Məhkəmə qərarları › İş №2(103)-5594/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5594/2022

05.08.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5594/2022 05.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlundan (məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Ərizəçi Bakı şəhəri 45 saylı Notariat Ofisi, Maraqlı şəxs2, Maraqlı şəxs3, Maraqlı şəxs4 maraqlı şəxslər olmaqla “mirasın qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddətin uzadılması barədə” ərizəsinə baxılmasına dair mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 05 iyul 2022-ci il tarixli 2(002)-1157/2022 saylı qərardadından Maraqlı şəxs2 şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, Müəyyən etdi: İddiaçı Ərizəçi cavabdeh Bakı şəhəri 45 saylı Notariat Ofisinə qarşı “mirasın qəbul edilməsi üçün qanunla müəyyənləşdirilmiş müddətin uzadılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum anası-X1 Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mkr, 7-ci Binəqədi küçəsi, 1 saylı evin 30,14 kv.metr yaşayış sahəsindən ibarət iki otaqlı 95 saylı mənzillə bağlı “vərəsəlik hüququ haqqında şəhadətnamə” verilməsi üçün buraxılmış müddəti üzürlü hesab edərək, bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 11 may 2022-ci il tarixli 2(002)- 1157/2022 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Maraqlı şəxs2 həmin qətnamədən xx.xx.2022-ci il tarixdə şikayət verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 05 iyul 2022-ci il tarixli 2(002)-1157/2022 saylı qərardadı ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmış, ödənilmiş 50 manat məbləğində dövlət rüsumu şikayəti vermiş şəxsə geri qaytarılmışdır. Hazırda həmin qərardaddan Maraqlı şəxs2 şikayət vermiş, məhkəmənin xx.xx.2022ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 360-cı maddəsinə əsasən apelyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində verilə bilər. Məcəllənin 130.3-cü maddəsinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və şikayət onları verən şəxsə qaytarılır. Məcəllənin 363.1.3-cü maddəsinə əsasən apelyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılmalıdır. İş materiallarından göründüyü kimi, qətnamə xx.xx.2022-ci il tarixdə maraqlı şəxslərin, o cümlədən Maraqlı şəxs2 vəkili və nümayəndəsinin elektron kabinetinə yerləşdirilmişdir. Bundan əlavə Maraqlı şəxs2 qətnaməni xx.xx.2022-ci il tarixdə məhkəmə qəbzinə imza etməklə əldə etmişdir. Apelyator şikayətini onunla əsaslandırır ki, məhkəmədə onu təmsil edən vəkil Nümayəndə1 ilə təkrar müqavilə bağlamamış və ona verilmiş etibarnamə məhkəmə prosesindən sonra ləğv edilmişdir. Məhkəmə haqlı olaraq göstərmişdir ki, məhkəmə araşdırması zamanı Maraqlı şəxs2 vəkili və nümayəndəsi məhkəmə iclasında iştirak etmiş və müvafiq məhkəmə qətnaməsi xx.xx.2022-ci il tarixdə məhz onun vəkili və nümayəndəsinin (hansı ki müvafiq etibarnamədə həmin vəkilə məhkəmə aktından şikayət verilməsi səlahiyyəti də həvalə edilmişdir) elektron kabinetinə yerləşdirilmişdir, mülki prosessual qanunvericiliyin tələbinə əsasən bu hal məhkəmə qətnaməsinin rəsmi qaydada çatdırılmasını ifadə edir. Maraqlı şəxs2 tərəfindən məhkəmə qətnaməsi xx.xx.2022-ci il tarixdə məhkəmə qəbzi əsasında təhvil almışdır (vəkilinin səlahiyyətinə xitam verilməsi barədə isə məhkəməyə heç bir məlumat verməmişdir). Göründüyü kimi, maraqlı şəxsin hətta özünün təhvil aldığı vaxtdan belə həmin məhkəmə qətnaməsindən apelyasiya şikayəti verilməsi üçün kifayət qədər vaxtı olmuşdur (07 iyun 2022-ci il tarixdən məhkəmənin qanuni qüvvəyə mindiyi tarix xx.xx.2022-ci il tarixədək). Apelyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş prosessual müddət ötürülmüş və müddətin bərpa edilməsinə dair ərizə təqdim edilməmişdir. Kollegiya apelyasiya şikayətinin qaytarılması barədə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və hesab edir ki, məhkəmə şikayəti geri qaytarmaqda doğru qənaətə gəlmişdir. Beləliklə, şikayətin təmin edilməsi üçün əsas yoxdur, ona görə də şikayət təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 400 və 401-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Maraqlı şəxs2 şikayəti təmin edilməsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 05 iyul 2022-ci il tarixli 2(002)-1157/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar