Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5597/2024 20.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X1 (sədrlik edən və məruzəçi), X2 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 05 iyul 2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 20 sentyabr 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. İddiaçı ilə cavabdeh arsında müxtəlif tarixlərdə müqavilələr bağlanmışdır. Həmin müqavilələr əsasında iddiaçı cavabdehə “Samsung Galaxy S22” markalı telefonu, “X5” markalı qulaqlığı, “Samsung Charger” markal adapteri, “Hoffmann” markalı soyuducunu, “Philips” markalı ətçəkən maşını, “JBL” markalı səsucaldıcını, “SBS Powerbank” markalı akkumulyatoru və “Honor X8A” markalı telefonu kreditlə satmışdır. Cavabdeh müqavilə əsasında müəyyən olunmuş ödənişi ödəmək öhdəliyini üzərinə götürsə də, bunu etməmiş və iddiaçı qarşısında borcu yaranmışdır. xx.xx.2024-cü il tarixli maliyyə arayışından müəyyən edilir ki, iddiaçının cavabdehə 4238 manat borcu vardır.
a) Birinci instansiya məhkəməsində icraat
İddiaçı "xxxx" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə (bundan sonra mətndə - birinci instansiya məhkəməsi) müraciət edərək, alqı-satqı müqaviləsi üzrə yaranmış 4238 manat borcun və 62,38 manat dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia ərizəsi belə əsaslandırılmışdır ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli müqavilələr bağlanmışdır. Həmin müqavilələr əsasında iddiaçı cavabdehə “Samsung Galaxy S22” markalı telefonu, “X5” markalı qulaqlıqı, “Samsung Charger” markal adapteri, “Hoffmann” markalı soyuducunu, “Philips” markalı ətçəkən maşını, “JBL” markalı səsucaldıcını, “SBS Powerbank” markalı akkumulyatoru və “Honor X8A” markalı telefonu kreditlə satmışdır. Cavabdeh müqavilə əsasında müəyyən olunmuş ödənişi ödəmək öhdəliyini üzərinə götürmüşdür. Həmin müqavilələrin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdeh sonradan müqavilənin şərtlərini pozmuş və nəticədə iddiaçı qarşısında ümumilikdə 4238 manat borcu yaranmışdır (xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 2083.62 manat ödənilməmiş hissə, 208.38 manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 1020.4 manat ödənilməmiş hissə, 102.6 manat cərimə, xx.xx.2023cü il tarixli müqaviləyə əsasən 505.88 manat ödənilməmiş hissə, 50.12 manat cərimə, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 242.89 manat ödənilməmiş hissə, 24.11 manat cərimə olmaqla). Buna görə də, həmin məbləğlər və iddia ərizəsi verilərkən ödənilmiş 62.38 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
3. Birinci instansiya məhkəməsinin 05 iyul 2024-cü il tarixli qətnaməsi ilə (e-2(011)- 5165/2024 nömrəli mülki iş üzrə, hakim İ.Abbasova) iddia tələbi təmin olunmuş və Cavabdeh xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 1020.4 manat ödənilməmiş hissə, 102.6 manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 2083.62 manat ödənilməmiş hissə, 208.38 manat cərimə, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 505.88 manat ödənilməmiş hissə, 50.12 manat cərimə, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 242.89 manat ödənilməmiş hissə, 24.11 manat cərimə olmaqla, ümumilikdə 4238 manat borc və 62,38 manat dövlət rüsumu iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulmuşdur.
4. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 404.1, 442, 448.2, 600.4, 601.1 və 601.2-ci maddələri ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
Apellyasiya şikayətinin dəlilləri
5. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını və iddianın rədd edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə borcun olubolmamasını, ödənişləri müəyyən etmədən tədqiq olunmuş subutları düzgün hüquqi qiymət vermədən, yalınız iddiaçının təqdim etdiyi sənədlərə istinad edərək səhv nəticəyə gəlib iddiaçının əsaslandırılmamış tələbini təmin etmişdir. Həmçinin cavabdeh apellyasiya şikayətində iş üzrə ətraflı araşdırılması ilə bağlı ekspertiza keçirilməsini tələb etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
7. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
8. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
9. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.
10. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
11. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
12. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
13. Maddə 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun.
14. Maddə 601.2. Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir.
Apellyasiya baxışının hədləri
15.Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 16.Hazırkı apellyasiya şikayətində qətnamə iş üzrə cavabdeh tərəfindən mübahisələndirildiyindən, qətnamənin əsaslılığı bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
17. Məhkəmə kollegiyası cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərini əsassız sayır və bildirir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətlərinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz və ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.
18. Belə ki, Mülki Məcəllənin 601.1 maddəsinə görə əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər.
19. İş materiallarından müəyyən edilir ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında 06 may 2022-ci il, 21 iyul 2022-ci il, 29 mart 2023-cü il və 29 mart 2023-cü il tarixli müqavilələrbağlanmış, həmin müqavilələr əsasında cavabdehə nisyə “Samsung Galaxy S22” markalı telefon, “X5” markalı qulaqlıq, “Samsung Charger” markal adapter, “Hoffmann” markalı soyuducu, “Philips” markalı ətçəkən maşın, “JBL” markalı səsucaldıcı, “SBS Powerbank” markalı akkumulyator və “Honor X8A” markalı telefon satılmışdır.
20. Mülki Məcəllənin 601.2-ci maddəsinə görə hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
21. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh müqavilə əsasında müəyyən olunmuş ödənişi ödəmək öhdəliyini üzərinə götürmüş, lakin bunu etməmişdir. Bu hal iş materialları ilə sübut olunur. Beləliklə, iddiaçı haqlı olaraq müqavilə üzrə yaranmış borcu cavabdehdən tələb etmiş, birinci instansiya məhkəməsi də mülki işə dair sübutlara düzgün qiymət verərək iddia tələbini təmin etmişdir.
22. Kollegiya cavabdehin apellyasiya şikayətindəki dəlillərinə münasibətdə qeyd edir ki, Mülki Məcəllənin 462.1-ci maadəsinə əsasən, dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Cavabdeh tərəfindən imzalanan və şərtləri qəbul edilən müqavilə üzrə icra etmədiyi öhdəliyinin hüquqi nəticəsi olan dəbbə pulu ilə bağlı apellyasiya şikayətində qeyd edir ki, dəbbə pulu tənasübsüz surətdə yüksək olduğu halda məhkəmə tərəfindən azaldılmamışdır. Cavabdeh tənasübsüzlüyün nədən ibarət olduğunu isə əsaslandırmamışdır. Kollegiya dəbbə pulu ilə bağlı bu nəticəyə gəlir ki, bu məbləğ müqavilənin şərtlərinə uyğun hesablanmışdır və borca münasibətdə tənasüblüdür. Odur ki, bu dəlil qətnamənin ləğvi üçün əsas deyildir.
23. Bundan başqa, apellyasiya şikayətində qeyd olunmuş iş üzrə ekspertiza keçirilməsi ilə bağlı tələb də əsassızdır. Belə ki, iddiaçı borcun düzgün hesablanmamsı əsası ilə ekspertizanın keçirilməsini tələb edirsə, bu halı sübut edəcək dəlil də məhkəməyə təqdim etməli idi. Lakin o, bunu etməmiş, sadəcə formal mülahizələr irəli sürmüş və hesablanmış borcu şübhə altına salacaq hər hansı mötəbər dəlil təqdim etməmişdir.
23. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.
24. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
25. MPM-ə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz (maddə 385.2).
26. MPM-ə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (402.1.)
27. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Q ə t e t d i:
Şikayət təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 05 iyul 2024-cü il tarixli, e-2(011)-5165/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.