Məhkəmə qərarları › İş №2(103)-5581/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5581/2020

14.10.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5581/2020 14.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili X2, cavabdeh Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X3 və ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 nümayəndəsi və vəkili X4 iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(011)-2126/2020 nömrəli qətnaməsindən cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti və ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Əmlak Məsələləri Dövlət Komitəsinə və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 35.1 kv.m olan qeyri-yaşayış sahəsinin açıq hərracdan satılmasına dair hərracın nəticələri haqqında protokolun, hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin və Cavabdeh2 adına verilmiş Seriya RX ******* saylı çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh2 cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddia üzrə cavabdeh, (qarşılıqlı iddia üzrə olan iddiaçıya) məxsus olan və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı X11 tərəfindən verilmiş seriya RX ******* nömrəli, xx.xx.2019-cu il tarixli çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsindən qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və onunla yaşayan bütün ailə üzvlərinin (3-cü şəxsləri) çıxarılması, eləcə də ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(011)-2126/2020 nömrəli qətnaməsi ilə ilkin iddianın təmin edilməsi, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 35.1 kv.m. olan qeyriyaşayış sahəsinin açıq hərracdan satılmasına dair keçirilmiş hərracın yekunları barədə xx xxxxxx 2018-ci il tarixli 47/01 nömrəli protokolun və Əmlak Məsələləri Dövlət Komitəsi ilə Cavabdeh2 arasında bağlanmış 4223 nömrəli, xx.xx.2018-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi, RX seriyalı ******* nömrəli çıxarışın ləğv edilməsi, qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı qeyri-yaşayış sahəsinin boşaldılması tələbinin təmin edilməməsi qət edilmişdir. Qətnamədən cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsi apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi xx.xx.2018-ci il tarixində keçirilmiş hərracda Cavabdeh2 tərəfindən özəlləşdirilmiş və sonuncuya daşınmaz əmlakın dövlət reyestrindən mülkiyyət hüququ haqqında xx.xx.2019-cu il tarixli, ******* nömrəli çıxarış verilmişdir. Mübahisənin predmeti olan ünvan 1 ünvanında yerləşən 35.5 m2 ölçüdə qeyri-yaşayış sahəsi xx.xx.2012-ci il tarixli 3617 nömrəli icarəmüqaviləsinə əsasən Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən İddiaçı icarəyə verilmişdir. Mübahisə predmeti olan qeyri-yaşayış sahəsinin özəlləşdirilməsi barədə Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən sərəncam verilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2000-ci il tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramının 4.6.4-cü, həmçinin Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2000- ci il tarixli, 432 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcarəyə verilmiş dövlət əmlakının özəlləşdirilməsi haqqında Əsasnamə”nin 18-ci və həmin Fərmanla təsdiq edilmiş “Yerli icra hakimiyyəti orqanlarının sərəncamında olan, habelə yaşayış binalarında yerləşib dövlət vəsaiti hesabına inşa edilmiş qeyri-yaşayış sahələrinin özəlləşdirilməsi Qaydaları”nın 4.2.1-ci bəndlərinə uyğun olaraq icarəyə götürülmüş qeyri-yaşayış sahəsi ilk növbədə 100% dəyəri ilə satın alınması üçün xx.xx.2017-ci il tarixli, **********95 nömrəli və xx.xx.2017-ci il tarixli, **********78 nömrəli məktublarla icarəçi İddiaçı təklif olunmuşdur. Lakin qanunvericiliklə müəyyən edilmiş müddət ərzində İddiaçı tərəfindən alqı-satqı müqaviləsinin bağlanmasına razılıq bildirilməmişdir. Bu səbəbdən həmin qeyri-yaşayış sahəsinin hərrac vasitəsilə satılması barədə xx.xx.2017-ci il tarixli sərəncam verilmiş və Komitənin mətbu orqanı olan “Mülkiyyət” qəzetində, “www.emdk.gov.az” rəsmi internet saytında və “www.privatization.az” özəlləşdirmə portalında elan verilmişdir. Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramının 4.6.5-cı bəndinə əsasən: -icarəyə verilmiş əmlak 100% dəyəri ilə icarəçiyə təklif olunur. İcarəçi icarəyə götürdüyü əmlakı almağa razılıq verdikdə, onunla alqı-satqı müqaviləsi bağlanır və o, 30 gün ərzində əmlakın dəyərini ödəyir; -icarəçi icarəyə götürdüyü əmlakı almaqdan imtina etdikdə və ya həmin təklifi aldığı andan 30 gün ərzində əmlakın dəyərini ödəmədikdə, həmin əmlak İİ Dövlət Proqramının 4.4-cü bölməsində nəzərdə tutulan qaydada hərraca çıxarılır və ya müəssisə ilə birlikdə özəlləşdirilir. Qeyd edilən qeyri-yaşayış sahəsi ilə əlaqədar 10 dəfə hərrac keçirilmiş, lakin İddiaçı keçirilmiş hərracların heç birində iştirak etmək hüququndan istifadə etməmişdir. Mübahisə predmeti olan əmlak xx.xx.2018-ci il tarixində keçirilmiş hərracın qalibi Cavabdeh2 tərəfindən özəlləşdirilmişdir və bu barədə ona xx.xx.2019-cu il tarixli, ******* nömrəli çıxarış verilmişdir. Bütün bunlara baxmayaraq, məhkəmə əsassız olaraq iddiaçının hərrac barədə lazımı qaydada məlumatlandırılmadığını, bununla da Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən hərracın keçirilməsi qaydalarının pozulduğu qənaətinə gəlmişdir. Baxmayaraq ki, “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanunu və Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2000-ci il tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı” ilə yuxarıda qeyd edilmiş tədbirlərdən əlavə digər vasitələrlə fiziki və hüquqi şəxslərin məlumatlandırılması müəyyən edilməmişdir. Göründüyü kimi qeyd edilən qeyri-yaşayış sahəsinin satışı ilə əlaqədar keçirilmiş hərrac qanunvericiliyin tələblərinə uyğun olmuşdur və Komitənin hərəkət və ya hərəkətsizliyi səbəbindən iddiaçının hər hansı hüquqları pozulmamışdır. Mübahisə predmeti olan sahəyə dair bağlanılmış xx.xx.2012-ci il tarixli 3617 nömrəli icarə müqaviləsinin ləğv olunma səbəbi Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən məhz həmin sahənin özəlləşdirilməyə açıq elan olunması ilə bağlı qəbul etdiyi qərar olmuşdur. Belə olan halda İddiaçı həmin müqavilənin tərəfi olduğu halda əmlakın özəlləşdirməyə açıq elan olunmasından xəbərsiz olması ilə bağlı mövqeyi tamamilə əsassızdır. Göründüyü kimi əmlakın özəlləşdirməyə açıq elan edilməsi ilə bağlı Komitə tərəfindən qəbul olunmuş sərəncam əsasında icarəçi İddiaçı ilə bağlanmış icarə müqaviləsinə xitam verilmişdir. Qeyd olunan sərəncam isə hazırda qüvvədədir. Belə olan halda İddiaçı üzərində hüquqlarına xitam verilmiş əmlaka dair iddia qaldırmağa hər hansı subyektiv hüququ yoxdur. “İcarə haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin ikinci hissəsinə əsasən icarə obyekti dövlətsizləşdirmə və özəlləşdirmə üçün açıldıqda icarə müqaviləsi ləğv edilmiş hesab olunur. Qətnamədən həmçinin qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 da apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, ilkin iddianın rədd olunmasını, qarşılıqlı iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamədə iddiaçı ilə digər cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsi arasında xx.xx.2012-ci il tarixində, 3617 nömrəli icarə müqaviləsinin mövcudluğu göstərilir. Amma bu müqavilənin əsas müddəalarına məhkəmə tərəfindən ümumiyyətlə diqqət yetirilmir. Belə ki, müqavilənin müddəti xx.xx.2012-ci il tarixində bitmişdir. Həmin müqavilənin 8.2-ci maddəsinə görə, müqavilənin müddəti başa çatdıqda müqavilə üzrə hüquq münasibətlərinə xitam verilir. Həmin müqavilənin 8.3.6-cı maddəsinə isə icarəyə verilmiş əmlak özəlləşdirmək üçün açıq elan edildikdə, müqavilə üzrə hüquq münasibətlərinə vaxtından əvvəl xitam veriləcəyi müəyyənləşdirilmşdir. Bundan başqa iddiaçı iddia ərizəsində göstərdiyinə, eləcə də onun nümayəndəsinin məhkəmədə verdiyi izahatına əsasən müəyyən olunur ki, əmlak qeyri-yaşayış sahəsi olmasına baxmayaraq və icarə müqaviləsinin mahiyyətinə zidd olaraq onu yaşayış sahəsi kimi istifadə etmişdir. İddiaçı nə səbəbdən bu əmlakdan məhz yaşayış sahəsi kimi istifadə etməsinin əsl səbəbi də öyrənilməmişdir. İdidaçının yaşaya biləcəyi hər hansı bir yaşayış sahəsinin sahibliyində, mülkiyyətində olub-olmaması faktları da məhkəmə tərəfindən öyrənilməli idi. Ancaq əfsuslar olsun ki, məhkəmə işə birtərəfli baxmışdır. Müqavilənin 5.1-ci maddəsinə əsasən icarəyə verilmiş əmlakdan ancaq müqavilə şərtlərinə uyğun təyinatı üzrə istifadə etmək vəzifəsi müəyyənləşdirilmişdir. Bütün bu üzərinə götürülən öhdəliklərin pozulmasına da məhkəmə tərəfindən hüquqi qiymət verilməmişdir. Yuxarıda qeyd etdiyi kimi, müqavilənin müddəti 6 ay olmuş və daha sonrakı müddətin uzadılmasına dair hər hansı bir sənəd məhkəməyə təqdim olunmamışdır. Nəticə etibarı ilə məhkəmədə onun guya satın-alınmasında üstünlük hüququnun nəyə əsaslandığı aydın deyil. Ümumiyyətlə məhkəmə baxışı istər iddia ərizəsinin baxılmamış saxlanılmış hissəsinə qədər, istərsə də qanunusuz qaydada icraatın təzələnməsindən sonra keçirilmiş məhkəmə iclasında hər hansı bir ətraflı araşdırma, eləcə də sübütların qiymətləndirilməsi aparılmamışdır. İşdə olan iddiaçının 1-ci Vitse-prezidenti M.Əliyevaya ünvanlanmış şikayət ərizələrin, eləcə də onların araşdırılmasına dair cavabdehə verilmiş məktublara lazımi qiymət verilməmişdir. Həmin ərizələrin mahiyyətinə görə açıq-aydın başa düşülür ki, İddiaçı əldə etdiyi əmlakın hərracda satılacağı haqqında məlumatlı idi. Həmçinin onun bu şikayətlərindən təxmini 18 aydan sonra əmlak hərraca çıxırılmışdır və onun bu məsələlərdən xəbərsiz olması, inandırıcı deyil. Həmin məktublardan açıq-aşkar aydın olur ki, iddiaçı əvvəllər də qanunsuz yolla əmlakı əldə etmək istəyib və ən əsası odur ki, əmlakın hərraca çıxarılması haqqında müvafiq xəbərdarlıq məktubları ilə dəfələrlə ona məlumat verilmişdir. Məhkəmə bu bildirişlərə lazımi hüquqi qiymət verməyərək onların iddiaçıya çatdırılması haqqında poçt qəbzləri cavabdeh tərəfindən təqdim edə bilmədiyi qətnamədə göstərilmişdir. Lakin bu faktların dəqiqləşdirilməsi üçün məhkəmə tərəfindən müvafiq sorğu göndərilməmiş və bu faktın araşdırılması üçün tərəflərə (şəxsən ona) sübutların əldə edilməsi üçün ümumiyyətlə imkan verməmişdir. Çünki, yuxarıda göstəridiyi kimi, iddiaçının onunla barışıq əldə edilməsi istiqamətində cəhdlərin olduğuna görə, iddiası baxılmamış saxlanılmışdır. Ona görə o, lazımi tədbirləri vaxtında görə bilməmişdir. Ancaq bu tələm-tələsik qəbul olunmuş qətnamədən əvvəl iddiaçı tərəfindən işi sülh ilə qurtarmaq istəməsinə dair ona verilmiş vədlərin yalan olduğunu və əvvəlcədən düşünülmüş hiylə planının bir parçası olduğu sonradan ona aydın olmuşdur. Beləliklə, həm ilkin iddianın təmin olunmamasına, eləcə də qarşılıqlı iddianın təmin olunması üçün üzərində olan prosessual hüquqlardan tam istifadə edə bilməmişdir. Bütün bunlar məhkəmənin işə qərəzli yanaşmağının və qeyri-obyektiv olmasının bariz nümünəsidir. Digər tərəfdən iddianın təmin olunması üçün məhkəmənin gətirdiyi maddihüquq normalarının kifayət, eləcə də işimizə aid olmadıqlarını hesab edir. Belə ki, qətnamədə AR MM-nin 337.1-ci maddəsi (Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər) gətirilmişdir. Halbuki, onun tam vicdanlı və qanuni qaydada hərrac yolu ilə bağladığı alqı-satqı müqaviləsinin Mülki Məcəlləsinin hansı belə maddi-hüquq normaları ilə müəyyənləşdirlmiş şərtlərin pozulmasına dair hər hansı bir digər maddi- hüquq norması dəlil kimi gətirilməmişdir. Yalnız “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Qanunun, Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 23 dekabr tarixli,432 nömrəliFərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyəti orqanlarının sərəncamında olan, habelə yaşayış binalarında yerləşib dövlət vəsaiti hesabına inşa edilmiş qeyri-yaşayış sahələrinin özəlləşdirilməsi” Qaydalarının maddi-hüquq normalarına istinad etmişdir. Halbuki, işə baxarkən məhkəmə MM-nin digər müddəalarına, Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 23 dekabr tarixli 432 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcarəyə verilmiş dövlət əmlakının özəlləşdirilməsi haqqında” Əsasnaməyə də istinad edilməli idi. Belə ki, həmin Əsasnamənin 8-ci bəndinə əsasən İcarə obyekti özəlləşdirmə üçün açıq elan olunduqda, icarə müqaviləsi ləğv edilmiş hesab olunur və mülkiyyət münasibətləri Azərbaycan Respublikasının Mülki Məcəlləsinə və «İcarə haqqında» Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq tənzimlənir. Qətnamədə iddiaçının satın-almaqda üsütnülük hüququnun olması göstərilir. Bundan başqa məhkəmənin gəldiyi nəticəyə əsasən keçirilmiş hərracın yekunları, onun cavabdehlə bağladığı müqavilənin etibarsız hesab edilməsi qənaəti də birtərəfli həll olunmuşdur. Belə ki, əgər məhkəmənin qənaətinə görə əmlakın əldə edilməsinin nəticələri etibarısızdırsa, onun vicdanlı alıcı olaraq hüquqları bu qətnamə ilə kobud surətdə pozulmuşdur. Çünki, əgər həqiqətən cavabdeh bu əmlakın hərraca çıxarılması qaydalarını pozubsa, onda təbii ki, bu haqda ümumiyyətlə məlumatlı deyildi və ola da bilməzdi. Beləliklə, onun hər bir halda vicdanlı olmağı danılmazdır. MM-nin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Ancaq burada da, məhkəmə qətnamə çıxararkən onun vicdanlı olmağını nəzərə almamış və hərracın, müqavilənin etibarsız hesab etməklə, eləcə də əmlak üzərində dövlət qeydiyyatı üçün əsas olmuş çıxarışı ləğv etməklə yanaşı ödədiyi pulu ona qaytarılmasına münasibət bildirməli idi. Ancaq bu hissəyə də məhkəmə lazımi hüquqi qiymət verməmişdir. Məhkəmə bu qətnamə ilə onun vicdanlı alıcı olmağını nəzərə almadan başqa, ona demək olar ki, 2 ilə yaxındır ki, maddi zərərin vurulduğunu da nəzərə almır. Həm aldığı əmlakdan da, həm də onun satın alınması üçün xərclədiyi halal pulundan məhrum olunur. O pulu başqa yerə də sərf edə bilərdi. Məhkəmə iclasında ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 nümayəndəsi və vəkili X9 apellyasiya şikayətini müdafiə edərək eyni məzmunlu izahat verdi. Məhkəmə iclasında cavabdeh Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X7 apellyasiya şikayətini müdafiə edərək orda göstərilənləri təsdiq etdi. Məhkəməmə iclasında ilk iddia tələbi üzrə iddiaçı qarşılıqlı iddia tələbi üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili X5 apellyasiya şikayətlərinə etiraz edərək rədd olunmasını xahiş etdi. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Qanunun 31.1.1-ci maddəsinə görə, bu Qanunun və dövlət əmlakının özəlləşdirilməsi qaydasını müəyyən edən digər normativ hüquqi aktların pozulması dövlət əmlakının özəlləşdirilməsinə dair bağlanmış əqdlərin etibarsız hesab edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2000-ci il tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında Dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı"nın 4.6.4-cü maddəsinə əsasən, icarə müəssisəsinin struktur bölməsinin ayrıca özəlləşdirilməsi haqqında qərar həmin bölmənin ayrıca fəaliyyət göstərməsi, onun texnoloji cəhətdən müəssisə ilə bağlılığı, ərazi baxımından ayrılmasının mümkünlüyü və s. bu kimi amilləri nəzərə almaqla Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən qəbul edilir. Bu qərar qəbul edildikdə icarəyə götürülmüş əmlak 100% dəyəri ilə icarəçiyə təklif olunur. İcarəçilər icarəyə götürdükləri əmlakı almaqdan imtina etdikdə həmin əmlak İİ Dövlət Proqramında nəzərdə tutulmuş qaydada özəlləşdirilir. Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2000- ci il tarixli, 432 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcarəyə verilmiş dövlət əmlakının özəlləşdirilməsi haqqında Əsasnamə”nin 18-ci bəndinə əsasən Özəlləşdirilməsi qadağan olunan dövlət əmlakı istisna olmaqla, icarə müqavilələri əsasında icarəyə verilmiş digər dövlət əmlakı (tikili, qurğu, avadanlıq və s.) onun icarəyə verən müəssisə və ya təşkilatla bağlılığı, ərazi baxımından ayrılmasının mümkünlüyü və sair belə amillər nəzərə alınmaqla, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən aşağıdakı qaydada özəlləşdirilir: -icarəyə verilmiş əmlak 100 faiz dəyəri ilə icarəçiyə təklif olunur. İcarəçi icarəyə götürdüyü əmlakı almağa razılıq verdikdə, onunla alqı-satqı müqaviləsi bağlanır və o, 30 (otuz) gün ərzində əmlakın dəyərini ödəyir; -icarəçi icarəyə götürdüyü əmlakı almaqdan imtina etdikdə və ya həmin təklifi aldığı andan 30 (otuz) gün ərzində əmlakın dəyərini ödəmədikdə, həmin əmlak İİ Dövlət Proqramının 4.4-cü bəndində nəzərdə tutulmuş qaydada hərraca çıxarılır və ya müəssisə ilə birlikdə özəlləşdirilir. Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2000- ci il tarixli, 432 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyəti orqanlarının sərəncamında olan, habelə yaşayış binalarında yerləşib dövlət vəsaiti hesabına inşa edilmiş qeyri-yaşayış sahələrinin özəlləşdirilməsi Qaydaları”nın 4.2.1-ci bəndinə əsasən icarəçi tərəfindən icarəyə götürülmüş qeyri-yaşayış sahələri ilk növbədə 100 faiz dəyəri ilə icarəçiyə təklif olunur. İcarəçi həmin sahəni almağa razılıq verdikdə onunla Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi arasında alqı-satqı müqaviləsi bağlanılır. Birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən qənaətini belə əsaslandırmışdır ki, mübahisə predmeti olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 35.1 kv.m olan qeyri-yaşayış sahəsi uzun illər qanuni əsasla iddiaçının anası X1, sonradan İddiaçı sahibliyində və istifadəsində olmuşdur. Bu səbəbdən İddiaçı qeyri-yaşayış sahəsinin icarəçisi sayılmaqla, həmin sahənin özəlləşdirilməsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulan üstünlük hüququna malik olmuşdur. X8 Dövlət Komitəsi sözügedən qeyriyaşayış sahəsini hərrac vasitəsi ilə özəlləşdirmədən qabaq qanuni istifadəçi olan İddiaçı təklif etməmiş, onun həmin sahənin satın alınması ilə bağlı mövqeyini öyrənməmişdir. Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən İddiaçı ünvanlanmış bildirişlər məhkəməyə təqdim edilsə də, həmin bildirişlərin İddiaçı çatdırılmasını təsdiq edən sənəd təqdim edilməmişdir. Halbuki, işin mübahisəsiz halına görə, İddiaçı sözügedən qeyri-yaşayış sahəsini özəlləşdirmək məqsədilə Əmlak Məsələləri Dövlət Komitəsinə müraciət etmişdir, hətta müraciəti uğursuz olduğu üçün şikayətlə Milli Məclisin deputatı Mehriban Əliyevaya da müraciət etmişdir. Lakin buna baxmayaraq, Əmlak Məsələləri Dövlət Komitəsi ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 35.1 kv.m olan qeyri-yaşayış sahəsinin özəlləşdirilməsi barədə qanuni istifadəçi İddiaçı məlumat vermədən sahəni hərrac vasitəsi ilə Cavabdeh2 satmaqla, qeyd edilən Qaydaların tələbini pozmuşdur. Hərracın keçirilməsi ilə bağlı mülki və dövlət əmlakının özəlləşdirilməsi haqqında qanunvericilikdə müəyyən edilmiş tələblərə riayət olunmadığından, iddiaçı hərracın keçirilməsindən məlumatsız olduğundan ilkin iddia tələbi əsaslı olduğu üçün təmin edilməli, ilkin iddia tələbi təmin edildiyindən, qarşılıqlı iddia tələbi əsassız olduğundan rədd olunmalıdır. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətlərində göstərilən dəlillər əsassız olduğundan qətnamənin ləğv edilməsi, ilk iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsi üçün əsas ola bilməz. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair xx xxx 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti apellyasiya şikayətində qətnamənin ləğv edilməsini xahiş etsə də, şikayətin məzmunundan görünür ki, şikayətin obyektini birinci instansiya məhkəməsinin qətnaməsinin bir hissəsi, yəni ilk iddianın təmin edilməsi hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır) predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı konkret olaraq ilk iddianın təmin edilməsi hissəsində yol verdiyi pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin bu hissədə ləğvi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Cavabdeh(qarşılıqlı iddiaçı) Cavabdeh2 apellyasiya şikayətinin obyektini də birinci instansiya məhkəməsinin qətnaməsi, yəni ilk iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsi hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır) predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı konkret olaraq ilk iddianın təmin, qarşılıqlı rədd edilməməsi hissəsində yol verdiyi pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin bu hissədə ləğvi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarına əsasən qətnamə cavabdeh Əmlak Məsələləri Dövlət Xidmətinin apellyasiya şikayəti üzrə ilk iddianın təmin edilən hissəsində, Cavabdeh2 şikayəti üzrə isə ilk iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsi hissəsi üzrə yoxlanılır. Hazırki iş üzrə, ilk iddianın faktiki əsası(faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dizpozisiya əlamətləri ilə uzlaşdığından, qarşılıqlı iddianın isə faktiki əsası(faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dizpozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin mübahisələndirilən hissələrdə iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Əvvəla, ilk iddiaçı tərəfindən mübahisəli qeyri-yaşayış sahəsinin yaşayış sahəsi kimi istifadə edərək ailəsi ilə birgə orada yaşaması ilk iddianın əsassızlığına və qarşılıqlı iddianın isə əsaslılığına dəlalət etmir. Bu halın mübahisələndirilməsi isə qarşılıqlı iddiaçı tərəfindən deyil, icarə müqaviləsinin tərəfi olan cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən edilə bilərdi. Lakin sonuncu qurum əvvəllər bu halı, yəni qeyriyaşayış sahəsi həqiqətən təyinatı üzrə istifadə edilmədiyinə görə mübahisələndirməmişdir. İcarə müqaviləsinin müddətinin uzadılıb-uzadılmaması da müqavilə tərəflərinin səlahiyyətində olan məsələlərə aiddir. Ən azından Əmlak Məsələləri Dövlət Xidmətinin apellyasiya şikayətində bu halı da mübahisələndirmir. İkincisi, ilk iddiaçının qeyri-yaşayış sahəsinin özəlləşdirilməsi ilə bağlı Azərbaycan Respublikasının 1-ci Vitse-prezidentinə şikayət ərizəsi ilə müraciət etməsi də ilk iddianın əsassızlığına və qarşılıqlı iddianın əsaslılığına dəlalət etmir. Belə ki, ilk iddiaçının korrupsiya hüquq pozuntuları və buna şərait yaradan hallar barədə 1-ci Vitse-prezidentə müraciət etməsi icarə müqaviləsi əsasında icarəsində olmuş qeyri-yaşayış sahəsini özəlləşdirməyə çıxarılmamışdan əvvəl satın alınması üçün 100 faiz dəyəri ilə icarəçiyə təklif olunmasını istisna edə bilməzdi. Eyni zamanda şikayət ərizələrinin yazılması da əmlakın satın alınmasını ilk iddiaçıya təklif etmədən hərraca çıxarılması üçün əsas ola bilməzdi. Üçüncüsü, qarşılıqlı iddiaçının şikayətində göstərdiyi ilk iddiaçının əvvəllər də qanunsuz yolla əmlakı əldə etmək istəyib dəlili də ilk iddianın əsaslığını təsdiq edən amil hesab edilməlidir. Qarşılıqlı iddiaçı həqiqətən də özünü vicdanlı alıcı hesab edirsə ilk iddiaçının həmin əmlakı bəyan etdiyi kimi qanunsuz yolla əldə etmək istəməsini necə öyrənməsi barədə də şikayətində ətraflı açıqlama verməliydi. Qarşılıqlı iddiaçının bu barədə məlumat verməməsi də onun bağladığı alqı-satqı müqaviləsinin etibarlı əqd hesab edilməməsini göstərir. İstər hərrac yolu, istərsə də alqı-satqı yolu ilə əmlak əldə edən şəxsən məhkəmə iclasında iştirak edərək buna aydınlıq gətirməli idi. Çünki, mülki dövriyyədə əmlakı görmədən, onun real mövcud olubolmamasına əmin olmadan, şəraiti ilə maraqlanmadan, hansı şəxsin sahibliyində olduğunu öyrənmədən, və.s. məsələləri araşdırmadan hərracda iştirak etmək, sonradan isə alqı-satqının həyata keçirilməsi inandırıcı və ağlabatan olmamaqla yanaşı, həyatda həmişə baş verən hallara da uyğun deyildir. Belə ki, insan elə bir şüurlu varlıqdır ki, o, hansısa əşyanı özününkü etmək üçün başqa sözlə alqı-satqı müqaviləsi əsasında əvəzli olaraq pul verib almaq üçün mütləq onu əvvəlcədən görmək istəyir, ona baxmaq istəyir, onun hansısa problemlərinin olub-olmaması ilə maraqlanır. Çünki, insanın həyat tərzi də bunu tələb edir. Lakin qarşılıqlı iddiaçının bu istəklərinin olmaması, yəni qeyd olunanları yoxlamadan həqiqətən vicdanlı şəxs kimi qeyri-yaşayış sahəsi aldığı da ümumiyyətlə inandırıcı deyildir. Dördüncüsü,məhkəmənin alqı-satqı müqaviləsini etibarsız hesab edərkən Mülki Məcəllənin 337.5-ci maddəsinin tətbiq etməməsi də qətnamənin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Çünki, qarşılıqlı iddiaçı həmin alqı-satqı müqaviləsi üzrə həqiqətən də hansısa məbləğdə vəsait ödəmişdirsə, onsuzda həmin məbləği, hətta bununla əlaqədar ona hansısa formada zərər vurulmuşdursa onun da əvəzini tələb etmək hüququnu özündə saxlayır. Mülki Məcəllənin 337.1-ci maddəsində Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla... və 337.5-ci maddədə, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa şərtlərinin olması bütövlükdə mülki qanunvericilik sisteminə uyğun omasa da bu şərtlər də həmin maddənin tətbiqini məcburi etmir. Aydın məsələdir ki, mülki qanunvericilik tək Mülki Məcəllədən ibarət deyildir. Buna baxmayaraq həmin şərtlərin olması, yəni, yalnız Mülki Məcəllədə nəzərdə tutulan şərtləri pozmaqla bağlanmış əqdlərin etibarsız sayılmalı olması, eləcə də dövlət mülkiyyətində olan, ayrı-ayrı şəxslərin icarəsinə verilmiş qeyri-yaşayış sahələrinin dövlət əmlakının özəlləşdirilməsi haqqında qanunvericiliyə uyğun Əmlak Məsələləri Dövlət Xidmətinin yanında yaradılmış Hərracların Təşkili üzrə Auksion Mərkəzlərində hərraca çıxarılması və hərracı udan şəxslə alqı-satqı müqaviləsinin bağlanması yuxarıda sadalanan və sadalanmayan digər xüsusi, sahəvi qanunvericilik aktları ilə tənzimlənməsi də Mülki Məcəllənin 337.5-ci maddəsinin bu iş üzrə tətbiq olunmasının məqsədə uyğun olmamasını labüd edir. Beşincisi, mübahisə predmeti olan qeyri-yaşayış sahəsinin özəlləşdirilməsi barədə Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən sərəncam verilməmişdən əvvəl həmin əmlak satın alınması üçün icarəçiyə təklif olunmalı idi. Belə ki, Komitə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2000-ci il tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramının 4.6.4-cü, həmçinin Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2000- ci il tarixli, 432 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcarəyə verilmiş dövlət əmlakının özəlləşdirilməsi haqqında Əsasnamə”nin 18-ci və həmin Fərmanla təsdiq edilmiş “Yerli icra hakimiyyəti orqanlarının sərəncamında olan, habelə yaşayış binalarında yerləşib dövlət vəsaiti hesabına inşa edilmiş qeyri-yaşayış sahələrinin özəlləşdirilməsi Qaydaları”nın 4.2.1-ci bəndlərinə uyğun olaraq icarəyə götürülmüş qeyri-yaşayış sahəsini ilk növbədə 100% dəyəri ilə satın alınması üçün xx.xx.2017-ci il tarixli, **********95 nömrəli və xx.xx.2017-ci il tarixli, **********78 nömrəli məktublarla icarəçi İddiaçı təklif olunduğunu göstərsə də həmin məktubların həqiqətən sonuncuya təqdim olunması barədə məhkəməyə mötəbər sübut təqdim etməmişdir. Demək ilk iddiaçıya real olaraq belə bir təklif verilməmişdir. Bu cür vəziyyətdə qanunvericiliklə müəyyən edilmiş müddət ərzində ilk iddiaçı tərəfindən alqı-satqı müqaviləsinin bağlanmasına razılıq necə bildirilməli idi. Bundan əlavə, qeyri-yaşayış sahəsi ilə əlaqədar 10 dəfə hərrac keçirilmişdirsə, bu barədə icarəçi olan İddiaçı hansısa fomada məlumat verilməsi də təsdiq olunmur. Hazırda da ilk iddiaçı tərəfindən qeyri-yaşayış sahəsinin alınmasına görə qarşılıqlı iddiaçı tərəfindən ödənildiyi göstərilən məbləğdən də artıq, yəni 12000 manatı təklif olunması ona dəlalət edir ki, həqiqətən də qeyri-yaşayış sahəsi ilk növbədə qanunvericiliyin tələbinə uyğun olaraq ilk iddiaçıya təklif edilsəydi, şübhəsiz ki, sonuncu uzun illər istifadəsində olduğu həmin qeyriyaşayış sahəsini əldə edərdi. Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətlərində göstərdiyi dəlillər qətnamənin mübahisələndirdiyi hissədə ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti və ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri üzrə mübahisələndirilən hissələrdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla mübahisələndirilən hissələrdə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdeh Əmlak Məsələləri Dövlət Xidmətinin və ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 ayrı-ayrılıqda verdikləri apellyasiya şikayətləri təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(011)-2126/2020 nömrəli qətnaməsi cavabdeh Əmlak Məsələləri Dövlət Xidmətinin və ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 apellyasiya şikayətləri üzrə mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar