Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5583/2021 02.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Həmidov Həmid Üzeyir oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Arifli Şamxal Mehdi oğlunun katibliyi, iştirakı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 13 aprel 2021-ci il tarixli qərardadından Cavabdeh2 MMC tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: İddiaçı Mehdiyeva (Zərbalıyeva) Günay İlham qızı cavabdehlər Cavabdeh1 MTK-ya, “xxxx” MMC-yə qarşı “qanunsuz hərəkətlərin qadağan edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xxxx”xxxx“Cavabdeh1 MTK”-nin qanunsuz hərəktlərinə son qoyulması və 01 mart 2019-cu il tarixli, C-189/08 nömrəli müqavilə əsasında ona məxsus olan 21 mərtəbəli yaşayış evinin giriş C blokunun 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 98,43 kv/m yaşayış sahəsi, 87,90 kv/m olan izolə olunmuş 2 otaqdan ibarət C04 saylı mənzilin digər şəxslərə satışının qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia ərizəsinə əlavə təqdim edərək, ünvan 1 ünvanında inşa olunan 3 girişli, 21 mərtəbəli yaşayış evinin giriş C blokunun 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 98,43 kv/m yaşayış sahəsi, 87,90 kv/m olan izolə olunmuş 2 otaqdan ibarət C04 saylı mənzili ona verilməsi və ya mənzilin indiki bazar dəyərinin cavabdehlərdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh “xxxx” MMC-nin nümayəndəsi Nümayəndə iddiaçı Mehdiyeva (Zərbalıyeva) Günay İlham qızına qarşı qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, ünvan 2 ünvanında inşa edilən 3 girişili 21 mərtəbəli yaşayış evinin Giriş C blokunun 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 98,43 kv/m yaşayış sahəsi, 87.90 kv/m olan 2 otaqdan ibarət C04 saylı mənzil üzrə Cavabdeh1 MTK ilə Mehdiyeva (Zərbalıyeva) Günay İlham qızı arasında bağlanmış müqavilənin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 13 aprel 2021-ci il tarixli qərardadı ilə (hakim S.Ədilova, iş № 2(005)-133/2021) qarşılıqlı iddia ərizəsi geri qaytarılmışdır. Cavabdeh2 MMC-nin nümayəndəsi Nümayəndə həmin qərardaddan şikayət verərək onun ləğv olunmasını xahiş etmişdir. Nərimanov Rayon Məhkəməsinin 04 may 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün mülki işə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsalar da, üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün saydı. Məhkəmə kollegiyası sədrlik edənin məruzəsini dinləyərək, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin iş üzrə 13 aprel 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi qarşılıqlı iddia ərizəsinin geri qaytarılması ilə bağlı mövqeyini iki hissədə əsaslandırmışdır:
1. qarşılıqlı iddia tələbi ilkin iddia tələbinə mahiyyəti üzrə baxılmağa başlandıqdan sonra verilmişdir.
2. Azərbaycan Respublikası MPM-nin 155.2.-ci maddəsində nəzərdə tutulmuş əsaslar yoxdur. Belə ki, İddiaçı iddia ərizəsi ilə müraciət edərkən mübahisəli müqaviləyə istinad etmişdir ki, bu da öz növbəsində qarşılıqlı iddianın verilməsi üçün məhkəmə baxışı gedişində əmələ gəlmiş əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası aşağıdakılara görə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Birinci mövqe ilə bağlı qeyd edilməlidir ki, Azərbaycan Respublikası MPM-nin 155.1-ci maddəsinin tələblərinə əsasən cavabdeh ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşılıqlı iddia verməyə haqlıdır. Qarşılıqlı iddia işin baxılması başlanana kimi verilməlidir. Lakin hazırkı işdən göründüyü kimi, qarşılıqlı iddia tələbi ilkin iddia mahiyyəti üzrə baxılmağa başlandıqdan sonra verilmişdir. İkinci mövqe ilə bağlı qeyd edilməlidir ki, MPM-nin 155.2-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı qarşılıqlı iddia o halda verilə bilər ki, onun verilməsi üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. Hazırda qarşılıqlı iddianın verilməsi üçün əsas olan müqavilə məhkəmə baxışından əvvəl cavabdehə məlum olmuşdur. Göründüyü kimi, birinci instansiya məhkəməsinin ikinci mövqeyi də əsaslı olmuş, qanunvericiliyin tələblərinə riayət edilmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 398.0.1, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qərara a l d ı:
İş üzrə Cavabdeh2 MMC-nin şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 13 aprel 2021-ci il tarixli qərardadı həmin şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən Akif İsgəndərov
Hakimlər Həmid Həmidov
Elşən Kazımov