Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5604/2020 02.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Hacıyev Elvin Ramiz oğlunun katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı2, iddiaçıların nümayəndəsi və vəkili X2, Cavabdeh1, onun və digər cavabdeh 4 saylı Bakı “ASAN xidmət” Mərkəzində notariat kontorunun nümayəndəsi və vəkili X4 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı3 və Manafova X6 cavabdehlər Cavabdeh1, 4 saylı Bakı “ASAN xidmət” Mərkəzində notariat kontoru və DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mirasın faktiki qəbul edilməsi və s.” tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən iddiaçılar və cavabdehlər Cavabdeh1, 4 saylı Bakı “ASAN xidmət” Mərkəzində notariat kontoru tərəfindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2,mərhum Ağa X7 və mərhum Məmmədova X5 miras qalan Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Məhəmmədəli Şəfai küçəsi, 2-ci döngə ünvanında yerləşən və ümumi sahəsi 121,2 kv.m. olan 2 saylı fərdi yaşayış evinin qanun üzrə vərəsələr olan iddiaçılar tərəfindən faktiki qəbul olunmasının müəyyən edilməsi, miras əmlakdan Cavabdeh1 tam hissədə pay almalı olması barədə 4 saylı Bakı “ASAN Xidmət” Mərkəzində notariat kontorunun xx.xx.2018-ci il tarixli “Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin etibarsız hesab olunması, DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən sözügedən fərdi yaşayış evinin Cavabdeh1 adına qeydiyyata alınması barədə daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışın ləğv olunması, evin qanun üzrə vərəsələr olan iddiaçılar arasında miras əmlak kimi 1/3 hissədə olmaqla bərabər paylarla bölünməsi və iddiaçıların hər birinin həmin fərdi yaşayış evinə 1/3 hissədə mülkiyyət hüquqlarının tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin qeyd edilən qətnaməsi ilə, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Məhəmmədəli Şəfai küçəsi, 2-ci döngə ünvanında yerləşən və ümumi sahəsi 121,2 kv.m. olan 2 saylı fərdi yaşayış evindən Cavabdeh1 tam hissədə pay almalı olması barədə 4 saylı Bakı “ASAN Xidmət” Mərkəzində notariat kontorunun xx.xx.2018-ci il tarixli “Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin etibarsız hesab edilməsi, DƏDRX-nin sözügedən fərdi yaşayış evinin Cavabdeh1 adına qeydiyyata alınması barədə daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışın ləğv olunması, həmin evə Cavabdeh1 175/400 hissədə, İddiaçı1 75/400 hissədə, İddiaçı3 75/400 hissədə və İddiaçı2 75/400 hissədə pay hüquqularının tanınması, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2, apellyasiya şikayəti verərək, qətnamənin iddinın rədd olunduğu hissədə ləğv edilməsi, həmin hissədə idddianın təmin olunması, yəni mirasın iddiaçılar tərəfindən faktiki qəbul olunmasının müəyyən olunması, miras əmlakın iddiaçılar arasında 1/3 hissədə olmaqla bərabər paylarla bölünməsi və onların hər birinin fərdi yaşayış evinə 1/3 hissədə mülkiyyət hüquqlarının tanınması barədə yeni qətnamə qəbil edilməsini xahiş etmişlər. Şikayətin dəlilləri ondan ibarətdir ki, işdə olan sənədlərdən görünür ki, iddiaçılar miras açıldıqdan sonra miras əmlakı faktiki olaraq sahibliklərinə qəbul edərək, 2016-cı ilədək ondan istifadə etmiş, onu qorumuş, kənar şəxslər tərəfindən müdaxilə edilməsinin qarşısını almış, bu məqsədlə hasarın uçmuş hissəsini yenidən bərpa etdirmiş, öz şəxsi əşyalarını həmin evdə yerləşdirmiş, onun əsaslı təmir olunmasına birlikdə 10.000 manatdan artıq pul sərf etmişlər. Belə ki, iddiaçılar 2008-ci ilin aprel ayında evin dam örtüyünü əsaslı şəkildə təmir etdirərək, onu tam yeniləmiş, qapı və pəncərələrini dəyişmiş, 2008-ci ilin sentyabr ayında qonşu ilə arada olan hasarın uçan hissəsini yenidən bərpa etdirmiş, 2009-cu ilin yayında evdə hamam və sanitar qovşaq inşa etdirərək, onu istifadəyə vermiş, kanalizasiya quyusu qazdırmış, 2013-cü ildə kombi istilik sistemi quraşdırmış və digər çoxsaylı abadlıq, yaxşılaşdırma işləri aparmışlar. Cavabdeh1 da, məhkəmədə verdiyi izahatında qeyd edilən işlərin hamısının görüldüyünü etiraf etmişdir. Cavabdehin valideynlərinin “40” mərasimindən sonra atasının evində qalması və anasının ölümündən sonra mütəmadi olaraq həmin evə gəlməsi onun miras əmlakı faktiki qəbul etməsi kimi qiymətləndirilə bilməz. Belə ki, onun Maştağa qəsəbəsində həyat yoldaşının adına olan öz evi vardır və Azərbaycana qayıdarkən o, məhz öz evində qalıb. Valideynlərinin vəfatından sonra ata evində yaşamasına (bacı-qardaşları ilə görüşmək üçün qısa müddətə-1 saatlıq gəlmə halları istisna olmaqla) dair hər hansı sübut yoxdur. Beləliklə, cavabdeh miras əmlakı nə faktiki sahiblik etmək üsulu ilə, nə də faktiki idarə etmək üsulu ilə qəbul etməyib. Bundan başqa, məhkəmə, iddiaçıların mübahisəli evə pay hüquqlarını tanısa da, qətnamənin nəticə hissəsində onların mirası faktiki qəbul etmələrini göstərməyib. Tələbin həmin hissədə də qətnamədə əks olunması zəruri hesab olunur. Həmçinin, iddiaçılar miras əmlaka mülkiyyət hüquqlarının tanınmasını xahiş etsələr də, məhkəmə onların əmlaka pay hüquqlarını tanıyıb. Eyni zamanda, cavabdehin məhkməyə təqdim etdiyi bağışlama müqaviləsinin və DƏDRX-nin müvafiq məktubu kserosurət olduğundan onların sübut kimi qəbul edilməsi düzgün olmamışdır. Cavabdehlər Cavabdeh1 və 4 saylı Bakı “ASAN xidmət” Mərkəzində notariat kontoru da apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. Şikayətin dəlilləri ondan ibarətdir ki, fərdi yaşayış evinin sahəsi bağışlama müqaviləsində 93,06 kv.m. göstərilmişdir. Lakin vəsaiyyətnamə üzrə vərəsəlik işi açıldıqda mirasqoyanın adına alınmış çıxarışda evin ümumi sahəsi 121.2 kv.m. kimi göstərilmişdir. DƏDRX-nin tərtib etdiyi texniki pasporta görə də bəzi uyğunsuzluqlar müşahidə olunur. Belə ki, texniki pasporta görə, ümumi sahəsi 28.2 kv.m. olan və holl kimi göstərilən sahə əlavə olaraq daxil edilmişdir. Ancaq bu sahə ümumiyyətlə holl deyil, evin bünövrəsindən etibarən mövcud idi və valideynlərinin birgə nikahı dövründə həmin evə aid həyata keçirilmiş hər hansı bir artım və bəhər olmamışdır. Həmçinin, evin ətrafında olan torpaq sahəsinin də artırıldığı müşahidə olunur. Bu halda, həmin artımların hansı sənəd əsasında baş verməsi bəlli deyil. DƏDRX-nin əməkdaşı ölçmə işləri apararkən əlavə olaraq 3-4 sot torpaq sahəsinin hansı sənəd əsasında artırıldığına diqqət yetirməmiş, həqiqətə uyğun olmayan ölçüləri nəzərə almışdır. Məhkəmə isə, bunun səbəblərini araşdırmamış, eyni zamanda bununla bağlı cavabdehə də vaxt verməmişdir. Halbuki, məhkəmə işə obyektiv baxılması üçün işdə iştirak edən tərəflərə şərait yaratmalı idi. Beləliklə, yanlış olaraq miras əmlak nikah dövründə əldə edilmiş birgə əmlak kimi başa düşülmüş və nəticədə mirasda payların müəyyənləşdirilməsinə ciddi təsir edərək, Cavabdeh1 vəsiyyətnamə üzrə vərəsə olmasına baxmayaraq, məcburi pay alan iddiaçıların ümumi payı ona çatası pay hesabına xeyli dərəcədə artmışdır. Digər tərəfdən, iddiaçıların miras əmlakı faktiki qəbul etmələri, ondan istifadə etmələri və üzərində hər hansı işlərin aparmaları ümumiyyətlə sübuta yetirilməmişdir. Belə ki, miras açıldıqdan sonra 11 il müddətin keçməsi bu halları sübuta yetirməyi qeyri-mümkün edir. İddiaçılar tərəfindən dəvət olunmuş şahidlər də, məhkəməyə konkret hər hansı fakt bildirməmişlər. Onların ifadələri iş üçün hər hansı əhəmiyyət kəsb etmir. Məhkəmə yalnız iddiaçıların bir-birini təsdiq etməklə verdikləri ifadələri əsas götürmüşdür. Bundan başqa, qətnamədə göstərilir ki, vərəsəlik işinin açılması ilə əlaqədar notarius tərəfindən müəyyən hərəkətlər yerinə yetirilməmiş, digər vərəsələrin axtarılması üçün tədbirlər görülməmişdir. Ancaq miras əmlak üzrə qeydiyyatda olan hər hansı şəxs olmamış, həmçinin miras açılan gündən 10 il vaxt keçməsini nəzərə alaraq hər hansı bir vərəsənin məlumatsız olduğu nəzərə alınmamışdır. İddiaçılar mirasın açılmasından xəbərdar olmalarına baxmayaraq, ümumiyyətlə hər hansı notariat ofisinə müraciət etməmişlər. Əksinə İddiaçı1, cavabdehin adına verilmiş vəsiyyətnaməni gizlətməklə, verilməsindən imtina etmiş, bununla da mirasın açılmasından xəbəri olmuşdur. Digər İddiaçı3 isə RF vətəndaşı olması, onun Azərbaycana gəlib-getmə vaxtları məhkəmə tərəfindən öyrənilməmişdir. Halbuki, o, miras açıldığı vaxtdan sonra Azərbaycana yalnız 2015-ci ildən gəlməyə başlamışdır. İddiaçı3 qeyd edir ki, 2014-2015-ci illərdə miras əmlakda təmir-bərpa işləri aparmışdır. Lakin bunu təsdiq edən hər hansı bir sübut yoxdur. Məhkəmə isə, cavabdehin etirazını və yerli müayinə, ekspertizanın keçirilməsi barədə vəsatətlərini rədd etmişdir. Eyni zamanda, cavabdeh tərəfin iddia müddətinin tətbiqi barədə ərizəsini məhkəmə nəinki tətbiq etməmiş, qətnamədə ümumiyyətlə bu halı təkzib edən heç bir əsas gətirməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçılar və onların nümayəndəsi, özlərinin apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, onun təmin, cavabdehlərin şikayətinin isə rədd olunmasını xahiş etdilər. Cavabdeh1, onun və digər cavabdeh 4 saylı Bakı “ASAN xidmət” Mərkəzində notariat kontorunun nümayəndəsi isə, özlərinin apellyasiya şikayətini müdafiə edərək, onun təmin, iddiaçıların şikayətinin isə rədd olunmasını xahiş etdilər. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi məhkəmə iclasına gəlmədiyindən, MPM-in 376.2-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Kollegiya, iclas iştirakçılarını dinləyib, apellyasiya şikayətlərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayətlər rədd edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işdə olan sənədlərdən və tərəflərin izahatlarından görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Məhəmmədəli Şəfai küçəsi, 2-ci döngə ünvanında yerləşən ümumi sahəsi 93.06 kv.m olan 2 saylı fərdi yaşayış evi xx.xx.1984-cü il tarixli bağışlama müqaviləsinə əsasən X13 adına qeydiyyatdan keçmişdir. X18 və Rəfiqə Məmmədova xx.xx.1960-cı il tarixdə nikaha daxil olmuşlar. İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2 və cavabeh Cavabdeh1 onların övladlarıdır. X18 xx.xx.2007-ci il tarixdə tərtib etdiyi, 17 saylı dövlət notariat kontorunda təsdiq olunan və reyestrdə 2V-46 nömrə ilə qeyd olunan vəsiyyətnamə ilə sözügedən evi Cavabdeh1 vəsiyyət etmişdir. X18 xx.xx.2008-ci il tarixdə, Rəfiqə Məmmədova isə xx.xx.2008-ci il tarixdə ölmüşdür. Sözügedən fərdi yaşayış evi xx.xx.2018-ci il tarixdə xüsusi mülkiyyət hüququ ilə ümumi sahəsi 121.2 kv.m. göstərilməklə X13 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının Maştağa qəsəbəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli arayışa əsaəsn, İddiaçı1 və İddiaçı2 1990-cı il tarixdən 2016-cı il tarixədək sözügedən fərdi yaşayı evində qeydiyyatsız yaşamışlar (əsas: qonşuların notarial qaydada təsdiq edilmiş ərizəsi). Bakı Telefon Rabitəsi MMC 4 saylı Rabitə Xidmətləri Mərkəzi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli arayışa əsasən, ***-**- ** saylı telefonun 2008-ci ildən xx.xx.2019-cu il tarixə kimi borcu yoxdur və həmin nömrə İddiaçı1 adında işləyir. X18 və Rəfiqə Məmmədovun ölümündən sonra mübahisəli evdə iddiaçılar tərəfindən bir sıra təmir-tikiti işləri (evin dam örtüyünün dəyişdirilməsi, plastik qapı və pəncərələrin, kombi istilik sisteminin quraşdırılması, sanitar qovşağın tikilməsi və s.) aparılmış, İddiaçı2 və İddiaçı3 aid əşyalar yerləşdirilmişdir. Cavabdeh1, valideynlərinin yas mərasimlərində iştirak etdikdən sonra Rusiya Federasiyasına qayıtmış, müxtəlif vaxtlarda gələrək mübahisəli evdə qalmış, 2016-cı ildən isə daimi olaraq həmin evə köçmüş və hazırda ailəsi ilə birlikdə orada yaşayır. Cavabdeh1 xx.xx.2018-ci il tarixdə 4 saylı Bakı “ASAN xidmət” Mərkəzində notariat kontoruna ərizə ilə müraciət edərək, vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. xx.xx.2018-ci il tarixdə notariat kontoru tərəfindən vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş, şəhadətnamə ilə miras qoyanın vərəsəsi Cavabdeh1 olmaqla, miras əmlaka tam hissədə payı tanınmışdır. xx.xx.2018-ci il tarixdə miras əmlak olan ev tam mülkiyyət hüququ ilə Cavabdeh1 adına qeydiyyata alınmışdır. Qeyd edilənlər, iddia ərizəsi, tərəflərin izahatları, doğum və ölüm haqqında şəhadətnamələr, 4 saylı Bakı “ASAN xidmət” Mərkəzində notariat kontorunun xx.xx.2018ci il tarixli, 2V476 saylı notariat işinin təsdiq edilmiş surətləri, Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının Maştağa qəsəbəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 3301 nömrəli, xx.xx.2019-cu il tarixli arayış, Bakı Telefon Rabitəsi MMC 4 saylı Rabitə Xidmətləri Mərkəzi tərəfindən verilmiş MXŞ-1/1237 saylı, xx.xx.2019-cu il tarixli arayış, DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2018-ci il tarixli, **********50 nömrəli, xx.xx.2019-cu il tarixli, **********78 nömrəli məktubları, Seriya RX, ******* nömrəli, Seriya RX, ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar və işdə olan digər sənədlərlə təsdiqlənir. Hazırda iddiaçılar, miras əmlakın valideynlərinin birgə mülkiyyətində olduğunu, Cavabdeh1 tərəfindən mirasın qəbulu müddətinin ötürüldüyünü, digər vərəsələrin olduğunun gizlədildiyini və notarius tərəfindən də bu halın yoxlanmadığını bildirərək, Cavabdeh1 adına verilmiş vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsini, onun adına verilmiş çıxarışın ləğv olunmasını, miras əmlakın olar arasında 1/3 hissədə paylar müəyyən edilməklə bölünməsini tələb edirlər. Məhkəmə kollegiyası, ilk növbədə qeyd etməyi zəruri hesab ki, mübahisə predmeti olan fərdi yaşayış evi ümumi sahəsi 93.06 kv.m. olmalqa xx.xx.1984-cü il tarixdə X16 bağışlanarkən o, Rəfiqə Məmmədova ilə nikahda olmuş və nikah dövründə evin sahəsi artırılaraq, 121.2 kv.m. olmuşdur. Belə olan halda, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, sözügedən fərdi yaşayış evi X16 bağışlanma əsasında keçməsinə baxmayaraq, nikah dövründən evin sahəsi genişləndirilməklə həmin əmlakın dəyəri əhəmiyyətli dərəcədə artdığı üçün qanuna əsasən ər-arvadın birgə mülkiyyəti hesab edilməli və Rəfiqə Məmmədovanın həmin evə ½ hissədə mülkiyyət hüququ tanınmalıdır. Göründüyü kimi, X9 adına qeydiyyata alınmış fərdi yaşayış evini tam olaraq oğlu Cavabdeh1 vəsiyyət etsə də, həmin vəsiyyətnamə yalnız X13 evə olan ½ hissədə payına münasibətdə qüvvədədir. Kollegiya mübahisənin hüquqi həlli ilə bağlı bildirir ki, vərəsəlik institutu hər bir şəxsə zəmanət verir ki, sağlığında əldə etdiyi əmlak və digər maddi nemətlər (onların yüklülükləri ilə birlikdə) ölümündən sonra onun iradəsinə uyğun olaraq ifadə etdiyi vərəsələrinə, iradəsini bəyan etmədiyi təqdirdə isə qanunla müəyyən edilən vərəsələrinə keçsin. Belə ki, Mülki Məcəllənin 1133-cü maddəsinə görə, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. MM-in 1145-ci və 1146-cı maddələrinə görə, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. MM-in 1159.1.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı birinci növbədə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Baxılan işdə miras qoyan X18, özünə məxsus olan bütün əmlakını oğlu Cavabdeh1 vəsiyyət etməsi barədə xx.xx.2007-ci il tarixdə vəsiyyətnaməyə qoymuşdur. Belə olan halda, miras açıldığı andan etibarən miras qoyanın əmlakı (mübahisəli fərdi yaşayış evinin ½ hissəsi) vəsiyyət üzrə vərəsəlik qaydasında Cavabdeh1 keçmiş sayılır. Bununla belə, Kollegiya vurğulayır ki, istər qanun üzrə, istərsə vəsiyyət üzrə vərəsə miras qoyana məhz yaxın olduğuna görə vərəsədir. Yəni, hər iki növ vərəsəliyin təməlində duran yeganə meyar miras qoyana yaxınlıqdır. Çünki bu yaxınlığa görə miras qoyan ölümündən sonra öz əmlakının başqasına keçməsinə dair sərəncam verir (vəsiyyət üzrə vərəsəlik), yaxud qanunda göstərilən şəxslər ondan qalan mirası alırlar (qanun üzrə vərəsəlik). Hətta qanun üzrə vərəsəlikdə növbəlilik də vərəsələrin miras qoyana yaxınlığı nəzərə alınmaqla müəyyən olunmuşdur. Odur ki, miras qoyana yaxınlıq (vərəsəliyin yeganə əxlaqi səbəbi) və miras qoyanın iradəsi kimi meyarlar vərəsəlik mübahisəsinə baxılarkən ədalətlilik baxımından mütləq nəzərə alınmalıdır. Məhz bu yaxınlıq və ailə bağları nəzərə alınmaqla qanunda miras qoyanın bəzi vərəsələrinin məcburi pay almaq hüquqları müəyyən edilmişdir. Belə ki, Mülki Məcəllənin 1193-cü maddəsinə görə, vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Həmin Məcəllənin 1195-1196-cı maddələrinə əsasən, məcburi payın tam həcmi vəsiyyət tapşırığını və ya ümumi faydalı məqsədlər üçün hər hansı hərəkəti yerinə yetirməkdən ötrü nəzərdə tutulan əmlak da daxil olmaqla, bütün mirasdan müəyyənləşdirilir.Vərəsələrdən hər birinin məcburi payı müəyyənləşdirilərkən əgər vəsiyyətnamə olmasaydı, miras almağa çağırıla biləcək qanun üzrə vərəsələrin hamısı nəzərə alınmalıdır. Vəsiyyət üzrə vərəsələr nəzərə alınmır. Nəzərə alınmalıdır ki, məcburi pay hüququ, miras qoyanın vəsiyyətnaməsi və yaxud ölümünə iki il qalmış etdiyi bağışlamaları ilə qanun üzrə birinci növbə vərəsələrin almalı olduqları payın yarısına müdaxilə edildikdə (miras açıldığı anda) ortaya çıxır. Bu səbəbdən məcburi pay hüququ, qanun üzrə vərəsəliyin tərkib hissəsi olmaqla, müvafiq həcmdə pay almaları məcburi sayılan vərəsələrin miras haqqıdır. Elə buna görə də, mirasın qəbulu ilə bağlı vərəsələr üçün müddətlər, habelə vərəsəlik hüququndan məhrumetmə ilə bağlı qaydalar eynilə məcburi pay sahiblərinə şamil olunur (Mülki Məcəllənin 1202.2-ci və 1203.1-ci maddələri). Odur ki, birinci növbə vərəsələr iddia qaldırmaqla mirasdan ümumi qaydada pay istədikdə, lakin vəsiyyətnamə (və ya bağışlama) səbəbindən onların tam payının verilməsi mümkün olmadıqda, onlara çatası məcburi pay müəyyən olunmalıdır. Başqa sözlə, qanun üzrə birinci növbə vərəsələr qaldırdıqları vərəsəlik iddiası çərçivəsində ən azı məcburi paylarının tanınması hüququna malikdirlər. Bunun üçün əlavə (və ya ayrıca) tələb irəli sürmələrinə gərək yoxdur. Kollegiya bildirir ki, miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək və miras əmlakı faktiki idarə etmək. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun (Konstitusiya Məhkəməsi Plenumunun G.Qəhrəmanovanın şikayəti üzrə xx xxxx 2014-cü il tarixli qərarı). Həmçinin, diqqətə alınmalıdır ki, Konstitusiyanın 29-cu maddəsinin V hissəsində təsbit olunmuş vərəsəlik hüququna verilmiş təminat vərəsəlik hüququnun əsasını təşkil edən sosial ədalətlilik prinsipinin qorunmasına və gələcəkdə hər hansı vərəsənin qanuni əsaslarla qəbul edilmiş miras əmlak üzərində mülkiyyət hüququndan formal tələblərə görə məhrum edilməməsinə yönəlmişdir. Bu baxımdan, məhkəmə tərəfindən mirasın faktiki qəbulu məsələsi həll edilərkən sosial ədalətlilik və mütənasiblik prinsipi rəhbər tutularaq tərəflərin hüquqları arasında ədalətli balans qurulmalı, hər hansı fərdin üzərinə əlavə yük qoyulmamalı, eləcə də tərəflərdən hər hansı birinin mülkiyyət hüququ əsassız məhdudlaşdırılmamalıdır. Baxılan işin hallarından görünür ki, miras qoyan X13 beş nəfər qanun üzrə vərəsəsi olmuşdur: övladları İddiaçı1, İddiaçı3, İddiaçı2, Cavabdeh1 və arvadı Rəfiqə Məmmədova. Hazırkı işdə xx.xx.2008-ci il tarixdə vəfat etmiş miras qoyan X13 bütün vərəsələri mirası faktiki qəbul etmişlər. Belə ki, iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 mütəmadi olaraq mübahisəli evdə qalmaqla, kommunal xərcləri ödəməklə (işıq və telefonla bağlı işdə olan sənədlər), orada əşyaların olması və evdə təmir-bərpa işləri aparılmaqla mirasa sahib çıxmalarını nümayiş etdirmişlər. Eyni zamanda, Cavabdeh1 da, başqa ölkədə yaşamasına baxmayaraq, miras qoyan X13 yas mərasiminə gələrək mübahisəli evdə qalaraq və anası Rəfiqə Məmmədovanın ölümündən sonra mütamadi həmin evə gəlməklə mirası faktiki qəbul etmiş sayılır. Bu faktı, işin halları tərəflərin izahatları və şahid ifadələri ilə təsdiqlənir. Əksini təsdiq edən sübutlar isə iş materiallarına əlavə edilməmişdir. Halbuki, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Belə olan halda, məhkəmə düzgün olaraq hesab etmişdir ki, iddiaçıların miras qoyan X13 əmlakında (mübahisəli fərdi yaşayış evinin ½ hissəsi) məcburi pay hüquqları (mülkiyyət) hüququ tanınmaqla, miras əmlak vərəsələr arasında bölüşdürülərkən onların daəmlak mənafeləri nəzərə alınmalı idi. Lakin işdən görünür ki, Cavabdeh1 xx.xx.2018-ci il tarixdə, notariat kontoruna ərizə ilə müraciət edərək, miras qoyanın vərəsəsi olduğunu və onlardan başqa vərəsə olmadığını bildirmişdir. 4 saylı Bakı “ASAN xidmət” Mərkəzində notariat kontoru isə, Mülki Məcəllənin 1318-ci və 1322-ci maddələrinin tələblərini pozaraq, miras qoyanın bütün vərəsələrinin axtarılması üçün tədbirlər görmədən yalnız Cavabdeh1 ərizəsi əsasında xx.xx.2018-ci il tarixdə ona mübahisəli evə dair tam payla vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə vermişdir. Bu hal, iddiaçıların həmin ev üzərində mövcud olan, müdafiəsinə və toxunulmazlığına konstitusion səviyyədə təminat verilən mülkiyyət (vərəsəlik) hüququnun qanunsuz və əsassız şəkildə pozulduğuna dəlalət edir. Belə olan halda, birinci instansiya məhkəməsi haqlı olaraq belə qənaətə gəlmişdir ki, 4 saylı Bakı “ASAN xidmət” Mərkəzində notariat kontoru tərəfindən iddiaçıların mirasdakı məcburi payları nəzərə alınmadan Cavabdeh1 verilmiş xx.xx.2018-ci il tarixli, 2V-476 reyestr nömrəli “vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə etibarsız sayılmalı, bu səbəbdən həmin şəhadətnamə əsasında miras əmlakla bağlı daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh1 adına aparılmış qeydiyyat və həmin qeydiyyatı özündə əks etdirən çıxarış da ləğv olunmalıdır. Kollegiya, yuxarıda qeyd olunan qənaətini əsas götürərək, hesab edir ki, rayon məhkəməsi tərəfindən mübahisə predmeti olan Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Məhəmmədəli Şəfai küçəsi, 2-ci döngədə yerləşən 2 saylı fərdi yaşayış evinin miras qoyan Rəfiqə Məmmədovaya məxsus olan ½ hissəsi isə onun mirası qəbul etmiş vərəsələri- iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2 və Cavabdeh1 arasında bərabər paylarla bölünməsi də əsaslı olmuşdur. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, qeyd olunan hissələrdə hər iki apellyasiya şikayətinin dəlilləri əsassızdır və təmin olunmamalıdır. Kollegiya, cavabdehlərin apellyasiya şikayətinin iddia müddətinin tətbiqi barədə ərizənin nəzərə alınmaması barədə dəlilini əsaslı saymır, ona görə ki, iddiaçılar, özlərinin konstitusion səviyyədə təminat verilən mülkiyyət (vərəsəlik) pozulmasına istinad edərək hazırkı iddianı irəli sürür. Əşya hüquqlarına (o cümlədən tam əşya hüququ olan mülkiyyət haqqına) söykənən tələblər isə iddia müddətinə tabe deyil. Bu qayda, Mülki Məcəllənin 384.0.4-cü maddəsində xüsusi olaraq göstərilmişdir. Həmin maddəyə görə, mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələbləri, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə iddia müddəti şamil edilmir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Mülki Məcəllənin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair xx.xx.2013-cü il tarixli qərarında da vurğulanmışdır ki, “...MM-in 384.0.4-cü maddəsi ...əşya hüquqları ilə bağlı halları tənzimləyir. Əşya hüquqları tam və məhdud əşya hüquqları olaraq iki əsas qrupa ayrılır: tam əşya hüququ - mülkiyyət hüququ... Əşya hüquqlarının iddia müddətinə tabe olmaması prinsipi hüququn hamılıqla qəbul edilən ümumi prinsiplərindən biridir”). Ona görə də, birinci instansiya məhkəməsi, haqlı olaraq iddia müddətinin tətbiqi barədə ərizəni nəzərə almamışdır. Beləliklə, qeyd olunanları nəzərə alan Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Bu səbəbdən qətnamə qanuni və əsaslıdır, şikayətlərin dəlilləri onun ləğvi üçün əsas təşkil etmir. Mülki Prosessual Məcəllənin 384.0.1-ci və 385.2-ci maddələrinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı3 və Manafova X6, cavabdehlər Məmmədov X14 və 4 saylı Bakı “ASAN xidmət” Mərkəzində notariat kontorunun apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4798/2020 saylı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-5604/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5604/2020
02.09.2020 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver