Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5596/2025 08.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-5596/2025 (Açar sözlər: borcun silinməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X2 və X1 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1821/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 08 oktyabr 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat
1. . İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən əsassız hesablanmış (**********00001 saylı abonent) 4299,36 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən edilən ödənişlərdən cavabdeh “Azəriqaz İB” tərəfindən tutmalar aparılmış, bu barədə quruma müraciət olunmuş, İB tərəfindən sayğac dəyişdirilərək yenisi ilə əvəz olunmuş, bundan sonra 4299,36 manat məbləğində borc hesablandığını bilmişdir. “Azəriqaz İB” tərəfindən onun xəbəri olmadan qaz sayğacına cərimə yazılmışdır. Cavabdeh İB tərəfindən tərtib olunmuş aktlardan onun heç vaxt xəbəri olmamış, ona bu barədə heç vaxt məlumat verilməmişdir. Onun heç bir təqsiri olmadığı, mənzildən kənarda quraşdırılmış qaz sayğacındakı pozuntu halının iddiaçı tərəfindən edilməsini sübuta yetirmədən ona əsassız olaraq cərimə borcu hesablamışdır.
3. İddia ərizəsinə qarşı cavabdeh tərəfindən yazılı etirazlar təqdim edilmişdir. Etirazda Gasrepdən əldə edilən çıxarışdan İddiaçı ödənişlərində (xüsusilə qış aylarında) qeyri-müntəzəmlik nəzərə çarpdığı (qeyri-müntəzəmlik aşağıdakı kimidir: a)- 2018-ci ilin dekabr ayında 50 manat ödəniş etmişdir, b)- 2019-cu ilin dekabr ayında isə 14 manat ödəniş etmişdir, c) - 2020-ci ilin dekabr ayında isə 4 manat ödəniş etmişdir, ç)- 2021-ci ilin dekabr ayında 15 manat ödəniş etmişdir, d)- 2022-ci ilin dekabr ayında isə cəmi 6 manat ödəniş etmişdir, e)- 2025-ci ilin yanvar ayında isə cəmi 4 manat ödəniş etmişdir. Ödənişlərdən məlum etmək olar ki, vaxtilə qış ayında 50, 15 manat ödəyən istehlakçı hansısa səbəbdən ödənişləri kəskin minimuma endirərək 4, 6 manat ödəniş həyata keçirmişdir) və bu faktın istehlakçının paylayıcıya zərərvurma faktını sübut etdiyi qeyd edilmiş və bu səbəbdən iddianın rədd edilməsi xahiş edilmişdir.
4. Birinci instansiya məhkəməsində keçirilmiş məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək, tələbinin təmin olunmasını xahiş etdi. O, həmçinin izahatında bildirdi ki, onun tərəfindən 2025-ci ilin mart ayında kənar xətt quraşdırılmış, ancaq dərhal sonra Azəriqaz İB-nin işçiləri gəlib həmin xətti kəsiblər. Ondan əvvəl, yəni qanunsuz aktların tərtib olunduğu 2024-cü ildə isə onun tərəfindən nə sayğaca, nə də qaz xəttinə müdaxilə edilməmiş, qazdan qanuni şəkildə istifadə etmiş və borcunu da hər ay vaxtında ödəmişdir. Belə bir hal olmadığı üçün hər hansı kənar qaz xəttinin qaynaq vasitəsilə kəsilməsi də baş verməmişdir. Eyni zamanda qeyd etmişdir ki, həmin aktlar tərtib olunan zaman onun ümumiyyətlə xəbəri olmamış, akt onun iştirakı olmadan tərtib edilmiş və sonradan da bu barədə ona məlumat verilməmişdir. Sonradan ona məlum olmuşdur ki, qanunsuz olaraq cərimə yazılıb. Aktlar qanunsuz və əsasız tərtib olunduğundan borcun silinməsini xahiş edir.
5. Həmin məhkəmə iclasında iştirak edən Cavabdeh İB-nin nümayəndəsi X3 iddia tələbinin əsassız olduğunu, aktların qanuni şəkildə tərtib olunduğunu, borcun silinməsi üçün heç bir əsas olmadığını bildirərək, iddianın təmin olunmamasını xahiş etmişdir. O, həmçinin izahatında, Gasrepdən əldə edilən çıxarışa əsasən iddiaçının ödənişlərində illər və xüsusilə qış ayları üzrə qeyri-müntəzəmlik olduğunu və eləcə də İddiaçı haqqında Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərini Tənzimləmə Agentliyi Bakı Filialı tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 282.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisəsi törədilməsinə görə barəsində 23 aprel 2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək cərimə olunduğunu, bununla iddiaçının sayğacdan kənar əlavə xətt vasitəsilə qazdan istifadə faktının təsdiq edildiyini bildirərək, qərar qəbul edərkən nəzərə alınmasını xahiş etdi. Cavabdeh tərəfindən məhkəməyə bu barədə yazılı məlumat da təqdim edilmişdir.
6. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1821/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsi ilə (hakim Natiq Əsgərov) iddianın təmin edilməsi, Cavabdeh tərəfindən İddiaçı (abonent kodu: **********00001) dəymiş ziyanın bərpasına dair xx.xx.2024-cü il tarixli tələbnamə əsasında hesablanmış 3680.64 AZN və xx.xx.2024-cü il tarixli tələbnamə əsasında hesablanmış 618.72 AZN , cəmi 4299,36 AZN məbləğində borcun silinməsi, Cavabdehndən 63 AZN məbləğində dövlət rüsumunun alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.
7. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 448, 1096.1 və 1096.2-ci maddələrinə, «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 3.4, 11.6 və 13.8-1-ci maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın 3.1.3- 4.8- 4.9 və 6.7-ci bəndlərinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 81 və 217.2-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
8. Qətnamədən cavabdehin nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv edilərək iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Apellyasiya şikayəti iddiaya qarşı verilən etiraz ərizəsindəki eyni məzmunlu dəlillərlə əsaslandırılmış və əlavə olaraq göstərilmişdir ki, İddiaçı haqqında Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərini tənzimləmə Agentliyi Bakı filialı tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 282.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisəsi törədilməsinə görə barəsində mn ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Qərarda iddiaçının sayğacdan kənar əlavə xətt vasitəsilə istifadə faktı təsdiq edilmiş və vətəndaş inzibati qaydada cərimə edilmiş, lakin Xəzər rayon Məhkəməsi qətnamə qəbul edərkən mülki işin bu qisminə qiymət verməmiş və nəzərə almamışdır. İddiaçının təqsirli hərəkətləri nəticəsində cavabdehə dəymiş zərər qiymətləndirilərək, iddiaçıya aid olan abonent koduna hesablanmışdır. Lakin 1-ci instansiya məhkəməsi bu halı nəzərə almamışdır
b)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
11. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər.
12. İşin halları, eləcə də şikayətə işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmasının mümkünlüyü nəzərə alınaraq məhkəmə kollegiyası tərəfindən Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəflərin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi
13. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır.
14. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.
«Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanunu (aktın tərtib olunduğu tarixdə mövcud olan yeni redaksiyada)
15. Maddə 13. 8-1 bəndi. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. (“Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Qanun 2022-ci il mayın 1-dən qüvvəyə minmişdir)
Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları” (25 iyun 2023-cü il tarixli dəyişikliklərlə)
16. Bənd 5.1. Qazın pərakəndə satış qiyməti (tarifləri) Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən tənzimlənir.
17. Bənd 5.2. Bu Qaydaların 5.4-cü, 6.5-ci, 6.5-2-ci və 6.5-3-cü bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz.
18. Bənd 5.3. İstifadə olunan qazın dəyəri yalnız bank və ya poçt şöbələri vasitəsilə ödənilir.
19. Bənd 5.4. Qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır.
20. Bənd 5.5. Qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir.
21. Bənd 6.5. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir.
22. Bənd 6.5-1. İstehlakçı tərəfindən qazın talanması məqsədilə sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması zamanı aşağıdakı şərtlər nəzərə alınır:
23. Bənd 6.5-1.1. sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü;
24. Bənd 6.5-1.2. əvvəlki dövrün orta gündəlik qaz sərfi;
25. Bənd 6.5-1.3. istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası.
26. Bənd 6.5-3. İstehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır.
27. Bənd 6.5-4. Qaz paylayıcısının işçisi bu Qaydaların 6.5-ci bəndinə uyğun olaraq tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 6.5-2-ci və 6.5-3-cü bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt qaz paylayıcısının işçisi və istehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) tərəfindən imzalanmalıdır. İstehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) izahat və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan
28. Bənd 6.6. Qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirildikdən sonra 1 (bir) gün müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməli və aktın 1 (bir) nüsxəsi istehlakçıya təqdim edilməlidir.
29. Bənd 6.7. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
30. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
32. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
30. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
33. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
34. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
35. Hazırda cavabdeh tərəfindən tam mübahisələndirilərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməməsi xahiş edildiyindən, qətnamə bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
36. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır.
37. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.
38. Belə ki, işdə olan xx.xx.2025-ci il tarixində çap olunmuş Abonent saldosundan görünür ki, abonent İddiaçı, abonent kodu **********00001, ünvan Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, Südçülük sovxozu, ailə tərkibi 4, sayğac tipi smart G-4 İTRON DİAFRAGMA, nömrəsi 1702AZ**********30, quraşdırılma tarixi xx.xx.2018-ci il, cihazlar 4 gözlü qaz piltələri (PQ-4) 1 ədəd və həmin abonent koduna akt əsasında 02/2024-cü il tarixinə 3680.64 manat, 05/2024-cu il tarixinə 618.72 manat borc hesablanmışdır.
39. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2024-cü il tarixli, ******* saylı aktın surətindən görünür ki, ünvanda istehlakçının nümayəndəsi İddiaçı iştirakı ilə xx.xx.2024-cü il tarixində təbii qazın uçotu və TQİQ-na riayət olunması yoxlanıldığı, abonentin təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə etdiyi qeyd edilmişdir. Aktda İddiaçı imzası yoxdur, imza yeri boşdur.
40. xx.xx.2024-cü il tarixli ******* saylı Aktda təbi qaz təchizatının qaynaq vasitəsilə dayandırıldığı qeyd edilmişdir. Aktda İddiaçı imzası yoxdur, imza yeri boşdur.
41. Dəymiş ziyanın bərpasına dair xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, iddiaçıya məxsus abonent koduna qaz işlədicilərindən PQ4, QSSQ, Dəmir soba və İran sobası orta günlük iş rejimi 12 saat və hesabat müddəti 360 gün qəbul olunmaqla itirilmiş qazın bərpası üçün hesabat aparılmış və cəmi 30672 m3 qaz itkisi hesablanmışdır. Əsas: xx.xx.2024 tarixli, ******* saylı Akt. 42.Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2024-cü il tarixli, ******* saylı aktın surətindən görünür ki, istehlakçının nümayəndəsi İddiaçı iştirakı ilə xx.xx.2024-cü il tarixində təbii qazın uçotu və TQİQ-na riayət olunması yoxlanıldığı, abonentin sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə etdiyi qeyd edilmişdir. Aktda İddiaçı imzası yoxdur, “iştirak etmədi” qeyd edilmişdir.
43. xx.xx.2024-cü il tarixli 04225163 saylı Aktda təbi qaz təchizatının qaynaq vasitəsilə dayandırıldığı qeyd edilmişdir. Aktda İddiaçı imzası yoxdur, “iştirak etmədi” qeyd olunub.
44. .Dəymiş ziyanın bərpasına dair xx.xx.2024-cü il tarixli tələbnamənin surətindən görünür ki, iddiaçıya məxsus abonent koduna qaz işlədicilərindən PQ4, QSSQ orta günlük iş rejimi 12 saat, hesabat müddəti 92 gün, dəmir soba isə orta günlük iş rejimi 12 saat və hesabat müddəti 31 gün qəbul olunmaqla itirilmiş qazın bərpası üçün hesabat aparılmış və cəmi 5156 m3 qaz itkisi hesablanmışdır. Əsas: xx.xx.2024-cü il tarixli, ******* saylı Akt
45. Kollegiya apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, tərtib olunan xx.xx.2024-cü il tarixli və xx.xx.2024 tarixli hər iki akt 2022-ci ilin may ayının 1-dən sonra tərtib olunduğundan ona münasibətdə qeyd edir ki, yuxarıda qeyd olunduğu kimi “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunun (hazırda qüvvədə olan, 2022-ci il mayın 1-dən qüvvəyə minmiş redaksiyada) 13-cü maddəsinin 8-1 bəndinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir.
46. Apellyasiya şikayətində iddiaçının təqsirli olduğunu sübut etmək üçün cavabdehin istinad etdiyi 23 aprel 2025-ci il tarixli MN ******* saylı inzibati məsuliyyətə cəlb etmə barədə qərar isə iddiaçının xx.xx.2025-ci il tarixində yol verdiyi pozuntuya görə qəbul edilmişdir. Başqa sözlə həmin qərarın və o qərarla təsbit olunan pozuntunun hazırda mübahisələndirilən xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli tələbnamərlə və borclarla heç bir bağlılığı müəyyən edilməmişdir.
47. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir.
48. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar birbirini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.
49. Beləliklə, qeyd olunanlara əsasən kollegiya belə qənaətə gəlir ki, apelyasiya şikayətinin dəlilləri əsassız olmaqla, qanuni və əsaslı olan qətnamənin ləğv edilməsinə əsas vermir.
50. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).
51. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
52. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.
53. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
54. Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
55. Kollegiya hesab edir ki, apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş tərəfin özünə aid edilməlidir.
56. Digər tərəfdən məhkəmə kollegiyası qeyd edir ki, hazırda mübahisələndirilən məbləğin qiyməti beş min manatdan az olduğundan hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Belə ki, MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
57. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1821/2025 saylı xx.xx.2025-ci il tarixli dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş tərəfin özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Fuad Abdıyev