Məhkəmə qərarları › İş №2(103)-5608/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5608/2023

17.10.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5608/2023 17.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçılar İddiaçı6, İddiaçı2, İddiaçı1, İddiaçı7, X4, İddiaçı3, İddiaçı8 və İddiaçı5 Muzəffər oğlunun cavabdehlər Cavabdeh1 Mənzil Tikinti Kooperativi və Cavabdeh2 qarşı “qanunsuz tikililərin, qurğuların sökülməsi və tiklinin əvvəlki vəziyyətə qaytarılması tələbi barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və İmanov Azad Nizami oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Mehri Rasim qızının katibliyi ilə, hazırki mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 23 iyun 2023-cü il tarixli qətnamədən İddiaçı2 verdiyi apellyasiya şikayətinə əsasən işə, Cavabdeh1 Mənzil Tikinti Kooperativinin vəkili (nümayəndəsi) Vəkil2 iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia barədə məlumat

1. İddiaçılar, birgə iddia ərizəsi və “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə ilə Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospekti 92 "xxxx" ünvanında yerləşən və cavabdeh MTK (ticarət nişanı “Melissa Group”) tərəfindən inşa edilmiş çoxmənzilli binanın 3 səviyyəli (-1, -2 və -3) zirzəmisinin 1-ci mərtəbəsindəki qapalı anbarların, parklanma yerində hörülmüş divarların və dəmir barmaqlıqların, zirzəmənin 2-ci mərtəbəsində yerləşən avtomobil boyanması və cilalanması sexinin və avtomobil təmir sexinin, zirzəminin 2-ci mərtəbəsindəki yeməkxananın, zirzəminin 2-ci mərtəbəsinin bir hissəsinə döşənmiş asfalt örtüyünün, 2-ci mərtəbədə parklanma yerlərində hörülmüş divar və jalüz qapıların, zirzəminin 3-cü mərtəbəsində müxtəlif yerlərdə layihədən kənar metal konstruksiyadan arakəsmələrin, 3cü mərtəbədə olan qapalı anbarların və qarajların cavabdehlərin hesabına sökülərək götürülməsi və binanın aidiyyəti orqanlar tərəfindən təsdiq edilmiş ilkin layihə vəziyyətinə gətirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.

2. İddia ərizəsində Bakı Şəhəri Yasamal Rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X13 Xidməti, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyi, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi qeyd edilmişdir.

3. İşə baxmış Rayon Məhkəməsi “X15” Məhdud Məsuliyyətli Cəmiyyətini, X7, X5 və X6 müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi işin baxılmasına cəlb etmişdir.

4. İddia tələbi belə əsaslandırılmışdır ki, qeyd edilən ünvanda cavabdeh MTK tərəfindən 2006-2007-ci illərdə inşasına başlanılmış çoxmənzilli yaşayış binası yerləşir. Bina 9 bloklu olduğundan inşaat işləri bir neçə il davam etmiş və hazırda bütün sakinlərin istifadəsindədir. Bina istismara qəbul olunmuş və hər bir sakin öz mənzilinə mülkiyyət hüququna dair çıxarış almışdır. Həmin yaşayış binası təbii olaraq inşa edilməmişdən öncə layihə sənədləri ekspertizadan keçərək razılaşdırılması üçün “Şəhərsalma və tikinti normalarının” tələblərinə uyğun olaraq müvafiq dövlət təşkilatlarından keçərək təsdiq olunmuş və tikintisinə icazə verilmişdir. İddiaçılar həmin ünvanda ilk məskunlaşan sakinlər olduğundan demək olar ki, bütün tikinti işlərinin əyani şahidləri olmuşlar. Yaşadıqları binanın alt hissəsində 3 mərtəbədən ibarət avtomobillərin parklanma yeri mövcuddur. Parklanma yeri hazır olduqdan sonra avtomobili olan bütün sakinlər öz avtomobillərini həmin parklanma yerində saxlamağa başlamışlar və hazırda da saxlayırlar. Lakin bir müddət keçdikdən sonra MTK rəhbərliyi tərəfindən parklanma yerləri qanunsuz olaraq təsdiq olunmuş layihədə nəzərdə tutulmamış formada birləşdirilmiş, istinad divarları mişar daşı ilə hörülmüş, anbarlar yaradılmış, avtomobil təmiri sexləri, həmçinin yeməkxana yaradılmışdır. Bir sözlə MTK rəhbərliyi öz şəxsi gəlirlərini artırmaq üçün Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Fövqəladə Hallar Nazirliyi tərəfindən təsdiq olunmuş layihəni kobud şəkildə pozaraq bütün sakinlərin həyat və sağlamlığına təhlükə törədən bir vəziyyət yaratmışlar. MTK rəhbərliyinə sakinlər olaraq bu cür özbaşınalığa yol verilməməsi barədə dəfələrlə müraciətlər edilsə də, çox təəssüflər olsun ki, MTK-nın şəxsi marağı sakinlərin həyat və sağlamlığından üstün olmuşdur. Məlum olduğu kimi Bakı şəhəri, Səbail rayonu, Tərlan Əliyarbəyov küçəsində yerləşən gecə klubunda yanğın və dağıntı ilə nəticələnmiş partlayış zamanı 3 nəfər həyatını itirmiş və 36 nəfər müxtəlif dərəcəli xəsarət almışlar. Partlayışın mövcud qaydaların tələbləri pozulmaqla propan qazının sıxılmış mayesi ilə dolu olan qaz balonundan istifadə edilməsi nəticəsində baş verməsi iddiaçıların yaşadıqları binanın sakinlərini daha çox narahat edir. Belə ki, yaşayış kompleksinin qarajında MTK-nın rəhbərliyi tərəfindən yol verilən özbaşınalıq hərəkətləri bu kimi təhlükəli halların baş verməsinə şərait yaradır. Həmin ünvanda təqribən 1.200 mənzil var. Orta hesabla həmin binada 5.000 nəfər yaşayır. Lakin onların müraciətlərinə MTK-nın rəhbərliyi tərəfindən çox etinasız yanaşılır. Həmçinin onlar şikayətlərində başqa qanun pozuntularını da qeyd etmişlər. Təəssüflər olsun ki, o hallara ümümiyyətlə FHN tərəfindən qiymət verilməmişdir. 1.200 mənzil olan bir yaşayış kompleksində MTK tərəfindən yol verilən qanunsuzluqlar aşağıdakılardan ibarətdir: 1. Qarajın (parklanma yerinin) döşəməsinə asfalt örtük çəkilmişdir. Bu hal yanğın təhlükəsi yaradır. Həmçinin əgər yanğın halı baş verərsə, qarajı söndürmək mümkün olmayacaqdır. Çünki qaraja yanğınsöndürmə avtomobilləri daxil ola bilmir. Eyni zamanda asfalt örtüyünün tərkibində olan materiallar yandırıcı xarakterə malik olduğundan qarajda yanğın halının baş vermə təhlükəsi həddən artıq böyükdür. 2. Qarajda avtomobillərin rənglənmə sexi (“Car Point” adı altında) fəaliyyət göstərir. Oksigen balonları hər gün işlədilir və avtomobillər rənglənir, cilalanır. Bu isə hər an partlayış təhlükəsi deməkdir. Eyni zamanda avtomobillərin rənglənməsi zamanı aseton və s. kimyəvi maddələrdən istifadə olunması zamanı mənzillərə dəhşət saçan qoxular daxil olur. Bu hal isə insanların sağlamlığına da ciddi təhlükə yaradır. 3. Parklanma yerlərinin qanunsuz olaraq satılması, ara divarların mişar daşı ilə hörülməsi və jalüz qapıların qoyulması halları artıq geniş vüsət almışdır. Eyni zamanda qarajda yanğın baş verərsə, evakuasiya mümkün olmayacaqdır. Parklanma yerlərinin ara divarlarının hörülməsi hərəkəti məhdudlaşdırır, bir parklanma yerindən digərinə keçməyi mümkünsüz edir, həmçinin mexaniki yanğınsöndürmə vasitələrindən istifadəni belə məhdudlaşdırır. Bir avtomobilin yanması yüzlərlə avtomobilin yanmasına, partlayış halının baş verməsinə və son nəticədə misli görünməmiş təhlükənin olacağına zəmin yaradır. Hətta bununla bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nümayəndələri qaraja baxış keçirmiş və bu hal təsdiq edilmişdir. 4. Birinci mərtəbədə yerləşən parklanma yerinin böyük bir hissəsi mişar daşı ilə hörülərək anbar kimi istifadə olunur. Həmin anbarlarda "xxxx" Şirkətinə məxsus avtomobillərin ehtiyat hissələri və “Mitsubishi” markalı kondisionerlər saxlanır. Bütün ara kəsmələr mişar daşı ilə hörülmüş və dəmir darvazalarla bağlanmışdır. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının xx.xx.2021-ci il tarixli qərarına əsasən yaşayış binasının zirzəmi, kürsülük, birinci və ikinci mərtəbələrində müxtəlif təyinatlı anbarlar, o cümlədən topdansatış anbarlarının fəaliyyəti qadağan edildiyi halda Komitə tərəfindən heç bir tədbir görülmür. 5. Parklanma yerində qaz balonları ilə fəaliyyət göstərən böyük bir yeməkxana vardır. Həmin yeməkxanadan "xxxx" Şirkətinin və yaxın ərazidə “Melissa Park” tərəfindən inşa olunan binalarda işləyən işçilər istifadə edirlər. Binanın qarajında hər hansı yeməkxananın fəaliyyət göstərməsi qanunvericiliyə ziddir. Həmçinin yeməkxanada hazırlanan qidaların qoxusu mənzillərə dolaraq sakinlərdə ciddi narahatlıq doğurur. Bir sözlə MTK rəhbərliyi özü üçün sərvət toplamaq üçün bütün qanunları tapdalayır, özbaşınalıq edir və heç kimdən, heç nədən qorxmadıqlarını aşkar surətdə hamıya bəyan edirlər. Yanğın təhlükəsizliyi haqqında Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə görə, X13 tikinti normalarının və standartlarının yanğına qarşı tələblərinə, yanğın təhlükəsizliyi qaydalarına əməl olunmasına nəzarət etmək və onların pozulmasının qarşısını almaq məqsədilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (FHN) yanğın nəzarətini həyata keçirən qurumunun vəzifəli şəxsləri tərəfindən aparılır. Çox təəssüflər olsun ki, FHN sakinlərin kollektiv müraciətlərinə baxmır, ya da düzgün araşdırma aparmır. Yaşayış kompleksinin qarajında yol verilən özbaşınalıq hərəkətləri, yanğın təhlükəsizliyi qaydalarının pozulması ilə bağlı müraciətlər olunsa da, çox təəssüflər olsun ki, FHN kimi bir qurum yanğın təhlükəsizliyi ilə bağlı məsələni araşdırmaq üçün 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərir. Həmin idarənin rəisi Vaqif Cavadov isə cavab məktubunda qeyd edir ki, qaraja baxış keçirildi, lakin orada oksigen balonları, avtogen və asfaltdan istifadə olunduğu müəyyən olunmamışdır. Lakin təkrar kollektiv müraciətdən sonra yenidən FHN tərəfindən binaya baxış keçirilir və bu zaman avtomobil təmir sexində yanğın təhlükəsizliyi qaydalarının pozulduğu müəyyən olunur və inzibati xəta haqqında protokol tərtib olunur. Lakin bugünədək həmin avtomobil təmir sexi fəaliyyət göstərir. MTK-nın qanunsuz fəaliyyətinin digər təzahürü ondan ibarətdir ki, Mülki Məcəllənin və Mənzil Məcəlləsinin tələblərindən də göründüyü kimi binanın zirzəmisi, parklanma yeri ümumi paylı mülkiyyət hüquq əsasında mülkiyyətçilərə məxsus olsa da, heç kimin fikrini öyrənmədən özbaşınalıqlara yol vermişlər. MTK tərəfindən Azərbaycan Respublikası Prezidentinin 1531 nömrəli, xx.xx.2017-ci il tarixli Fərmanı kobud surətdə pozulmuş və pozulmaqda davam edir. MTK-nın pul qazanmaq marağı ölkəmizin bütün qanunlarını pozmağı hədəfləmişdir. Binada layihədən və binanın təyinatından kənar inşa və təşkil edilmiş bütün tikili və sair qurğular bina sakinləri kimi onların həyat və sağlamlığına ciddi təhlükə yaradır və birbaşa hüquqlarının konkret pozulması halını yaradır ki, bu hal dərhal aradan qaldırılmalıdır. b) tərəflərin birinci instansiya məhkəməsində veridikləri izahatlar barədə məlumat

5. İddiaçı5 Rayon Məhkəməsinə iddia ərizəsinin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirmişdir ki, onların binasında dayanacağa giriş “mənfi 3” deyilən üçüncü mərtəbədə yerləşən avtomobil dayanacağındandır, avtomobil dayanacağında hal-hazırda yerləşən və icarəyə verilmiş qarajlar onun fikrincə cavabdeh MTK-ya məxsusdur. Qarajların sənəd üzərində sahibi, kim olursa olsun, istər digər Cavabdeh2 və ya eləcə də, digər şəxslər formal adamlardır. O, həmin şəxslərin hamısını tanıyır, onların maddi durumlarından da, çox məlumatlıdır. Onların bu binada bu qədər qaraj almağa imkanları yoxdur. Bəzilərinin isə heç həmin binada evi belə yoxdur. Ona görə də, həmin müqavilələr formal yazılmış müqavilələrdir. Buna görə də iddianı cavabdeh MTK-ya qarşı qaldırmışdırlar. Digər cavabdeh isə orada hazırda o qarajları idarə edən aylıq icarə haqlarını yığan şəxsdir. Binada bir sıra sakinlərin şəxsi qarajları olsa da, əksər sakinlər orada icarə haqqı verməklə maşın saxlayır. O, özü Cavabdeh2 icarəyə qaraj götürərək ona aylıq 50 manat icarə haqqı verirdi. Lakin son zamanlar o icarə haqqını 75 manata qaldırmışdır ki, əslində elə bütün narazılıqlar da bundan sonra başlamışdır. Binanın altında kifayət qədər qarajlar olduğu halda, həmin sahələr onların isdifadəsində deyil, ayrı-ayrı şəxslərin icarəsindədir. "xxxx" Şirkəti onların binasının altından dayanacaq kimi istifadə edir. Orada vurulmuş maşınları saxlayırlar və həmin yeri də, setkalayıblar. Orada olan maşınların iyi, qoxusu, tüstüsü binanın bloklarına qədər gəlir. Daha sonra anbar kimi də istifadə edilərək orada hansısa mağazanın kondisionerləri saxlanılır ki, həmin kondisionerlərdə də, freon qazı var ki, bu da sakinlər üçün təhlükəlidir. Digər anbarlarda da, kafel, metlax və müxtəlif mallar saxlanılır. Hər dəfə onların boşaldılması və yüklənməsi zamanı onlara narahatçılıq edilir. İddiaçılar bütün yuxarı aidiyyəti qurumlara, o cümlədən Fövqəladə Hallar Nazirliyinə müraciət ediblər, lakin istədikləri cavabı almadıqlarına görə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Onlar binada ev alanda belə bir hal yox idi və müqavilədə də qeyd olunmamışdır ki, orada hansısa başqa anbarlar olacaq. Onların binasında 2000-dən çox ailə yaşayır. MTK rəhbərliyi “bu mənim şəxsi biznesimdir” sözləri ilə onları saymır. Şamxal adında şəxs də, onların blokunda 19-cu mərtəbədə kirayədə qalır, lakin hansı hissə onun adına rəsmiləşdirilib bilmir, o, əvvəl “Zeytun” marketdə (o da, Cavabdeh1 MTK-ya aid idi) yalançı rəhbər kimi çalışırdı, Müşfiq adında şəxs qarajların icarə haqqının alınmasına dair verdiyi qəbzlərdə adres olaraq VÖEN-də 9cu mərtəbə yerləşən evini gösdərib. Müşfiq müəllimin səhv etmirsə 4-cü blok 9-cu mərtəbədə iki otaqlı evi var, lakin həmin ünvan onun avtomobil dayanacağı ünvanı kimi qeyd edilir. Əvvəllər 50 manat ödəyirdilərsə, indi isə qiyməti 75 manata qaldırıblar. Həmin kompleks yaşayanların bir çox qismi MTK-nın müdiriyyətinin, müavinlərinin qohumlarıdır. Ona görə də bu hallara göz yumurlar. İddiaçılar hesab edir ki, 5 nəfər iddiaçının iddianı qaldırması kifayətdir. O, 11 ildir həmin binada qalır, avtomobili var və həmişə binanın altında saxlayırdı. Orada şəxsi qarajı olan az bir sakin var. Nəyə görə qarajlar başqa adamlara, hətta o binada yaşamayan şəxslərə satılmalı idi. Bütün bu müqavilələr də, hamısı saxtadır, formal yazılmış müqavilələrdir. Həmin şəxslər MTK-nın öz adamlarıdır. Binanı da, MTK-nın adamları idarə edir. Odur ki, göstərilənlərə əsasən məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

6. Cavabdeh MTK-nın vəkili (nümayəndəsi) Vəkil2 iddianı qəbul etməyərək Rayon Məhkəməsinə verdiyi izahatında bildirmişdir ki, MTK vaxti ilə həmin yaşayış binalarını tikərək təhvil vermiş və binalarda yerləşən bütün yaşayış və qeyri-yaşayış sahələri hamısı satılmışdır. Hal-hazırda MTK ümumiyyətlə fəaliyyətini dayandırmış, həmin binada da bu və ya digər şəkildə heç bir fəaliyyət göstərmir. MTK-nın balansında heç bir qaraj və ya qeyriyaşayış sahəsi yoxdur. Mübahisələndirilən sahələr üçüncü şəxslərə - Rafiq İslamova, Şamxal Əsədov, Anar Qurbanova və eləcə də, iddiaçılar tərəfindən iş üzrə cavabdeh qismində qeyd edilmiş Cavabdeh2 satılmış, onlarla buna dair müqavilələr bağlanılmış və həmin sahələr də alıcılara təhvil verilmişdir. Bir şəxsin bir neçə qaraj almasında heç bir qadağa yoxdur və qeyd olunan vətəndaşlar da dəyərini ödəyərək əmlaklar almışlar. Həmin əmlakların hansı şəkildə işlədilməsi və ya istifadə olması mülkiyyətçi olaraq onların hüququdur və bu barədə MTK-da heç bir məlumat yoxdur. Əgər mülkiyyətçilər öz sahələrini digər sakinlərə, eləcə də hansısa başqa şəxslərə icarəyə verirlərsə bu onların hüququdur və bu onlar arasında ola biləcək mübahisədir. MTK-nın bu məsələyə aidiyyəti yoxdur və iş üzrə düzgün olaraq cavabdeh kimi cəlb edilməmişdir. Bu tələbin MTK-ya heç bir aidiyyəti olmamaqla iddia MTK-ya qarşı düzgün qaldırılmamışdır. Orada əksər sakinlərin şəxsi qarajları da var. Qaraj almayan şəxslər isə qarajı olanlardan kirayə götürürlər. Hazırki iddiaçılar da orada icarəyə qaraj götürərək avtomobillərini park edirlər. İddiaçı5 da izahatında etiraf etdi ki, Cavabdeh2 ayda 50 manat ödəməklə ondan icarəyə qaraj götürmüş, hazırda isə o icarə haqqını 75 manata qaldırmışdır. Tərəflər arasında yaranmış mübahisə də elə bununla, yəni qiymət artımı ilə bağlıdır. Ancaq yenə də bu məsələnin MTK ilə bir əlaqəsi ola bilməz. “X15” MMC tərəfindən də, orada qarajlar icarələnərək avtomobillər saxlanılır. Lakin kiminlə müqavilə bağlanılıb, kimin qarajları icarəyə götürülüb və ümumiyyətlə bu məlumat düzgündür yoxsa yanlış, bu barədə heç nə deyə bilməz. Orada digər şəxslər tərəfindən də, hansısa sahələrin icarəyə götürülübgötürülməməsi, anbar kimi istifadə olunması barədə onlarda heç bir məlumat yoxdu. Odur ki, iddia tələbi MTK-ya münasibətdə əsassızdır və rədd edilməlidir.

7. Məhkəmə iclasının yeri və vaxtı barədə digər iddiaçılar, digər cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxslər xəbərdarlıq edilmələrinə (həmçinin məhkəmə elektron SMS və elektron kabinet vasitəsi ilə məlumatlandırılmış) baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, nümayəndələrinin iştiraklarını məhkəmədə təmin etməmiş və bunun üzrlü səbəbləri barədə Rayon Məhkəməyə məlumat verməmişlər. Rayon Məhkəməsi onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. c) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat

8. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnamə ilə iddianın təmin edilməməsini, iddiaçılar tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun iddiaçıların özlərinə aid edilməsini, ekspertiza tədqiqatının dəyəri olan 100 manatın iddiaçılardan müştərək qaydada tutularaq dövlət nəfinə ödənilməsini qət etmişdir.

9. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçıların hər hansı birinin qaraj sahəsini bu və ya digər əsasla əldə etmək məqsədilə müraciət etməsi və ya əldə etməsi iş materialları ilə müəyyən olunmur. Lakin Cavabdeh2 və eləcə də, digər şəxslər həmin qaraj sahələrini alqı-satqı müqaviləsi əsasında əldə etmişdir. Daşınmaz əmlaka dair çıxarış təqdim edilməsə belə, alqı-satı müqaviləsi əsasında həmin şəxslərin gözlənilən mülkiyyət hüququ yaranmışdır ki, bu da həmin şəxslərə mülkiyyətçi olaraq qeyd edilən qaraj sahəsinə sahiblik, istifadə və sərəncam hüququ verir. Bu hüququn məhdudlaşdırılması əsası isə iş materialları ilə müəyyən edilmir. İddia ərizəsində binada layihədən və binanın təyinatından kənar inşa və təşkil edilmiş bütün tikililərin olduğu qeyd edilsə də, iş üzrə təyin edilmiş ekspertizanın nəticəsi ilə verilmiş ekspert rəyindən görünür ki, iddiaçıların yaşadığı binanın 3 səviyyəli (-1, -2, -3) mərtəbələrində təqdim olunmuş tikinti layihəsindən kənar tikililər inşa olunmamışdır. Binanın Bakı Şəhər İcra Hakimiyyətinin 18/04-264 saylı qərarı ilə təsdiq olunmuş layihəsində 3 səviyyəli (-1, -2, -3) mərtəbələri ümumi qeyri-yaşayış sahələri kimi göstərilmiş mövcud vəziyyəti üzrə həmin sahələrdə qeyri-yaşayış təyinatlı sahələr Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 74-79-80 və 88-ci maddələrinin tələblərinə uyğun istifadə olunur. Eləcə də iddia ərizəsində həmin tikililərin və sair qurğuların bina sakinlərinin həyat və sağlamlığına ciddi təhlükə yaratdığı bildirilsə də, Fövqəladə Hallar Nazirliyi X13 Xidməti 2-ci Ərazi Dövlət Yanğın Nəzarət İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, təkrar müraciət əsasında araşdırma zamanı həmin ünvanında “Car Point” adı altında fəaliyyət göstərən obyektdə yenidən operativ yarığın texniki müayinə keçirilmiş və tərəflərindən yanğın təhlükəsizliyi sahəsində aşkar edilmiş nöqsanlar obyekt rəhbərliyi tərəfindən aradan qaldırılması müəyyən olunmuşdur. Bundan başqa iddiaçılara həmin qaraj sahələrindən icarə haqqını ödəməklə avtomobillərini saxlamaq üçün şərait yaradılsa da, onlar bununla razılaşmamaqla, qaraj sahəsinin başqa şəxslər tərəfindən istifadəsinin onların maraqlarına toxunduğuna əsaslanaraq həmin arakəsmələrin sökülməsini, qarajın onların istifadəsinə verilməsini tələb edirər. Lakin başqa şəxslərə alqı-satqı müqaviləsi və ya digər əsasla (icarə) verilmiş qaraj sahəsinin həmin şəxslər tərəfindən istifadəsinin onların maraqlarına hansı halda və necə toxunduğunu qeyd etməmişlər. Beləliklə iddia ərizəsində göstərilən hallar öz təsdiqini tapmamaqla yanaşı iş materialları ilə təkzib edilmişdir. Belə olan halda qəbul edilməlidir ki, iddia tələbi Cavabdeh2 münasibətdə əsassızdır. İddia tələbinin cavabdeh MTK-ya dair hissəsi ilə bağlı Rayon Məhkəməsi qeyd etmişdir ki, MTK-nın hazırki iş üzrə iddiaya cavab verməli olan şəxs deyildir. Belə ki, qeyd edildiyi kimi yaşayış binası MTK tərəfindən tikilərkən və ya tikildikdən sonra oradakı yaşayış və qeyri-yaşayış sahələri müxtəlif şəxslərə satılmışdır. Cavabdeh1 MMM ilə sifarişçi Şamxal Əsədov, Anar Qurbanov, Cavabdeh2 və Rafiq İslamov arasında bağlanmış müqavilələrlə də həmin hallar bir daha təsdiqini tapır. Qaraj sahələri hal-hazırda MTK-nın mülkiyyətində deyildir. Məhkəmə tərəfindən iddiaçılara əsl olmayan cavabdehin əvəz edilməsi təklif edilsə də, iddiaçılar bunu qəbul etməmiş, MTK-nın cavabdehlik daşıdığını iddia etmişlər. İddiaçılar cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadığından, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxdığından, MTK isə əsl cavabdeh olmadığından iddia tələbi MTK-ya münasibətdə əsassız hesab edilərək, rədd edilməlidir. d) apellyasiya şikayəti barədə məlumat

11. İddiaçılar həmin qətnamədən birgə apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər.

12. Əsasları iddia ərizəsinin əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq göstərilmişdir ki, Rayon Məhkəməsi qətnaməsində MTK-nın əsl cavabdeh olmamasının əsası kimi göstərmişdir ki, mübahisə predmeti olan obyektlər alğı-satqı müqaviləsi əsasında müxtəlif şəxslərə satılmış və həmin şəxslərin mülkiyyətindədir. Lakin Rayon Məhkəməsi belə qənaətə gələrkən həmin alğı-satqı müqavilələrinin qanunusz bağlandığını nəzərə almamışdır. Əslində qeyd olunan sahələr bina sakinlərinin ümumi paylı mülkiyyətində olduğu üçün digər mülkiyyətçilərin razılığı olmadan üçüncü şəxslərlə belə alğı-satqı müqavilələri bağlana bilməzdi. Elə bu səbəbdən də həmin alğı-satqı müqaviləlri rəsmi olaraq qeydiyyata alınmamış və adıçəkilən sahələrə dair heç bir çıxarış mövcud deyil. Buna görə də, MTK iş üzrə cavabdeh qismində çıxış etməlidir.

13. Bundan başqa, işə birinci instansiya məhkəməsində baxılarkən iddiaçılar tərəfindən iş üzrə məhkəmə-tikinti-texniki ekspertiza təyin edilməsi barədə vəsatət verilmiş, lakin ekspertiza üçün tələb olunan sənədlər cavabdeh MTK tərəfindən Məhkəmə Ekspertiza Mərkəzinə tam təqdim edilmədiyindən ekspertiza tədqiqatının tam keçirilməsi mümkün olmamışdır, xüsusən də mübahisəli obyektlərin olduğu hissələrə baxış keçirilməmişdir. Lakin Rayon Məhkəməsi ekspert rəyini əsas götürərək yekun qərara gəlmiş, işin hərtərəfli və obyektiv araşdırılmasını təmin etməmişdir. Ona görə də, iddiaçılar həmin ekspert rəyi ilə razılaşmır və yenidən onların iştirakı ilə ekspertizanın keçirilməsinin vacib olduğunu düşünürlər.

14. Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayətinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 357-364-cü maddəsinin tələblərinə uyğun verilmiş hesab edilməsi və baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi, digər iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. e) apellyasiya baxışının hədləri barədə məlumat

15. Hazırki apellyasiya baxışının hədləri ilə bağlı Məhkəmə bildirir ki, iddiaçılar tərəfindən birgə verilmiş apellyasiya şikayəti yalnız İddiaçı2 aid hissədə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmiş, digər iddiaçılara münasibətdə isə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə geri qaytarılmışdır.

16. Məhkəmə qeyd edir ki, MPM-in 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

17. Məhkəmə hesab etmişdir ki, rayon Məhkəməsinin qətnaməsi tam həcmdə yoxlanılmalıdır. Çünki mübahisə predmeti bölünməzdir. f) iş üzrə tərəflərin apellyasiya baxışında iştirakı və izahatları barədə məlumat

18. Cavabdeh MTK-nın vəkili (nümayəndəsi) apellyasiya baxışı iclaslarında iştirak edərək, apellyasiya şikayətinə etiraz etdi və Rayon Məhkəməsinin qətnaməsinin əsaslarına uyğun izahat verdi.

19. İşə apellyasiya qaydasında baxılmanın iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunsalar da işdə iştirak edən digər şəxslər apellyasiya baxışının iclaslarına gəlməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişlər. Məhkəmə, qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, MPM-in 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki, qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. g) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi

20. Bakı Apellyasiya Məhkəməsinın Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

21. Belə ki, Cavabdeh1 MMM ilə sifarişçi X9 arasında bağlanmış 500931 №-li xx.xx.2007-ci il tarixli "xxxx" görünür ki, MMM Yasamal rayonu, H.Zərdabi 3166-cı məhəllə ünvanında tikilməkdə olan ASP yaşayış kompleksindəki binanın -2 mərtəbəsindəki qarajı sifarişçiyə verməyi, sifarişçi isə 39,7 kv.m sahə üçün 21.835 manat ödəməyi öhdəsinə götürmüşdür.

22. Cavabdeh1 MMM tərəfindən verilmiş 005 931/500931/1 №-li, xx.xx.2007-ci il tarixli arayışdan görünür ki, həmin məbləğ Şamxal Əsədov tərəfindən ödənilmişdir.

23. İş materiallarında olan və tərəflər arasında bağlanılmış digər müqavilələrdən görünür ki, Şamxal Əsədov həmin binanın eyni və digər mərtəbələrində də, müxtəlif sayda qarajların dəyərini ödəməklə əldə etmişdir.

24. Cavabdeh1 MMM ilə sifarişçi X10 arasında bağlanmış 500938 №-li xx.xx.2007ci il tarixli "xxxx" görünür ki, MMM Yasamal rayonu, H.Zərdabi 3166-cı məhəllə ünvanında tikilməkdə olan ASP yaşayış kompleksindəki binanın -2 mərtəbəsindəki 129 saylı qarajı sifarişçiyə verməyi, sifarişçi isə 18 kv.m sahə üçün 9.900 manat ödəməyi öhdəsinə götürmüşdür.

25. Cavabdeh1 MMM tərəfindən verilmiş 005 938/500938/1 №-li, xx.xx.2007-ci il tarixli arayışdan görünür ki, həmin məbləğ Anar Qurbanov tərəfindən ödənilmişdir.

26. İş materiallarında olan və tərəflər arasında bağlanılmış digər müqavilələrdən görünür ki, Anar Qurbanov həmin binanın eyni və digər mərtəbələrində də, müxtəlif sayda qarajların dəyərini ödəməklə əldə etmişdir.

27. Cavabdeh1 MMM ilə sifarişçi Cavabdeh2 arasında bağlanmış 500661 №-li xx.xx.2006-cı il tarixli "xxxx" görünür ki, MMM Yasamal rayonu, H.Zərdabi 3166-cı məhəllə ünvanında tikilməkdə olan ASP yaşayış kompleksindəki binanın -2 mərtəbəsindəki 208 saylı qarajı sifarişçiyə verməyi, sifarişçi isə 19,2 kv.m sahə üçün 10.560 manat ödəməyi öhdəsinə götürmüşdür.

28. Cavabdeh1 MMM tərəfindən verilmiş 005 661/500661/1 №-li, xx.xx.2006-cı il tarixli arayışdan görünür ki, həmin məbləğ Cavabdeh2 tərəfindən ödənilmişdir.

29. İş materiallarında olan və tərəflər arasında bağlanılmış digər müqavilələrdən görünür ki, Cavabdeh2 həmin binanın eyni və digər mərtəbələrində də, müxtəlif sayda qarajların dəyərini ödəməklə əldə etmişdir.

30. Cavabdeh1 MMM ilə sifarişçi X11 arasında bağlanmış 500498 №-li xx.xx.2006ci il tarixli "xxxx" görünür ki, MMM Yasamal rayonu, H.Zərdabi 3166-cı məhəllə ünvanında tikilməkdə olan ASP yaşayış kompleksindəki binanın -1 mərtəbəsindəki 286 saylı qarajı sifarişçiyə verməyi, sifarişçi isə 21.4 kv.m. sahə üçün 11.770 manat ödəməyi öhdəsinə götürmüşdür.

31. Cavabdeh1 MMM tərəfindən verilmiş 5498/500498/1 №-li, xx.xx.2006-cı il tarixli arayışdan görünür ki, həmin məbləğ Rafiq İslamov tərəfindən ödənilmişdir.

32. İş materiallarında olan və tərəflər arasında bağlanılmış digər müqavilələrdən görünür ki, Rafiq İslamov həmin binanın eyni və digər mərtəbələrində də, müxtəlif sayda qarajların dəyərini ödəməklə əldə etmişdir.

33. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X13 Xidməti 2-ci Ərazi Dövlət Yanğın Nəzarət İdarəsi tərəfindən Ravil Məmmədova ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, araşdırma zamanı Bakı şəhəri Yasamal rayonu, H.B.ünvan 4 ünvanında yerləşən əvvəllər Cavabdeh1 MTK-ya məxsus olmuş, sonradan isə X2 VÖEN-i ilə fəaliyyət göstərən yaşayış binasında və qaraj hissəsində “Car Point” adı altında fəaliyyət göstərən avtomobil təmir sexində yanğın təhlükəsizliyi norma və qaydalarının tələbləri pozulduğuna görə yaşayış binasının və avtomobil təmir sexinin rəhbərlikləri İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə inzibati məsuliyyətə cəlb olunmuş və aşkar edilmiş nöqsanların aradan qaldırılması tələb edilmişdir.

34. Həmin İdarə tərəfindən Nəsib Nəbiyevə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda qeyd edilmişdir ki, ilk dəfə edilmiş müraciət əsasında “Car Point” adı altında fəaliyyət göstərən avtomobil təmir sexində yanğın təhlükəsizliyi norma və qaydalarının tələbləri pozulduğuna görə yaşayış binasının və avtomobil təmir sexinin rəhbərlikləri İXMnin müvafiq maddələri ilə inzibati məsuliyyətə cəlb olunmuş və aşkar edilmiş nöqsanların aradan qaldırılması tələb edilmişdir. Yenidən edilmiş təkrar müraciət əsasında araşdırma zamanı Yasamal rayonu, H.B.Zərdabi prospekti 92 A ünvanında “Car Point” adı altında fəaliyyət göstərən obyektdə yenidən operativ yarığın texniki müayinə keçirilmiş və tərəflərindən yanğın təhlükəsizliyi sahəsində aşkar edilmiş nöqsanlar obyekt rəhbərliyi tərəfindən aradan qaldırılması müəyyən olunmuşdur.

35. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Cavabdeh1 MTK tərəfindən inşa edilmiş və Yasamal rayonu, H.B.ünvan 4 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının tərkibində 889 ədəd mənzil və 113 ədəd qeyri-yaşayış sahəsi dövlət reyestrində qeydiyyata alınmışdır.

36. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il 10/7799№li ekspert rəyindən görünür ki, qeyd edilən ünvanında yerləşən binanın 3 səviyyəli (-1, -2, -3) mərtəbələrində təqdim olunmuş tikinti layihəsindən kənar tikililər inşa olunmamışdır. Sözügedən 3 səviyyəli (-1,-2, -3) mərtəbələrdə mövcud vəziyyəti üzrə binanın təsdiq olunmuş layihəsində göstərilən ümumi qeyri-yaşayış sahələri arakəsmələr vasitəsilə bölünərək qeyriyaşayış təyinatlı sahələr (yığınaq yeri, yeməkxana, garaj, avtoyuma, boş sahə və s...) kimi istifadə olunur. Binanın 3 səviyyəli (-1, -2, -3) mərtəbələrində təqdim olunmuş tikinti layihəsindən kənar tikililər inşa olunmamışdır. Binanın Bakı Şəhər İcra Hakimiyyətinin 18/04-264 saylı qərarı ilə təsdiq olunmuş layihəsində 3 səviyyəli (- 1, -2, -3) mərtəbələri ümumi qeyri-yaşayış sahələri kimi göstərilmiş mövcud vəziyyəti üzrə həmin sahələrdə qeyri-yaşayış təyinatlı sahələr Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 74-79-80 və 88-ci maddələrinin tələblərinə uyğun istifadə olunur. Binanın 3 səviyyəli (-1, -2, -3) mərtəbələrində təqdim olunmuş tikinti layihəsindən kənar tikililər inşa olunmamışdır. Binanın təsdiq olunmuş layihəsində sözügedən 3 səviyyəli (-1,-2,-3) ümumi qeyri-yaşayış sahələri kimi göstərilmiş mövcud vəziyyəti üzrə həmin sahələrdə qeyri-yaşayış təyinatlı sahələr arakəsmələr vasitəsilə qeyri-yaşayış təyinatlı (yığınaq yeri, yeməkxana, qaraj, avtoyuma, boş sahə və s..) sahələr kimi istifadə olunur. Həmin sahələrin mövcud vəziyyəti üzrə yerləşmə planı AutoCad programı vasitəsilə işlənib hazırlanmışdır.

37. Məhkəmə tərəfindən müəyyən edilir ki, cavabdeh MTK tərəfindən tikilmiş yaşayış binasındakı mənzillər və qaraj sahələri müxtəlif şəxslərə satılmışdır. Binanın mübahisələndirilən hissələrində yerləşən qaraj sahələrinin bir qismi iş üzrə Cavabdeh2, digər qaraj sahələri isə iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilmiş Rafiq İslamov, Şamxal Əsədov və Anar Qurbanov tərəfindən dəyərləri tam ödənilməklə əldə edilmişdir. Qaraj sahələrinin bəziləri hazırda sex, yığınaq yeri (anbar), yeməkxana, qaraj, avtoyuma və s. kimi istifadə olunur.

38. Hazırda iddiaçılar mübahisə predmeti olan qeyri-yaşayış sahəsinin onların ümumi mülkiyyətində olmasını əsas gətirərək hesab edirlər ki, binanın 3 səviyyəli (-1, -2 və -3) zirzəmisinin 1-ci mərtəbəsindəki qapalı anbarlar, parklanma yerində hörülmüş divarlar və dəmir barmaqlıqlar, zirzəmənin 2-ci mərtəbəsində yerləşən avtomobil boyanması və cilalanması sexi və avtomobil təmir sexi, zirzəminin 2-ci mərtəbəsindəki yeməkxana, zirzəminin 2-ci mərtəbəsinin bir hissəsinə döşənmiş asfalt örtüyü, 2-ci mərtəbədə parklanma yerlərinə hörülmüş divar və jalüz qapılar, zirzəminin 3-cü mərtəbəsində müxtəlif yerlərdə layihədən kənar metal konstruksiyadan arakəsmələr, 3-cü mərtəbədə olan qapalı anbarlar və qarajlar qeyri-qanuni olduğundan cavabdehlərin hesabına sökülərək götürülməli və bina aidiyyəti orqanlar tərəfindən təsdiq edilmiş ilkin layihə vəziyyətinə gətirilməlidir.

39. Göstərilənləri nəzərə alan Məhkəmə bildirir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin tələblərinə görə, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Mülkiyyətçi öz əmlakını başqa şəxsin etibarnaməli idarəçiliyinə (etibarnaməli idarəçi) verə bilər (maddə 152.). Bu Məcəllənin 6.3-cü maddəsində nəzərdə tutulan məqsədlər üçün qanunvericilik yolu ilə məhdudiyyətlərin müəyyənləşdirildiyi hallar istisna olmaqla, fiziki və hüquqi şəxslərin mülkiyyətində olan əmlakın miqdarı və dəyəri məhdudlaşdırılmır (maddə 154.2.). Dövlət və ictimai təhlükəsizliyin, ictimai qaydanın, cəmiyyətin sağlamlığının və mənəviyyatının qorunması, digər şəxslərin hüquq və azadlıqlarının, şərəfinin və təmiz adının müdafiəsi üçün zəruri olduqda mülki hüquqlar yalnız qanunla məhdudlaşdırıla bilər (maddə 6.3.).

40. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 35.1-ci maddəsinə görə, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) (bundan sonra – çoxmənzilli binanın ümumi əmlakı) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur.

41. Məhkəmə apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, MPM-in tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (maddələr 14.2, 77.1 və 88).

42. Lakin hazırki iş üzrə sübut etmə yükü üzərinə düşən iddiaçılar Cavabdeh2 aid hissədə iddiasını sübuta yetirə bilməmişdir. Belə ki, iddiaçıların qaraj sahəsini bu və ya digər əsasla əldə etmək məqsədilə müraciət etməsi və ya əldə etməsi iş materialları ilə müəyyən olunmur.

43. Bunun əksinə iş materialları ilə müəyyən edilir ki, Cavabdeh2 2007-ci il tarixli müqavilə ilə binanın -2 mərtəbəsindəki 19,2 kv.m sahəsi olan 208 saylı qarajı və eləcədə, həmin binanın digər mərtəbələrində yerləşən bir neçə digər qarajlara sahiblik və istifadə hüququ yaranmışdır. Eləcə də, digər şəxslər də yuxarıda qeyd edilən müqavilələr əsasında qaraj sahələrinə sahiblik və istifadə hüququ əldə etmişlər.

44. Həmin qaraj sahələrindən icarə haqqını ödəməklə avtomobillərini saxlamaq üçün şərait yaradılsa da, iddiaçılar bununla razılaşmamaqla, qaraj sahəsinin başqa şəxslər tərəfindən istifadəsinin onun maraqlarına toxunduğuna əsaslanaraq həmin arakəsmələrin sökülməsini, qarajın onun istifadəsinə verilməsini tələb edir. Lakin başqa şəxslərin müqavilə və ya digər qanuni əsasla qaraj sahəsindən istifadəsinin iddiaçının hansı marağına toxunduğunu əsaslandıra bilməmişdir.

45. İddiaçılar binada layihədən və binanın təyinatından kənar inşa və təşkil edilmiş tikililərin olduğunu qeyd etsələr də bu dəlili sübuta yetirə bilməmişlər. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il 10/7799№li ekspert rəyindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospekti 92A ünvanında yerləşən binanın 3 səviyyəli (-1, -2, -3) mərtəbələrində təqdim olunmuş tikinti layihəsindən kənar tikililər inşa olunmamışdır. Binanın Bakı Şəhər İcra Hakimiyyətinin 18/04-264 saylı qararı ilə təsdiq olunmuş layihəsində 3 səviyyəli (-1, -2, -3) mərtəbələri ümumi qeyri-yaşayış sahələri kimi göstərilmiş mövcud vəziyyəti üzrə həmin sahələrdə qeyri-yaşayış təyinatlı sahələr Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 74-79-80 və 88-ci maddələrinin tələblərinə uyğun istifadə olunur.

46. Eyni zamanda, iddia ərizəsində həmin tikililərin və sair qurğuların bina sakinlərinin həyat və sağlamlığına ciddi təhlükə yaratdığı bildirilsə də, Fövqəladə Hallar Nazirliyi X13 Xidməti 2-ci Ərazi Dövlət Yanğın Nəzarət İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, təkrar müraciət əsasında araşdırma zamanı həmin ünvanında “Car Point” adı altında fəaliyyət göstərən obyektdə yenidən operativ yarığın texniki müayinə keçirilmiş və tərəflərindən yanğın təhlükəsizliyi sahəsində aşkar edilmiş nöqsanlar obyekt rəhbərliyi tərəfindən aradan qaldırılması müəyyən olunmuşdur.

47. Beləliklə iddia ərizəsində göstərilən hallar öz təsdiqini tapmamaqla yanaşı iş materialları ilə təkzib edilmişdir. Belə olan halda Rayon Məhkəməsi iddianı Cavabdeh2 münasibətdə əsassız hesab edərək rədd etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir. Bu nəticəyə dair apellyasiya şikayətinin dəlilləri əsassızdır.

48. Məhkəmə iddianın cavabdeh MTK-ya aid hissəsi ilə bağlı qeyd edir ki, yaşayış binası MTK tərəfindən tikilərkən və ya tikildikdən sonra oradakı yaşayış və qeyri-yaşayış sahələri müxtəlif şəxslərə satılmışdır. Cavabdeh1 MMM ilə sifarişçi Şamxal Əsədov, Anar Qurbanov, Cavabdeh2 və Rafiq İslamov arasında bağlanmış müqavilələrlə də həmin hallar bir daha təsdiqini tapır. Qaraj sahələri hal-hazırda MTK-nın mülkiyyətində deyildir.

49. Odur ki, MTK hazırki iş üzrə iddiaya cavab verməli olan şəxs olmadığından və iddiaçılar cavabdeh MTK-nın əsl cavabdehlə əvəz edilməsinə razı olmadığından, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxdığından iddia cavabdeh MTK-ya aid hissədə də əsassızdır. Həmin hissədə də iddianın rədd edilməsi ilə bağlı Rayon Məhkəməsinin qənaəti işin hallarına və qanunvericiliyin tələblərinə uyğundur. Bu nəticəyə dair apellyasiya şikayətinin dəlilləri əsassızdır. i) apellyasiyanın nəticəsi

50. Beləliklə də apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, iddia əsassızdır. Rayon Məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri əsassızdır və formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

51. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

52. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan, MPM-in 384-cü maddəsində təsbit olunmuş səlahiyyətlərindən çıxış edən və MPM-in 392, 393, 405 maddələrinin tələblərini rəhbər tutan Məhkəmə

QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 23 iyun 2023-cü il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar