Məhkəmə qərarları › İş №2(103)-5621/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5621/2023

13.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5621/2023 13.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Xəyal Sarıyevdən ibarət tərkibdə, Aytən Kərimovanın katibliyi, iddiaçının nümayəndəsi Günel Sadıqsoy və Cavabdeh iştirakı ilə, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “alqı-satqı müqaviləsinin ləğv edilməsi və evin boşaldılması barədə” iddiasına dair mülki iş üzrə Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsindən Cavabdeh apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Bakı- Aeroport yolu, Mərkəz küçəsində yerləşən 59 №-li evə dair iddiaçı (satıcı) ilə cavabdehin (alıcının) arasında bağlanmış xx.xx.2019-cu il tarixli ******* nömrəli alqı-satqı müqavilə ləğv edilsin və ev boşaldılaraq iddiaçıya təhvil verilsin. Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə qət olunub ki, iddia təmin edilsin, müqavilə ləğv edilsin, ev boşaldılaraq iddiaçıya təhvil verilsin. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia rədd olunsun. Məhkəmə iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin əsaslı olduğunu, iddiaçının nümayəndəsi Günel Sadıqsoy isə apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir: İddiaçı (satıcı) ilə cavabdehin (alıcının) arasında bağlanmış xx.xx.2019-cu il tarixli ******* nömrəli alqı-satqı müqaviləsinə görə, ev 60.380 manata alqı-satqı edilir, alıcı 10.880,10 manatı satıcıya notariusun depozit hesabı vasitəsilə ödəyir, qalan 49.500 manatı isə hər ay 900 manat olmaqla xx.xx.2024-cü ilədək ödəyir. İddiaçı iddia edir ki, 10.880,10 manat ödənildikdən sonra ev cavabdehin istifadəsinə verilib, lakin sonradan cavabdeh lazımi ödənişləri icra etməyib. Müəyyən olunur ki, hazırkı vaxta kimi cavabdeh evin qiymətinin çox hissəsini - 38.780,07 manat ödəyib, ödənilməmiş qalan hissə 21.599,93 manatdır. Bunu iddiaçı da təsdiq edir. Cavabdeh bildirib ki, ödənişlərin yubanmasına səbəb pandemiya olub, qalan 21.599,93 manatı hissə-hissə hər ay 1.000 manat olmaqla ödəyəcək. O, bu barədə məhkəməyə ərizə də təqdim edib. Bundan başqa, cavabdeh həmin evdə göstərilən ailə üzvləri ilə bilikdə yaşayır: 1) arvadı X1; 2) övladı X3; 3) gəlini X2; 4) nəvəsi X5; 5) nəvəsi X4. Cavabdehin və ailə üzvlərinin başqa yaşayış yeri yoxdur, evdən çıxarılacaqları təqdirdə yaşayış yerindən məhrum olacaqlar. Nəzərə alınmaldır ki, hazırkı iddia ərizəsində cavabdehin ailə üzvlərinə qarşı tələb irəli sürülməyib, belə tələb olmadan məhkəmə evin boşaldılmasını qət edə bilməz, çünki “boşaldılma” deyiləndə evdə yaşayan bütün şəxslərin oradan çıxarılması başa düşülür. Bununla yanaşı, tərəflərin münasibəti real alqı-satqı münasibəti deyil. Cavabdehin iddiaçının qarşısında kredit öhdəliyi olub (iş v. 35), sonradan bank onun evinə mülkiyyət hüququ əldə edib, bundan sonra isə bank ilə cavabdehin arasında alqı-satqı müqaviləsi bağlanıb. Müqavilə bağlanana qədər cavabdeh və ailə üzvləri həmin evdə yaşayıblar, yəni müqaviləyə qədər evdən çıxmayıblar, buna görə də müqavilədən sonra evin onlara təhvil verilməsi baş verməyib. Bundan başqa, müqaviləyə görə, evin qiymətinin ödənilməsi müddəti xx.xx.2024cü ildə başa çatmalıdır, yəni qiymətin ödənilməsi üçün müəyyən edilmiş müddət hələ bitməyib. Məhkəmə yuxarıda qeyd olunan hallara əsaslanaraq hesab edir ki, qiymətin hissəhissə ödənilməsində cavabdehin yol verdiyi pozuntu müqavilənin əhəmiyyətli dərəcədə pozulması hesab edilmir. Mülki Məcəllənin 600.4-cü maddəsində qeyd olunub ki, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Göründüyü kimi, belə vəziyyətdə satıcının 2 alternativ davranış imkanı var: 1) əşyanın qiymətinin ödənilməsini tələb etmək; 2) qiyməti ödənilməmiş əşyanın qaytarılmasını tələb etmək. Mülki Məcəllənin 5.3-cü maddəsinə görə, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Hazırkı işin hallarına görə, vicdanlılıq tələb edir ki, iddiaçı 600.4cü maddədə müəyyən edilmiş hüququnu həyata keçirərkən 1-ci imkandan istifadə etsin, çünki 2-ci imkandan istifadə edilməsi, yəni evin qiymətinin böyük hissəsini ödəmiş cavabdehin və onun ailə üzvlərinin yaşayış yerindən məhrum edilməsi, onların vəziyyətinin daha da ağırlaşmasına səbəb olacaq. Ona görə də iddiaçı qiymətin ödənilməmiş hissəsinin ödənilməsi üçün məhkəməyə iddia verməlidir. Beləliklə, qətnamə ləğv edilməli və iddia rədd olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin olunsun. Hazırkı iş üzrə Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv olunsun. İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “alqı-satqı müqaviləsinin ləğv edilməsi və evin boşaldılması barədə” iddiası rədd olunsun. Qətnamədən rəsmi qaydada verildikdən sonra 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar