Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5593/2020 29.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızından və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, İddiaçının vəkili və nümayəndəsi Eynar Əliyevin, Cavabdeh1 vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 ogluna, Cavabdeh2 və Cavabdeh3 qarşı “vərəsəlik şəhadətnaməsinin ləğvi və miras payının müəyyənləşdirilməsi” tələbinə dair 2(011)- 7937/2019 saylı mülki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1 oglu və Cavabdeh3 tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 ogluna, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 18 saylı DNK tərəfindən verilmiş xx.xx.2006-cı il tarixli, 2V-01-184 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və onun əsasında miras əmlakı olmuş Bakı şəhəri, Xətai rayonu, X5 küçəsi, ev 14, 161 saylı mənzilə dair cavabdehlərin adına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş mülkiyyət hüququnun qeydiyyata alınması haqqında çıxarışın ləğv edilməsi, miras qoyan X2 məxsus olan Bakı şəhəri, Xətai rayonu, X5 küçəsi, ev 14, 161 saylı mənzilə dair iddiaçının qanun üzrə vərəsəlik hüququ tanınaraq, həmin əmlakın 1/4 hissəsinə vərəsəlik payı müəyyən edilməklə qanun üzrə vərəsəlik hüququ haqqında yeni şəhadətnamənin verilməsi öhdəliyinin (vəzifəsinin) Bakı şəhəri 18 saylı Notariat Ofisinin (keçmiş 18 saylı DNK) üzərinə qoyulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı 1970-ci il təvəllüdlüdür. Ailəsi 5 nəfərdən ibarət olmuşdur. Təxminəm 30 il əvvəl ailə tərkibinə uyğun olaraq 4 otaqlı mənzil istifadələrinə verilmişdir. Ömrünün xeyli hissəsini daimi olaraq orada yaşamış, lakin 1995ci ildən müəyyən səbəblərə görə başqa yaşayış sahəsinə müvəqqəti olaraq köçmüşdür. Ona görə də ailə daxilində gedən bəzi proseslərdən bixəbər olmuşdur. 2006-cı ildə atası X3 vəfat etmişdir. Müxtəlif dövrlərdə atasının və anasının mülkiyyətində daşınmaz əmlaklar olmuşdur və həmin əmlak hələ atasının sağlığında ümumi razılıqla digər ailə üzvlərinin (qardaşlarının) mülkiyyətinə keçirilmişdir. Amma bu mənzil üzrə mülkiyyət hüququnun ümumiyyətlə dövlət qeydiyyatına alınmasından, eləcə də xüsusən atasının nülkiyyətində olmasından xəbəri olmamışdır. Hər bir övlad kimi atasını son mənzilə yola salmışdır. Ancaq cavabdehlərin qərəzli və aldadıcı hərəkətlərinə görə mirasın qəbulu ilə əlaqədar 18 saylı DNK-ya müraciət edərək atasına məxsus olan əmlakı təkcə özləri ələ keçirmişlər. Nəticədə, onların adlarına notariat kontoru tərəfındən xx.xx.2006-cı il tarixli, 2V-01- 184 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş və həmin mənzilə dair mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. Beləliklə, də onun vərəsəlik hüquqları kobud surətdə pozularaq əsassız olaraq ona çatası paydan məhrum olunmuşdur. Halbuki, onun da əmlak üzrə payı vardır. Bununla əlaqədar olaraq yaxın tanışının məsləhəti ilə məsələnin araşdırılması məqsədilə vəkillə müqavilə bağlayaraq aidiyyatı orqanına sorğu yazılmışdır. Nəticədə, Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin **********35 nömrəli, xx.xx.2019-cu il tarixli cavabına əsasən müəyyənləşdirilmişdir ki, xx.xx.1997-ci il tarixində hazırki mübahisə predmeti onun iştirakı olmadan atasının adına özəlləşdirilmiş və atasının vəfatı ilə əlaqədar miras işi açılaraq gizli yolla cavabdehlər həmin mənzilə dair mülkiyyət hüquqlarını dövlət qeydiyyatına aldırmışlar. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Cavabdehlər Cavabdeh1 oglu və Cavabdeh3 apelyasiya şikayəti və ona əlavə verərək qətnamənin ləğv edilməsini və iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının ərizəsində qeyd etdiyi cəfəng fikirlər nəzərə alınaraq, iddia tələbi təmin edilmiş, cavabdeh olaraq onlaırn təqdim etdikləri etiraz ərizəsinə münasibət bildirilməmişdir. Hazirki iş üzrə 13 ildən artıq müddət keçməsinə baxmayaraq tərəfin bundan xəbəri olub-olmaması məhkəmə tərəfindən sorğulanaraq araşdırılmamışdır. Məhkəməyə təqdim edəcəkləri sübutlara əsasən belə nəticəyə gəlmək olar ki, tərəf vərəsəlik hüququnu vaxtında qəbul etməkdən imtina etmiş, vərəsəliyin qəbulu barədə atasının vəfatından sonra notariat kontoruna müraciət etməmiş, iddia müddətinin axımı barədə və həmçinin vərəsəlik hüququ barədə müddəaların pozulması ilə yanaşı məhkəməyə əsassız tələb irəli sürüb. Həmçinin məhkəmə prosessində İddiaçı iştirakı təmin edilməmişdir. Bundan başqa, hazırki iddia tələbi ilə bağlı birinci instansiya məhkəməsinin ilk öncə müəyyən etəməli olduğu hallar aşağıdakılardır: 1) iddiaçının hazırki iddianı qaldırmaqda müvafiq subyektiv hüquqlara malik olub-olmaması, yəni cavabdehlərə verilmiş vərəsəlik hüququ haqqında şəhadətnamələrin ləğv edilməsi sahəsində tələb (subyektiv) hüququnun mövcudluğu; 2) əgər yuxarıda qeyd edilən hallar mövcuddursa, cavabdeh tərəfin etirazları nəzərə alınmaqla iddianın əsaslı olub-olmaması. Qanunvericiliyin qeyd edilən tələblərindən göründüyü kimi, mübahisənin qanuni həlli üçün ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmaq vəzifəsi məhkəmənin araşdırmalı olduğu məsələdir. Belə ki, iddiaçının vərəsə kimi hüquqları, miras qoyan, yəni, atası X1 öldüyü xx xxxx 2006-cı il tarixdə yaranmış və 6 ay müddətində davam etmişdir. Bu müddət ərzində iddiaçı qanunvericiliyin tələbinə əsasən ya mirasın açıldığı yer üzrə notariat kontoruna müraciət etməli, ya da əmlakı faktiki qəbul etməsini nümayiş etdirməliydi. İddiaçı bunlardan heç birini etməmiş, ümumiyyətlə 13 il ərzində notariat kontoruna nə mirasın qəbul edilməsi, nə də miras əmlakdan imtina etməsi ilə bağlı müraciət etməmişdir. Belə ki, iş materiallarından da göründüyü kimi mərhum Abuzər Əliyev xx xxxx 2006-cı il tarixdə vəfat etmiş və iddiaçı atasının yas mərasimlərində iştirak etmişdir. Bundan sonra, hətta bu günə kimi, iddiaçının mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməsini və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başlamaqla mirası qəbul etdiyini şəksiz nümayiş etdirmək hüququnu həyata keçirməsinə mane olan hallar ümumiyyətlə nə iddia ərizəsində göstərilmiş, nə də iş materialları ilə sübut olunmur. İşin mübahisəsiz halı isə ondan ibarətdir ki, miras qoyanın vəfatından sonra mirası faktiki olaraq cavabdehlər qəbul etmiş və idarə etmiş, iddiaçı bütün müddətləri ötürdükdən sonra hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Belə olan halda, hətta cavabdehlərə verilmiş vərəsəlik haqqında şəhadətnamələr ləğv olunsa belə, iddiaçının miras əmlakla bağlı heç bir hüququ qalmamışdır. Çünki, qanunvericiliklə mirasın qəbul edilməsi üçün müəyyən edilmiş müddət 14 il öncə bitmiş və iddiaçı mirasla bağlı bu müddət ərzində heç bir hərəkət etməmişdir. Apelyasiya baxışı zamanı Cavabdeh1 təmsilçisi şikayəti müdafiə edərək təmin olunmasını xahiş etdi. İddiaçının təmsilçisi apelyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, digər cavabdehlər iclasda iştirak etməmiş və bunun səbəblərini bildirməmişdir. Kollegiya işə digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, аpеlyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, apelyasiya şikayət təmin edilməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məhkəmə müdafiəsi hüququna malik olan şəxslərin dairəsi qanunla ümumi formada müəyyən edilmişdir. Buraya, hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan mülki məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. İddia tələbini irəli sürmüş şəxsin müvafiq subyektiv hüquqlara malik olmaması, onun başqa şəxslərdən tələb etmək və müdafiə hüququnu istisna edir. Belə ki, «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının xx xxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2008-ci il tarixli qərarında qeyd edilmşdir ki, «Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2008-ci il tarixli qərarına əsasən, iddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. İşin tədqiq edilmiş halları əsasında müəyyən edilmişdir ki, Bakı şəhəri, Xətai rayonu, X5 küçəsi, ev 14, 161 saylı mənzil xx.xx.1997-ci il tarixdə Əliyev Əbuzər (Abuzər) Rüstəm oğlunun adına qeydiyyatdan keçmişdir. Əliyev Əbuzər (Abuzər) Rüstəm oğlu xx.xx.2006cı il tarixdə vəfat etmişdir. Cavabdeh2 Bakı şəhəri 18 saylı Notariat Kontoruna xx.xx.2006cı il tarixli ərizə ilə müraciət edərək xx.xx.2006-cı ildə vəfat etmiş əri Əliyev Əbuzər (Abuzər) Rüstəm oğlundan miras qalmış Bakı şəhəri, Xətai rayonu, X5 küçəsi, ev 14, 161 saylı mənzilə dair vərəsəlik haqqında şəhadətnamənin verilməsini xahiş etmiş, özündən başqa Cavabdeh1 oglu və Cavabdeh3 vərəsə olduqlarını göstərmişdir. Cavabdeh3 Bakı şəhəri 18 saylı Notariat Kontoruna xx.xx.2006-cı il tarixli ərizə ilə müraciət edərək xx.xx.2006-cı ildə vəfat etmiş atası Əliyev Əbuzər (Abuzər) Rüstəm oğlundan miras qalmış Bakı şəhəri, Xətai rayonu, X5 küçəsi, ev 14, 161 saylı mənzilə dair vərəsəlik haqqında şəhadətnamənin verilməsini xahiş etmiş, özündən başqa Cavabdeh1 oglu və Cavabdeh2ın vərəsə olduqlarını göstərmişdir. Cavabdeh1 oglu Bakı şəhəri 18 saylı Notariat Kontoruna xx.xx.2006-cı il tarixli ərizə ilə müraciət edərək xx.xx.2006-cı ildə vəfat etmiş atası Əliyev Əbuzər (Abuzər) Rüstəm oğlundan miras qalmış Bakı şəhəri, Xətai rayonu, X5 küçəsi, ev 14, 161 saylı mənzilə dair vərəsəlik haqqında şəhadətnamənin verilməsini xahiş etmiş, özündən başqa Cavabdeh3 oglu və Cavabdeh2ın vərəsə olduqlarını göstərmişdir. xx.xx.2006-cı ildə vəfat etmiş Əliyev Əbuzər (Abuzər) Rüstəm oğlunun vərəsələri qismində arvadı - Cavabdeh2, oğulları - Cavabdeh1 ogluna və Cavabdeh3 miras əmlakdan bərabər hissələrdə irs almarına dair xx.xx.2006-cı il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş və notariat qaydada təsdiq edilmişdir. Şəhadətnamə verilən miras əmlak Bakı şəhəri, Xətai rayonu, X5 küçəsi, ev 14 ünvanında yerləşən 161 saylı mənzildən ibarətdir. Azərbaycan Respublikası Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2019-cu il tarixli, **********35 saylı arayışına əsasən, Bakı şəhəri, Xətai rayonu, X5 küçəsi, ev 14, 161 saylı mənzil xx.xx.1997-ci il tarixdə Əliyev Əbuzər (Abuzər) Rüstəm oğlunun adına ilkin qeydiyyatdan keçmişdir. 18 saylı DNK-nın xx.xx.2006-cı il tarixli 2V-01-184 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən sözügedən ünvan Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 adlarına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətlərindədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1246.1-ci maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Həmin Məcəllənin 1256-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. Həmin Məcəllənin 1272-ci maddəsinə əsasən mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər. Həmin Məcəllənin 1273-1-ci maddəsinə əsasən vərəsə bu Məcəllə ilə müəyyən edilmiş müddətlər daxilində mirası qəbul etmədikdə və ya ondan imtina etmədikdə, müvafiq olaraq bu Məcəllənin 1262-ci və 1263-cü maddələri tətbiq edilir. Həmin Məcəllənin 1262-ci maddəsinə əsasən əgər vərəsə mirası qəbul etməkdən imtina etmişdirsə, lakin kimin xeyrinə imtina etdiyini bildirməmişdirsə, onun payı qanun üzrə vərəsəliyə çağırılmış vərəsələrin payına, vəsiyyətnamə ilə bütün əmlakın bölüşdürüldüyü halda isə vəsiyyət üzrə vərəsələrin payına əlavə edilir və onların arasında paylarına mütənasib surətdə bölüşdürülür, bu şərtlə ki, vəsiyyətnamədə ayrı qayda nəzərdə tutulmasın. Həmin Məcəllənin 1263-cü maddəsinə əsasən əgər mirasdan imtina etmiş vərəsə həmin növbənin vərəsələri arasında yeganə vərəsədirsə, miras sonrakı növbənin vərəsələrinə keçir. Həmin Məcəllənin 1321.1-ci maddəsinə əsasən vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Həmin Məcəllənin 1322-ci maddəsinə əsasən vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilir. Əgər notariat orqanında şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa, vərəsəlik şəhadətnaməsi altı aydan da tez verilir. “G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 2014-cü il tarixli Qərarında qeyd edilir ki, mirasın açılmasının əsasını bir sıra hüquqi faktların məcmusu (hüquqi tərkibi) təşkil edir: mirası qəbul etmək hüququna malik olan şəxslərin dairəsi; mirasın açıldığı vaxt miras əmlakın kütləsi (miras aktivi və miras passivi); vərəsəlik prosesinin başlanğıcı (mirasın qəbul edilməsi, imtina olunması və s.). Bu mənada mirasın qəbul edilməsi müddəti vərəsəlik institutunun vacib aspektlərindən biridir. Mülki Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Lakin mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər (Mülki Məcəllənin 1248-ci maddəsi). Bu maddələrin tələblərinə görə mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. Qeyd olunmalıdır ki, mirasın qəbul edilməsi müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir. Qanunvericiliyin qeyd edilən tələblərindən göründüyü kimi, mübahisənin qanuni həlli üçün ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırılmalıdır. Hazırkı iş üzrə miras qoyan X1 öldüyü xx xxxx 2006-cı il tarixdən İddiaçı vərəsə kimi hüquqları yaranmışdır. Lakin İddiaçı həmin hüququnun davam etdiyi 6 ay müddətində qanunvericiliyin tələbinə əsasən nə mirasın açıldığı yer üzrə notariat kontoruna müraciət etməmiş, nə də əmlakı faktiki qəbul etməsini nümayiş etdirməmişdir. Qeyd edilməlidir ki, mirasın qəbulu dedikdə, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə yönələn müəyyən aktın həyata keçirilməsi başa düşülür. Qəbul etmə vərəsənin müəyyən iradəvi hərəkətinə əsaslanır. Əgər bu iradəvi hərəkət olmasa, vərəsə miras əmlakı əldə etmir. Azərbaycan Respublikasının vərəsəlik hüququ mirasın qəbul edilməsinin formal və qeyri-formal üsulunu müəyyənləşdirir. Formal üsul mirasın hüquqi cəhətdən qəbul edilməsi, qeyri-formal üsul isə mirasın faktiki cəhətdən qəbul edilməsi deməkdir. Mirasın qəbul edilməsinin qeyri-formal üsulu odur ki, bu üsula görə vərəsənin konkret hərəkətləri və rəftarı onun mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləyir və sübut edir. Mirasın qəbul edilməsinin qeyri-formal üsulunun özü özlüyündə iki növü vardır. Bunlar miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsullarıdır. Vərəsə miras əmlaka faktiki sahiblik edərkən, müxtəlif konkludent hərəkətlər edir: miras qoyanın dəfn mərasimini təşkil edir və onun xərclərini çəkir, miras qoyanın yaşadığı evə köçür, miras evin kirayə haqqını ödəyir, miras əmlakı götürüb öz evinə aparır, miras qoyanın həyətyanı sahəsində işləyir və s. Miras əmlaka faktiki sahiblik etmək dedikdə, vərəsənin etdiyi elə hərəkətlər başa düşülür ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün edir: mirası lazımi vəziyyətdə saxlayır, miras əmlakın vergilərini ödəyir, və s. Burada diqqətə alınmalı məqam isə Azərbyacan Respublikası Konstitusiyasının 29cu maddəsi ilə təsbit olunmuş vərəsəlik hüququna verilmiş təminat vərəsəlik hüququnun əsasını təşkil edən sosial ədalətlilik prinsipinin qorunmasına və gələcəkdə hər hansı vərəsənin qanuni əsaslarla qəbul edilmiş miras əmlak üzərində mülkiyyət hüququndan formal tələblərə görə məhrum edilməməsinə yönəlmişdir. Başqa sözlə, mirasın qəbulu məsələsi həll edilərkən sosial ədalətlilik və mütənasiblik prinsipi rəhbər tutularaq tərəflərin hüquqları arasında ədalətli balans qurulmalı, hər hansı fərdin üzərinə əlavə yük qoyulmamalı, eləcə də tərəflərdən hər hansı birinin mülkiyyət hüququ əsassız məhdudlaşmamalıdır. Beləliklə, iddiaçının miras əmlakı rəsmi və ya faktiki qəbul etməsi təsdiq olunmur. Habelə, iddiaçı mirasın qəbulu müddətinin üzrlü səbəbdən ötürüldüyünü bildirməmiş, bu halı təsdiqləyən sübut təqdim etməmişdir. Beləliklə, iddiaçı qanunvericliklə müəyyən edilmiş müddət ərzində qəbul etməməklə miras əmlaka dair hüququnu itirmişdir, bu səbəbdən hazırkı iş üzrə iddia tələbi əsassızdır və təmin edilə bilməz. Bununla yanaşı, miras qoyanın vəfatından sonra mirası faktiki olaraq cavabdehlər qəbul etmiş və idarə etmişlər. Mirasın həmin şəxslər tərəfindən qəbul edilməsi işin halları ilə sübuta yetirilir və qanunvericiliyin tələblərinə uyğundur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsasən Kollegiya belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmadığından, məhkəmə tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilmədiyindən və məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun gəlmədiyindən qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmalı və iddia təmin edilməməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apelyasiya şikayəti təmin edilsin. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7937/2019 saylı mülki iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı cavabdehlər Cavabdeh1 ogluna, Cavabdeh2 və Cavabdeh3 qarşı 18 saylı DNK tərəfindən verilmiş xx.xx.2006-cı il tarixli, 2V-01-184 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və onun əsasında miras əmlakı olmuş Bakı şəhəri, Xətai rayonu, X5 küçəsi, ev 14, 161 saylı mənzilə dair cavabdehlərin adına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş mülkiyyət hüququnun qeydiyyata alınması haqqında çıxarışın ləğv edilməsi, miras qoyan X2 məxsus olan Bakı şəhəri, Xətai rayonu, X5 küçəsi, ev 14, 161 saylı mənzilə dair üzrə iddiaçının qanun üzrə vərəsəlik hüququ tanınaraq, həmin əmlakın 1/4 hissəsinə vərəsəlik payı müəyyən edilməklə qanun üzrə vərəsəlik hüququ haqqında yeni şəhadətnamənin verilməsi öhdəliyinin (vəzifəsinin) Bakı şəhəri 18 saylı Notariat Ofisinin (keçmiş 18 saylı DNK) üzərinə qoyulmasına dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-5593/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5593/2020
29.09.2020 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver