Məhkəmə qərarları › İş №2(103)-5606/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5606/2024

24.09.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5606/2024 24.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X2 (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlu və X1 ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X3 və Cavabdeh4 qarşı “daşınmaz əmlakın əvəzləşdirilməsi, əmlakın sökülməsi, mənzildən çıxarılması və kirayə haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1775/2024 saylı, 19 aprel 2024-cü il tarixli qərardadından Cavabdeh2 tərəfindən verilmiş şikayətə əsasən işə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X3 və Cavabdeh4 qarşı “daşınmaz əmlakın əvəzləşdirilməsi, əmlakın sökülməsi, mənzildən çıxarılması və kirayə haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Daha sonra iddiaçının nümayəndəsi Nümayəndə məhkəməyə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə vəsatət ünvanlayaraq, hazırki iş üzrə tikinti-texniki ekspertizasının təyin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1775/2024 saylı, 19 aprel 2024-cü il tarixli qərardadı ilə iddiaçının nümayəndəsi Nümayəndə tərəfindən verilən “tikinti-texniki ekspertizasının təyin edilməsi”nə dair vəsatətin təmin edilməsi, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X3 və Cavabdeh4 qarşı “daşınmaz əmlakın əvəzləşdirilməsi, əmlakın sökülməsi, mənzildən çıxarılması və kirayə haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə məhkəmə tikintitexniki ekspertizasının təyin edilməsi və ekspert rəyi alınanadək iş üzrə icraatın dayandırılması qərara alınmışdır. Həmin qərardaddan Cavabdeh2 şikayət verərək həmin qərardadın iş üzrə icraatın dayandırılması hissəsində ləğv olunmasını, iddia üzrə araşdırılmanın davam etdirilməklə iddiaçının subyektiv hüququna dair zəruri sənədlərin tələb edilməsi ilə bağlı mülki işə mahiyyəti üzrə baxılmasının davam etdirilməsi qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhz xx.xx.2024-cü il tarixə təyin edilmiş məhkəmə iclasının vaxtı barədə rəsmi qaydada məlumatlandırılmadığı üçün son məqamda iclasın vaxtını öyrənərək məhkəməyə 10 dəqiqə gecikərək gələrkən artıq qərar qəbul edilərək ekspertiza təyin edilmiş, bununla da məhkəmə tərəfindən iddiaya qarşı fikirini ifadə etməyə süni şəkildə maneçilik törədilmiş, hətta məhkəmə qərardadının 2-ci səhifəsinin, 2-ci abzasında guya lazımı qaydada məlumatlandırıldığı qeyd edilərək onun iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir ki, bu halda da MPM-nin tələbləri pozulmuşdur. Belə ki, məhkəməyə elektron qaydada göndərdiyi bütün ərizə və vəsatətlərində mobil telefon nömrəsi yazılsa da, məhkəmə iclasının vaxtı barədə heç bir sms belə gəlməmiş, məhkəmə tərəfindən də iclasda iştirakının təmin edilməsi üçün hər hansı bir cəhd edilməmiş, yəni sadəcə olaraq telefona zəng edilməklə məlumatlandırılıbməlumatlandırılmamağı aydınlaşdırıla və məhkəmə iclasında iştirakı təmin edilməklə çəkişmə prinsipinin təmin edilməsi mümkün olardı. İşin bu gedişatı məhkəmənin orbitr mövqeyinə kölgə salmasım təsdiq edir. Ona görə də hazırkı şikayəti ilə iş üzrə icraatın dayandırılması barədə qərardadın ləğv edilərək əsassız hesab etdiyi iddiaya dair iddiaçı tərəfin tələbinin əsaslarına dair sübutlarını, həmçinin bu iddianın əsassız olmasına dair cavabdeh olaraq onun arqumentləri məhkəmə iclasında tərəflərin iştirakı ilə dinlənilməsinin və ədalətli məhkəmə qərarının qəbul edilməsi üçün şəraitin yaradılması xahiş olunur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1775/2024 saylı, 20 avqust 2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, şikayətin baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 9-cu maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. 14.1 və 14.2-ci maddələrinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 97.1-ci maddəsinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir. 231.1-ci maddəsinə əsasən, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. 255.0.5-ci maddəsinə əsasən məhkəmə tərəfindən ekspertiza təyin olunduqda iş üzrə icraat dayandırıla bilər. 263.2-ci maddəsinə əsasən, məhkəmə iş üzrə icraatı dayandırdıqda, icraata xitam verdikdə, iddianı baxılmamış saxladıqda, habelə bu Məcəllə ilə nəzərdə tutulmuş digər hallarda qərardad çıxarır. 264.0.7-ci maddəsinə görə isə, ayrıca akt şəklində qəbul edilən qərardadda həmçinin əgər qərardaddan şikayət verilə bilərsə, şikayət vermə qaydası və müddəti göstərilməlidir. 256.0.2-ci maddəsinə əsasən bu Məcəllənin 254.1.3-cü və 255-ci maddələri ilə nəzərdə tutulmuş hallarda tərəfin Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, digər qoşunların və qoşun birləşmələrinin tərkibində olub dövlət vəzifəsini yerinə yetirməsi qurtaranadək, qulluq ezamiyyətindən qayıdanadək, tərəfin müalicə müəssisəsindən buraxılmasınadək, cavabdehin axtarışının nəticələri məlum olanadək, ekspertin rəyi və ya qəyyumluq və himayəçilik orqanının rəyi məhkəməyə təqdim edilənədək, məhkəmə tapşırıgına cavab alınanadək iş üzrə icraat dayandırılır. 258.2-ci maddəsinə əsasən, iş üzrə icraatın dayandırılması barədə məhkəmənin qərardadından şikayət verilə bilər. 395-ci maddəsinə görə işdə iştirak edən şəxslər qətnamədən ayrılıqda birinci instansiya məhkəmələrinin qərardadlarından aşağıdakı hallarda şikayət verə bilərlər: bu Məcəllədə göstərilən hallarda; məhkəmənin qərardadı işin sonrakı hərəkətinə mane olduqda. Birinci instansiya məhkəmələrinin digər qərardadlarından şikayət verilmir. İşdə iştirak edən şəxslər bu qərardadlardan narazı qaldıqda qərardada olan etirazlarını apellyasiya şikayətlərinə daxil edə bilərlər Məhkəmə tərəfindən müəyyən edilmiş hallardan görünür ki, Cavabdeh2 Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1775/2024 saylı, 19 aprel 2024-cü il tarixli qərardadına əsasən iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilməsi əsası ilə, ekspert rəyi alınanadək iş üzrə icraatın dayandırılmasından narazı olduğunu bildirir. İş materiallarından göründüyü kimi, birinci instansiya məhkəməsi iş üzrə məhkəmə tikinti-texniki ekspertizasını təyin edərkən mülki işin icraatının dayandırılmasının zəruri olması qənaətinə gəlmişdir. Mülki Prosessual Məcəllənin yuxarıda sadalanan maddələrinin mənasından göründüyü kimi qanunvericilikdə iş üzrə ekspertiza təyin edilməsi barədə qərardaddan şikayət verilməsinin mümkünlüyü nəzərdə tutulmasa da həmin qərardadın bu əsasla iş üzrə icraatın dayandırılması hissəsindən şikayət verilməsi imkanı təsbit edilmişdir. Belə ki, iş üzrə icraatın dayandırılmasını mümkün edən əsasların siyahısı Mülki- Prosessual Məcəllənin 255-ci maddəsində verilmişdir. Həmin maddəyə görə ekspertiza təyin edilməsi məhkəmənin iş üzrə icraatı dayandırmaq vəzifəsini deyil, hüququnu ehtiva edir. Bu halda iş üzrə icraatın dayandırılmasının zəruriliyi haqqında məsələ icraatın dayandırılması üçün əsas olan halın işə mahiyyəti üzrə baxılmasına mane olub-olmaması nəzərə alınmaqla məhkəmənin mülahizəsinə əsasən həll edilir. Göründüyü kimi də birinci instansiya məhkəməsi xüsusi bilik tələb edən sualları izah etmək üçün məhkəmə tikinti-texniki ekspertizasının təyin edilməsini labüd hesab etmiş, ekspert tədqiqatının uzunmüddətli olacağını, habelə bu məsələnin nizamlanasınadək həmin işə baxılmasının mümkün olmamasını nəzərə alaraq iş üzrə icraatın dayndırılmasını zəruri hesab etmişdir. Məhkəmə kollegiyası şikayətdəki digər dəlillərlə əlaqədar isə bildirir ki, iş materiallarında olan bildirişlərdən göründüyü kimi cavabdehi məlumatlandırmaq məqsədilə birinci instansiya məhkəməsi tərəfindən məhkəmə iclasının vaxtı və yeri barədə bildirişlər onun rəsmi qeydiyyatda olduğu və müraciət etdiyi apelyasiya şikayətində qeyd etdiyi ünvana göndərilmişdir. Bundan başqa, Cavabdeh2 xx.xx.2024-cü il tarixində keçirilmiş məhkəmə iclasında iştirak etmiş, o, iştirak etdiyi iclasda növbəti məhkəmə hazırlıq iclasının 19 aprel 2024-cü il tarixində keçiriləcəyi barədə məlumatlandırılmışdır. Beləliklə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclaslarında iştirak etmədiyi müəyyən edilmişdir. Belə olan halda kollegiya cavabdehin məhkəmə iclaslarında iştirakının lazımi qaydada təmin edilməməsi arqumentini əsassız hesab edir. Belə ki, tərəf lazımi qaydada xəbərdar edildiyi halda heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlmədikdə məhkəmənin işə tərəfsiz baxması Konvensiyanın 6-cı maddəsinin 1-ci hissəsi baxımından ədalətli məhkəmə baxışına təminat hüququna zidd deyildir. Çünki, məlumatlı olduğu halda məhkəmə iclasına gəlməməsinin məsuliyyətini cavabdehin özü daşıyır və bu hal məhkəmənin prosessual pozuntuya yol verməsi kimi qiymətləndirilə bilməz. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərardad qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ: Cavabdeh2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1775/2024 saylı 19 aprel 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən hakim imza: Cəmilə Musayeva Hakimlər imzalar: Fuad Babayev Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar