Məhkəmə qərarları › İş №2(103)-5610/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5610/2023

03.11.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5610/2023 03.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, İddiaçı, iddiaçının vəkili və nümayəndəsi Vəkil2, Cavabdeh, cavabdehin vəkili və nümayəndəsi Vəkil1, üçüncü şəxs Nəsimi RİH-nin nümayəndəsi Hafiz Aberkarov, üçüncü şəxs Nəsimi RİH MKTB-nin nümayəndəsi Nəsib Niftaliyev və üçüncü şəxs 59 saylı MKİS-nin nümayəndəsi (rəisi) Azad Babaşovun iştirakı ilə, İddiaçı Cavabdeh Ağabala qızına qarşı “qapının sökülməsi barədə” iddiasına dair mülki iş üzrə Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(006)-88/2023 nömrəli qətnaməsindən İddiaçı apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, Nəsimi rayonu, M.Əlizadə küçəsində yerləşən 46/48 №-li evdəki ümumi istifadədə olan yerdə cavabdehin quraşdırdığı qapı sökülsün. Nəsimi Rayon Məhkəməsinin qətnaməsi ilə iddia təmin edilməyib. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin. Məhkəmə iclasında iştirak edən İddiaçı, onun vəkili və nümayəndəsi Vəkil2 bildirdilər ki, apellyasiya şikayəti əsaslıdır, qətnamə ləğv edilməli və iddia təmin olunmalıdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh, onun vəkili və nümayəndəsi Vəkil1 bildirdilər ki, apellyasiya şikayəti əsassızdır, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs Nəsimi RİH-nin nümayəndəsi Hafiz Aberkarov bildirdi ki, iddia təmin olunmalı və qapı sökülməlidir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs Nəsimi RİH MKTB-nin nümayəndəsi Nəsib Niftaliyev izahat versə də mübahisənin həlli ilə bağlı konkret mövqe ifadə etmədi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs 59 saylı MKİS-nin nümayəndəsi (rəisi) Azad Babaşov bildirdi ki, mübahisənin həllini məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir: Mübahisənin aid olduğu daşınmaz əşya qeydiyyatsız tikilidir, hər hansı hüquq müəyyənedici sənəd yoxdur. Cavabdeh İddiaçı qardaşının keçmiş arvadıdır. Nəsimi Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli 2(006)-3683/2010 nömrəli qətnaməsi ilə qət olunub ki, Cavabdeh Nəsimi rayonu, M.Əlizadə küçəsi, ev № 46-da yerləşən 48 №-li mənzilinə köçürülsün (cild 1, iş v. 112). Həmin qətnamədən görünür ki, məhkəmə işə baxarkən Cavabdeh köçmək istədiyi evin yerində müayinəsini həyata keçirmişdir. Yerində müayinə zamanı müəyyən edilmişdir ki, Cavabdeh köçmək istədiyi ev (sahə) ikinci mərtəbədə yerləşərək bir açıq eyvandan və iki iç-içə otaqdan ibarətdir. Qətnamənin nəticə hissəsində Cavabdeh köçürülməli olduğu sahə göstərilmədiyinə görə, qətnamənin təsviriəsaslandırıcı hissəsi nəzərə alınmaqla hesab olunur ki, o, ikinci mərtəbədə yerləşən, bir açıq eyvandan və iki iç-içə otaqdan ibarət olan sahəyə köçürülüb. Hazırda İddiaçı sökülməsini tələb etdiyi qapı “açıq eyvan” adlandırılan yerdə, yəni məhkəmə qətnaməsi ilə Cavabdeh köçürüldüyü yerdə yerləşir. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/783 nömrəli ekspert rəyinə görə, ünvan 1 ünvanında yerləşən mənzilin hazırda İddiaçı istifadəsində olduğunu təsdiq edən hüquq müəyyənedici sənəd mövcud deyil. Rəydə daha sonra qeyd olunub ki, İddiaçı yaşadığı M.Əlizadə küçəsi, 46/48 №-li ünvan Cavabdeh yaşadığı M.Əlizadə küçəsi, ev № 46, mənzil № 48 (46/48) ünvanı ilə üst-üstə düşmür, İddiaçı yaşadığı ev ilə Cavabdeh yaşadığı ev arasında 52,0 metr məsafə var. Bundan başqa, rəydə qeyd olunub ki, M.Əlizadə küçəsi, 46/48 №-li ünvana aid eyvana giriş üçün quraşdırılmış qapı İddiaçı yaşadığı M.Əlizadə küçəsi, ev № 48 ünvanına keçidin qarşısını almır (cild 2, iş v. 93). Beləliklə, sökülməsi tələb olunan qapının yerləşdiyi yerə (“açıq eyvan” adlandırılan yerə) İddiaçı hər hansı hüququ yoxdur. Bundan başqa, mübahisənin əsl səbəbi daşınmaz əşyadan istifadə ilə bağlı deyil, yəni həmin qapı daşınmaz əşyadan istifadəyə real maneə yaratmır. Tərəflər daşınmaz əşya gələcəkdə söküləcəyi təqdirdə, alacaqları kompensasiyaya görə mübahisə edirlər. Lakin sökülməsi tələb olunan qapı kompensasiya almaq hüququnun şamil ediləcəyi sahənin hüdudlarını müəyyən etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2-ci maddəsi mülki hüquq və vəzifələrin əmələ gəlməsi əsaslarını müəyyən edib. İddiaçı həmin qapının sökülməsinin tələb etmə hüququnun əmələ gəlməsi üçün bu maddədə müəyyən edilmiş əsasların heç biri yoxdur. Ona görə də birinci instansiya məhkəməsi iddianı təmin etməməklə düzgün nəticəyə gəlib, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(006)- 88/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildikdən sonra 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar