda qeyd olunduğu kimi, qətnamə mənzilə köçürülmə hissəsində mübahisələndirilməmişdir. Birinci instansiya məhkəməsi iddiaçının tələbini cavabdehlərin mənzildən çıxarılmaları hissəsində rədd edərkən mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 29, 43-cü, Mülki Məcəllənin 27.1, 152.1, 152.5, 228.5-ci, Mənzil Məcəlləsinin 29.1-ci, «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddələri ilə əsaslandıraraq qeyd etmişdir ki, cavabdehlər mübahisəli mənzildə mülkiyyətçinin razılığı ilə qeydiyyata düşərək yaşamış və hazırda da faktiki olaraq yaşayırlar, başqa yaşayış yerləri yoxdur. Cavabdehlər iddiaçının mənzilə köçürülməsini qəbul etmiş, başqa yaşayış yerləri olmadığına görə mənzildən çıxarılmalarına etiraz etmişlər. İddiaçı iddia ərizəsində cavabdehlərin onu mənzildən qovmalarına, mənzildən istifadə etməsinə maneə yaratdıqlarına istinad etsə də, bununla bağlı sübutları məhkəməyə təqdim etməmişdir. Birinci instansiya məhkəməsi göstərilənləri, cavabdehlərin mənzildən istifadə hüquqları olduğunu nəzərə alaraq cavabdehlərin mübahisəli mənzildən çıxarılmaları hissəsində iddianı əsassız saymış və təmin etməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Məhkəmə kollegiyası bu qənaətə gələrkən həmçinin nəzərə alır ki, miras mənzilin yalnız 3/6 hissəsi iddiaçının adına mülkiyyət hüququ üzrə qeydə alınmışdır, mənzilin 3/6 hissəsinə görə digər vərəsələrin payı isə açıq saxlanılmışdır. Miras qoyanın hazırkı iş üzrə cavabdeh olan vərəsələrinin (övladlarının) mirasdan məhrum edilmələrinə dair işdə hər hansı sübut yoxdur. Qəbul edilmiş miras isə Mülki Məcəllənin 1255-ci maddəsinin tələbinə əsasən onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Apelyasiya baxışı zamanı müəyyən edildi ki, xx.xx.2020-ci il tarixdə Bakı şəhəri 18 saylı notariat ofisi tərəfindən həmin açıq qalan hissəyə hər birinin payı 1/6 olmaqla Cavabdeh1 İsrayıl oğlunun, X1, Cavabdeh5 adlarına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Bu isə o deməkdir ki, həmin cavabdehlər də iddiaçı kimi mübahisəli mənzil üzərində paylarına uyğun şəkildə mülkiyyət hüququna malikdirlər və mülkiyyət hüququ qanunla qorunur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin işin tam, hərtərəfli və obyektiv araşdırılmaması, maddi və prosessual hüquq normalarının tələblərinin pozulması, iddiaçının cavabdehlər tərəfindən hədə-qorxuya, fiziki təzyiqə məruz qalması ilə bağlı dəlillərini də əsassız sayır və qeyd edir ki, işin halları məhkəmə tərəfindən tam, hərtərəfli və obyektiv araşdırılmış və işin müəyyən edilən hallarına uyğun gələn maddi hüquq normaları tətbiq olunmaqla mübahisəli hüquq münasibətinə düzgün qiymət verilmişdir. İddiaçı həmçinin cavabdehlər tərəfindən hədə-qorxuya, fiziki təzyiqə məruz qalması ilə bağlı da işə baxan məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə, yəni cavabdehlərin mənzildən çıxarılması tələbinin rədd olunması hissəsində apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Akif İsgəndərov Hakimlər: İlham Kərimli Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar