Məhkəmə qərarları › İş №2(103)-5589/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5589/2024

26.11.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5589/2024 26.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı "xxxx" Mənzil-Tikinti Kooperativinin cavabdeh Eldar İmanova qarşı "müqavilənin və sazişin qismən etibarsız hesab edilməsi və sair tələbi barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Talışınski Fuad Şəmsəddin oğlu və İmanov Azad Nizami oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Pərvin Adil qızının katibliyi ilə, hazırki mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 24 iyul 2024-cü il tarixli qətnamədən iddiaçı "xxxx" Mənzil-Tikinti Kooperativinin verdiyi apellyasiya şikayətinə əsasən mülki işə, tərcüməçi X1 qızının, iddiaçının vəkili (nümayəndəsi) Nümayəndə, cavabdeh Eldar İmanovun özünün və onun nümayəndəsi (arvadı) X5 iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia barədə məlumat

1. İddiaçı MTK-nın buna səlahiyyəti olan nümayəndəsi iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh ilə "xxxx" MMC (hazırda MTK) arasında ünvan 1 ünvanında MMC tərəfindən inşa edilən yaşayış binasının 8-ci mərtəbəsində yerləşən 100,5 kv.m sahədən ibarət olan mənzilin cavabdehə verilməsinə dair bağlanmış xx.xx.2018-ci il tarixli müqavilənin və həmin müqaviləyə dəyişiklik edilməsinə dair xx.xx.2019-cu il tarixdə imzalanmış sazişin qismən, yəni cavabdehə 100,5 kv.m sahədən ibarət olan mənzilin verilməsi hissəsində etibarsız hesab edilərək, cavabdehə eyni əsaslarla və eyni mərtəbədə 50,7 kv.m sahəsi olan mənzilin verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsində Bakı Şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi qeyd olunmuşdur.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, Nəsimi RİH başçısının 345 saylı xx.xx.2017-ci il tarixli sərəncamına əsasən ünvan 2 ünvanlarda yerləşən istismar müddəti başa çatmış binalarının yerində pilot layihə əsasında MMC tərəfindən yeni çoxbərtəbəli binaların tikintisinin aparılması nəzərdə tutulmuşdur. Həmin ərazidə, yəni ünvan 3 ünvanında (Almaniya Federativ Respublikasının vətəndaşı olan) cavabdehə ümumi sahəsi 42,2 kv.metr olan 2 otaqlı 38 saylı mənzil olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 86 nömrəli qərarında nəzərdə tutulmuşdur ki, pilot layihə əsasında vətəndaşlara məxsus mənzillərin sökülərək yerində tikilən yeni binadan vətəndaşa məxsus sökülmüş mənzilin ölçüsünün üzərinə 20% gəlməklə yeni mənzil verilir. Cavabdehə məxsus sökülən mənzil cəmi 42,2 kv.metdən ibarət olmuşdur. Bu sahənin üzərinə 20% gəldikdə (8,44 kv.m) 50,64 kv.metr edir. Lakin cavabdehlə bağlanmış xx.xx.2018-ci il tarixli üç tərəfli müqaviləyə əsasən ona məxsus sökülmüş mənzilin 42,2 kv.m sahəsi üzərinə 20%, yəni 8,5 kv.m deyil, 58,3 kv.m (faktiki olaraq 138,9% təşkil edir) gəlinərək sonuncuya həmin ünvanda yeni inşa ediləcək binadan 2-ci blok 17-ci mərtəbədə ümumi sahəsi 100,5 kv.m-dən ibarət 4 otaqlı 105 saylı mənzilin verilməsi nəzərdə tutulmuşdur. Halbuki, cavabdehə 50,7 kv.m yaşayış sahəsi verilməlidir. Bu hal ona görə baş vermişdir ki, cavabdeh ilə müqavilə bağlanan zaman MMC-nin sədri hazırkı iş üzrə cavabdehin dostu X6 olmuşdur. Namiq Məmmədov vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, cavabdehə sökülən mənzilinin sahəsinin üzərinə 20% gəlməklə yeni yaşayış sahəsi vermək əvəzinə, həmin sahənin 138,9%-ni təşkil edən 58,3 kv.m əlavə sahə verilmişdir. Bununla da, MMC-yə məxsus 100,5 kv.m sahədən ibarət olan daşınmaz əmlak müvafiq müqavilə əsasında cavabdehə əvəzsiz verilmiş, nəticədə MMC-yə məxsus əmlak MMC-nin mülkiyyətindən çıxmış, MMC-yə külli miqdarda maddi zərər dəymişdir. Daha sonra, tərəflər arasında xx.xx.2019-cıı il tarixdə imzalanmış müqaviləyə dəyişiklik edilməsinə dair sazişə əsasən cavabdehə verilməli olan 100,5 kv.m-dən ibarət 4 otaqlı 105 saylı mənzilin əvəzinə eyni binadan 2-ci blok 8-ci mərtəbədə ümumi sahəsi 100,5 kv.m-dən ibarət 4 otaqlı 39/40 saylı mənzilin verilməsi nəzərdə tutulmuşdur. Bundan sonra MMC təşkilati-hüquqi formasını dəyişərək MTK olmuşdur. Bu zaman MTK-nın təsisçiləri tərəfindən aparılan təftiş nəticəsində yuxarıda göstərilən qanun pozuntuları aşkar olunmuşdur. b) cavabdehin iddia tələbinə etirazı barədə məlumat

4. Cavabdehin iddiaya qarşı etirazı və verdiyi “iddia tələbinə iddia müddətinin tətbiqi barədə” ərizəsi onunla əsaslandırılmışdır ki, MTK hələ MMC olarkən MMC-ni faktiki olaraq 6 nəfər şəxs idarə edirdi: Namiq, Turxan, Qurban və hazırda adlarını xatırlamadığı digər üç şəxs. MMC-nin direktoru Namiq idi. Ona məxsus mənzilin sahəsi sənədlərdə 42,2 kv.m göstərilsə də, mənzilin faktiki sahəsi 110 kv.m-dən çox idi və mənzil kifayət qədə yaxşı təmirli idi. İddia ərizəsində qeyd edilən ünvanda 2018-ci ildə MMC tərəfindən söküntü işləri başlanılmalı və yeni binalar inşa olunmalı idi. Ona məxsus mənzil də sökülməli idi. O, MMC ilə razılığa gəlmişdir ki, ona məxsus və sahəsi 110 kv.metrdən çox olan mənzilin əvəzində ona 100 kv.m sahəsi olan mənzil veriləcək. Bu şərtlə də onunla MMC arasında müqavilə bağlanmış, ona məxsus mənzilin yerləşdiyi bina MMC tərəfindən sökülmüşdür. Razılaşmaya əsasən yeni mənzil MMC tərəfindən ona 24 ay ərzində təhvil verilməli idi. Lakin məlum olmayan səbəblərə görə tikintidə problemlər yaranmış və tikintinin başa çatdırılması mümkün olmamışdır. Artıq 60 aydır ki, mənzillər sakinlərə təhvil verilmir. Mənzildən başqa onun həmin ünvanda qarajı da var idi. Həmin qaraj MMC tərəfindən qanunsuz olaraq sökülmüşdür. Sonra razılaşmışlar ki, qarajın yerinə ona obyekt veriləcək. Lakin obyekt də ona təhvil verilməmişdir. O, MMC-nin direktoru olmuş Namiqi əvvəllər tanımamış, onu qeyd edilən müqavilə bağlanan ərəfədə tanımışdır. Namiqlə dostluq münasibəti olmamışdır. Əslində Namiqlə onu MMC-nin sonrakı direktoru Turxan tanış etmişdir. 2019-cu ildə onunla MMC-nin direktoru Turxanla yeni bir müqavilə bağlanmışdır. Buna səbəb isə o idi ki, ilkin müqavilə bağlanılarkən ona binanın 17-ci mərtəbəsində yerləşən mənzil verilməli idi, lakin sonradan Turxan ona zəng edərək bildirmişdir ki, bir nəfər şəxs var və o 17-ci mərtəbəni bütünlükdə almaq istəyir və xahiş etmişdir ki, aralarında yeni müqavilə bağlansın və ona 8-ci mərtəbədən mənzil verilsin. O da, Turxanın təklifi ilə razılaşmışdır. Göründüyü kimi, iddia ərizəsində göstərilənlər həqiqətə uyğun deyil. Bu səbəbdə də, iddia rədd edilməlidir. Bundan başqa nəzərə alınmalıdır ki, MTK tərəfindən iddia müddəti ötürülmüşdür. Belə ki, mülki qanunvericilikdə podrat müqaviləsi üzrə iddia müddəti 3 il nəzərdə tutulmuşdur. Onunla müqavilə 2018-ci ildə bağlanılmışdır. MTK isə müqavilənin bağlanmasından təxminən 6 il keçdikdən sonra iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. Bu halda da, iddianın rədd edilməsi üçün əsasdır. c) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat

5. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnamə ilə iddianın rədd edilməsini qət etmişdir.

6. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, MMC (hazırda MTK) ilə cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqavilənin və həmin müqaviləyə dəyişiklik edilməsinə dair xx.xx.2019-cu il tarixdə imzalanmış sazişin qismən etibarsız hesab olunması üçün hüquqi əsaslar məhkəmə tərəfindən müəyyən edilmədiyindən, iddia tələbi əsassız hesab edilməli və təmin edilməməlidir. İddianın digər hissəsi, yəni cavabdehə 50,7 kv.m sahəsi olan mənzilin verilməsi barədə tələblə bağlı qeyd edilməlidir ki, iddia tələbi ilkin hissələrdə (əqdlərin qismən etibarsız hesab edilməsi) təmin edilmədiyindən və ilkin tələblə bağlı olduğundan əlavə araşdırılma aparılmadan prosessual qənaət prinsipini nəzərə almaqla bu hissədə də iddia təmin edilə bilməz. “İddia tələbinə iddia müddətinin tətbiq edilməsi barədə” ərizəyə münasibətdə isə qeyd olunmalıdır ki, iddia əsassız olduğundan iddia müddətinin tətbiqinə ehtiyac qalmır. Çünki iddia müddəti yalnız əsaslı olan iddiaya tətbiq edilə bilər. d) apellyasiya şikayəti barədə məlumat

7. İddiaçı MTK həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə iş üzrə qətnamə qəbul edilməsini xahiş etmişdir

8. Əsasları iddia tələbinin əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq göstərilmişdir ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. e) apellyasiya icraatında iş üzrə tərəflərin iştirakı barədə məlumat

9. İş üzrə iddiaçı MTK-nın vəkili (nümayəndəsi) apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərini müdafiə etdi və iddia ərizəsinin, habelə apellyasiya şikayətinin məzmununa uyğun izahat verdi.

10. Apellyasiya baxışı iclasında iştirak edən cavabdeh və onun nümayəndəsi (arvadı) apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, iddiaya etirazın məzmununa və Rayon Məhkəməsinin qətnaməsinin əsaslarına uyğun izahat verdilər.

11. İş üzrə üçüncü şəxs olan Nəsimi Rayon İcra Hakimiyyəti apellyasiya baxışı iclaslarının vaxtı və yeri barədə lazımı qayada xəbərdar edilməsinə baxmayaraq apellyasiya baxışı iclaslarında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişdir. Bu hal işin baxılmasına mane olmadığından, Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. f) mülki mübahisənin həlli və apellyasiya şikayətlərinin dəlillərinin qiymətləndirilməsi

12. Məhkəmə, apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

13. Belə ki, "xxxx" MMC-nin adından X3 cavabdeh ilə bağladığı xx.xx.2018-ci il tarixli müqavilədən görünür ki, müqavilə tərəfləri razılığa gəlmişlər ki, MMC, Nəsimi RİH başçısının 345 saylı, xx.xx.2017-ci il tarixli sərəncamına əsasən Bakı şəhəri, Nəsimi rayonu, Ü.Hacıbəyov, Z.Əliyeva, Rixard Zorge və K.Səfərəliyeva küçələrinin kəsişməsində yerləşən mövcud yaşayış binalarının sökülərək yerində çoxmərtəbəli yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin tikintisinin həyata keçirilməsi ilə əlaqədar olaraq, cavabdeh mülkiyyətində olan və ümumi sahəsi 42,2 kv.m mənzili boşaldaraq MMC-yə təhvil verir, mənzilin MMC tərəfindən sökülür, həmin mənzilin əvəzində MMC tərəfindən cavabdehə yeni inşa ediləcək binanın 2 blok, 17-ci mərtəbəsində yerləşən ümumi sahəsi 100,5 kv.metrdən ibarət 105 saylı mənzilin cavabdehə təhvil verir və mənzil MMC tərəfindən 6 ay ərzində tam təmir edilir.

14. MMC-nin adından X4 ilə cavabdeh arasında həmin müqaviləyə dəyişiklik edilməsi barədə xx.xx.2019-cu il tarixli sazişdən görünür ki, tərəflər razılığa gəlmişlər ki, MMC ilə cavabdeh arasında xx.xx.2018-ci il tarixdə bağlanmış müqavilənin 1.3-cü bəndi aşağıdaki kimi verilir: «"xxxx" MMC ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 42,2 kv.m ibarət, 2 otaqlı, 38 saylı mənzilin sökülərək, əvəzinə mənzilin kvadraturasına əlavə olaraq 58,3 kv.m yaşayış sahəsi əlavə gəlməklə, binanın bünövrəsinin qazıntısına başladıqdan sonra 24 təqvim ayı ərzində ünvan 1 ünvanında inşa ediləcək 22 mərtəbəli yaşayış kompleksində 2 blok, 8-ci mərtəbə, ümumi sahəsi 100,5 kv.m ibarət, 4 otaqlı, 105 saylı mənzili təhvil verməyi və 6 təqvim ay ərzində tam təmir etməyi öz üzərinə götürür».

15. MMC-nin adından Turxan Mahmudov ilə cavabdeh arasında xx.xx.2019-cu il tarixdə bağlanmış müqavilədən görünür ki, MMC, Nəsimi RİH başçısının 345 saylı, xx.xx.2017-ci il tarixli sərəncamına əsasən ünvan 1 ünvanında tikilən çoxmərtəbəli yaşayış binasında ümumi sahəsi 49,3 kv.m ibarət olan, blok 2, 13-cü mərtəbə, 1 otaqlı 80 saylı mənzili təmirsiz olaraq cavabdehə satmağı, cavabdeh isə bu müqavilə ilə razılaşdırılmış şərtlər ilə ödənişləri tam ödəniş edərək almağı öhdəsinə götürür. Cavabdeh tərəfindən MMC-yə ümumilikdə 49.300 manat ödəniş etməlidir (mənzilin 1 kv.m üçün 1.000 manat).

16. MMC tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş və MMC-nin direktoru Turxan Mahmudov tərəfindən imzalanmış “Kassa mədaxil orderindən” görünür ki, cavabdeh tərəfindən MMC-yə 49.300 manat məbləğində ödəniş edilmişdir.

17. MMC tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş və MMC-nin direktoru Turxan Mahmudov tərəfindən imzalanmış “Maliyyə arayışından” görünür ki, ünvan 1 ünvanında yerləşən yaşayış binasının 13-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 49,3 kv.m olan, 1 otaqlı 80 saylı mənzilin dəyəri cavabdeh tərəfindən MMC-yə tam olaraq ödənilmişdir.

18. MMC təşkilati-hüquqi formasını dəyişdirilib, MMC, MTK-yə çevrildikdən sonra, yəni xx.xx.2024-cü il tarixində MTK-nin sədri, təsisçisi və hüquqşünası tərəfindən tərtib edilmiş aktdan görünür ki, Nəsimi RİH başçısının 345 saylı, xx.xx.2017-ci il tarixli sərəncamına əsasən Bakı şəhəri. ünvan 4 ünvanlarda yerləşən istismar müddəti başa çatmış binalarının yerində pilot layihə əsasında MMC tərəfindən yeni çoxbərtəbəli binaların tikintisinin aparılması nəzərdə tutulmuşdur. Həmin ərazidə cavabdehə məxsus olan və ümumi sahəsi 42,2 kv.metr olan 2 otaqlı 38 saylı mənzilin sökülərək əvəzinə yeni tikilən binada müvafiq ölçüdə olan mənzilin verilməsi nəzərdə tutulmuşdur. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 86 nömrəli qərarında nəzərdə tutulmuşdur ki, pilot layihə əsasında vətəndaşlara məxsus mənzillərin sökülərək yerində tikilən yeni binadan vətəndaşa məxsus sökülmüş mənzilin ölçüsünün üzərinə 20% gəlməklə yeni mənzil verilir. Cavabdehə məxsus sökülən mənzil cəmi 42,2 kv.metrdən ibarət olmuşdur. Bu sahənin üzərinə 20% gəldikdə (8,44 kv metr) edir 50,64 kv metr. Lakin cavabdehlə bağlanmış xx.xx.2018-ci il tarixli üç tərəfli müqaviləyə əsasən ona məxsus sökülmüş mənzilin 42,2 kv.metr sahəsi üzərinə 20%, yəni 8,5 kv metr deyil, 58,3 kv metr (faktiki olaraq 138.9% təşkil edir) gəlinərək sonuncuya ünvan 5 ünvanda inşa ediləcək binadan 2-ci blok 17-ci mərtəbədə ümumi sahəsi 100,5 kv.metrdən ibarət 4 otaqlı 105 saylı mənzilin verilməsi nəzərdə tutulmuşdur. Halbuki, həmin şəxsə (42,2+8,5=) 50,7 kv.metr yaşayış sahəsi verilməlidir. Başqa sözlə, həmin vaxt MMC-nin adından çıxış edən X6 vəzifə səlahiyyətlərindən sui-istifadə edərək dostu olan cavabdehin sökülən mənzilinin sahəsinin üzərinə 20% gəlməklə yeni yaşayış sahəsi vermək əvəzinə, həmin sahənin 138,9%-ni təşkil edən 58,3 kv.metr əlavə sahə verilmişdir. Bununla da, adı çəkilən şəxslərin qanunsuz hərəkətləri nəticəsində MMC-yə külli miqdarda ziyanı vurulmuşdur.

19. Göstərilənlərə əsasən müəyyən edilir ki, iddiaçı MTK-nın təşkilati-hüquqi forması MMC olan dövrdə, MMC-nin adından direktor Namiq Məmmədov ilə cavabdeh arasında xx.xx.2018-ci il tarixində müqavilə bağlanmış, müqavilə ilə MMC ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 42,2 kv.m ibarət, 2 otaqlı, 38 saylı mənzilin əvəzinə ünvan 1 ünvanında inşa ediləcək 22 mərtəbəli yaşayış kompleksində 2 blok, 17-ci mərtəbə, ümumi sahəsi 100,5 kv.m ibarət, 4 otaqlı, 105 saylı mənzili təhvil verməyi öhdəsinə götürmüşdür. Habelə, hazırki işə baxılarkən iddiaçının cavabdeh ilə müqavilələri bağlayarkən həmin müqavilələrin şərtləri ilə tanış olmağa ona hər-hansı maneçiliyin olunması, cavabdeh tərəfindən aldadılması halı öz əksini tapmamış və hər iki tərəf sərbəst şəkildə müqavilə azadlığı prinsipini nəzərə almaqla azad şəkildə öz iradəsinə uyğun müqavilə bağlamışlar.

20. Hazırda iddiaçı MTK cavabdehə verilməli olan sahədən artıq sahə verildiyini əsas gətirərək, həmin bağlanmış müqavilənin qismən etibarsız hesab olunmasını tələb edir.

21. Göstərilənləri nəzərə alan Məhkəmə hazırkı iş üzrə tərəflər arasında yaranmış mülki mübahisənin həlli ilə bağlı Rayon Məhkəməsinin qəbul etdiyi qətnamənin əsaslılığı və həmin qətnamədən verilmiş apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi ilə bağlı bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə görə, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər (maddə 6.2.). Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir (maddə 324.). Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür (maddə 752.1.). Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun (maddə 762.1.). Sifarişçi icranın qüsuru barəsində tələbi işin qəbul edildiyi gündən bir il ərzində, binaya aid tələbi isə beş il ərzində irəli sürə bilər (maddə 776.1.). Əgər müqaviləyə əsasən iş hissə-hissə qəbul edilmişdirsə, qüsur barəsində tələb müddətinin axımı işin tam qəbul olunduğu gündən başlanır (maddə 776.2.).

22. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Ə.İbrahimovun şikayəti üzrə” qəbul etdiyi xx.xx.2004-cü il tarixli qərarında qeyd edilən hüquqi mövqeyə görə, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur.

23. Məhkəmə qeyd edir ki, köhnə mənzilin yerinə yeni mənzilin yalnız Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli, 86 saylı qərarı ilə 20 faiz meyarla müəyyən edilməsi ilə verilməsi sökünütünü və tikintini aparan hüquqi şəxsin ondan daha çox sahə verilə bilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə qadağan edilməmişdir. Belə olan halda, müqavilə şərtlərinin etibarsız olmasını sübut etmək vəzifəsi iddiaçı MTK-nın üzərinə düşür. Lakin iddiaçı tərəfindən bununla bağlı hər hansı mötəbər sübut təqdim edilməmişdir.

24. Məhkəmə bildirir ki, Mülki Məcəllənin tələblərinə görə, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər (maddə 337.1.). Əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir (maddə 337.2.). Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır (maddə 337.4.). Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir (maddə 337.5.). Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin (maddə 339.3.). Bu Məcəllənin 339.1-339.4-cü maddələrində göstərilən əsaslar üzrə əqd zərərçəkənin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər (maddə 339.6.).

25. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “B.Qasımovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2019-cu il tarixli qərarında qeyd edilən hüquqi mövqeyə görə, aldatma səbəbi ilə əqdin etibarsız hesab edilməsi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: 1) aldadan tərəf müqavilənin bağlanılması və xüsusi ilə də müqavilənin bağlanılmasına dair aparılan müzakirələr zamanı müəyyən məsələlər barəsində yalan məlumat verir və ya vicdanlılıq vəzifəsinə görə məlumat verməli olduğu məsələlər barəsində qəsdən məlumat vermir; 2) aldadıcı hərəkət əqdin digər tərəfinin həqiqəti bildiyi təqdirdə bağlamayacağı və ya müəyyən şərtlərlə bağlamayacağı bir müqavilənin bağlanmasına və ya əlverişsiz şərtlərlə bağlanmasına yönəlməlidir. Yəni, müəyyən bir müqavilənin bağlanılmasını təmin etmək üçün yalan məlumat verməklə əqdin digər tərəfində qəsdən həqiqətə uyğun olmayan bir qənaət formlaşdırılmış olmalıdır; 3) müqavilə məhz aldadılma nəticəsində qarşı tərəfdə formalaşmış yanlışlıq, yəni həqiqətə uyğun olmayan qənaət nəticəsində bağlanılmış olmalıdır. Belə ki, aldadılma olmasaydı mövcud müqavilə bağlanmaz və ya başqa şərtlərlə bağlanmış olardı. O da qeyd olunmalıdır ki, Mülki Məcəllənin 339.3-cü maddəsinə görə, üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Göründüyü kimi, üçüncü şəxsin aldatması barəsində müqavilənin qarşı tərəfi xəbərdar idisə və ya xəbərdar olmalı idisə, müqavilə etibarsız hesab edilə bilər.

26. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2021-ci il tarixli qərarında qeyd edilən hüquqi mövqeyə görə, şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz.

27. Göstərilənləri və ən əsası – fiziki və hüquqi şəxslərin müqavilə bağlayarkən, müqavilənin şərtlərinin müəyyən edilməsində sərbəst olmalarını nəzərə alan Məhkəmə hesab edir ki, MMC-nin cavabdehə qarşı irəli sürdüyü iddia əsassızdır; MMC ilə cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqavilənin və həmin müqaviləyə dəyişiklik edilməsinə dair xx.xx.2019-cu il tarixli sazişin qismən, etibarsız hesab edilərək, cavabdehə eyni əsaslarla və eyni mərtəbədə 50,7 kv.m sahəsi olan mənzilin verilməsi üçün əsas yoxdur; işə baxmış Rayon Məhkəməsi yuxarıda qeyd edilən əsasla eyni nəticəyə gəlməkdə haqlı olmuşdur; apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. g) apellyasiya baxışının nəticəsi

28. Beləliklə də apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticəsi qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri əsassızdır və formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

29. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

30. Bu baxımdan, Məhkəmə, MPM-in 384-cü maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

31. Apellyasiya şikayəti təmin edilmədiyindən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir.

32. Məhkəmə həmçinin bildirir ki, iddianın rədd edilməsi barədə Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanıldığından, iş üzrə cavabdeh hazırkı qətnamədən kassasiya şikayəti verə bilməz.

33. İş üzrə üçüncü şəxs olan Nəsimi RİH də hazırkı qətnamədən kassasiya şikayəti verə bilməz. Çünki onun təmin olunmayan tələbi yoxdur.

34. İddiaçı MTK-nın apellyasiya şikayəti təmin edilmədiyindən, MTK, MPM-in tələblərinə və “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilməklə qətnamədən kassasiya şikayəti vermək hüququna malikdir.

35. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan və MPM-in 384, 392, 393, 402, 405ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə

QƏT ETDİ:

İddiaçı "xxxx" Mənzil-Tikinti Kooperativinin apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 24 iyul 2024-cü il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. İddiaçı "xxxx" Mənzil-Tikinti Kooperativi hazırkı qətnamədən, qətnamə ona rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-in tələblərinə və “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verə bilər. Cavabdeh Eldar İmanov və iş üzrə üçüncü şəxs Bakı Şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti hazırkı qətnamədən kassasiya şikayəti verə bilməzlər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar