Məhkəmə qərarları › İş №2(103)-5575/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5575/2020

17.08.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5575/2020 17.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Qəşəmzadə Fuad Vahid oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(011)-1749/2020 saylı qətnaməsindən cavabdehin apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sonuncu tərəfindən əsassız hesablanmış 486 manat borcun və sayğacın dəyərinə görə tələb olunan 235,88 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, ünvan 1 ünvanında (abonent kodu: **********00010) istifadəsində olan smart tipli qaz sayğacı cavabdehin əməkdaşları tərəfindən yeni sayğacla əvəz edilmiş, köhnə sayğac çıxarılarkən üzərindəki bütün plombların yerində olmuşdur, lakin istifadəsində olmuş qaz sayğacına tərəfindən müdaxilə olunması əsas gətirilərək cavabdeh tərəfindən ona 486 manat məbləğində cərimə hesablanmış və istismara yararsız hesab edilən qaz sayğacının dəyəri olan 235,88 manat da ondan tələb edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(011)-1749/2020 saylı qətnaməsi iləiddia təmin edilmiş,İddiaçı yaşadığı ünvan 1 (abonent kodu: **********00010) ünvanında hesablanmış qaz sərfiyyatına görə 486 manat və sayğacın dəyərinə görə 235,88 manat borcun əsassız hesab edilərək silinməsinin Cavabdeh İstehsalat Birliyinə həvalə edilməsi və Cavabdeh İstehsalat Birliyindən dövlət rüsumuna görə 30 manatın dövlət nəfinə tutulması qət edilmişdir. Qətnamədən Cavabdeh nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Şikayətə görə, iddiaçının mənzilində quraşdırılmış sayğac Cavabdeh İB-nin nümayəndələri tərəfindən çıxarılmış və dövlət yoxlamasından keçirilməsi üçün “İnformasiya Texnologiyaları və Rabitə İdarəsi”nə göndərilmişdir. İdarənin rəyinə əsasən sayğaca müdaxilə olunduğu və sayğacın istismara yararsız olduğu müəyyən edilmişdir. Bu səbəbdən istehlakçıya istifadə etdiyi qaz cihazlarının sərfiyyatına görə 486 manat və sayğacın dəyəri olaraq 235,88 manat borc hesablanaraq tələb edilmişdir. İşə baxılmasının vaxtı və yeri barədə məlumatlandırılmış tərəflər (nümayəndələri) məhkəmə iclasına gəlmədiklərinə görə, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından aydın olur ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbul haqqında” xx.xx.2019-cu il tarixli ******* saylı aktla iddiaçıya məxsus evdə İtron tipli G-4 markalı qaz sayğacı çıxarılmış, yenisi ilə əvəzlənmişdir. Aktda “dəyəri ödənilməyən qaz sərfiyyatı-405 m3” qeyd edilmişdir. Akt istehlakçı tərəfindən imzalanmışdır. İş materiallarında olan Cavabdeh İB tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” Aktdan məlum olur ki, istehlakçının mülkiyyətində olan evə aid qaz sayğacına baxış keçirilmiş və “sayğacın klapanı işlək deyil, sayğacda alarm-1 rejimi aşkarlandı” qeyd edilmişdir. Akta əsasən dəymiş ziyanın hesablanması və ödənilməsi tələb edilmişdir. İstehlakçı aktı imzalamaqdan imtina etmişdir. xx.xx.2019-cu il tarixli qərara əsasən itirilmiş qazın dəyəri (1.2x6x90=648 m3, 2.6x18x90=4212 m3) cəmi 4860 m3 həcmində hesablanmışdır. İş materiallarında olan abonentin saldosundan görünür ki, **********00010 saylı abonent İddiaçı 486 manat məbləğində qazdan istifadəyə görə borcu vardır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısmın vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı xx xxx 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən, qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi qaz paylayıcısı hesabına həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Cavabdeh təşkilat mübahisələndirmir ki, iddiaçıya məxsus evin qaz təchizatı ilə hesablaşmasını təmin edən sayğac evdən kənarda quraşdırılmışdır. Belə olan halda isə həmin sayğacda yaranan problemə görə iddiaçının məsuliyyət daşıması qanunvericiliyin mənasına görə mümkün deyildir. Başqa sözlə, küçədə quraşdırılmış və işlək vəziyyətinə təchizatçı təşkilatın cavabdehlik daşıdığı sayğaca edilən müdaxilədə iddiaçının təqsirinin olması sübuta yetirilməmişdir. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Xüsusilə nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 401-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1749/2020 saylı iş üzrə xx xxxxxx 2020-ci il tarixliqətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilə bilməz. Sədrlik edən Vahid Sadıqov Hakimlər Qürbət Əsgərov Azad İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar