Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5594/2024 21.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh İB-yə qarşı iş üzrə (Açar sözlər: pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X4 (sədrlik edən və məruzəçi), oğlunun katibliyi Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh İB-yə qarşı pul tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(011)-1414/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. İddiaçı Sumqayıt şəhəri, Sarıqaya bağlar massiv, 1B-615 nömrəli fərdi yaşayış evinin mülkiyyətçisidir. İddiaçı 2018-ci ilin avqust ayında qaz sayğacında yaranmış problemin aradan qaldırılması üçün Cavabdeh İB-nin Sumqayıt Qaz İdarəsinin mühəndisi Süleymanov İlkin Müşfiq oğluna 1.000 manat məbləğində pul vəsaiti vermişdir.
2. İddiaçının müraciəti əsasında cavabdehin barəsində araşdırma aparılmış və əməlində cinayət tərkibinin əlamətləri olmadığından toplanmış material üzrə Sumqayıt şəhər prokurorunun köməkçisi tərəfindən xx.xx.2023-cü il tarixdə cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir.
3. Həmin qərara əsasən İlkin Süleymanov ilə əlaqə saxlanılmış və onun onunla mobil telefon danışığı zamanı müəyyən olunmuşdur ki, o, hazırda Polşadadır. Daha əvvəl Azəriqazın Sumqayıt istismar sahəsində qaz avadanlıqlarının istismarı və çilingəri vəzifəsində çalışmışdır. İddiaçı ilə razılığa gəldiyindən sözügeden ünvanda qaz sayğacını yenisi ilə əvəz etmişdir. Lakin bir müddət sonra İddiaçı yenidən ona müraciət etmiş və qaz verilişinin keyfiyyətsiz olduğu üçün qaz sayğacını dəyişdirməsini və pulunun qaytarılmasını demişdir. O isə artıq işdən azad olunduğunu və yeni qaz sayğacının dəyişdirilməsi üçün müvafiq orqana müraciət etməli olduğunu bildirmişdir.
4. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(011)- 819/2022 nömrəli qətnaməsi ilə Sumqayıt şəhəri, Sarıqaya bağlar massiv, 1B-615 nömrəli fərdi yaşayış evi (abonent kodu **********06152) üzrə İddiaçı hesablanmış 464,40 manat borcun və həmin yaşayış evi üzrə İddiaçı sayğacın dəyərinə görə hesablanmış 185,73 manat borcun silinməsi qət edilmişdir.
5. Cavabdeh İB-nin xx.xx.2024-cü il tarixli, 14-2-2-6/2-237/2024 nömrəli məktubuna əsasən Süleymanov İlkin Müşfiq oğlu hal-hazırda Cavabdeh İB-nin Sumqayıt Qaz İstismarı Sahəsində işləmir və onunla bağlanmış əmək müqaviləsinə öz ərizəsinə əsasən 83k-saylı xx.xx.2018-ci il tarixli əmrlə xitam verilmişdir.
a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı Cavabdeh İB-yə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh İB-dən 1.000 manat məbləğində pulun tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 2018-ci ilin avqust ayında qaz sayğacında problem yarandığı üçün Cavabdeh İB-nin Sumqayıt Qaz İstismar İdarəsinin mühəndisi Süleymanov İlkin Müşfiq oğlu ondan 1.000 manat məbləğində pul tələb edərək sayğacı və s. sistemləri yenisi ilə əvəz edəcəyinə dair vəd vermişdir. Bununia bağlı sayğacı və s. qurğuları olduğu yerdən çıxararaq Cavabdeh İB-nin Sumqayıt Qaz istismar İdarəsinə aparmışdır. Lakin bu hadisədən bir müddət keçdikdən sonra, İlkin yeni sayğac adı ilə müəyyən bir qurğu gətirərək, onu sistemə qoşmuşdur. Amma bundan sonra qazın verilişində heç bir müsbətə doğru dəyişiklik baş verməmişdir. Bir sözlə, üzərinə götürdüyü öhdəliyi icra etməmişdir. O, bununla bağlı ondan pulunu tələb etdikdə, o, artıq işdən azad olunduğunu və yaxın müddətdə pulunu qaytaracağını bildirmişdir. İddiaçı 2019cu il tarixində qaz sayğacına İlkinin müdaxiləsi ilə bağlı 464 manat məbləğində cərimə edilmişdir. Artıq baş vermiş hadisədən 4 il müddət keçməsinə baxmayaraq, İlkin hələ də iddiaçıya ödəməli olduğu 1.000 manat pulu ödəməkdən yayınır. Cavabdeh İB-nin Sumqayıt Qaz İstismar sahəsində qaz avadanlığının istismarı və təmiri çilingəri vəzifəsində çalışan X3 öhdəliklərini icra etməyərək qanunsuz və əsassız olaraq istehlakçı olan iddiaçının 1.000 manat məbləğində pulunu mənimsəmişdir.
8. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(011)- 1414/2024 nömrəli qətnaməsi ilə (hakim P.M.Zamanlı) iddia təmin edilmişdir.
9. Məhkəmə qeyd etmişdir ki, iddiaçının fərdi yaşayış evində qaz sayğacı qaz paylayıcısının, yəni cavabdeh qurumun hesabına dəyişdirilməli olduğu halda, İlkin Süleymanov qanunsuz olaraq qaz sayğacının yenisi ilə əvəz edilməsi üçün 1.000 manat məbləğində pul vəsaiti almışdır.
10. Məhkəmə həmçinin qeyd etmişdir ki, İlkin Süleymanovun cavabdehin işçisi olması işin mübahisəsiz halıdır. Belə ki, cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü tarixli sorğuya cavab məktubunda qeyd edilmişdir ki, Süleymanov İlkin Müşfiq oğlu ilə cavabdeh arasında bağlanmış əmək müqaviləsinə 12.12 2.018-ci il tarixli 83-k saylı əmrlə xitam verilmişdir. O ki qaldı deliktin ilkin Süleymanovun əmək vəzifələrinin icrası zamanı törtməsinə, bu hal iş materialları əsasında müəyyən olunur. Belə ki, iddiaçı 1000 manat məbləğində pul vəsaitini 2018-ci il tarixdə cavabdehə vermişdir. Beləliklə, cavabdehin işçisi İlkin Süleymanovun törətdiyi mülki hüquq pozuntusuna görə məsuliyyət daşıması işdə olan sübutlar əsasında təsdiqini tapır.
11. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 1096.1, 1096.2, 1097.1, 1099.1, 1099.2-ci maddələrinə, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 82.4, 119.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
12. Cavabdeh qətnamədən apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı iddia ilə məhkəməyə müraciət edərkən qanunla müəyyən olunmuş məbləğdə (30 manat) dövlət rüsumunu ödəməmiş və işə baxan birinci instansiya məhkəməsi bu halı nəzərə almamışdır. İddiaçı tərəfindən qanunla müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd məhkəməyə təqdim edilmədiyindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçı tərəfə geri qaytarılmalı olduğu halda, birinci instansiya məhkəməsi prosessual hüquq normasının tələbini pozmuşdur. 08/2018-ci il tarixində iddiaçının ünvanında qaz sayğacını dəyişdirmiş Cavabdeh İB-nin Sumqayıt QİS-in çilingəri X3 bu əməli işəgötürən hüquqi şəxsin tapşırığı olmadan və onun nəzarətindən kənar özbaşına icra etmişdir. İşçi (çilingər) X3 08/2018-ci il tarixində iddiaçı tərəfin ünvanında qaz sayğacının dəyişdirilməsi əməlini şəxsi mənfəəti və maddi rifahının yaxşılaşdırılması müqabilində işəgötürən Cavabdeh İB-yə və ya xidmət (sahə) rəisinə xidməti qaydada məlumat vermədən qanunsuz görmüşdür. Cavabdeh İB-də çilingər peşəsində işləyən heç bir şəxsin, o cümlədən də X1 peşə təlimatında və ya əmək müqaviləsində qaz sayğacının dəyişdirilməsi işinin icrası və ya iş xüsusiyyəti nəzərdə tutulmamışdır. İddiaçının Cavabdeh İB-nin Sumqayıt QİS-ində çilingər peşəsində işləyən X2 şifahi qaydada şəxsən müraciət etməsi, İ.M.Süleymanovun da 1.000 manat maddi nemət qarşılığında işəgötürəni Cavabdeh İB-nın nəzarəti altında olmadan iddiaçı tərəfin ünvanında qaz sayğacını özbaşına dəyişdirməsi və peşə təlimatında (əmək müqaviləsində) nəzərdə tutulmayan işin icrası ilə əlaqədar iddiaçı tərəfə vurmuş olduğu zərərin əvəzini ödəmək İ.M.Süleymanovun iş yeri olmuş Cavabdeh İB-nin öhdəliyi deyildir. Başqa bir sözlə, iddiaçı tərəflə Cavabdeh İB-nın çilingəri X3 arasında şəxsi münasibətlər zəminində, Cavabdeh İB-nın nəzarəti altında olmadan və qanundankənar görülmüş işlər nəticəsində yaranmış mülki hüquq pozuntusuna görə Cavabdeh İB mülki hüquqi məsuliyyət daşımamalıdır. Bu səbəbdən də müvafiq iş üzrə Cavabdeh İB-yə qarşı qaldırılmış iddia tələbi yuxarıdakı hüquqi əsaslarla təmin edilməməlidir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
15. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
16. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçıya rəsmi qaydada məlumat verilmiş, lakin o, məhkəmə iclasına gəlməmişdir. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq səhhəti ilə əlaqədar məhkəmə iclasının təxirə salınmasını xahiş etsə də, bununla bağlı ərizəyə hər hansı sübut əlavə etməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
17. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096.1 Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1099.1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Maddə 1099.2. Bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun.
18. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 13.9. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir.
19. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli Qərarı: Mülki qanunvericiliyin normalarını pozan əməli təqsirli olaraq törətmiş şəxs həmin hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyəti daşıyır. Lakin istər mülki hüquq nəzəriyyəsində, istərsə də qanunvericilikdə bəzi hallar üçün təqsirsiz olaraq da mülki hüquq məsuliyyətinin yaranmasının mümkünlüyü qəbul edilmişdir. Mülki Məcəllənin 1097.3-cü maddəsinə görə, qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Bu halda şəxs təqsirli olaraq törətmiş olduğu əmələ görə deyil, yaranmış olan zərərli nəticələrə görə müəyyən şərtlər daxilində mülki hüquqi məsuliyyətli hesab edilir. Belə məsuliyyət növlərindən biri işəgötürənin öz işçisinin törətmiş olduğu mülki hüquq pozuntusuna görə daşıdığı mülki hüquq məsuliyyətidir. Belə ki, Mülki Məcəllənin 1099.1-ci maddəsinə əsasən, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 1099.2-ci maddəsinə müvafiq olaraq, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. Göstərilən maddədə işəgötürən dedikdə, əmr, tapşırıq və təlimatlarına əsasən, habelə nəzarəti altında başqasının – işçinin göstərmiş olduğu xidmətlərdən, yerinə yetirdiyi işdən öz mənfəəti üçün yararlanan şəxs olmaqla yalnız əmək müqaviləsi üzrə deyil, həm də mülki hüquq müqavilələri (tapşırıq, podrat və s.) üzrə fiziki şəxslərin əməyindən yararlanan şəxslər nəzərdə tutulmuşdur. İşəgötürənin məsuliyyətinin əsasını tapşırıq, əmr və göstərişlərinin icrası ilə bağlı görülən işin lazımi qaydada təşkil edilməməsi, tələb olunan diqqət və qayğının göstərilməməsi təşkil edir. Görüləcək işi zehni və fiziki qabiliyyətlərinə uyğun peşəkar şəxslərə (işçilərə) həvalə etmək, zəruri təlimat və tapşırıqlar vermək və icrasına nəzarət etmək obyektiv olaraq işəgötürənin vəzifəsidir. Məhz bu obyektiv vəzifənin lazımınca yerinə yetirilmiş olmaması baxımından qanunverici işəgötürənin işçisinin vurmuş olduğu zərərə görə məsuliyyətə cəlb edilməsini zəruri hesab etmişdir. Odur ki, Mülki Məcəllənin 1099-cu maddəsi öz mənafeyi üçün başqalarının əməyindən (xidmətlərindən) yararlanan şəxslərin – işəgötürənin həmin işin icrası ilə əlaqədar üçüncü şəxslərə dəymiş zərəri qarşılamaq öhdəliyini müəyyən etmişdir. Nəzərə alınmalıdır ki, bu halda işəgötürənin məsuliyyəti təqsirsiz məsuliyyətdir və bu məsuliyyət işəgötürənin mənafeyi üçün və onun nəzarəti altında görülən işin lazımi qaydada, zəruri ehtiyatlılığın tələb etdiyi tərzdə təşkil edilməməsindən irəli gəlir. Məqsəd işəgötürəni onun nəzarəti altında görülən işlərin yerinə yetirilməsi ilə əlaqədar yarana biləcək zərərləri, arzuolunmaz nəticələri önləyici (preventiv) tədbirləri görməyə məcbur etməklə üçüncü şəxsləri, bütövlükdə cəmiyyəti qorumaqdır. Mülki Məcəllənin 1099-cu maddəsi üzrə öz işçisi tərəfindən törədilmiş mülki hüquq pozuntusuna görə məsuliyyətə cəlb etmək üçün, hüquqi və ya fiziki şəxsin yerinə yetirilməsi əsnasında üçüncü şəxslərə zərər yetirilmiş iş üzərində nəzarətinin, hakimiyyətinin olması mütləqdir. Digər zəruri şərt baş vermiş hüquq pozuntusu ilə görülən iş arasında funksional bağlılığın, səbəbli-nəticə əlaqəsinin olmasıdır. Bunun müəyyən edilməsi üçün isə işin faktiki halları, əmək müqaviləsi üzrə işçinin əmək funksiyaları diqqətlə araşdırılmalıdır. ... Mülki Məcəllənin 1099-cu maddəsinin tətbiqi üçün işçi tərəfindən vurulmuş zərərin bilavasitə işəgötürənin fəaliyyət dairəsinə aid olub-olmaması məsələsinin aydınlaşdırılması da mühüm əhəmiyyət kəsb edir. Əgər işçinin zərər vuran hərəkətləri işəgötürənin fəaliyyət dairəsinə aid deyildirsə, hüquq pozuntusu işçinin əmək və ya xidməti vəzifələrinin icrası ilə əlaqədar baş verməmişdirsə, o zaman zərərin əvəzinin ödənilməsi vəzifəsi bilavasitə zərərvuranın (işçinin) üzərinə düşür.
20. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 119.5. Apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. Maddə 119.6. Yuxarı məhkəmə instansiyası işi yeni baxışa göndərmədən qətnaməni dəyişdirirsə və ya yeni qətnamə çıxarırsa, o, müvafiq olaraq məhkəmə xərclərinin bölüşdürülməsini də dəyişdirir. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Maddə 402.1. Apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz.
Apellyasiya baxışının hədləri
21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
22. Hazırkı işdə iddia təmin olunduğundan və cavabdeh apellyasiya şikayətində qətnaməni tam mübahisələndirildiyindən, qətnamənin əsaslılığı tam olaraq yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
23. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsini dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək iddia təmin edilməməlidir.
24. Belə ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən maddi hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Bu isə qətnamənin ləğvi üçün əsasdır.
25. İddiaçı bildirir ki, 2018-ci ilin avqust ayında qaz sayğacında problem yarandığı üçün Cavabdeh İB-nin Sumqayıt Qaz İstismar İdarəsinin mühəndisi Süleymanov İlkin Müşfiq oğluna sonuncunun tələbi əsasında 1.000 manat məbləğində pul vermişdir. İlkin Süleymanov qeyd olunan ünvanda qaz sayğacını yenisi ilə əvəz etmiş, lakin qazın verilişində yaranmış problem aradan qalxmamışdır.
26. İşdən həmçinin müəyyən edilir ki, əmək müqaviləsinə əsasən Süleymanov İlkin Müşfiq oğlu Sumqayıt Qaz İstismarı sahəsinin yaşayış yerlərində qaz xətlərinə və məişət qaz cihazlarına Nəzarət Xidmətinin 5-ci dərəcəli çilingər vəzifəsinə işə qəbul edilmiş, Süleymanov İlkin Müşfiq oğlunun cavabdehlə bağlamış olduğu əmək müqaviləsinə öz ərizəsinə əsasən 83k-saylı xx.xx.2018-ci il tarixli əmrlə xitam verilmişdir.
27. Yuxarıda istinad olunan qanunvericiliyin tələblərinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının, yəni Cavabdeh İB-nin vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir.
28. Göründüyü kimi, qaz sayğacının dəyişdirilməsi üçün iddiaçıdan hər hansı vəsaitin ödənilməsi tələb edilmir.
29. Eyni zamanda, qaz sayğacının dəyişdirilməsi ilə əlaqədar olaraq iddiaçı tərəfindən də Cavabdeh İB-yə rəsmi qaydada müraciət olunmamışdır.
30. Kollegiya hesab edir ki, Süleymanov İlkin Müşfiq oğlu işəgötürənin (cavabdehin) mənafeyi üçün deyil, şəxsi mənafeyi üçün və işəgötürənin nəzarətindən kənar hərəkət etdiyinə, sayğacın dəyişdirilmədiyi üçün tələb olunmadığı halda qeyriqanuni olaraq iddiaçıdan 1.000 manat məbləğində vəsait aldığına görə iddiaçıya vurulmuş zərərlə bağlı məsuliyyəti cavabdeh daşımamalıdır.
31. Həmçinin qeyd edilməlidir ki, apellyasiya instansiyası məhkəməsində baxılan mülki iş üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan azdır. Bu səbəbdən də qətnamədən kassasiya şikayətinə yol verilmir.
32. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 392, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh apellyasiya şikayəti təmin edilsin. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(011)-1414/2024 nömrəli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh İB-yə qarşı pul tələbinə dair iddiası təmin edilməsin. Cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15 manat məbləğində dövlət rüsumu İddiaçı tutularaq Cavabdeh İB-yə ödənilsin. Qətnamə qəbul edildiyi vaxtdan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.
Hakimlər: