Məhkəmə qərarları › İş №2(103)-562/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-562/2023

17.04.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-562/2023 17.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh və üçüncü şəxs Yasamal Rayon İcra Hakimiyyətinə qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: “qanunsuz tikilinin sökülməsi” hakimlər X4 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Sadıxov Çingiz Elbrus oğlunun katibliyi, İddiaçı nümayəndəsi vəkil Nümayəndə və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh və üçüncü şəxs Yasamal Rayon İcra Hakimiyyətinə qarşı qanunsuz tikilinin sökülməsi tələbinə dair Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-32/2022 saylı mülki işi üzrə 28 iyun 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı:

1. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi ərizəsini təqdim edərək ünvan 1 ünvanda Cavabdeh tərəfindən qanunsuz olaraq (qarşılıqlı razılıq əsasında tikilmiş divarın üstündə inşa edilmiş) divar boyu inşa edilmiş qanunsuz tikilinin damı ilə birlikdə İddiaçı divarı boyu sökülməsi barədə iddiası Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-32/2022 saylı mülki işi üzrə 28 iyun 2022-ci il tarixli qətnaməsi ilə təmin edilmiş, iş üzrə aparılmış 50 manat məbləğində ekspertiza xərcinin Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi, iş üzrə ödənilmiş 20 manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.

2. Qətnamədə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 24.1, 25, 27.1; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4, 218.3-cü maddələrinə istinadən qeyd edilmişdir ki, cavabdeh tərəfindən qeyd edilən tikililər “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırılma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydaları”nın tələblərinə riayət olunmadan tikilmişdir və həmin tikililər özbaşına tikili hesab olunmaqla iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur.

3. Birinci instansiya məhkəməsində icraat zamanı müəyyən edilmişdir ki: Bakı şəhəri Yasamal rayonu İcra başçısının xx.xx.1994-cü il tarixli Kirayə müqaviləsinin dəyişdirilməsi haqqında sərəncamına əsasən H.Hacıyev 85 №-li evdə yaşayan mənzil kirayəçisi X1 yeni mənzil alması və pasport qeydiyyatından çıxması ilə əlaqədar olaraq 3 otaqlı, sahəsi 53,8 kv m olan mənzilin kirayə müqaviləsi onun oğlu X5 ilə bağlanılmışdır. Ailə tərkibi qardaşı - X6, qızları X7, X8, arvadı İddiaçıdır; - Bakı şəhəri Yasamal rayonu İcra başçısının xx.xx.1995-ci il tarixli sərəncamına əsasən Hacıyev küçəsi, 85 №-li evin bölünməsi haqqında İdarələrarası Komissiyanın rəyi təsdiq edilmiş, 19 kv.m sahəsi olan otaq ev sahibinin qardaşı X2 adına keçirilmiş, 34,8 kv m olan 2 otaq ev sahibi X3 adına keçirilmişdir; - Bakı şəhəri Yasamal rayonu İcra başçısının xx.xx.1995-ci il tarixli sərəncamına əsasən H.Hacıyev küçəsi 85 saylı evin sahəsi 14 kv m olan boşalmış otağı N.B.Aydəmirovun mənzilinə əlavə edilmişdir; - MH №055523 seriya nömrəli Qeydiyyat vəsiqəsinə əsasən Bakı şəhəri, H.Hacıyev küçəsi 85 №li yaşayış evi X3 xüsusi mülkiyyəti kimi qeydiyyatdan keçmişdir; - xx.xx.2016-cı il tarixli Qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin surətinə əsasən X3 vərəsəsi arvadı İddiaçıdır. Miras əmlak ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 60,3 kv m olan 3 otaqlı mənzildən ibarətdir; - Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reystrindən RX № ******* seriya nömrəli çıxarışa əsasən müəyyən olunur ki, Bakı şəhəri Yasamal rayonu, Azərbaycan prospekti ev 85 İddiaçıın xüsusi mülkiyyətindədir; - DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli sorğuya cavab məktubundan məlum olur ki, Cavabdeh adına olan Bakı şəhəri, Yasamal rayonu, Azərbaycan prospekti 85 ünvanına dair texniki pasport aşkar edilməmişdir və çıxarış idarənin arxivində saxlanılmamışdır; - ÖM № 206508 seriya nömrəli qeydiyyat vəsiqəsinin surətindən məlum olur ki, H.Hacıyev küçəsi 85 saylı evin 190 №li yaşayış sahəsindən ibarət 1 otaqlı mənzili Cavabdeh xüsusi mülkiyyətindədir; - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə tikinti-texniki ekspertizasının 10 iyun 2022-ci il tarixli 10/756 №-li ekspert rəyindən məlum olur ki, Cavabdeh tərəfindən inşa edilmiş tikililərə dair yuxarıda qeyd edilən müvafiq icazəverici sənədlər olmadığı təqdirdə, həmin tikililərin inşası zamanı Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 80.1. bəndinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli, 160 №-li qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırılma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydaları”nın tələblərinə riayət olunmadığı müəyyən edilir. İddiaçı mülkiyyətində olan yaşayış evinə baxış keçirilən zaman ikinci mərtəbədə yerləşən tikililərin pəncərə boşluqlarının qarşısında təqribən 0,6-0,8 metr məsafədə cavabdeh tərəfindən metal konstruksiyalar və müxtəlif tikinti materiallarından istifadə edilməklə tikinti-quraşdırma işlərinin aparıldığı müəyyən edilmişdir. Aparılmış tikinti-quraşdırma işlərinə dair yuxarıda qeyd edilən müvafiq icazəverici sənədlər olmadığı təqdirdə, həmin tikililərin inşası zamanı Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 80.1. bəndinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli, 160 №-li qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırılma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydalarının tələblərinə riayət olunmadığı müəyyən edilir (iş səh. 8-12, 14, 124, 143, 161). Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:

4. Cavabdeh apellyasiya şikayəti verərək, Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinin ləğv edilib, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 12.5, 24.1, 24.2.3, 27.1; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 103.1, 103.2, 217.1, 217.3-cü maddələrinə istinadən qeyd edilmişdir ki, məhkəmənin qətnaməsində qeyd etdiyi kimi yaşayış sahəsinin yenidən qurulması və yenidən planlaşdırma layihəsinin pozulması ilə aparılan özbaşına tikilidən söhbət gedə bilməz. Belə ki, qanunun tələbindən göründüyü kimi (MM-nin 12.5-ci maddəsi) eyvan yaşayış sahəsi hesab edilmir və mübahisə edilən (guya qanunsuz tikili aparılan) sahə onun eyvanına təsadüf edir ki, bu da yaşayış sahəsi hesab edilə bilməz. Bundan başqa, o, yaşayış sahəsinin yenidən qurulması ilə bağlı özbaşına tikinti işləri aparmamış, məhkəmə iclasında qeyd etdiyi kimi mübahisəli tikilinin olduğu yaşayış evi onun xüsusi mülkiyyətindədir. Həmin evdə hər hansı tikinti işləri aparmamış və evi hazırkı vəziyyətdə almışdır.Tikili apardığı sahə isə onun eyvanına təsadüf edir ki, bu da yaşayış sahəsi hesab edilə bilinmədiyi üçün yaşayış sahəsinə aid edilən qaydalar həmin tikili ilə bağlı tətbiq edilə bilməz. Buna baxmayaraq, onun eyvanda apardığı tikiliyə yaşayış sahəsi ilə bağlı qaydalar tətbiq edilməklə əsassız olaraq həmin tikilinin sökülməsi barədə qətnamə qəbul edilmişdir. Bundan başqa, ekspert rəyində aparılmış tikilinin iddiaçının hüquqlarını pozması qeyd edilməmiş və işin materiallarında da bu hal müəyyən edilməmişdir. Buna baxmayaraq, hakim qətnamədə özbaşına tikilinin iddiaçının hüquqlarını pozduğunu qeyd edərək, həmin tikilinin sökülməsi barədə qətnamə qəbul etmişdir. Halbuki, Mülki Məcəllənin 180-ci maddəsinə əsasən özbaşına tikili o halda fiziki şəxsin müraciəti əsasında sökülə bilər ki, bu tikilinin həmin şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmuş olması müəyyən edilmiş olsun. Beləliklə, məhkəmənin qətnamə qəbul edərkən Mənzil Məcəlləsinin 24.1, 24.2.3 və 27.1-ci maddələrinə, həmçinin Mülki Məcəlləsinin 180-ci maddəsinə istinad etməsi birbaşa maddi hüquq normalarının pozulması ilə nəticələnmişdir. Məhkəmə yalnız iddiaçının dəlillərinə əsaslanmış, onun irəli sürdüyü dəlillərə hüquqi qiymət verməmişdir. Apellyasiya icraatında müəyyən edilən hallar və məhkəmə prosesi iştirakçılarının izahatları:

5. Məhkəmə kollegiyasının xx.xx.2022-ci il tarixli iclasında iştirak etmiş Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, iddiaçının pəncərəsinin açılmasına heç bir maneənin olmadığını, ekspertin onun mənzilinə baxış keçirən zaman yeni tikilinin olmasını müəyyən edə bilmədiyini, mənzildə yalnız çəpərlənmə işlərinin həyata keçirildiyini, qarşı tərəfin bildirdiyi kimi arakəsməyə zibil atılmasının həqiqətə uyğun olmadığını, fotoşəkillərdən göründüyü kimi iddiaçının özünün qırmızı kərpiclə yeni tikililər apardığını və onun bu tikililərin aparılmasının qanuniliyinin yoxlanılmadığını bildirmişdir.

6. Məhkəmə kollegiyasının xx.xx.2022-ci il tarixli iclasında iştirak etmiş iddiaçının nümayəndəsi vəkil Nümayəndə məhkəməyə təqdim etdiyi etirazda qeyd edilmiş xüsusatları müdafiə edərək, cavabdeh tərəfindən qanunsuz olaraq aparılmış tikilinin iddiaçının mənzilinə işıq düşməsinin qarşısının aldığını, pəncərənin açılmasına mane olduğunu, eyni zamanda iddiaçı və cavabdeh arasında olan divar arakəsməyə zibil atıldığını, cavabdeh tərəfindən mənzilə əlavə yeni tikililərin tikildiyini, cavabdeh tərəfindən tikinti normalarının pozulduğunu bildirmişdir.

7. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli qərardadı ilə, iş üzrə əlavə məhkəmə-tikinti texniki ekspertizası təyin edildiyindən icraat dayandırılmışdır.

8. Təqdim edilmiş ekspert rəyində qeyd edilmişdir ki, İddiaçı məxsus fərdi yaşayış evinə baxış keçirilən zaman sözügedən fərdi yaşayış evinin ümumi quruluşunun, tikililərin yerləşmə vəziyyətinin, ölçülərin və digər texniki parametrlərin texniki pasport sənədinə uyğun olduğu müəyyən edilmişdir. İddiaçı istifadəsində olan tikililərin Azərbaycan Respublikası Bakı Şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən fərdi yaşayış fonduna daxil olan özəlləşdirilmiş mənzilin texniki pasport sənədlərində öz əksini tapdığını nəzərə alaraq, İddiaçı Cavabdeh ilə həmsərhəd tikililərinin tikinti inşaat normalarına və texniki sənədlərə uyğun olduğu müəyyən edilmişdir. Cavabdehə məxsus tikililərin İddiaçı maneçilik törədib-törətməməsinin müəyyən edilməsi tikinti-texniki ekspertinin səlahiyyətlərinə aid olmadığından sualın ikinci hissəsi üzrə tədqiqat aparılmadı.

9. Məhkəmə kollegiyasının xx.xx.2023-cü il tarixli iclasında iştirak etmiş iddiaçının nümayəndəsi vəkil Nümayəndə bu ekspertizada yalnız materiallar əsasında tədqiqat aparıldığını, günəş işığının iddiaçının otağına düşməsi, düşdüyü halda məhdudlaşdırılmasının müəyyən edilməsi üçün mütəxəssisin cəlb edilməsini xahiş etdiyini bildirmişdir.

10. Məhkəmə kollegiyasının xx.xx.2023-cü il tarixli iclasında iştirak etmiş Cavabdeh evə başqa qurumun, məsələn Fövqəladə Hallar Nazirliyinin ekspertlərinin gəlib baxmasını xahiş etmişdir.

11. 10.04.2023-cü il tarixində ünvan 4 ünvanda yerləşən cavabdehə məxsus evə baxış keçirilən zaman girişdən dəhlizə və dəhlizin sağ tərəfində 2-ci mərtəbəyə dairəvi pilləkənlə qalxanda dəhlizə və ondan sağ tərəfdə (iddiaçının evi ilə yanbayan və dəhlizlə üzbəüz) bir hissəsi daşla hörülmüş, bir hissəsi isə müvəqqəti nazik laylarla bağlanmış, üstü isə dəmir şiferlərlə örtülmüş divar müşahidə edilir. Yan tərəfdə yerləşən iddiaçıya məxsus evin 3 pəncərəsi həmin divara tərəf baxır və pəncərələrin açılmasına hər hansı maneə müşahidə olunmur. Belə ki, divarlar arasında müəyyən məsafə (boşluq) mövcuddur. İddiaçının mənzilinə baxış keçirilən zaman iddiaçının nümayəndəsi tərəfindən mübahisəli tikililərin günəş işığının iddiaçının evinə düşməsinin qarşısını aldığı qeyd edilir və o məqsədlə onların evinin qarşısında olan hissəsinə yönəlik cavabdehə məxsus tikililərin və bu tikililərin üzərində olan kümün onların sahəsinə yönəlik tərəfə təqribən 20- 30 sm ölçüdə olan hissəsinin sökülməsi zəruriliyi bildirilir.

12. Məhkəmə kollegiyasının xx.xx.2023-cü il tarixli iclasında iştirak edən iddiaçının nümayəndəsi vəkil Nümayəndə cavabdehə məxsus evin birinci mərtəbəsinin bir otaq və köməkçi sahədən ibarət olduğunu, həmin otağın sahəsinin 19 kv.m olduğunu, ikinci mərtəbənin bütövlükdə özbaşına tikili olduğunu, bu halın ekspert tərəfindən də müəyyən edildiyini bildirmiş, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.

13. Məhkəmə kollegiyasının xx.xx.2023-cü il tarixli iclasında iştirak edən Cavabdeh qarşı tərəfin ilk olaraq həmin tikiliyə görə pəncərənin açılmasının mümkün olmadığını bildirdiyini, halbuki yerli baxış zamanı pəncərənin açılmasına heç bir maneənin olmadığının müəyyən olunduğunu, həmin evdə əlavə tikinti apararaq heç nə artırmadığını bildirmiş, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya baxışının hədləri:

14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə əsasən: maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

15. Azərbaycan Respublikası Konstiusiyasının tələblərinə əsasən; 24. İİİ. Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Hüquqlardan sui-istifadəyə yol verilmir. 7 1 İİ. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. 8 0 . Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.

16. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasına dair 20 mart 1952-ci il Əlavə protokolunun “Mülkiyyətin müdafiəsi “ adlanan 1-ci maddəsinə əsasən: Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin, ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır.

17. Azərbaycan Respublikası Mülki Məcəlləsinin aşağıdakı tələbləri (maddələri) nəzərə alınmalıdır: 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. 169.1. Bu Məcəllədə müəyyənləşdirilmiş hallarda mülkiyyət hüququ məhdudlaşdırıla bilər. 170.1. İkitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. 170.2. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səsküyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. 170.3. Heç kəsə icazə verilmir ki, suyun təbii axımını qonşunun ziyanına dəyişdirsin. Aşağı torpaq sahəsi üçün zəruri olan su yuxarı torpaq sahəsi üçün zəruri olan həcmdə axıdıla bilər. Su axıdılarkən aşağıda yerləşən torpaq sahəsinin mülkiyyətçisi əvvəllər ona təbii yolla gəlmiş suyu kompensasiyasız götürməlidir. Əgər suyun buraxılması nəticəsində ona ziyan dəyirsə, tələb edə bilər ki, yuxarıdakı mülkiyyətçi öz hesabına aşağı torpaq sahəsindən nov çəksin. 171.1. Torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz. 171.2. Təsirin əhəmiyyətli olduğu, lakin digər torpaq sahəsindən və ya başqa daşınmaz əmlakdan adi istifadədən törəndiyi və istifadəçilərin həmin növü üçün normal təsərrüfat fəaliyyəti sayılan tədbirlərlə qarşısı alına bilmədiyi hallarda da eyni qayda qüvvədə olur. 171.3. Əgər mülkiyyətçi bu cür təsirə dözməyə borcludursa, o, təsiri əmələ gətirən torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisindən, təsirin həmin ərazi üçün təsdiq edilən adi istifadədən və iqtisadi cəhətdən yol verilən hədlərdən yüksək olduğu hallarda pul formasında müvafiq kompensasiya tələb edə bilər. 172.1. Qazıntı və tikinti işləri apararkən mülkiyyətçiyə icazə verilmir ki, torpağı qonşu torpaq sahələrinə kürüməklə onlara ziyan vursun və ya onları təhlükəyə məruz qoysun və ya həmin sahələrdəki qurğuları zədələsin. 172.2. Torpaq sahəsinin mülkiyyətçisi özünün torpaq sahəsindən istifadə hüququna yolverilməz şəkildə qəsd edən belə qurğuların qonşu sahədə tikilməsinin və ya istismarının qadağan olunmasını tələb edə bilər. 172.3. Əgər torpaq sahəsinin mülkiyyətçisi tikinti zamanı qonşu sahənin sərhədlərini qərəzsiz pozarsa, həmin sahənin mülkiyyətçisi, pozuntu aşkar edilməzdən qabaq və ya aşkar edilən kimi pozucuya etiraz bildirildiyi hallardan başqa, həmin pozuntuya dözməlidir. Sərhədi pozmuş qonşu pul kompensasiyası ödəməli və bundan sonra onu hər il ödəməlidir. 172.4. Qonşuluq hüququnun göstərişlərini pozan binalara çıxıntılı binalar haqqında qaydalar tətbiq edilir. 173.1. Başqa daşınmaz əmlaka keçən çıxıntıları olan binalar və digər qurğular yerləşdikləri daşınmaz əmlakın tərkib hissəsi kimi qalırlar, bu şərtlə ki, həmin əmlakın mülkiyyətçisi onlara əşya hüququna malik olsun. Qonşu ya üst tikiliyə qarşı etirazını bildirə bilər, ya da bununla barışaraq ağlabatan əvəz ödənilməsini tələb edə bilər. 173.2. Üst tikiliyə hüquq daşınmaz əmlakın dövlət reyestrində servitut kimi qeydə alına bilər. 173.3. Əgər üst tikili əsassızdırsa və hüququna toxunulmuş şəxs, bunu bilsə də, vaxtında etiraz etməzsə, üst tikilini ucaldan şəxsə, şəraitin haqq qazandırdığı hallarda, ağlabatan əvəz ödənilməklə, üst tikiliyə əşya hüququ və ya torpağa mülkiyyət hüququ verilə bilər. 173.4. Əgər qonşu sahədən binanın uçub torpaq sahəsinə tökülməsi təhlükəsi varsa, mülkiyyətçi qonşudan həmin təhlükənin qarşısının alınması üçün lazımi tədbirlər görməyi tələb edə bilər. 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir; 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır; 560.3.4. digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadədir.

18. Məhkəmə kollegiyası mübahisə edilən hissədə apellyasiya şikayətinin əsaslı dəlillərinə, Azərbaycan Respublikası Konstitusiyasının 13, 29; Mülki Məcəllənin 139-181, Mülki Prosessual Məcəllənin 14.2, 76.1, 77.1, 80-82, 106.2, 217.4, 385-ci maddələrinə istinadən hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları üzrə məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmayaraq sübutlara (mötəbərliyinə) düzgün qiymət verilməmiş, qətnamədə göstərilmiş nəticələr iş üzrə müəyyən edilmiş hallara tam uyğun gəlməmiş, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan hallar qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla əhatə edilərək, müəyyən edilmiş faktlardan və tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticə hasil olunmuşdur.

19. Belə ki, işin araşdırılması zamanı qonşuluq hüququ və onun təsiri həddi, habelə bu müstəvidə maneələrin nədən ibarət olması müəyyən edilməmişdir. İş üzrə ekspertiza və yerində müayinə zamanı iddiaçının özünə mənsub olduğu yaşayış sahəsinə cavabdehə məxsus sahədən dözülməz təsirin mövcud olması sübuta yetirilməmişdir. Mülki qanunvericilik təsbit edir ki, tikinti zamanı qonşunun (cavabdehin) sahənin sərhədlərini qərəzsiz pozması halında belə, həmin sahənin mülkiyyətçisi, pozuntu aşkar edilməzdən qabaq və ya aşkar edilən kimi pozucuya etiraz bildirildiyi hallardan başqa, həmin pozuntuya dözməli, habelə daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz.

20. Ümumiyyətlə tələbə və işdə olan sübutlara diqqət yetirəndə belə ziddiyyətlər aşkar surətdə görünür. Belə ki, tələbdə ünvan 1 ünvanda Cavabdeh tərəfindən qanunsuz olaraq (qarşılıqlı razılıq əsasında tikilmiş divarın üstündə inşa edilmiş) divar boyu inşa edilmiş qanunsuz tikilinin damı ilə birlikdə İddiaçı divarı boyu sökülməsi qeyd edilsə də, qeyd edilən ünvan cavabdehin yaşayış sahəsi kimi göstərilsə də, cavabdehin təqdim etdiyi sənəddə ünvan fərqli göstərilmiş, habelə DƏDKR publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin sorğuya cavab məktubunda Cavabdeh adına olan Bakı şəhəri, Yasamal rayonu, Azərbaycan prospekti 85 ünvanına dair texniki pasport aşkar edilmədiyi təqdirdə ekspertizanın yalnız iddiaçıya məxsus texniki sənədlər əsasında tədqiqatın keçirilməsi anlaşılan deyil. Bu da özlüyündə Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə tikinti-texniki ekspertizasının 10 iyun 2022-ci il tarixli 10/756 №-li ekspert rəyinin sübut qismində mötəbərliyini istisna edir. Bundan əlavə, tələbin özündən müəyyən edilir ki, İddiaçı divarı boyu damı ilə birlikdə sökülməsi tələb edilən “divar boyu inşa edilmiş qanunsuz tikili” qarşılıqlı razılıq əsasında tikilmiş divarın üstündə inşa edilmişdir. Bu mənada diqqətə çatdırılmalıdır ki, tərəflərin özlərinin öz aralarında olan razılığı əsasında mübahisənin həlli özlərinə mənsub olduğu halda bu məsələnin qanunvericilik müstəvisində həlli yalnız bu səlahiyyətə malik müvafiq icra hakimiyyətinə müraciət edərək sənədləşmə və mərzlənmənin (bölünmənin) ixtisaslı şəxslər tərəfindən aparılması halında mümkündür.

21. Məhkəmə xərclərini müzakirə edən məhkəmə kollegiyası hesab edir ki, iddia təmin edilmədiyindən iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarına aid, habelə iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumuna görə məhkəmə xərci iddiaçıya və tələb olmadığından apellyasiya şikayətinin verilməsi üçün ödənilən dövlət rüsumları üzrə məhkəmə xərcləri müvafiq olaraq cavabdehə aid edilməlidir.

22. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-32/2022 saylı mülki işi üzrə 28 iyun 2022-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh və üçüncü şəxs Yasamal Rayon İcra Hakimiyyətinə qarşı qanunsuz tikilinin sökülməsi barədə iddiası rədd edilsin. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının dəyəri olan 100 (bir yüz) manat məbləğində pul vəsaiti İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar