Məhkəmə qərarları › İş №2(103)-5606/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5606/2023

01.09.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5606/2023 01.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Xəyal Sarıyevdən ibarət tərkibdə, iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Cavabdeh qarşı “qanunsuz tikilinin sökülərək torpaq sahəsinin əvvəlki vəziyyətinin bərpa edilməsi barədə” iddiasına dair mülki iş üzrə Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadından iddiaçı Əmlak Məsələləri Dövlət Xidmətinin şikayətinə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: Həmin qərardadla qərara alınıb ki, mülki iş üzrə icraata xitam verilsin. Qərardad onunla əsaslandırılıb ki, işə mülki məhkəmə icraatı qaydasında baxılmalı deyil. Qərardada hüquqi əsas kimi Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə istinad olunub. Həmin maddəyə görə, işə mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Qərardadda iddiaçıya izah olunub ki, mübahisəni həll etmək məqsədilə aidiyyəti inzibati məhkəməyə müraciət etmək hüququ var. Şikayətdə tələb olunub ki, qərardad ləğv edilsin. Şikayət təmin edilə bilməz, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-cil il tarixli 4 №-li qərarının 4-cü bəndinə görə, inzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğu müəyyənləşdirilərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. İddiaçı inzibati orqandır, hazırkı münasibət isə inzibati münasibətdir. Bu mübahisədə iddiaçı hakimiyyət səlahiyyətlərinin subyekti kimi yalnız ona (inzibati orqana) xas olan fəaliyyəti həyata keçirir. İddianın əsası da bunu təsdiq edir. Belə ki, iddiaçı (inzibati orqan) tələbini əsaslandırmaq üçün Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi”nin 3.0.46-cı bəndinin göstərişinə istinad edib. Həmin bənddə inzibati orqana xas olan vəzifələr nəzərdə tutulub. İddia tələbinin əsaslı olub-olmadığı isə mübahisənin mahiyyətinə aiddir. Ona görə də iddia tələbinin əsaslı olub-olmadığı, o cümlədən iddiaçının (inzibati orqanın) belə tələbi irəli sürmək üçün müvafiq subyektiv hüquqa malik olubolmadığı mübahisəyə inzibati məhkəmə tərəfindən baxıldıqdan sonra müəyyənləşdirilə bilər. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəllənin 2.1-ci maddəsinə görə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. İnzibati mübahisəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmə tərəfindən baxıla bilməz. Ona görə də məhkəmə Mülki- Prossesual Məcəllənin 261.0.1-ci maddəsinin göstərişinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq üzrə icraata xitam verilməsini qərara alıb və gəldiyi nəticəni lazımi qaydada əsaslandırıb. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 397 və 398-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilməsin. Hazırkı iş üzrə Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar