Məhkəmə qərarları › İş №2(103)-5585/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5585/2022

20.09.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5585/2022 20.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin cavabdehlər Cavabdeh2 (Piri) qızına və Cavabdeh1 qarşı ilk iddia tələbi; Cavabdeh2 (Piri) qızının İddiaçı MMC-yə qarşı qarşılıqlı iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər: torpağın geri qaytarılması, tikilinin sökülməsi; tikinti və torpaq sahəsinə görə pul kompensasiyasının verilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlundan və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Qaraşarlı Layla Çingiz qızının katibliyi, İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 nümayəndəsi Nümayəndə, onun nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh2 (Piri) qızına və Cavabdeh1 qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi cəlb edilməklə) «torpağın geri qaytarılması, tikilinin sökülməsi» barədə ilk və Cavabdeh2 (Piri) qızının cavabdeh İddiaçı MMC-yə qarşı «tikinti və torpaq sahəsinə görə pul kompensasiyasının verilməsi barədə» qarşılıqlı iddia ərizələri ilə bağlı mülki iş üzrə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 23 may 2022-ci il tarixli, 2(007)- 40/2022 saylı qətnaməsindən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 (Piri) qızı tərəfindən verilmiş apellyasiya şikayətinə 20 sentyabr 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı şəhəri İcra Hakimiyyəti Başçısının xx.xx.2014-cü il tarixli, 646 saylı Sərəncamına əsasən İddiaçı MMC-nin xx.xx.2014-cü il tarixli, 05 saylı müraciətini nəzərə alaraq, Bakı şəhəri, Nizami rayonu, Babək prospektindəki 2390-cı məhəllədə yerləşən mövcud və qeyri-yaşayış tikililərin sökülərək, yerində yüksəkmərtəbəli yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi icarə əsasında həmin Kooperativin istifadəsinə verilmiş və həmin ərazidə yerləşən yaşayış tikililərinin sökülməsi, sakinlərin köçürülməsi və vəsaitin ödənilməsi, İddiaçı MMC-yə həvalə olunmuşdur.

2. Bakı şəhəri İcra Hakimiyyəti Başçısının xx.xx.2018-ci il tarixli, 61 saylı Sərəncamına əsasən İddiaçı MMC-nin xx.xx.2018-ci il tarixli, 07 saylı müraciətini, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 74.1, 75.1 və 75.6-cı maddələrini, Bakı şəhəri İcra Hakimiyyəti Başçısının xx.xx.2014-cü il tarixli, 646 saylı və xx.xx.2017-ci il tarixli, 11 saylı Sərəncamının nəzərə alaraq, Bakı şəhəri, Nizami rayonu, Babək prospektindəki 2390-cı məhəllədə Baş plan üzrə 2 saylı yaşayış binasının tikintisi üçün İddiaçı MMC-yə icazə verilmişdir.

3. Bakı Şəhəri Nizami Bələdiyyəsinin Cavabdeh2 ünvanladığı xx.xx.2020-ci il tarixli, 02/145 saylı məktubuna əsasən, xx.xx.2007-ci il tarixdə 10 il müddətinə Nizami Bələdiyyəsi ilə Cavabdeh1 arasında bağlanmış Q.Qarayev prospekti 124 saylı binanın yaxınlığında yerləşən daş hasara alınmış 200 kv.m torpaq sahəsinə görə bağlanmış icarə müqaviləsinin öhdəliklərinin torpaq mülkiyyətə verilənə qədər Cavabdeh2 tərəfindən yerinə yetirilməsinə etiraz olunmamışdır. Cavabdeh2 tərəfindən müxtəlif vaxtlarda Nizami Bələdiyyəsinə icarə haqqı ödənilmişdir.

4. xx.xx.2007-ci il tarixli torpaq icarə müqaviləsinə əsasən Nizami Bələdiyyəsi Cavabdeh1 Nizami rayonu Q.Qarayev prospekti 124 saylı binanın yaxınlığında daş hasara alınmış 200 kv.m torpaq sahəsini 10 il müddətinə hər il 400000 manat icarə haqqı ödəməklə yaşıllıq və abadlıq məqsədi ilə verilmişdir.

5. xx.xx.2015-ci il tarixli torpaq icarə müqaviləsinə əsasən Nizami Bələdiyyəsi tərəfindən İddiaçı MMC-yə Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2014-cü il tarixli, 646 saylı Sərəncamı, xx.xx.2015-ci il tarixli 13074 saylı inşaat pasportu əsasında Bakı şəhəri, Nizami rayonu, Babək prospektindəki 2390-cı məhəllədə ayrılmış torpaq sahəsi 49 il müddətinə icarəyə verilmiş və sahədə sökülməsi nəzərdə tutulan tikililərin mövcud olduğu müəyyən olunmuşdur.

6. Bakı Şəhəri Nizami Rayon İcra Hakimiyyətinin xx.xx.2020-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, cəmiyyət tərəfindən təqdim olunmuş sənədlərə əsasən Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2018-ci il tarixlli, 61 saylı Sərəncamı və razılaşdırılmış layihə əsasında tikinti işlərinin aparıldığı ərazidə olan ağacların götürülməsi və budanması Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Ekspertiza İdarəsinin xx.xx.2019-cu il tarixli, 22/1740 saylı məktubuna əsasən həyata keçirilmiş, sözügedən yaşayış binasının layihəsində dəyişiklik edilərək binanın tikintisinin yeri dəyişdirilmiş, çoxmərtəbəli yaşayış binasının tikintisi başqa yerdə həyata keçirilmiş, şikayətçilərə məxsus hasar, su və kanalizasiya xətləri bərpa edilmişdir.

7. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli rəyinə əsasən, rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, Cavabdeh2 (Piri) qızının sahibliyində və istifadəsində olan ünvan 2 ünvanda olan 1 mərtəbəli yaşayış evinin və həmin ünvandakı həyətyanı torpaq sahəsinin bütünlüklə İddiaçı MMC-yə ayrılmış torpaq sahəsinin hüdudları daxilində yerləşdiyi, İddiaçı MMC-yə ayrılmış torpaq sahəsində tikilmiş çoxmərtəbəli yaşayış evinin Cavabdeh2 (Piri) qızına ona məxsus yaşayış evindən və torpaq sahəsindən istifadəyə maneə yaradıb-yaratmamasının müəyyən edilməsi tikinti ekspertinin səlahiyyətinə aid olmadığından sualın həmin hissəsi üzrə tədqiqat aparılmaması, baxış zamanı faktiki olaraq Cavabdeh2 (Piri) qızının istifadəsində olan yaşayış evinə gedən keçid yolu mövcud olduğu və həmin yolun açıq vəziyyətdə olduğu lakin fərdi yaşayış evinin həyətyanı sahəsinə digər tərəfdən keçid yolunun bağlanıb-bağlanmaması, həmin evin və həyətyanı sahənin ilkin vəziyyətdə planlı yerləşməsinə dair sənədləri və ya plan-sxem təqdim edildikdən sonra müəyyən oluna biləcəyi, rəyin tədqiqat hissəsində göstərilənləri, o cümlədən İddiaçı MMC tərəfindən inşa edilmiş çoxmərtəbəli yaşayış binası ilə ona ayrılmış torpaq sahəsinin sərhədinə qədər olan məsafənin 19,0 metr (şimal tərəfdən) təşkil etdiyini nəzərə alaraq, İddiaçı MMC tərəfindən Bakı şəhəri, Nizami rayonu, Babək prospektindəki 2390-cı məhəllədə yaşayış binası inşa edilərkən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinin 69.4., 69.5. və 69.5.1. bəndlərinin tələblərinə riayət olunmadığı, baxış zamanı tədqiq olunan ərazidə kanalizasiya sularının yığılması üçün ambar (şambo) müəyyən edilmədiyi, Cavabdeh2 (Piri) qızının istifadəsində olan yaşayış sahəsinin tikintisinə nə qədər vəsait xərclənməsi, həmin evin inşası ilə bağlı layihə-smeta sənədləri təqdim edildikdən sonra müəyyən oluna biləcəyi bildirilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı MMC cavabdehlər Cavabdeh2 (Piri) qızına və Cavabdeh1 qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi cəlb edilməklə) «torpağın geri qaytarılması, tikilinin sökülməsi barədə» iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri İcra Hakimiyyətinin Başçısının xx.xx.2014-cü il tarixli və xx.xx.2017-ci il tarixli, 664 və 11 saylı sərəncamları ilə Bakı şəhəri İcra Hakimiyyətinin Memarlıq və şəhərsalma Baş İdarəsi tərəfindən İddiaçı MMC-yə 2018-ci ildə Bakı şəhəri, Nizami rayonu, Babək prospektindəki 2390-cı məhəllədə 1,3250 hektar ərazidə Yaşayış binalarının tikintisi üçün ayrılmış ərazidən Cavabdeh2 (Piri) qızı və Cavabdeh1 məxsus qanunsuz tikilinin sökülərək zəbt olunmuş təxminən 2 sot ərazinin boşaldılıb, abadlaşdırma və tikinti işləri aparılmasından ötrü İddiaçı MMC-yə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. İlk iddia üzrə iddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Bakı şəhəri İcra Hakimiyyətinin xx.xx.2014-cü il tarixli, 646 nömrəli yaşayış binalarının tikintisinin layihələndirilməsi haqqında sərəncamına əsasən, Bakı şəhəri İcra Hakimiyyətinin Başçısı H.Abutalıbov İddiaçı MMC-nin xx.xx.2014-cü il tarixli, 05 saylı müraciəti və Mənzil Kommunal Təsərüffat Departamentinin xx.xx.2014-cü il tarixli, 1055 saylı razılıq məktubunu nəzərə alaraq, Bakı şəhəri, Nizami rayonu, Babək prospektindəki 2390-cı məhəllədə mövcud tikililərin sökülərək, yerində icarə əsasında yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün həmin MMC-yə icazə vermişdir. Bakı şəhəri İcra Hakimiyyəti başçısının xx.xx.2014-cü il və xx.xx.2017-ci il tarixli 646, 11 saylı sərəncamı ilə, Bakı şəhəri İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən İddiaçı MMC-yə 2018-ci il tarixdə, 18/46 nömrəli Bakı şəhəri, Nizami rayonu, Babək prospektindəki 2390-cı məhəllədə 1,3250 hektar ərazidə yaşayış binalarının tikintisi üçün (dəqiqləşdirilmiş Ayrıc Aktı) verilmişdir. Hazırda qeyd olunan torpaq sahəsinin bir hissəsi cavabdeh X6 və Cavabdeh1 tərəfindən zəbt edilmiş, orada təxminən 40 kv.metrdən ibarət tikili tikilmişdir. Nəticədə verilmiş Sərəncam və Ayrıc Aktına əsasən həmin ərazidə abadlaşdırma və tikinti işləri aparmağına həmin tikili maneçilik törədir. Dəfələrlə cavabdehə xəbərdarlıq etmələrinə baxmayaraq, cavabdeh qanunsuz hərəkətlərinə son qoymur, həmin tikili müqabilində əsassız olaraq onlardan müxtəlif məbləğlərdə reallığa uymayan kompensasiyalar istəyir, ona məxsus torpaq sahəsini həmin tikilini sökərək geri qaytarmır. Səbəb kimi bildirirlər ki, həmin ərazini Nizami Rayon Bələdiyyəsindən icarə müqaviləsi əsasında abdlaşdırmaq məqsədi ilə almışdır.

10. Cavabdeh2 (Piri) qızı cavabdeh İddiaçı MMC-yə qarşı «tikinti və torpaq sahəsinə görə pul kompensasiyasının verilməsi barədə» qarşılıqlı iddia ərizəsi, sonradan qarşılıqlı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ilk iddianın rədd olunması, cavabdeh İddiaçı MMC-nin qeyri-qanuni hərəkətləri nəticəsində ona və ailə üzvlərinə dəymiş 269500 manat miqdarında maddi zərərin və 100000 manat miqdarında mənəvi zərərin - ümumilikdə 369500 manat miqdarında zərərin ona zərər vuran İddiaçı MMC-dən tutularaq verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

11. Qarşılıqlı iddia üzrə iddiaçı tələbini belə əsaslandırmışdır ki, ilk iddia üzrə iddiaçı "xxxx" MMC tərəfindən Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə təqdim edilmiş iddia ərizəsində iddia tələbi iddiaçının mülki hüquq münasibətlərinin subyekti olmadığına görə iddia tələbi məhkəmə tərəfindən rədd edilməli idi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.2-ci maddəsinə əsasən mülki qanunvericilik mülki hüquq münasibətləri subyektlərinin hüququ vəziyyətini, mülkiyyət hüququnun və başqa əmlak hüquqlarının əmələ gəlmə əsaslarını və həyata keçirilməsi qaydasını müəyyənləşdirir, müqavilə və digər öhdəlik münasibətlərini, habelə sair əmlak münasibətlərini və onunla bağlı olan şəxsi qeyri-əmlak münasibətlərini tənzimləyir. Qeyd edilən torpaq sahəsində fərdi yaşayış evi 1990-cı il tarixdə inşa olunmuş, torpaq sahəsi Nizami bələdiyyəsi tərəfindən icarəyə verilmiş, sonradan həmin mənzil və torpaq sahəsi tərəfindən faktiki alqı-satqı olunaraq mənzil üçün yaşayış hüququ tanınmış, torpaq sahəsinə dair icarə haqqı onun tərəfindən vaxtlı-vaxtında ödənilmişdir. Mülki Məcəllənin 179.2-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik müddətinə əsaslanan şəxs hüquq varisi olduğu şəxsin bu əmlaka sahiblik etdiyi bütün müddəti öz sahiblik müddətinə birləşdirə bilər. 1990-cı il tarixdən fərdi mənzil kimi istifadə olunan əmlakın və torpaq sahəsinin sahibi odur. Fərdi yaşayış evi və onun altındakı, ətrafındakı istifadə olunan əmlakın sahibi odur, həmin əmlaklara mülki hüquq münasibətlərinin subyekti o və onun ailə üzvləridir. Hansı əsasa, hansı qanuna əsasən "xxxx" MMC onun əmlakının sökülməsi barədə, torpağın geri qaytarılması barədə iddia qaldıra bilər? "xxxx" MMC-nin iddia tələbi məhkəmə tərəfindən rədd edilməli və "xxxx" MMC tərəfindən ona, əmlakına və həmin ünvanda yaşayan şəxslərə vurulan zərər məhkəmənin qətnaməsinə əsasən ödənilməlidir. Bakı şəhəri İcra Hakimiyyəti Başçısının xx.xx.2014-ci il tarixli, 646 saylı və xx.xx.2018-ci il tarixli, 11 saylı sərəncamları o vaxt əsaslı hesab olunur ki, "xxxx" MMC sərəncamlarda qeyd edilənləri-torpaq və əmlakın mülkiyyətçilərinə, istifadəçilərinə, icarəçilərinə sərəncamda qeyd edilən ödənişləri, kompensasiyaları və digər şərtlərlə razılaşsın. Razılaşma olmayan təqdirdə həmin sərəncamların heç bir hüquqi qüvvəsi yoxdur, mülkiyyətçilərə, istifadəçilərə və icarəçilərə vurulan zərərlər ödənilməlidir. Azərbaycan Respublikasında yaşayan vətəndaşların hüquqları, qanuni mənafeləri və azadlıqları Konstitusiya Qanunu ilə qorunur və Möhtərəm Prezident tərəfindən nəzarətdədir. xx.xx.2021-ci il tarixdə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə təqdim etdiyi iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə məhkəmə tərəfindən hesaba alınmır, ərizədə qarşılıqlı iddiaçı yalnız Cavabdeh2 göstərilsə də, bütün sənədlərdə Cavabdeh2 Piri qızı və X1 yazılışı davam edir. Qeyd edilən fərdi yaşayış evini və torpaq sahəsini o, Cavabdeh1 pulunu nağd verməklə almış, sahibi, qarşılıqlı iddiaçı da odur. Yaşadığı və qeydiyyatda olduğu ünvan 3 ünvandakı ev 1990-cı il tarixdə tikilmiş, evin ətrafındakı ağaclar və yaşıllıqlar, əkilən torpaq sahəsi Bakı Şəhəri Nizami Bələdiyyəsindən icarəyə götürmüşdür, illik icarə haqqını vaxtlı-vaxtında torpağın mülkiyyətçisi Bakı Şəhəri Nizami Bələdiyyəsinin büdcəsinə ödənilir. Qeyd olunan fərdi yaşayış evində pasport qeydiyyatı olmaqla bahəm uzun illərdir ki, qızı X7 və onun ailə üzvləri X10, X8, X9, kürəkəni Əliyev Aslanın anası İsmayılova Əfruzla birlikdə yaşayırlar. Yaşadıqları fərdi yaşayış evinin suyu, elektrik enerjisi və qazı qanuni sənədləşmə əsasında istifadə olunur. Uzun illər yaşayış hüquqlu fərdi yaşayış evinə fasiləsiz və etirazsız sahiblik etmiş, ailə üzvlərilə, əraziyə xidmət edən və ərazini idarə edən icra orqanlarının nümayəndələri və bələdiyyə qulluqçuları ilə hər zaman qarşılıqlı hörmət əsasında, qonşuları ilə hər zaman mehribanlıq şəraitində yaşamışlar. Bakı şəhərində əhalinin mənzil şəraitinin yaxşılaşdırılması, Bakı şəhərinin görkəminin yaxşılaşdırılması məqsədilə köhnə, lüzumsuz evlərin və mənzillərin sahiblərinə müvafiq kompensasiyaların, yaxud istifadə etdikləri mənzil sahəsindən az olmamaq şərtilə yeni mənzillərlə təmin edilməsi, mənzil sahələrinin yenisi ilə əvəz olunaraq mövcud tikililərin Memarlıq və Şəhərsalma qaydalarına əməl olunmaqla tikilməsi haqqında verilmiş olduğu sərəncamı əsasında hüquqi şəxs "xxxx" MMC-yə bu ərazinin-Babək prospekti 2390-cı məhəllədə mövcud tikililərin sökülərək yerində icarə əsasında yeni yaşayış binalarının tikilməsi haqqında sərəncamı verildikdən sonra qeyd olunan ərazidə vəziyyət 360 dərəcədə dəyişmişdir. Bu sərəncamdan sonra İddiaçı MMC-nin rəhbərliyi elə zənn etdi ki, ya babası, ya da atası bu yaşayış evlərini və evlərin ərazisindəki torpaqları ona bağışlayıb. Düşünmür ki, bu evlər və ərazisindəki torpaqların abadlaşdırılaraq şəhərin görkəminin yaxşılaşdırılması, ən əvvəli həmin ərazidə yaşayan sakinlərin mənzil şəraitinin yaxşılaşdırılması, sakinlərə mümkün olan hallarda əlavə pul kompensasiyalarının verilməsi dövlət proqramının əsasını təşkil edir. İddiaçı MMC bu ərazidə iş görməyə başlayandan onun torpağı, ərazisi deyərək ərazidə yaşayanları bezdirib. Bu torpaq da, bu ərazi də, bu ərazidə yaşayanlar da Azərbaycan Dövlətinin ayrılmaz hissəsidir. Azərbaycan Dövlətinin Prezidenti ölkənin daxilində və xarici münasibətlərdə Azərbaycan dövlətini təmsil edir, Azərbaycan xalqının vahidliyini təcəssüm etdirir, Azərbaycan dövlətçiliyinin varisliyini təmin edir. Bu gün hansısa İddiaçı MMC dövlətə məxsus torpaq sahəsində, vətəndaşa məxsus mülkiyyətdə, istifadədə və ya icarədə olan torpaq sahələrində ayrıc aktı və ayrıc aktı əsasında layihələndirilən binaları inşa edirsə, bu o demək deyil ki, həmin torpaq sahəsi MMC-yə aiddir. Lakin, bu torpaqlar və ərazilər dövlətin və vətəndaşlarındır. Yalnız müvafiq sərəncam əsasında vətəndaşlara müvafiq pul kompensasiyaları ödənilmişsə, vətəndaşlara məxsus mövcud sökülən evlərin və evlərin ətrafındakı torpaq sahələrinin yerində tikilən çoxmənzilli, çoxmərtəbəli binalardakı məzillərin müəyyən hissəsi İddiaçı MMC-yə aiddir. Hüquqi şəxs İddiaçı MMCnin rəhbərliyi ərazini planlaşdırarkən onlarla ötəri olaraq söhbət edərək bildirdi ki, onlara məxsus mənzilin və əlavə olaraq mənzilin altındakı, ətrafındakı ümumi 251 m2 torpaq sahəsinin əvəzinə təmirli üç otaqlı mənzil verəcəklər. Müəyyən vaxt keçdikdən sonra rəhbərlik yeni təklif verərək bildirdi ki, onlara təmir olunmamış 84 m2 mənzil verəcəklər. Həmin zaman onlar rəhbərliyə bildirdi ki, bu evdə iki ailə yaşayır. Onlara məxsus 113 m2 mənzil sahəsinin əvəzinə heç olmasa, bir iki otaqlı, bir ədəd də bir otaqlı mənzil verilsin, çünki faktiki olaraq fərdi yaşayış evində iki ailə yaşayır. Yaşadıqları mənzilin sahəsinə uyğun olaraq onları mənzillə təmin olunmasını xahiş etmişlər, baxarıq söyləmiş və getmişdir. Həmin söhbətdən sonra MMC-nin nümayəndələri bir dəfə də olsa onlarla söhbət etməmiş, əksinə yaşayışlarını zinhara döndərmişdir. Bir dəfə şirkət müdirinin oğlu gələrək bildirmişdir ki, «Sizə heç nə verməyəcəyik, hara istəyirsinizsə şikayət edin». Onlar səksəkə içərisində yaşayırlar. Nəvələri evə gəlmək istəmirlər, qorxurlar. Binadan düşən tikinti qalıqları evlərinin üzərində və həyətdədir. Bina tikilən tərəfdən hasarları sökülüb, gedişgəliş yolları kəsilib, uşaqlar bina tikilən zaman evdə yaşamadılar. Kürəkəninin anası Əfruz İsmayılova qorxudan ürək xəstəliyinə tutulub. Tikilən bina ilə onlara məxsus evlərinin hasarı arasında 2-3 metr məsafə qalıb. Həyətyanı ərazidə əkilən ağacların əksəriyyəti sıradan çıxıb. Sıradan çıxan ağacları yenisi ilə əvəz etmişlər. Hüquqları, azadlıqları və qanuni mənafeləri İddiaçı MMC tərəfindən pozulub, hara müraciət edirlərsə, işə məhkəmədə baxılır, cavabları verilir. X5 və Sərəncamlarına əməl olunmur, Qanunlara əməl olunmur. Konstitusion hüquqları pozulub, baxan yoxdur ki, iki ildən yuxarı müddət ərzində iddia ərizəsi məhkəmədə olsa da, məhkəmə tərəfindən heç bir əməli tədbir görülməyib. Hara müraciət edilirsə, bildirilir ki, iş məhkəmədədir, onların müdaxiləsi yolverilməzdir. MMC varlıdır, onlar və başqalarının hesabına varlanan MMC rəhbərliyinin istənilən şikayəti yoluna qoymaq imkanı var. "xxxx" MMC qondarma bir iddia ilə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə iddia ərizəsi ünvanlayıb. Əslində həmin iddia ərizəsinə məhkəmədə baxılmalı deyildir, qanunsuz və əsassız tələblə tikdikləri binanın inşasını sona yetirdilər. Əslində həmin iddia tələbi rədd edilməli idi, hazırki vaxtadək iddia tələbi rədd edilməmiş qalır. İddiaçı MMC-nin özbaşınalığı nəticəsində fərdi yaşayış evə, icarə əsasında istifadə etdikləri torpaq sahəsinə və evdə yaşayanlara xeyli zərər dəymişdir. Hər şeydən əvvəl qızı Zümrüd Əliyevanın həyat yoldaşı və uşaqları qorxurlar, evə girmək istəmirlər, qayınanası qorxudan ürək xəstəliyinə (infarkt) tutulub. Evdə heç kim yaşamır. Torpaq sahəsi üzərində tikilmiş 113 m2-lik mənzil və ətrafındakı əkilmiş ağaclar gərəksiz əşyaya çevrilib, yalnız mənzilə görə ailələrinə 113 x 1500 = 169500 manat maddi zərər dəyib. İstifadə etdiyi 251 m2 torpaq sahəsinə və yaşıllığa görə ona 100.000 manat maddi zərər dəyib, evi və əkdiyi ağacları mühafizə edən daş hasar MMC tərəfindən dağıdılıb. Fərdi yaşayış evində yaşayanlara dəymiş maddi və mənəvi ziyanı heç nə ilə dəyərləndirmək mümkün deyil. Yalnız kürəkəninin anasının ürək infarktına tutulması, nəvələrinin, qızının psixologiyasının və əsəblərinin pozulması ən azı 100.000 manatla ölçülə bilər. Evinə yüksək mərtəbəli ev tərəfindən gediş-gəliş yolu bağlanılıb, evdə səksəkə içərisində yaşayırlar, tikilən binadan düşən tikinti qalıqlarının və inşaat materiallarının qorxusundan həyətə çıxa bilmirlər, evin dam örtüyü yüxarıdan inşaat materiallarından sıradan çıxıb, bu barədə 102 xidmətinə məlumat verilib. Evlərinin təbii işıqlanması və təbii havalanması yox səviyyəsindədir. Artıq həmin evdə yaşayış qeyri-mümkündür.

12. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) xx.xx.2022-ci il tarixli, 2(007)-40/2022 saylı qətnaməsi ilə (hakim Həqiqət Əhmədova) ilk və qarşılıqlı iddia tələbləri təmin edilməmişdir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları b) Apellyasiya şikayətinin dəlilləri

13. Qətnamədən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 apellyasiya şikayəti verərək qətnamənin ona aid olan hissədə ləğv edilməsini və qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

14. Apellyasiya şikayətində göstərilmişdir ki, fərdi yaşayış evlərinin oturduğu torpaq sahəsi ayrıc aktının içərisində olduğu halda, mövcud fərdi yaşayış evi ilə yüksəkmərtəbəli binanın ara məsafəsinin gözlənilmədiyi, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinin İddiaçı MMC tərəfindən pozulduğu açıq-aydın göründüyü, ailəsinin yaşayış hüququ və qeydiyyat hüququ pozulduğu, 30 ildən yuxarı müddət ərzində həmin torpaq sahəsinə sahiblik hüquqları olduğu, torpaq sahəsinə dair bələdiyyədən icarə müqaviləsi olduğu halda, iddia tələbləri Bakı Şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən təmin edilməyib. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının dövlət orqanlarına olan şikayətlərinin qarşısı bilərəkdən alınmışdır. Belə ki, o, hara müraciət edibsə, müraciətə baxanlar tərəfindən işə məhkəmədə baxıldığı üçün şikayət araşdırılmamış, nəticədə tikinti işləri başa çatdıqdan sonra iddia tələbləri məhkəmə tərəfindən təmin edilməmişdir və əlaqədar təşkilatlar sonda tikintinin başa çatmasını səbəb gətirmişlər. Nəticədə, tikinti işləri başa çatmış, zərər çəkmiş kimi Cavabdeh2 və onun ailə üzvləri vurulan zərərə görə heç bir konpensasiya almamışlar, hazırda yaşayış üçün mümkün olmayan şəraitdə yaşayırlar. Qeyd edilən fərdi yaşayış evi yeni tikilən yüksəkmərtəbəli binanın 3 metrliyində yerləşir, yüksəkmərtəbədən düşən tikinti qalıqları və digər əşyalar birbaşa mənzillərinin üstünə və həyətlərinə düşür. Mövcud fərdi yaşayış evində yaşamaq həyat üçün təhlükəlidir, başqa çarələri yoxdur, bu evdə onları yaşamağa İddiaçı MMC məcbur edir. Azərbaycan Respublikası MM-nin 2.2-ci və Azərbaycan Respublikası MPM-nin 259-cu maddələrinin tələblərinin kobud surətdə nəyinsə hesabına pozaraq 28 ay müddətinə əsassız iddia tələbinə baxmağa davam edərək məhkəmə baxışını süni surətdə uzatmışdir. Məhkəmə iddia tələbini icraata götürərkən Bakı şəhəri İcra Hakimiyyəti Başçısının xx.xx.2014-cü il tarixli sərəncamının İddiaçı MMC tərəfindən icra edilməsini nəzarətə götürməli idi. Axı, şəxsin yaşayış hüquqlu fərdi yaşayış evi və istifadə etdiyi icarə hüquqlu torpaq sahəsi əvəzsiz olaraq İddiaçı MMC tərəfindən alınması nəzərdə tutulurdu, hansı əsaslara biganəliyə yol verilirdi. Bəs, şəxs ailə üzvləri ilə birlikdə harada yaşamalı idi? Bakı şəhəri İcra Hakimiyyəti Başçısının xx.xx.2014-cü il tarixli, 646 saylı sərəncamının 1.1-ci bəndində ərazidə yerləşən yaşayış tikililərinin sökülməsi, sakinlərin köçürülməsi və vəsaitin ödənilməsi qarşılıqlı razılaşma əsasında müvafiq qanunvericiliyə əsasən İddiaçı MMC-nin üzərinə vəzifə qoyulub. Müvafiq kompensasiyalar ödənilmədən şəxsin ailəsi ilə birlikdə yaşadığı yeganə yaşayış sahəsinin sökülməsi, yaxud əvəzsiz olaraq əlindən alınması nə dərəcədə doğru olar? Bəs, sərəncamın 1.1-ci bəndi niyə və nə üçün icra edilmir? Nizami Rayon Məhkəməsi nə üçün bu sübutları araşdırmır. Nizami Rayon Məhkəməsinin təbirincə şəxs ailəsi ilə birlikdə evsiz qalmalıdır, kimsə qazanc əldə etməlidirmi? Bakı Şəhəri Nizami Rayon Məhkəməsi icraata götürdüyü işə obyektiv baxmamışdır, məhkəmə tərəfindən sübutlara düzgün hüquqi qiymət verilməmişdir. İşlərə məhkəmə tərəfindən qərəzli baxılmışdır. Məhkəmə bu işdə İddiaçı MMC-nin tələblərini tam şəkildə axıra kimi müdafiə etmişdir. İlk növbədə qanunsuz iddia tələbi Nizami Rayon Məhkəməsi tərəfindən qaytarılmaq əvəzinə baxılması 28 ay müddətinə davam etdirilmişdir. Yüksəkmərtəbəli bina tikilib qurtardıqdan sonra bildirilmişdir ki, bina tikilib qurtarıb. Binanın tikintisindən sonra ekspertiza təyin edilmişdir. xx.xx.2021-ci il tarixli 10/4921 nömrəli ekspert rəyinə əsasən mövcud fərdi yaşayış evi ayrıc aktının içərisində yerləşir, mövcud fərdi yaşayış evi ilə yüksəkmərtəbəli binanın ara məsafəsi ekspert tərəfindən düzgün göstərilməsə də, ara məsafəsinin Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69.1.1, 69.1.2, 69.4, 69.5, 69.5.1-ci maddələrinin tələblərinin pozulduğu, yəni həmin maddələrin tələblərinə riayət olunmadığı müəyyən edilir. O, öz fərdi yaşayış evində ailəsi ilə birlikdə fasiləsiz və etirazsız yaşayırdı. Fərdi yaşayış evində yaşamaq hüququ tanınmışdı, fərdi yaşayış evinin ətrafındakı torpaq sahəsinin icarə müqaviləsi var. Torpaq sahəsində əkib-becərdiyi ağaclar və yaşıllıqlar hamısı İddiaçı MMC tərəfindən məhv edilmişdir. İddiaçı MMC onun hüquqlarını və qanuni mənafelərini hansı əsasa pozmalıdır? Qanunda və Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Sərəncamında qeyd olunduğu kimi onun kompensasiyasını ödəsin, yaxud onu və ailəsini yaşayış sahəsi ilə təmin etsin, sonra ərazidə işlərini aparsın. Bu hansı zamandır, onun yaşayış hüququ nə üçün pozulmalıdır? Torpaq istəyirsə, torpaqda bina tikmək istəyirsə, buyursun sərəncamda göstərildiyi kimi kompensasiyanı ödəsin, işlərini görsün. Göründüyü kimi, İddiaçı MMC düzgün mövqe tutmayıb, səhv olduğu halda Nizami Rayon Məhkəməsi tərəfindən qorunur. Onun verdiyi iddia tələbi hansı əsasla Nizami Rayon Məhkəməsi tərəfindən təmin edilmir? Bəs onun və ailə üzvlərinin yaşayış hüquqları kim tərəfindən qorunmalıdır. 1990-cı il tarixdən indiyədək həmin fərdi yaşayış evində yaşayış da olub, qeydiyyat da olub. Məhkəmə onun iddia tələbini təmin etmirsə, bəs o və ailə üzvləri harada və necə yaşamalıdırlar? Göründüyü kimi məhkəmə onun qarşılıqlı iddia tələbini qanunsuz olaraq təmin etməmişdir.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

ç) Proses iştirakçılarının izahatı

16. Apellyasiya baxışı zamanı ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddaçı Cavabdeh2 təmsilçiləri apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər.

17. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMC-nin nümayəndəsi iclasda iştirak etməmiş və bunun səbəblərini bildirməmişdir. Kollegiya işə İddiaçı MMC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

18. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.

19. “V.Q.Teryoxinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Alı Məhkəməsi Mülki işlər üzrə Məhkəmə Kollegiyasının 02 iyun 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 15 yanvar 2010-cu il tarixli Qərarında qeyd edilmişdir ki, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin daşınmaz əmlak kimi torpaq sahəsinə mülkiyyət hüququnun yaranmasının və dövlət tərəfindən müdafiə olunmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi belə əmlakı qanunvericiliyə müvafiq olaraq əldə etmiş şəxslərin mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarına malik olmasını istisna etmir.

20. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 17 noyabr 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 iyun 2021-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...qanunverici özbaşına tikililərə dair hüquqi tənzimləmə qaydalarını təsbit edərək onun üzərində mülkiyyət hüququnun yaranması şərtlərini müəyyən etmişdir. Bunlara tikinti aparılan torpaq sahəsinin tikən şəxsin mülkiyyətində olması, tikilinin saxlanılmasının digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmaması və ətrafdakıların həyat və sağlamlığı üçün təhlükə yaratmamasıdır. Bu şərtlərdən birinin mövcud olmaması məhkəmələr tərəfindən özbaşına tikili üzərində mülkiyyət hüququnun tanınmasını istisna edir. Göstərilən şərtlər mövcud olarsa, məhkəmə özbaşına tikili üzərində mülkiyyət hüququnu tanıya bilər və belə tanıma Mülki Məcəllənin 139-1.1.4-cü maddəsinə uyğun olaraq, daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsası təşkil edir. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, Mülki Məcəllənin 180.3-cü maddəsində qeyd edilən “torpaq sahəsinin tikintini aparan şəxsin mülkiyyətində olması” ifadəsi nəinki daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış torpaq sahələrini, həm də qanuni əsaslarla şəxslərin sahibliyində olan sahələri ehtiva edir. Belə yanaşma Mülki Məcəllənin 157.8-ci maddəsinin mənasından irəli gəlir. Belə ki, göstərilən maddəyə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, əşya ilə əlaqədar yaranan əmlak hüquqlarının təkcə mülkiyyətçiyə deyil, həm də əmlaka qanuni əsaslarla sahiblik edən şəxsə də mənsub ola bilməsi, qanunvericilikdə bu hüquqların istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilməsinin nəzərdə tutulması qanuni sahiblərin də əmlak hüquqları ilə bağlı mənafelərinə dəyən zərərə görə tələb hüququnun olmasını göstərir (N.Qədirovun şikayəti üzrə 2017-ci il 18 dekabr tarixli Qərar)”.

21. «İnsan hüquqlarının və əsas azadlıqların Müdafiəsi haqqında» Avropa Konvensiyasına 1 saylı Əlavə protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və ya hüquqi şəxs öz əmlakından maneə olmadan istifadə etmək hüququna malikdir. Cəmiyyətin mənafelərinə beynəlxalq hüququn qanunları və ümumi prinsiplərinə nəzərdə tutulmuş şərtlərdən başqa, heç kəs öz əmlakından məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır.

22. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

23. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi xərclər və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi, (real zərər), habelə, hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldə çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

24. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

26. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

27. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

28. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

29. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

30. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən birinci instansiya məhkəməsinin qətnaməsi qarşılıqlı iddianın təmin edilməməsi hissəsində mübahisələndirilərək həmin hissədə ləğv edilməsi və qarşılıqlı iddianın təmin edilməsi xahiş edildiyindən, qətnamə həmin hissədə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

31. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

32. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 qarşılıqlı iddia tələbi iki hissədən - maddi zərərə görə 269500 manat və mənəvi zərərə görə 100000 manat pulun ödənilməsindən ibarətdir. Maddi zərərin 169500 manat hissəsi mübahisəli tiklinin söküləcəyi təqdirdə əvəzi olaraq kompensasiya məbləği kimi, qalan 100000 manat hissəsi isə istifadə etdiyi torpaq sahəsinə və yaşıllığa vurulmuş maddi zərər kimi tələb olunur.

33. İlk iddia ərizəsi üzrə iddiaçı mübahisəli tikiliyə dair kompensasiya təklif etmədən cavabdehlərin torpaq sahəsini boşaltmasını tələb etmiş, birinci instansiya məhkəməsi tərəfindən ilk iddia tələbi təmin olunmamışdır. Belə olduğu halda birinci instansiya məhkəməsi haqlı olaraq belə nəticəyə gəlmişdir ki, qarşılıqlı iddia ərizəsi mübahisəli əmlaka görə kompensasiya məbləği kimi 169500 manat ödənilməsi hissəsində əsaslı sayıla bilməz.

34. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı MMC tərəfindən onun istifadə etdiyi torpaq sahəsinə və yaşıllığa 100000 manat məbləğində maddi zərər vurmasını təsdiq edən hər hansı mötəbər sübut təqdim edə bilməmişdir.

35. İşin müəyyən edilmiş hallarından görünür ki, İddiaçı MMC tərəfindən inşa edilməsi nəzərdə tutulan yaşayış binasının layihəsində dəyişiklik edilərək binanın tikintisinin yeri dəyişdirilmiş, çoxmərtəbəli yaşayış binasının tikintisi başqa yerdə həyata keçirilmişdir.

36. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlik)

37. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsulliyyəti daşıyır.

38. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə, hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.

39. Qeyd edilən normaların tələblərinə görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz.

40. Birinci instansiya məhkəməsi qarşılıqlı iddia ərizəsinin mənəvi zərərin ödənilməsi hissəsində haqlı olaraq qeyd etmişdir ki, X4 ona mənəvi zərər vurulması, həmin zərərin məhz "xxxx" MMC-nin təqsirli hərəkətləri nəticəsində yetirilməsinə dair məhkəməyə heç bir əsaslı və mötəbər sübut təqdim edə bilməmişdir. Belə olan halda, qarşılıqlı iddia tələbi mənəvi zərərlə bağlı hissədə də təmin edilməməlidir.

41. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 nömrəli Qərarının 2-ci bəndinin 3-cü abzasında göstərilir ki, mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü biruzə verə bilər. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur.

42. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Belə ki, birinci instansiya məhkəməsi qarşılıqlı iddianı təmin etməməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Birinci instansiya məhkəməsinin qənaəti mübahisələndirilən hissədə qanuni və əsaslı olmuşdur.

43. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-40/2022 saylı iş üzrə 23 may 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən – qarşılıqlı iddia ərizəsinin təmin edilməməsinə dair hissədə dəyişdirilmədən saxlanılmalıdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar