Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5626/2022 25.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair iş üzrə (Açar sözlər: borcun etirafı, müqavilə öhdəliyinə əməl olunmaması, yalan əqd, borcun ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, İddiaçı nümayəndəsi X1, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 26 may 2022-ci il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi: İşin halları
1. İddiaçı (MMC) ilə Cavabdeh arasında xx.xx.2018-ci il tarixdə 18/2037 saylı müddətsiz əmək müqaviləsi bağlanmış, Cavabdeh MMC-nə aylıq əmək haqqı 180 manat olmaqla satış üzrə nümayəndə vəzifəsinə işə qəbul edilmişdir. Əmək müqaviləsinin 3-cü bəndinə əsasən, işçinin əmək funksiyalarına işçinin müşayətedici sənədlərə uyğun olaraq anbardan yükləri qəbul etmək, qablaşdırmanın bütövlüyünü yoxlamaq, yüklərin təyin olunmuş yerə çatmasını müşayət etmək, onların nəql edilməsi zamanı lazım olan mühafizə rejimini həyata keçirmək, gətirilmiş yükü təhvil vermək, qəbul-təhvil sənədlərini rəsmiləşdirmək, şirkətə məxsus malların maksimum dərəcədə paylaşdırılmasını təmin etmək, müştərilərdən şirkətə məxus məhsulların satışından əldə edilən pul vəsaitini şirkətin xəzinəsinə vaxtında və tam ödəmək və s. daxildir.
2. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli 084/2020 saylı nisyə alqı-satqı müqaviləsinə görə, MMC ümumi dəyəri 30 000 manat olan müxtəlif çeşidli məhsulları Cavabdeh satır, Cavabdeh isə ümumi dəyəri 30 000 manat olan müxtəlif çeşidli məhsulları nisyə olaraq qəbul edir və 30 000 manat borcunu 3 ay ərzində ödəməyi öhdəsinə götürür.
3. xx.xx.2020-ci il tarixli 084/2020 saylı “Məhsulların nisyə alqı-satqısı barədə müqavilə üzrə təhvil-təslim aktı”na görə, 30 000 manat məbləğində olan müxtəlif çeşidli məhsullar Cavabdeh təhvil verilmişdir.
4. Cavabdeh MMC-nin prezidenti Ceyhun Abbasova yazdığı xx.xx.2020-ci il tarixli ərizədə borcunu etiraf etmiş, üç ay ərzində borcunu tam şəkildə ödəyəcəyini bildirmişdir.
5. İddiaçı MMC Cavabdeh xx.xx.2021-ci il tarixdə məktub ünvanlayaraq, müqavilə əsasında götürdüyü məhsulların dəyərinin 4103,40 manat hissəsini 5 iş günü ərzində ödəmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir.
6. İddiaçı MMC-nin 460/K saylı xx.xx.2021-ci il tarixli əmri ilə cəmiyyətdə satış üzrə nümayəndə vəzifəsində çalışan Cavabdeh əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə (işçinin təşəbbüsü ilə) əsasən xx.xx.2021-ci il tarixdən xitam verilmişdir.
7. İddiaçı MMC-nin xx.xx.2020-ci il tarixli mədaxil qəbzinə əsasən, Cavabdeh xx.xx.2020-ci il tarixli 084/2020 saylı müqavilə üzrə 9256,20 manat, xx.xx.2021-ci il tarixli mədaxil qəbzinə əsasən 3987,50 manat, xx.xx.2021-ci il tarixli mədaxil qəbzinə əsasən 7695 manat,xx.xx.2021-ci il tarixli mədaxil qəbzinə əsasən 4957,30 manat ödəniş etmişdir.
8. Cavabdeh tərəfindən birinci instansiya məhkəməsinə təqdim olunan kassa ödənişləri qəbzlərinə əsasən o, MMC-nə 29 853,35 manat məbləğində ödəniş həyata keçirmişdir. a) Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı
9. İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2020-ci il tarixli 084/2020 saylı nisyə alqı-satqı müqaviləsi üzrə borca görə 4103,40 manatın, dövlət rüsumuna görə 61,03 manatın cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
10. İddia tələbi belə əsaslandırılmışdır ki, MMC ilə Cavabdeh arasında qarşılıqlı razılaşma əsasında “Məhsulları nisyə alqı-satqısı barədə” xx.xx.2020-ci il tarixli 084/2020 saylı müqavilə bağlanmış, müqaviləyə əsasən MMC cavabdehə ümumi dəyəri 30 000 manat olan müxtəlif çeşidli məhsulları satmış, cavabdeh isə həmin məhsulları qəbul edərək maların dəyərini pul şəklində 3 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh MMC-nin rəhbərliyinə yazdığı xx.xx.2020-ci il tarixli ərizədə borcunu etiraf etmiş və üç ay ərzində tam şəkildə ödəyəcəyini bildirmiş, müqavilə üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş və MMC-yə olan borcunun 4103,40 manat hissəsini ödəməmişdir. Eyni zamanda Cavabdeh xx.xx.2018-ci il tarixli 18/2037 saylı müddətsiz əmək müqaviləsinə əsasən MMC-də satış üzrə nümayəndə vəzifəsində işləmiş, cavabdehlə işəgötürən arasında xx.xx.2018-ci il tarixli tam maddi məsuliyyət daşınması haqqında müqavilə bağlanmış, MMC-nin 460/K saylı xx.xx.2021-ci il tarixli əmrinə əsasən cavabdehlə əmək müqaviləsinə xitam verilmişdir. Cavabdehə alqı-satqı müqaviləsi üzrə 30 000 manat dəyərində malın təhvil verilməsini təsdiq edən qaiməni, tərəflər arasında tərtib olunan təhvil-təslim aktı təsdiq edir. MMC cavabdehdən başqa digər işçiləri ilə də 30 000 manat dəyərində nisyə alqı-satqı müqavilələri bağlamış, hazırda şirkətin 10 nəfər keçmiş işçilərinə qarşı şirkət nisyə alqı-satqı müqavilələri üzrə borc tələbi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Cavabdeh nisyə alqı-satqı müqaviləsi üzrə ödənişləri şirkətin xəzinəsinə etmiş, şirkətin mədaxil qəbzlərində ödənişi aparan şəxsin imzasına ehtiyac olmadığından pulu ödəyən şəxs tərəfindən həmin mədaxil qəbzləri imzalanmamışdır. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunan ödəniş qəbzləri isə onun işçi kimi satdığı malların dəyərini ödəməsini təsdiq edən qəbzlərdir.
11. Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, nisyə alqısatqı müqaviləsinə imzalasa da, MMC-dən müqavilədə nəzərdə tutulan malları qəbul etməmiş, təhvil-təslim aktında qeyd olunan mallar ona təhvil verilməmişdir. MMC-də olan qaydaya əsasən, o da digər işçilər kimi işə qəbul olunarkən ilk olaraq alqı-satqı müqaviləsini və həmin müqavilə ilə bağlı sənədləri imzalamış, bundan sonra onunla əmək müqaviləsi bağlanmışdır. Alqı-satqı müqaviləsi ilə bağlı tərtib olunan sənədlər hazır blank şəklində olduğundan ilkin olaraq imzalanır, tarixlər sonradan yazılır. MMC təminat məqsədilə işçilərinə eyni məbləğdə, yəni 30 000 manat məbləğində alqı-satqı müqaviləsi bağlamağı təklif edir, bu müqaviləni imzalamayan işçi işə götürülmür. Təhvil-təslim aktında nəzərdə tutulan mallar ona təhvil verilməmiş, bu barədə hər hansı bir qaimə yoxdur. Müqavilədə, təhvil-təslim aktında və ərizədə olan imza ona məxsus olsa da, işə qəbul olmaq üçün bu sənədlərə imza çəkməyə məcbur olmuşdur, əks halda onunla əmək müqaviləsi bağlanmazdı. O, alqı-satqı müqaviləsi üzrə iddiaçıya heç bir ödəniş etməmişdir, iddiaçı tərəfindən təqdim olunan ödəniş qəbzlərində onun imzası yoxdur. Şirkətdə işlədiyi müddət ərzində onun vəzifə səlahiyyətləri şirkətə məxsus məhsulların satışını təşkil edib, ona verilən pul vəsaitini şirkətin xəzinəsinə keçirməkdən ibarət olmuş, əmək vəzifələrinin icrası ilə bağlı ödənişləri apararkən bütün mədaxil qəbzlərini imzalamışdır. MMC-dən alq-satqı müqaviləsinə əsasən hər hansı bir məhsulu almamış, digər işçilər kimi işə qəbul olunarkən ona təqdim olunan sənədləri imzlamaq məcburiyyətində qalmışdır.
12. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 26 may 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi qət olunmuşdur.
13. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, əsas vəzifələrindən biri şirkətə məxsus malların satışını təşkil etməkdən ibarət olan işçisi ilə iddiaçının 30 000 manat məbləğində nisyə alqı-satqı müqaviləsi bağlaması, müqavilənin predmeti olan 30 000 manat dəyərində malların şirkətin anbarından hansı qaiməyə əsasən çıxarılaraq cavabdehə təhvil verilməsi, bu müqavilə üzrə vergilərin kimin tərəfindən ödənilməsi barədə sübutların məhkəməyə təqdim edilməməsi, bu müqavilə üzrə ödənişlərin aparılması barədə mədaxil qəbzlərinin yalnız iddiaçı tərəfindən imzalanması, 3 aylıq icra müddəti olan müqavilə üzrə öhdəliyin icrası məqsədilə cavabdehə qarşı iddia tələbi ilə onun əmək müqaviləsinə xitam verdikdən sonra məhkəməyə müraciət olunması, xx.xx.2020-ci il tarixli 084/2020 saylı nisyə alqı-satqı müqaviləsinin yalan əqd olmaqla tərəflər arasında bağlanmış əmək və tam maddi məsuliyyət müqaviləsi üzrə işçinin işəgötürənə vura bilməsi güman edilən maddi ziyanın aradan qaldılması məqsədi ilə bağlandığı qənaətinə gəlməyə əsas verir. Yalan əqd olması öz təsdiqini tapan xx.xx.2020ci il tarixli 084/2020 saylı nisyə alqı-satqı müqaviləsi üzrə iddiaçı cavabdehə qarşı tələb irəli sürmək üçün subyektiv hüquqa malik olmadığından iddia tələbi əsassızdır.
14. Mövqeyinin hüquqi əsası kimi məhkəmə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2 aprel 2021-ci il tarixli Qərarına, Mülki Məcəllənin 337.1, 337.4, 337.5, 340.2-ci maddələrinə istinad etmişdir.
15. Qətnamədən iddiaçının nümayəndəsi tərəfindən apellyasiya şikayəti verilərək onun ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılması xahiş edilmiş, şikayət iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmaqla, məhkəmənin maddi və prosessual hüquq normalarının tələblərini pozduğu, sübutlara düzgün qiymət vermədiyi, gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən halları aydınlaşdırmadığı, işin hallarına uyğun gəlməyən qərar çıxardığı irəli sürülmüşdür.
b) Apelyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və verilən izahatlar
16. İddiaçı MMC-nin məhkəmə iclasında iştirak edən nümayəndəsi Yusif İsmayılov apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin olunmasını xahiş etmiş, Cavabdeh isə şikayətin əsassız olduğunu bildirmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
17. Maddə 324.1, 324.2, 324.4 və 324.5. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.
18. Maddə 331.1. Yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır.
19. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
20. Maddə 339. Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla, bu Məcəllənin tələblərinə uyğun gəlməyən və ya onunla müəyyənləşdirilmiş qaydaları və qadağanları pozan əqd, habelə hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqd etibarsız sayıla bilər.
21. Maddə 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir.
22. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
23. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
24. Maddə 404. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.
25. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
26. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
Azərbaycan Respublikasının Əmək Məcəlləsi:
27. Maddə 3. İşçi - işəgötürənlə fərdi qaydada yazılı əmək müqaviləsi (kontrakt) bağlayaraq müvafiq iş yerində haqqı ödənilməklə çalışan fiziki şəxsdir (2-ci hissə). İş yeri - işçinin haqqı ödənilməklə vəzifəsi (peşəsi) üzrə əmək müqaviləsi ilə müəyyən edilmiş işləri (xidmətləri) yerinə yetirdiyi yerdir (8-ci hissə). Əmək funksiyası — əmək müqaviləsində nəzərdə tutulan bir və ya bir neçə vəzifə (peşə) üzrə işçinin yerinə yetirməli olduğu işlərin (xidmətlərin) məcmusudur (9-cu hissə).
28. Maddə 191. Əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. Aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda.
29. Maddə 200. İstər bilavasitə əmək müqaviləsi bağlanarkən, istərsə də əmək münasibətləri prosesində işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlər görən və ya xidmətlər göstərən 18 yaşına çatmış işçilərlə onların tam maddi məsuliyyət daşıması barədə yazılı müqavilə bağlaya bilər.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
30. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
31. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
32. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
34. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
35. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
36. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının həddi
37. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
38. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
39. Kollegiya ilk növbədə qeyd edir ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır.
40. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
41. Beləliklə, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir?.
42. Bu zaman həm də nəzərə alınmalıdır ki, mülki mühakimə icraatında hakimin işinə yarayan, yəni yekun qərarın çıxarılmasını asanlaşdıran bir qayda var – iddiaçının dediklərinə əsasən iddia təmin olunan deyilsə, qarşı tərəfin etirazları ilə bağlı araşdırma aparmadan mübahisəni bitirmək olar.
43. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02 aprel 2021-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir”.
44. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yalan əqdlərlə əlaqədar formalaşmış hüquqi mövqeyinə əsasən, yalan əqd başqa bir əqdi pərdələmək niyyəti ilə görünüş üçün bağlanmış əqddir. Yalan əqd halında əslində eyni anda iki ayrı əqd bağlanmış olur. Görünən əqd tərəflərin əsl hüquqi niyyətlərini əks etdirmir. Tərəflər əslində başqa bir müqavilə barədə razılığa gələrək görüntü üçün bağladıqları əqdlə həmin müqaviləni pərdələyirlər. Yalan əqd müqavilə tərəflərinin bilərəkdən məqsədli şəkildə yol verdikləri hüquqa zidd bir hərəkətdir (N.Hacıyevanın şikayəti üzrə 2020-ci il 10 mart və X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli Qərarlar). Yalan əqd aşağıda sadalanan əsas tərkib əlamətlərinə malikdir: -görüntüdə bağlanan əqd və ya pərdələyən əqd - tərəflərin üçüncü şəxslərdə hüquqa uyğun və etibarlı bir müqavilə bağladıqları təəssüratını yaradır. Bu müqavilədə tərəflərin əks etdirdikləri iradə ifadələri arzuladıqları hüquqi nəticəyə uyğun olmur. Tərəflərin görünüş üçün bağladıqları bu müqavilə üzrə hüquqi nəticə, hüquq və öhdəliklər əmələ gətirmək niyyətləri olmur; -gizli bağlanan əqd və ya pərdələnən əqd - tərəflərin görüntüdə bağladıqları əqdin arxasında gizlətdikləri və həqiqi iradələrini ifadə edən bir müqavilədir. Bu, yalan əqdi uydurma əqddən fərqləndirən əsas əlamətdir; - yanlış təsəvvür yaratmaq niyyəti - tərəflərin həqiqi iradələrini gizli tutaraq hər hansı bir mənfəət əldə etmək üçün üçüncü şəxslərdə buna dair fikir formalaşdırmaqda və görüntü yaratmaqda ifadə olunur.
45. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, iddiaçının istinad etdiyi müqavilə yalan əqd olmaqla əhəmiyyətsizdir və buna görə də iddia tələbinin rədd olunması ilə bağlı nəticə əsaslı hesab edilməlidir.
46. Kollegiya həmçinin qeyd edir ki, əqd yalan hesab edildikdə, həmin əqdə onun mahiyyəti nəzərə alınmaqla tərəflərin əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilməli olsa da, hazırkı işdə iddiaçı, əmək müqaviləsi və ondan doğan məsələlərlə bağlı hər hansı tələb (dəlil) irəli sürmədiyindən və hazırkı işin icraatı çərçivəsində bu məsələni araşdırmaq mümkün olmadığından, həmin qaydaları tətbiq etmək mümkün deyildir.
47. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-2018/2022 saylı iş üzrə 26 may 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatora aid olunsun. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Vahid Sadıqov