Məhkəmə qərarları › İş №2(103)-5612/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5612/2021

05.07.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Atalığın müəyyən edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5612/2021 05.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, İddiaçı nümayəndəsi X1 iştirakı il, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2609/2021 saylı, 15 aprel 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2609/2021 saylı, 15 aprel 2021-ci il tarixli qətnaməsi ilə 21.08.2011-ci il təvəllüdlü X2 atasının X5ması müəyyən edilməsi, 21.08.2011-ci il təvəllüdlü X2 doğum akt qeydində dəyişiklik edilərək ata qrafasında X6 yazılması, 15.04.2021-ci il tarixdən hesablanmaqla X2 yetkinlik yaşına çatanadək saxlanması üçün X4 hər ay 175 manat aliment İddiaçı xeyrinə tutulması qət edilmişdir. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək alimentin 2020-ci il oktyabr ayından verilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, aliment barədə 2020-ci ilin dekabr ayında müraciət etmiş, lakin qətnamədə alimentin tutulması 15 aprel 2021-ci ildən qət edilib. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 bildirdi ki, rayon məhkəməsində hakim qızını aldadıb 2-ci dəfə ərizə yazdırıb. Dekabr ayında ərizə vermişdi, amma onu iş materiallarına əlavə etməyiblər. Qızının savadı yoxdu, hakim onu aldadıb yenidən ərizə yazdırıb. İşə baxılması vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh X7 ümumilikdə 620 manat aliment ödəməsinə dair qəbzin surətini əlavə etməklə onun iştirakı olmadan məhkəmə iclasının keçirilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, birinci instansiya məhkəməsi mübahisələndirilən hissə üzrə yekun nəticəyə gələrkən qənaətini belə əsaslandırmışdır ki, məhkəmə iddiaçının təyin olunan alimentin 2020-ci ilin oktyabr ayından hesablanması tələbi ilə bağlı qeyd edir ki, məhkəmə araşdırması zamanı tərəflərin izahatı ilə cavabdehin əvvəllər də iddiaçıya aliment ödəməsi müəyyən olunduğundan, iddiaçı aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər görməsinə dair mötəbər, təkzib olunmaz sübutlarını məhkəməyə təqdim edə bilmədiyindən, məhkəmə tərəfindən iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək müvəqqəti alimentin tutulması barədə qərardad qəbul edildiyindən alimentin hesablanması 15.04.2021-ci il tarixdən başlanmalıdır. Belə ki, aliment almaq hüququ olan şəxs, aliment ödənilməsi barədə saziş üzrə əvvəllər ona aliment ödənilməmişsə, aliment almaq hüququnun yarandığı vaxtdan asılı olmayaraq istənilən müddətdə məhkəməyə aliment tutulması barədə ərizə ilə müraciət etmək hüququna malikdir. Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məhkəmə iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını müəyyən edərsə, əvvəlki dövr üçün aliment 3 illik müddət həddində verilə bilər. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin mübahisələndirilən hissədə ləğv edilməsi yaxud dəyişdirilməsi barədə yeni qətnamə çıxarılması üçün əsas ola bilməz. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Belə ki, iddiaçının apellyasiya şikayətinin obyektini qətnamənin bir hissəsi, yəni alimentin tutulmasının başlanğıcı hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır) predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin bu hissədə ləğvi yaxud dəyişdirilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarına əsasən apellyasiya şikayəti üzrə qətnamə yalnız mübahisələndirilən hissədə yoxlanılmalı, mübahisələndirilməyən hissəyə isə toxunulmamalıdır. İddianın təmin edilən hissəsinin faktiki əsası (faktiki hallar) tələbin həmin hissədə qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dizpozisiya əlamətləri ilə uzlaşdığından iş üzrə birinci instansiya məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticə düzgün olmuşdur. Belə ki, Ailə Məcəlləsinin 100.1-ci maddəsinə əsasən aliment almaq hüququ olan şəxs, aliment ödənilməsi barədə saziş üzrə əvvəllər ona aliment ödənilməmişsə, aliment almaq hüququnun yarandığı vaxtdan asılı olmayaraq istənilən müddətdə məhkəməyə aliment tutulması barədə ərizə ilə müraciət etmək hüququna malikdir. Həmin Məcəllənin 100.2-ci maddəsinə görə isə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsi qərardadla müvəqqəti alimentin tutulmasının başlanğıcını 12 fevral 2021-ci il tarixdən müəyyən etdiyindən, qətnamə ilə alimentin alınmasının başlanğıcını 15.04.2021-ci il tarixdən alınması barədə düzgün nəticəyə gəlmişdir. Belə ki, iddiaçı 12.02.2021-ci il tarixdə atalığını müəyyən edilməsi və aliment tələbi ilə bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, ona görə də alimentin tutulduğu vaxt sonuncu tarixdən hesablanmalıdır. İddiaçı iddia ərizəsində və apellyasiya şikayətində alimentin tutulmasının başlanğıcını 2020-ci ilin oktyabr ayından hesablanmalı olduğunu göstərsə də, şikayətində və apellyasiya baxışı zamanı nümayəndəsi məhkəməyə alimentlə bağlı 2020-ci ilin dekabr ayında müraciət edildiyini göstərmişdir. Göründüyü kimi, 2020-ci ilin dekabr ayında məhkəməyə müraciət edilməsi həqiqi olsa belə, alimentin tutulmasının başlanğıcının 2020-ci ilin oktyabr ayından hesablanması anlaşılan deyildir. Bununla yanaşı, 2020-ci ilin dekabr ayında aliment tələbi ilə bağlı məhkəməyə müraciət edilməsi barədə də iddiaçı tərəfindən məhkəməyə mötəbər sübut təqdim edilməmişdir. Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının apelliyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin mübahisələndirdiyi hissədə ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2609/2021 saylı, 15 aprel 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar