Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5617/2022 17.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2, Cavabdehin nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “nisyə alqı-satqı müqaviləsinə əsasən borcun tutulması tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 26 may 2022-ci il tarixli 2(001)-1950/2022 saylı qətnaməsindən iddiaçının apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müqavilə üzrə ödənilməmiş 2594,71 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 45,95 manat məbləğində pulun cavabdehdən alınaraq MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, MMC ilə cavabdeh arasında qarşılıqlı razılaşma əsasında bağlanmış məhsulların nisyə alqı-satqısı barədə xx.xx.2020-ci il tarixli 082/2020 saylı müqavilənin 1-ci bəndinə əsasən MMC cavabdehə ümumi dəyəri 30000 manat olan müxtəlif çeşidli məhsullar satmış, cavabdeh isə müqavilənin 2-ci bəndinə əsasən həmin məhsulları qəbul etmiş və müqavilənin 3-cü bəndinə əsasən malların dəyərini pul şəklində 3 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. Daha sonra cavabdeh MMC-nin rəhbərliyinə yazdığı xx.xx.2020-ci il tarixli ərizədə borcunu etiraf etmiş və üç ay ərzində borcunu tam şəkildə ödəyəcəyini bildirmişdir. Lakin, cavabdeh müqavilə üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş və MMC-yə olan borcunun 2594,71 manat hissəsini bu günədək ödəməmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 26 may 2022-ci il tarixli 2(001)- 1950/2022 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Qətnamədən iddiaçı apelyasiya şikayəti verərək onun ləğv edilməsi və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apelyasiya şikayətində göstərilmişdir ki, MMC öz işçilərinin rifahının yaxşılaşdırılması və maddi vəziyyətlərinə köməklik göstərilməsi məqsədi ilə, istehsal və idxal etdiyi, eləcə də satışını həyata keçirdiyi məhsulları öz işçilərinə endirimli şərtlərlə nisyə alqı-satlı müqaviləsi əsasında təklif edir. Şirkətin bir çox işçisi bu təklifdən yararlanır və nisyə aldığı məhsulların dəyərini ödəyirlər. Cavabdehlə bağlanmış müqavilə predmeti olan mallar şirkətin anbarından təhvil-təslim aktı əsasında çıxarılaraq cavabdehə təhvil verilib. Müqavilə üzrə vergilər, yəni malların satışına görə nəzərdə tutulan əlavə dəyər vergisi (ƏDV) cavabdeh tərəfindən MMC-yə ödənilməli, MMC isə öz növbəsində həmin ƏDV-ni vergi orqanına ödəməli idi. Bu, tərəflər arasında imzalanaraq təsdiqlənmiş təhvil-təslim aktının məzmunundan da tam aydın görünür. Müqavilə üzrə ödənişlərin aparılması barədə mədaxil qəbzlərində ödəyicinin imzasının olması mövcud qanunvericiliyin tələblərinə görə imperativ xarakter daşımadığı üçün, ödəyici olan cavabdehin kassa mədaxil qəbzlərində imzası mövcud deyil və bu, qanun pozuntusu hesab edilmir. Cavabdeh MMC-də işlədiyi müddət ərzində ona qarşı işəgötürənin etimadı olmuş və borcunu ödəyəcəyi ilə bağlı vədlərə inanmışdır. Lakin cavabdeh işdən kobud əmək pozuntusu ilə çıxarıldıqdan sonra İddiaçı MMC-nin cavabdehə qarşı etimadı itmişdir və müqavilə üzrə öhdəliyini icra etməsi üçün ona xəbərdarlıq məktubu ilə müraciət edilmişdir. Cavabdeh isə bu xəbərdarlığa da əhəmiyyət verməmiş və müqavilə üzrə qalan borcunu ödəməkdən yayınmışdır. Kollegiyanın iclasında iştirak edən iddiaçının nümayəndəsi apelyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Kollegiya iclasında iştirak edən cavabdehin nümayəndəsi-vəkili isə apelyasiya şikayətinin əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası izahatları dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Cavabdeh İddiaçı MMC-yə ünvanladığı xx.xx.2018-ci il tarixli ərizədən müəyyən olunur ki, Cavabdeh xx.xx.2018-ci il tarixdən İddiaçı MMC-yə satış üzrə nümayəndə vəzifəsinə işə qəbul olunmasını xahiş etmişdir. İşəgötürən İddiaçı MMC ilə işçi Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli 18/3197 saylı müddətsiz əmək müqaviləsinə əsasən işçi şirkətə aylıq əmək haqqı 180 manat olmaqla satış üzrə nümayəndə vəzifəsinə işə qəbul edilmişdir. Əmək müqaviləsinin 3-cü bəndinə əsasən, işçinin əmək funksiyalarına işçinin müşayətedici sənədlərə uyğun olaraq anbardan yükləri qəbul etmək, qablaşdırmanın bütövlüyünü yoxlamaq, yüklərin təyin olunmuş yerə çatmasını müşayət etmək, onların nəql edilməsi zamanı lazım olan mühafizə rejimini həyata keçirmək, gətirilmiş yükü təhvil vermək, qəbul-təhvil sənədlərini rəsmiləşdirmək, Avropa şirkətinə məxsus malların maksimum dərəcədə paylaşdırılmasını təmin etmək, müştərilərdən Avropa şirkətinə məxus məhsulların satışından əldə edilən pul vəsaiti şirkətin xəzinəsinə vaxtında və tam ödəmək və s. daxildir. İşəgötürən İddiaçı MMC ilə işçi Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli tam maddi məsuliyyət daşınması haqqında müqavilədən müəyyən olunur ki, işçi əmək münasibətləri prosesində işəgötürən tərəfindən ona istifadəyə verilmiş, həvalə, təhkim olunmuş işəgötürənə məxsus olan əmlakın və maddi sərvətlərin salamatlığının təmin olunması üçün məsuliyyət daşıyır. İddiaçı MMC-nin 205/K saylı xx.xx.2021-cu il tarixli əmrindən çıxarışdan müəyyən olunur ki, cəmiyyətin satış departamentində satış üzrə nümayəndə vəzifəsində çalışan Cavabdeh ilə əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən, (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) xx.xx.2021-ci il tarixindən xitam verilmiş, əmrin verilməsinə əsas xx.xx.2021-ci il tarixli xəbərdarlıq bildirşi olmuşdur. İddiaçı MMC-də satış departamentinin satış nümayəndəsinin vəzifə təlimatından müəyyən olunur ki, satış nümayəndəsinin əsas vəzifələrindən biri Avrora şirkətinə məxsus malların ərazilərdə satışını təşkil etməkdən ibarətdir. Satıcı İddiaçı MMC ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli 082/2020 saylı nisyə alqı-satqı müqaviləsindən görünür ki, MMC ümumi dəyəri 30000 manat olan müxtəlif çeşidli məhsulları Cavabdeh satır, Cavabdeh isə ümumi dəyəri 30000 manat olan müxtəlif çeşidli məhsulları nisyə olaraq qəbul edir və 30000 manat borcunu 3 ay ərzində ödəməyi öhdəsinə götürür. xx.xx.2020-ci il tarixli 082/2020 saylı məhsulların nisyə alqı-satqısı barədə müqavilə üzrə təhvil-təslim aktından görünür ki, satıcı İddiaçı MMC 30000 manat məbləğində olan müxtəlif çeşidli məhsulları alıcı Cavabdeh təhvil vermişdir. Cavabdeh İddiaçı MMC-nin prezidenti Ceyhun Abbasova yazdığı xx.xx.2020-ci il tarixli ərizədən görünür ki, Cavabdeh MMC-yə 30000 manat borcunun olmasını etiraf etmiş və üç ay ərzində borcunu tam şəkildə ödəyəcəyini bildirmişdir. İddiaçı MMC-nin Cavabdeh ünvanladığı xx.xx.2021-ci il tarixli 907 saylı xəbərdarlıqdan görünür ki, satıcı alıcıya müqavilə əsasında götürdüyü məhsulların dəyərinin 2594,71 manat hissəsini 5 iş günü ərzində ödəmədiyi təqdirdə, məhkəməyə müraciət edəcəyi barədə xəbərdarlıq etmişdir. İddiaçı MMC-nin xx.xx.2021-ci il tarixli mədaxil qəbzinin kötüyündən görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixli 082/2020 saylı məhsulların nisyə alqı-satqı müqaviləsinə əsasən 7500 manat ödəniş etmişdir. İddiaçı MMC-nin xx.xx.2021-ci il tarixli mədaxil qəbzinin kötüyündən görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixli 082/2020 saylı məhsulların nisyə alqı-satqı müqaviləsinə əsasən 11352,60 manat ödəniş etmişdir İddiaçı MMC-nin xx.xx.2021-ci il tarixli mədaxil qəbzinin kötüyündən görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixli 082/2020 saylı məhsulların nisyə alqı-satqı müqaviləsinə əsasən 8553,30 manat ödəniş etmişdir. Birinci instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, əsas vəzifələrindən biri şirkətə məxsus malların satışını təşkil etməkdən ibarət olan işçisi ilə iddiaçının 30000 manat məbləğində nisyə alqı-satqı müqaviləsi bağlaması, müqavilənin predmeti olan 30000 manat dəyərində malların şirkətin anbarından hansı qaiməyə əsasən çıxarılaraq cavabdehə təhvil verilməsi, bu müqavilə üzrə vergilərin kimin tərəfindən ödənilməsi barədə sübutların məhkəməyə təqdim edilməməsi, bu müqavilə üzrə ödənişlərin aparılması barədə mədaxil qəbzlərinin yalnız iddiaçı tərəfindən imzalanması, 3 aylıq icra müddəti olan müqavilə üzrə öhdəliyin icrası məqsədi ilə cavabdehə qarşı iddia tələbi ilə, sonuncu ilə əmək müqaviləsinə işəgötürənin təşəbbüsü ilə xitam verdikdən sonra məhkəməyə müraciət olunması xx.xx.2020-ci il tarixli 082/2020 saylı nisyə alqı-satqı müqaviləsinin yalan əqd olmaqla tərəflər arasında bağlanmış əmək və tam maddi məsuliyyət müqaviləsi üzrə işçinin işəgötürənə vura bilməsi güman edilən maddi ziyanın aradan qaldılması məqsədi ilə bağlanmışdır. Kollegiya hesab edir ki, məhkəmənin qənaəti qanuni və əsaslı olmuşdur. Göründüyü kimi, tərəflər arasında əmək münasibətləri olmuş, cavabdeh MMC-nin işçisi olmuş, məhkəmə haqlı olaraq belə qənaətə gəlmişdir ki, xx.xx.2020-ci il tarixli 082/2020 saylı nisyə alqı-satqı müqaviləsi tərəflər arasında bağlanmış əmək və tam maddi məsuliyyət müqaviləsi üzrə işçinin işəgötürənə vura bilməsi güman edilən maddi ziyanın aradan qaldılması məqsədi ilə bağlanmışdır. Mülki Məcəllənin 337.1-ci maddəsinin tələbinə görə, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 340.2-ci maddəsinin tələbinə görə isə yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yalan əqdlərlə əlaqədar formalaşmış hüquqi mövqeyinə əsasən, yalan əqd başqa bir əqdi pərdələmək niyyəti ilə görünüş üçün bağlanmış əqddir. Yalan əqd halında əslində eyni anda iki ayrı əqd bağlanmış olur. Görünən əqd tərəflərin əsl hüquqi niyyətlərini əks etdirmir. Tərəflər əslində başqa bir müqavilə barədə razılığa gələrək görüntü üçün bağladıqları əqdlə həmin müqaviləni pərdələyirlər. Yalan əqd müqavilə tərəflərinin bilərəkdən məqsədli şəkildə yol verdikləri hüquqa zidd bir hərəkətdir (N.Hacıyevanın şikayəti üzrə 2020-ci il 10 mart və X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli Qərarlar). Göründüyü kimi, əqd yalan əqd hesab olunduqda, həmin əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Lakin hazırki işdə iddiaçı əmək müqaviləsi və ondan doğan məsələlərlə bağlı hər hansı tələb (dəlil) irəli sürmədiyindən və hazırki işin icraatı çərçivəsində bu məsələni araşdırmaq mümkün olmadığından, həmin qaydaları tətbiq etmək mümkün deyildir. Kollegiya hesab edir ki, iddiaçının dəlilləri əsassız olmaqla, inandırıcı və ağlabatan deyildir, məhkəmə düzgün nəticəyə gəlmişdir. Məhkəmə Kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məclləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Apelyasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvi yaxud dəyişdirilməsi üçün əsas deyildir. Xüsusilə qeyd olunmalıdır ki, Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 401 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1950/2022 saylı iş üzrə 26 may 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-5617/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5617/2022
17.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver