Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5634/2022 28.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçılar İddiaçı1 Nadir oğlunun və İddiaçı2 Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ İş № 2(103)-5634/2022 (Açar sözlər: müqavilənin etibarsızlığı) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), Məmmədova Şərafət Asif qızı və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, İddiaçı2, onun nümayəndəsi-vəkili Vəkil2, Cavabdeh nümayəndəsi-vəkili Vəkil1 iştirakları ilə, iddiaçılar İddiaçı1 Nadir oğlu və İddiaçı2 Cavabdeh qarşı “müqavilənin etibarsız hesab edilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 24 avqust 2021-ci il tarixli 2(009)-1092/2021 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə 28 sentyabr 2022-ci il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. "xxxx" MMC-nin 01 aprel 2005-ci il tarixində təsdiq olunaraq qeydə alınmış nizamnaməsindən məlum olur ki, MMC-nin iki təsisçisi var, hər birinin payı 50% olmaqla təsisçiləri İddiaçı1 və İddiaçı2dur.
2. Azərbaycan Respublikasının Dövlət Əmlak İdarə Edilməsi Üzrə Dövlət Komitəsinin xx.xx.2006 tarixli, 000132 nömrəli şəhadətnaməsindən görünür ki, "xxxx"MMC həqiqətən də ünvan 1 ünvanında yerləşən 150.4 kv.m qeyri-yaşayış sahəsi üzərində hüquqları əldə etmişdir.
3. xx.xx.2020-ci il tarixli 3M/350 reyestr nömrəli "xxxx" MMC-nin pay alğı-satqı müqaviləsindən görünür ki, İddiaçı1 "xxxx" MMC-nin nizamnamə kapitalında ona məxsus 50% payını 5 manata Cavabdeh satmışdır və Cavabdeh "xxxx" MMC-nin nizamnamə kapitalında İddiaçı1-ə məxsus 50% payı 5 manata almışdır. İddiaçı2 "xxxx" MMC-nin nizamnamə kapitalında ona məxsus 50% payını 5 manata Cavabdeh satmışdır və Cavabdeh "xxxx"MMC-nin nizamnamə kapitalında İddiaçı2 məxsus 50% payı 5 manata almışdır.
4. Mübahisə həmin alğı-satqı müqaviləsinin qanunsuz olması ilə bağlı yaranıb.
İş üzrə qəbul edilmiş məhkəmə aktları
a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçılar İddiaçı1 Nadir oğlu və X6 Cavabdeh qarşı məhkəmədə iddia qaldıraraq, Cavabdeh ilə bağlanmış 11 avqust 2020-ci il tarixli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdirlər.
6. İddiaçılar tələblərini belə əsaslandırmışlar ki, İddiaçı1 Nadir oğlu 1996-cı ilin yanvarından “İnvest Service" MMC-nin payçısı olmuş, İddiaçı2 Mirzə oğlu isə həmin ilin yanvarından MMC-nin direktoru vəzifəsində bu şirkəti idarə etmişdir. MMC-nin təsisçisi həmçinin İddiaçı1 atası və İddiaçı2 əmisi, X4 olmuşdur. Həmin illərdə N.Ağayev barəsində cinayət işi açıldıqdan sonra o, xaricə getmişdir, bundan sonra İddiaçı1, İddiaçı2 ilə birgə "xxxx" MMC şirkətində payçı olaraq əmlakı idarə etmişdir. İddiaçı2 2006-cı ildən etibarən "xxxx" MMC-nin nizamnamə kapitalındakı 50% paya sahib olmuşdur. Nadir Ağayevin də razılığı ilə ünvan 2 ünvanında yerləşən sahəsi 1787,3 kv.m. olan torpaq sahəsi və bu torpaq sahəsinin üzərindəki sahəsi 173 kv.m. olan emalatxana "xxxx" MMC-nin mülkiyyətinə verilmişdir. Bununla bağlı 000132 qeydiyyat nömrəli, 14 dekabr 2006-cı il tarixli şəhadətnamə verilmişdir. Təxminən iyirmi il sonra, İddiaçı1 atası, Nadir Ağayev 2020-ci ildən etibarən İddiaçı1lə və İddiaçı2lə əlaqə saxlayaraq onlara məxsus "xxxx" MMC-nin mülkiyyətində olan torpaq sahəsini və üzərindəki emalatxananı İddiaçı1 ögey bacısı, Cavabdeh adına keçirməyi tələb etmişdir. İddiaçı1 və İddiaçı2 onun tələblərini etməkdən imtina edəndə Nadir Ağayev onları sənəd saxtakarlığı və oğurluqla ittiham edərək həbs etdirəcəyi barədə hədə-qorxu gəlmişdir, onları qohumları və yaxınları arasında rüsvay edəcəyi barədə hədələmişdir. Nadir Ağayev uzun müddətdən sonra 15 iyul 2020-ci il tarixində Azərbaycana qayıtmışdır. O, Azərbaycana qayıtdıqdan sonra İddiaçı1 və İddiaçı2 yanına çağırmış və yenidən onlardan tələb etmişdir ki, "İnvest Service” MMC-nin nizamnamə kapitalındakı payları Cavabdeh adına keçirtsinlər. X9 İddiaçı1 tələb edirdi ki, o, mülkiyyətində olan Bakı şəhəri, Qaradağ rayonu, ünvan 3 ünvanında olan 21079 kv.m. torpaq sahəsində yerləşən əmlak kompleksini də (“Mayak” avtotexniki xidmət müəssisəsini) ögey bacısı, Cavabdeh adına rəsmiləşdirsin. İddiaçı1 atasının istəyi ilə razılaşmadıqda onun üstünə qışqıraraq guya oğru olduğunu, prokurorluğa şikayət edəcəyini və onu həbs etdirəcəyini bildirmişdir. İddiaçı1 və İddiaçı2 şirkətdə olan paylarını satmaqdan növbəti dəfə imtina etdikdə, bu dəfə də Nadir Ağayev və Cavabdeh onlara hədəqorxu gələrək, "xxxx" MMC-də olan paylarını ona satmağı tələb ediblər. Nadir Ağayev və Cavabdeh Feliks və İddiaçı2 guya oğurluq etdiyini, əmlakı talan etməkləri barədə yaxın qohumlarına rüsvayedici məlumatlar yaymağa başlayıblar. Qohumlar arasında bu xəbərlər sürətlə yayılıb. Bütün bu işlərin arxasında X2 Hüseynova dayanmışdır. O atasının başını mənfi fikirlərlə doldurub və obyektləri onun adına keçirmək üçün atasını təhrik etmişdir. İddiaçı1 və İddiaçı2 təkcə qohumları arasında yox, cəmiyyətdə də hörmət sahibi olan iş adamlarıdır. Nadir Ağayev tərəfindən onlar haqqında hər hansı rüsvayedici məlumatların yayılması, hətta tamamilə yalan olsa belə, onların nüfuzuna birdəfəlik xələl gətirəcəkdi. Qohumları, iş adamları və ətrafı arasında rüsvay olmaqdan, o cümlədən atasına qarşı, doğma əmisinə qarşı naxələf çıxması barədə şayələrin yayılmasından qorxaraq 11 avqust 2021-ci il tarixində alğı-satqı müqaviləsi əsasında "xxxx" MMC- nin nizamnamə kapitalında onlara məxsus 50% paylarını hərəsi 5 (beş) manata Cavabdeh satmışlar. Nəzərə alınmalıdır ki, hədə-qorxularda İddiaçı1 ögey bacısı, İddiaçı2шт əmisi qızı Cavabdeh da iştirak etmişdir. Bu barədə sübutlar məhkəmə iclasında təqdim ediləcəkdir. "xxxx" MMCnin mülkiyyətində ünvan 2 ünvanında yerləşən sahəsi 1787,3 kv.m. olan torpaq sahəsi və bu torpaq sahəsinin üzərində sahəsi 173 kv.m. olan emalatxana vardır. Bu torpaq sahəsinin və emalatxananın bazar dəyəri ən azı 800.000 manat təşkil edir. Belə ki, iddiaçılar mülkiyyətində ən azı 800.000 manat dəyərində əmlak olan və hər hansı böyük həcmli borcu olmayan şirkətin paylarını məcburiyyət qarşısında qalaraq 10 manata satmışdırlar. Yəni, 11 avqust 2020-ci il tarixli payın alğı-satqı müqaviləsi iddiaçılara hədəqorxu gəlməklə bağlanmışdır. İddiaçı1 və İddiaçı2 hədə-qorxuya məruz qalmasaydılar, dəyəri ən az 400.000 manat təşkil edən MMC-dəki paylarını 5 manata satmazdılar. Bundan başqa diqqətinizə çatdırırıq ki, 25 avqust 2020-ci il tarixli bağışlama müqaviləsi ilə İddiaçı1 mülkiyyətində olan Bakı şəhəri, Qaradağ rayonu, ünvan 4 ünvanında olan 21079 kv.m. torpaq sahəsində yerləşən, ən azı 2.500.000 manat dəyəri olan əmlak kompleksini də (“Mayak” avtotexniki xidmət müəssisəsini) ögey bacısı, Cavabdeh bağışlamaq məcburiyyətində qalmışdır. Müqavilə imzalandıqdan, əmlaklara mülkiyyət hüququ təsdiq edən sənədləri aldıqdan sonra qızının ona qarşı olan münasibətinin artıq dəyişdiyini görən 80 yaşlı N.Ağayev oğluna və qardaşı oğlu İddiaçı2 demişdi ki, "xxxx" MMC-ni satdıqdan sonra borclarını ödəyəcək və Qaradağda yerləşən evini təmir etdirəcək, qalan pulu onlara qaytaracaq. X4 9 oktyabr 2020-ci il tarixində gözlənilmədən vəfat etmişdir. Onun səksəndən artıq yaşı olsa da, sağlamlıq vəziyyəti normal idi. Müqavilələr bağlanandan sonra Nadir Ağayevin qəflətən vəfat etməsi qohumlarını da təəccübləndirmişdir. Nadir Ağayev Bakıya qayıdandan sonra Cavabdeh Mərdəkanda yerləşən bağ evində yaşamışdır. İddiaçı1 və İddiaçı2 təsdiq edə bilər ki, Nadir Ağayev vəfat etməzdən öncə əmlaklarını Cavabdeh adına rəsmiləşdirməklə tələsdiyini, səhvə yol verdiyini söyləmişdir. Bu ilin fevral ayında məlum olub ki, Cavabdeh "xxxx" MMC-nin mülkiyyətində olan emalatxananı və onun yerləşdiyi torpaq sahəsini satmaq istəyir. Müxtəlif şəxslər vasitəsilə İddiaçı2 məlumat göndərmişdir ki, əgər o, səssiz qalsa, sahibkarlıq obyekti satılandan sonra İddiaçı2 5.000-10.000 manat pul verəcəkdir. Cavabdeh "xxxx" MMC ilə hər hansı bir bağlılığı olmayıb və bu şirkətin inkişafında hər hansı zəhmət çəkməmişdir. Hədə-qorxular nəticəsində bağlanılmış bir alğı-satqı müqaviləsi səbəbindən "xxxx" MMC onun mülkiyyətində qalmışdır. Hesab edirik ki, yuxarıda göstərilənlər İddiaçı1 Nadir oğlu, İddiaçı2 Mirzə oğlu və Cavabdeh Nadir qızı arasında bağlanmış 11 avqust 2020-ci il tarixli "xxxx" MMCdə olan payın ağqı-satqı müqaviləsinin ləğv olunması üçün tam əsasdır. Cavabdeh və həyat yoldaşı Rövşən Hüseynov barəsində Cinayət Məcəlləsinin 182-ci maddəsi ilə cinayət işi açılması barədə Nəsimi Rayon Polis İdarəsinə müraciət ediblər. Hazırda faktla əlaqədar Nəsimi RPİ-nin 20-ci Polis Bölməsində araşdırma təhqiqat həyat keçirilir.
7. xx.xx.2021-ci il tarixli dəqiqləşdirmə ərizəsindən görünür ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 məhkəmədən Bakı şəhəri 54 saylı notariat kontorunda cavabdeh X5 ilə aralarında bağlanmış 11 avqust 2020-ci il tarixli 3M/350 reyestr nömrəli "xxxx" MMC-nin pay alğısatqı müqaviləsinin etibarsız hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdirlər.
8. Ərizəni belə əsaslandırmışlar ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən bu ərizəni (və qoşmaları) iş materiallarına əlavə edirlər. Göstərilən alğı-satqı müqaviləsi hədə təsiri altında, yəni onların həqiqi iradə sərbəstliyi və könüllü niyyəti olmadan bağlanmışdır. Hansı ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 6.1, 6.1.2 və 6.1.5-ci maddələrinə əsasən mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilələr azadlığı mülki qanunvericiliyin prinsiplərindəndir. Mülki Məcəllənin əqdlərin anlayışı və növlərini müəyyən edən 324-cü maddəsinin tələblərinə görə, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmçinin həmin maddədə göstərilmişdir ki, müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İş materiallarına bu ərizəyə qoşma olaraq əlavə etdikləri və notarial qaydada təsdiq olunmuş 11 avqust 2020-ci il tarixli "xxxx" MMC-nin pay alğı-satqı müqaviləsinə dair Bakı şəhəri 54 saylı notariat kontorunda 3M/350 №-li notariat işində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı üzrə Bakı Bölgə Şöbəsində 01 aprel 2005-ci il tarixdə dövlət qeydiyyatına alınmış "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin yeni redaksiyada Nizamnaməsinin 6.2 və 6.3-cü bəndlərindən görünür ki, cəmiyyətin nizamnamə kapitalı 5.000 (beş min) manat həcmindədir, hər biri 2.500 manat olmaqla 2 paydan ibarətdir ki, hər birinə 1 pay, yəni nizamnamə kapitalının 50% məxsusdur. Göstərilən notariat işində olan "xxxx" MMC-nin pay alğı-satqı müqaviləsinin 1.1-ci bəndindən görünür ki, hər birinin payı 5 manata Cavabdeh (yəni iddia tələbimiz üzrə cavabdehə) satılmışdır. İş materaillarında olan (iddia ərizəmizə əlavə edilmiş) Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi Üzrə Dövlət Komitəsi tərəfindən verilmiş 000132 qeydiyyat nömrəli xx.xx.2006-cı il tarixli Şəhadətnamədən və Əmlakın Texniki İnventarlaşdırılması Bürosu tərəfindən tərtib edilmiş Müəssisə və obyektin "Texniki Pasportu"ndan görünür ki, "xxxx" MMC - ünvan 5 ünvanda yerləşən 150,4 kv.rn qeyriyaşayış sahəsi üzərində hüquqları əldə etmişdir. İş materiallarına bu ərizəsinə qoşma olaraq əlavə etdiyi "xxxx" MMC tərəfindən verilmiş qiymətləndirmə barədə ekspert rəyindən görünür ki, "xxxx" MMCyə məxsus ünvan 5 ünvanda 1787,3 kv.rn torpaq sahəsində yerləşən və sahəsi 150,4 kv.rn olan qeyri-yaşayış sahəsinin bazar dəyəri 708.000,00 manat (o cümlədən: qeyriyaşayış sahəsinin bazar dəyəri 214.000 manat + torpaq sahəsinin dəyəri 494.000 manat) təşkil edir. Göründüyü kimi, 16 il ərzində qanuni əsaslarla təsisçisi olduqları "xxxx" MMCnin Nizamnamə kapitalında olan payı həqiqi iradə sərbəstliyi və könüllü niyyəti olmadan 5 manata satmaqla yuxarıda göstərilən 708.000 manat bazar dəyəri olan əmlak kompleksi üzərində olan hüquqlarını da özgəninkiləşdirilmişdir. Hansı ki, hər birinin cəmiyyətin nizamnamə kapitalında olan paylarına düşən əmlak hissəsi 404.000 manat təşkil edir. Belə ki, mülki qanunvericiliyin məhdud məsuliyyətli cəmiyyətlə bağlı müddəalrına əsasən məhdud məsuliyyətli cəmiyyətin iştirakçısı öz payına mütənasib həddə cəmiyyətin əmlak hissəsi üzərində hüquqlara malikdir ki, bu hüquq Mülki Məcəllənin 96.1-ci maddəsində də birmənalı olaraq təsbit olunmuşdr. Mülki Məcəllənin 96.1-ci maddəsinə əsasən məhdud məsuliyyətli cəmiyyətdən çıxan iştirakçıya, əgər cəmiyyətin nizamnaməsində ayrı qayda nəzərdə tutulmayıbsa, həmin iştirakçının nizamnamə kapitalındakı payına uyğun əmlak hissəsi ödənilir. Birmənalı olaraq bir daha qeyd edirlər ki, yuxarıda göstərilən 11 avqust 2020-ci il tarixli alğı-satqı müqaviləsi satıcı olaraq tərəflərindən uzun illər ərzində mühacirətdə yaşayan Nadir Ağayevin (o, iddiaçılardan İddiaçı1 doğma atası, İddiaçı2 isə doğma əmisidir) 15 iyul 2020-ci il tarixdə Azərbaycana qayıtmasından sonra bilavasitə onun (eləcə də həmin əmlakda marağı olan cavabdeh ögey bacının və onun həyat yoldaşının) hədə təsiri altında, yəni onların həqiqi iradə sərbəstliyi və könüllü niyyəti olmadan təsir, təzyiq, hədə və şantajlarına məruz qalmağı səbəbindən bağlanmışdır. Hansı ki, onların həqiqətən belə bir fikrləri və həqiqi niyyətləri olsa idi, həmin alğı-satqını Nadir Ağayev Azərbaycana qatyıtmazdan əvvəl həyata keçirərdilər. Göründüyü kimi, həmin alğı-satqı müqaviləsi bilavasitə Nadir Ağayevin və İddiaçı1 ögey bacısı olan Cavabdeh (yəni iddiamız üzrə cavabdehin) iradəsinə uyğun olmaqla bağlanmışdır, yənionlar, belə bir müqavilə bağlamaqla öz istəklərini yox, Nadir Ağayevin istəyini həyata keçirməyə məcbur olmuşdurlar (Nadir Ağayev alqı-satqıdan 29 gün sonra, yəni 09 oktyabr 2020-ci ildə qəflətən vəfat etmişdir). Qeyd edilməlidir ki, mübahisəli alğı-satqı müqaviləsini bağlamağa vadar edilmələri üçün mərhum Nadir Ağayev (yuxarıda göstərildiyi kimi, o, alğı-satqıdan 29 gün sonra, yəni 09 oktyabr 2020-ci ildə qəflətən vəfat etmişdir), eləcə də Cavabdeh və onun həyat yoldaşı şantaj üsullarına əl atmış, Nadir Ağayevin adından Azərbaycan Respublikasının Baş prokuroru, cənab Kamran Əliyevə, Azərbaycan Respublikasının Daxili İşlər naziri, cənab Vilayət Eyvazova və qeyrilərinə ünvanlanmış şantaj xarakterli ərizənin fotoşəkli Whats-App vasitəsilə göndərilmişdir. Habelə cavabdehin həyat yoldaşı Rövşən Hüseynov da WhatsApp yazılarında təhdid və şantaj xarakterli ifadələr işlətmiş, "vəkili tərəfindən istintaqa verilməsi üçün bütün sənədlərin yığıldığını" bildirmişdir ki, bütün göstərilənlərlə ən azından saxtakarlıqda, külli miqdar oğurluqda və mənimsəmədə ittiham edilirik. Odur ki, onlara qarşı edilən təzyiqlərdən, o cümlədən yuxarıda göstərilən ərizədə və WhatsApp yazılarında yazılan ittihamlardan ehtiyat edib çəkinmiş, ən azından həmin şantaj xarakterli şikayətdə göstərilən hər hansı bir cinayət xarakterli əməlin barələrində yayılacağından, hüquq mühafizə orqanlarına çağırılacaqlarından, bununla da qohumlar və dost-tanışlar arasında hörmət və nüfuzumuzun itiriləcəyindən qorxmuşdurlar. Eyni zamanda İddiaçı1, həm də iş yerində nüfuzunu, nəticə etibarilə isə işini itirəcəyindən qorxaraq mübahisəli alğı-satqı müqaviləsini bağlamağa məcbur olmuşdur. Belə ki, o, artıq 20 ildir ki, BP EKSPLOREYŞN (KASPİAN Sİ) LTD şirkətində fasiləsiz olaraq çalışır və həmin şirkətdə etibar və nüfuz sahibidir. Mübahisə məhkəmə qaydasında həll edilməli və Bakı şəhəri 54 saylı notariat kontorunda Cavabdeh ilə aramızda bağlanmış 11 avqust 2020-ci il tarixli 3M/350 reyestr nömrəli "xxxx" MMC-nin pay alğı-satqı müqaviləsi etibarsız hesab edilməlidir.
9. İddia ərizəsinə əlavə edilmiş “Whatsapp” yazışmalarının surətindən görünür ki, Ağayev Nadir iddiaçılarla yazışmalarında onun əmlakını qaytarmayacaqları halda onların barəsində cinayət işinin başlanması haqqında ərizə ilə müraciət edəcəyi və tutduracağı məzmunda onları hədələmiş, həmçinin Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə və digər dövlət orqanlarına onlar barəsində yazdığı şikayət ərizəsinin surətini də onlara göndərmişdir.
10. xx.xx.2020-ci il tarixli, **********492 saylı ərizəsindən görünür ki, İddiaçı1 və İddiaçı2 3M/350 reyestr nömrəli pay alğı-satqı müqaviləsi ilə "xxxx"MMC-yə məxsus nizamnamə kapitalını daşınar və daşınmaz əmlakı ilə birlikdə Cavabdeh satmışlar. Gələcəkdə "xxxx" MMC-nin nizamnamə kapitalına, daşınar və daşınmaz əmlakına qarşı heç bir iddia və tələbləri olmayacaq. Hər hansı bir iddia ortaya çıxarsa məsuliyyəti öz üzərlərinə götürürlər.
11. İddiaçı1 ilə "xxxx" MMC arasında bağlanmış “Əmlakın qiymətləndirilməsi ilə bağlı işlərin yerinə yetirilməsi barədə” xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən ünvan 2 ünvanında 1787.3 kv.m torpaq sahəsində yerləşən 150.4 kv.m olan qeyri-yaşayış sahəsinin bazar dəyəri 708.000,00 AZN manat müəyyən edilmişdir.
12. Birinci instansiya məhkəməsində şahid X7 ifadə verərək bildirmişdir ki, Nadir Ağayevi 1971-ci ildən tanıyır, onun ilk müdiri olmuşdur. Beləliklə, Feliksi balacalıqdan tanıyır. Ata-oğul arasında heç vaxt mübahisələri olmamışdır. X11 cinayət təqibi ilə bağlı ölkədən getmişdir. 20 il sonra bir gün ona zəng edərək görmək istədiyini bildirmiş, o isə xəstə olduğunu, sağaldıqdan sonra görüşək demişdir. İki gün sonra isə yenidən zəng edərək hökmən gəlməli olduğunu, onu çoxdandı görmədiyini bildirərək, qızının Mərdəkandakı bağ evinə çağırmışdır. Nadir Ağayevin dəvəti üzərinə Mərdəkana getmiş və onunla görüşmüşdür. Görüş zamanı Mədinə və onun yoldaşı Nadir Ağayevi bir dəqiqə belə tək qoymamışlar. Söhbətin gedişində seyfdən pul oğurlandığını, hətta Feliksin açar üçün onu göndərdiyini demişlər. O heç vaxt belə bir mübahisənin olacağını düşünməmiş, Nadir Ağayevdən belə bir şey gözləməmişdir. 20 il bundan əvvəlin seyfindən 20 il sonra hansısa pulu axtarırlar. O Feliksdən az qala 20 yaş böyükdür. Açar üçün göndəriləcək uşaq deyildi. Nadir İddiaçı1i də, onu da tutduracağını demişdir. O Nadir Ağayevdən belə sözlər eşidəcəyini təsəvvür belə etməmiş, onun necə dəyişdiyini, necə öyrədildiyini anlamamışdır. O Nadirdən inciyərək çıxıb getmişdir. Bir həftə sonra yenidən ona zəng edib bağ evinə çağırmışdır. Bu zaman isə Feliks orada olmamışdır. Ona bəlkə keçən dəfə Feliksdən çəkindiyini deyərək indi rahat danışa biləcəyini bildirmişlər. Bu zaman da Mədinə və onun yoldaşı Nadiri tək qoymamışlar və bütün dialoqlar pul və obyekt üzərində olmuşdur. O heç bir şey oğurlamadığını, istənilən zaman araşdırma aparıla biləcəyini deyərək getmişdir.
13. Birinci instansiya şahid X1 ifadə verərək bildirmişdir ki, o Nadir Ağayevin xalası qızıdır. Münasibətləri hər zaman yaxşı olmuş, lakin, cinayət işi ilə bağlı ölkədən getmişdir. 20 il sonra İddiaçı2 onu Nadir Ağayevi görməyə bağ evinə aparmışdır. Bağa girən zaman Mədinə atasının yatdığını bildirmişdir. Lakin,o, içəri keçərək Nadirin yatmadığını görmüşdür. Nadir onu gördükdə çox sevinmişdir. Feliks ilə atası arasında həmişə isti münasibətlər olmuşdur. Onların arasını Mədinə vurmuş, atasını Feliksə qarşı doldurmuşdur. Sonradan Nadir 2 dəfə onlara qonaq gəlmiş, qızı Kübra onlar üçün yeməklər hazırlamışdır. O zaman ona Felikslə Aydının oğurluq etdiyini demişdir. Mədinə atasına baxmırdı, onu xəstəxanaya yerləşdirmişdi, əməliyyat olunandan sonra da vəfat etmişdir.
14. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1092/2021 nömrəli 04.12.19-cu il tarixli qətnaməsi ilə (hakim Ş.Hüseynova) iddia tələbi təmin edilmişdir.
15. Məhkəmə qeyd etmişdir ki, iş materiallarında olan "xxxx" MMC-nin nizamnaməsinin 6.13-cü bəndindən görünür ki, cəmiyyətin iştirakçılarının nizamnamə kapitalındakı paylarının özgəninkiləşdirilməsi Azərbaycan Respublikası mülki qanunvericiliyi əsasında həyata keçirilir. Payın özgəninkiləşdirilməsi zamanı cəmiyyətin iştirakçılarının həmin payı almaqda üstünlük hüququna malikdirlər. İş materiallarından isə alğı-satqı müqaviləsi bağlanan zaman Mülki Məcəllənin 93.3-cü maddəsinə əməl edilməsi öz təsdiqini tapmamışdır.
16. Məhkəmə, həmçinin, qeyd etmişdir ki, Mülki Məcəllənin 567-ci maddəsinə görə, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki prosesdə sübutlar dedikdə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını təsdiq edən məlumatlar başa düşülür (MPM; maddə 76.1.). Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (MPM; maddə 76.2.). İş materiallarında isə "xxxx" MMC-nin payların dəyərinin cavabdeh tərəfindən ödənilməsi öz təsdiqini tapmır
17. Məhkəmə, həmçinin, qeyd etmişdir ki, alğı-satqı müqaviləsi iddiaçıların iradəsinə və mənafeyinə xidmət etməmişdir.
18. Məhkəmə, həmçinin, qeyd etmişdir ki, alğı-satqı müqaviləsində nəzərdə tutulmuş alğı-satqı predmetinin qiymətindən də görünür ki, müqavilə formal olaraq bağlanılmış, o cümlədən razılaşdırılmış məbləğ ödənilməmişdir. Həmçinin müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır.
19. Məhkəmə öz mövqeyini i Mülki Məcəllənin 337.1, 337.4, 354.1, 354.2, 339.4, 96.1, 96.3, 567, 404 və Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 106.1, 217.4-cü maddələri ilə əsaslandırmışdır.
Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
20. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
21. Apelyasiya şikayətində göstərilmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulmuş, maddi hüquq normalarının düzgün təfsir edilməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul edilmişdir.
b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri
22. İddiaçı1 Nadir oğlu apellyasiya şikayətinə etiraz verərək, onun təmin edilməməsini, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1092/2021 nömrəli 04.12.19-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmiş, etirazı iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırmışdır.
c) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
23. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-10460/2021 nömrəli 06 dekabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər İ.Şirinov (sədrlik edən və məruzəçi), T.Səmədov, A.Tanrıverdiyev) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1092/2021 saylı iş üzrə 24 avqust 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
24. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçıların mübahisələndirdikləri əqdi bağlamaqda həqiqi iradə ifadəsinin, başqa sözlə, onların arzu olunan hüquqi həticənin əldə olunmasına yönələn istəklərinin olmadığı onların öz izahatları, şahid ifadələri, yazışmalar, MMC-nin real qiyməti ilə alqısatqı müqaviləsində göstərilən məbləğ arasında olduqca böyük fərqin olması, habelə alqı-satqı müqaviləsi bağlansa da, MMC-nin heç vaxt alıcıya təhvil verilməməsi və bu gün də həmin obyektin iddiaçılarda qalması faktı ilə aşkar təsdiq olunur.
25. Apellyasiya instansiya məhkəməsi mövqeyini Mülki Məcəllənin 337.1, 339.4, 354.2, 324.5, 404-cü maddələri ilə əsaslandırmışdır.
d) Kassasiya instansiya məhkəməsində icraat
26. Cavabdeh kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməməsini xahiş etmişdir.
27. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 31 may 20221-ci il tarixli, 2(102)-2918/2022 saylı qərarı ilə hakimlər (A.Abbasov, E.Şamayev və E.Vəliyeva) cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş və Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-10460/2021 nömrəli iş üzrə 06 dekabr 2021-ci il tarixli qətnaməsi ləğv edilərək, iş yeni apellyasiya baxışına qaytarılmışdır.
28. İşi yeni apellyasiya baxışına qaytararkən kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi işdəki sübutları sadalayaraq, həmin sübutlar əsasında nəinki iddiaçıların istinad etdikləri halı, hətta işin hər hansı halını müəyyən etmədən alğı-satqı müqaviləsi bağlanarkən iddiaçının iradə ifadəsinin həqiqi məzmunun pozulması nəticəsinə gələrək, mübahisəyə Mülki Məcllənin 339.4-cü maddəsini tətbiq etməklə iddianı təmin etmişdir. Halbuki hakim məhz sübutların qiymətləndirilməsinin nəticəsi olaraq iş üçün əhəmiyyəti olan halları müəyyən etməklə mübahisəyə hüquq normasının tətbiq etməlidir. Bu tələb MPM-in 218.1-ci maddəsindən irəli gəlir. Həmin normaya görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Birinci instansiya məhkəməsi hədə qorxunun nədə ifadə olunması və bunun iddiaçıları müqaviləni bağlamağa vadar edən real hədə olmasına dair hər hansı hala aydınlıq gətirməyib. Birinci instansiya məhkəməsi yalnız İddiaçı1 atası və ögey bacısının onu ittiham edəcəklərini bildirməsi və bu səbəbdən iddiaçının nüfuzuna ləkə düşməmək üçün müqaviləni bağlamağa məcbur olması kimi ümumi sözlərə istinad edib. Əvvəla, Mülki Məcəllənin 339.4-cü maddəsinə görə əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır. Göründüyü kimi, qanunvericiliyin tələbinə görə xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Həmçinin, məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Yəni istənilən məcburetmə halına istinad edib əqdin etibarsız sayılmasını tələb etmək olmaz. Məcburetmə o zaman əqdin etibarsızlığına səbəb olur ki, bu, xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə olsun. Lakin birinci instansiya məhkəməsi iddianı Mülki Məcəllənin 339.4-cü maddəsinə əsasən təmin edərkən tələblərinin əsası kimi iddiaçıların istinad etdikləri hədəqorxunun xaraktercə onlara təsir edə bilən və real olub-olmamasına qiymət verməmişdir. İşin bu hallarını müəyyən etmədən isə Mülki Məcəllənin 339.4-cü maddəsinin tətbiqi əsaslı sayıla bilməz. Çünki həmin normanın tətbiqi normanın özündə sadalanan dispozitiv şərtlərin müəyyən edilməsindən asılıdır. Həmçinin, iddiaçıların istinad etdikləri hədə-qorxu halı mövcud olubsa, bu hədənin (hansısa əməldə ittiham edilmə, nüfuza ləkə düşməsi) mahiyyətinə görə hələ də qalması ehtimalı var idi. Bu məsələyə aydınlıq gətirilməyib. Bu baxımdan, bir tərəfdən müqavilənin hədə-qorxu təsiri altında bağlanmasına istinad edib, digər tərəfdən də həmin hədənin mövcud olub-olmamasına aydınlıq gətirmədən müqavilənin etibarsızlığının tələb edilməsi ziddiyyət yaradır. Bundan başqa, iddiaçılardan birinə – İddiaçı1 münasibətdə onun atası və ögey bacısı olan cavabdehin onu ittiham edəcəklərini bildirməsi və bu səbəbdən iddiaçının nüfuzuna ləkə düşməmək üçün müqaviləni bağlamağa məcbur olması göstərilsə də, digər iddiaçıya münasibətdə hansı hədənin olması və onun xarakteri ümumiyyətlə, müəyyən edilməmişdir. Eyni zamanda birinci instansiya məhkəməsi alğı-satqı müqaviləsi bağlanan zaman Mülki Məcəllənin 93.3-cü maddəsinə əməl edilməməsinə də əsaslanmışdır. Qeyd edilən norma Məhdud Məsuliyyətli Cəmiyyətin iştirakçılarının digər iştirakçının payını satın almaqda üstünlük hüququnu müəyyən edir. Hazırki işdə iddiaçılar təsisçiləri olduğu MMCnin payını cavabdehə satdıqlarını mübahisələndirlər. Bu halda cəmi iki təsisçinin olduğu MMC-də payın alqı-satqısı zamanı Mülki Məcəllənin 93.3-cü maddəsinə əməl edilməməsinin nədə ifadə olunması məlum deyil və bu baxımdan, qeyd edilən normaya istinad edilməsi işin hallarına görə ziddiyyətli olub. Apellyasiya instansiyası məhkəməsi də birinci instansiya məhkəməsinin yol verdiyi bu pozuntulara diqqət yetirməmiş, üstəlik, iddiaçıların mübahisələndirdikləri əqdi bağlamaqda həqiqi iradə ifadəsinin, başqa sözlə, onların arzu olunan hüquqi nəticənin əldə olunmasına yönələn istəklərinin olmaması, bu faktın onların öz izahatları, şahid ifadələri, yazışmalar, MMC-nin real qiyməti ilə alqı-satqı müqaviləsində göstərilən məbləğ arasında olduqca böyük fərqin olması, habelə alqı-satqı müqaviləsi bağlansa da, MMC-nin heç vaxt alıcıya təhvil verilməməsi və bu gün də həmin obyektin iddiaçılarda qalmasına istinad etmişdir. Əvvəla qeyd edilməlidir ki, istinad edilən yazışmaların məzmunu, yazılma tarixi, şahid ifadələrinin məzmunu və s. ilə bağlı hər hansı dəyərləndirmə aparılmadığı üçün həmin sübutların qiymətləndirilməsini MPM-in 88-ci maddəsinin tələblərinə uyğun hesab etmək olmaz. Bundan başqa, qeyd edilən hallar iddianın hüquqi əsası olan Mülki Məcəllənin 339.4-cü maddəsinin tələbləri, yəni hədənin xarakteri, onun müqavilənin bağlanmasına təsir edə biləcək səviyyədə real olub-olmaması kontekstində (bu zaman tərəflərin yaşı, cinsi, həyat şəraiti nəzərə alınır) qiymətləndirilməlidir.
Proses iştirakçılarının izahatı
29. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi-vəkili apelyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi.
30. Məhkəmə iclasında iştirak edən İddiaçı2, onun vəkili apelyasiya şikayətini etiraz edərək, təmin edilməməsini xahiş etdi.
31. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq digər iddiaçı (nümayəndəsi, vəkili) məhkəmə iclasına gəlmədiyindən işə onun (onların) iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi
32. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
33. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.
34. Maddə 339.4. Əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
335. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
36. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
37. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
38. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır 39.Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir
40. Maddə 384.0.2. Apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
Apellyasiya baxışının hədləri
41. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
42. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
43. Kollegiya ilk növbədə qeyd edir ki, hazırki halda işə yeni apelyasiya qaydasında baxılır və bu zaman apelyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin hüquqi mövqeləri nəzərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
44. Qətnamə bütövlükdə yoxlanılır.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
45. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməklə, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilməklə iddia tələbi rədd edilməlidir.
46. Birinci instansiya məhkəməsi Mülki Məcəllənin 339.4-cü maddəsinə istinad edərək qeyd etmişdir ki, iddiaçı alğı-satqı müqaviləsini bağlayarkən onun iradə ifadəsinin həqiqi məzmunu pozulmuşdur. Belə ki, iş materiallarında olan yazışmalardan görünür ki, iddiaçının atası və ögey bacısı onu ittiham edəcəyini bildirmişlər və bu səbəbdən o, nüfuzuna ləkə düşməsin deyə əqdi bağlamışdır.
47. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu nəticəsi əssasızdır. Belə ki, birinci instansiya məhkəməsi qeyd edilən nəticəyə gələrkən iş materiallarında olan sübutları kifayət qədər araşdırmamış, hədə qorxunun nədə ifadə olunması və bunun iddiaçıları müqaviləni bağlamağa vadar edən real hədə olmasına dair hər hansı hala aydınlıq gətirməmiş, həmçinin, bu hallar hazırki apelyasiya baxıında da müəyyən edilməmişdir. Birinci instansiya məhkəməsi yalnız İddiaçı1 atası və ögey bacısının onu ittiham edəcəklərini bildirməsi və bu səbəbdən iddiaçının nüfuzuna ləkə düşməmək üçün müqaviləni bağlamağa məcbur olması kimi ümumi sözlərə istinad etmişdir.
48. Digər tərəfdən, apellyasiya baxışı zamanı iş materiallarının tədqiqi zamanı mübahisələndirilən müqavilənin etibarsızlığına səbəb olan hədə-qorxunun real olması ilə bağlı hər hansı bir mötəbər sübut müəyyən olunmur.
49. Bundan başqa, cavabdehin məhkəməyə təqdim etdiyi Bakı şəhəri Nəsimi RPİnin İŞ-nin baş müstəntiqi Murad Mustafayevin xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, İddiaçı1 və İddiaçı2 müraciətləri əsasında aparılmış araşdırma nəticəsində Mədinə Hüsynova və onun əri Rövşən Hüseynovun hədə-qorxu gəlməklə İddiaçı1 və İddiaçı2 "xxxx" MMC-də olan paylarını tələb etmələri, onlar haqqında rüsvayedici məlumatları yayacaqları barədə faktlar təsdiq olunmadığından həmin müraciət əsasında cinayət işinin başlanması rədd edilmişdir. Qeyd edilən qərar hazırda da qüvvədə olduğundan, kollegiya hesab edir ki, qanuni qüvvəyə minmiş qərar ilə iddiaçıların iddialarında qeyd etdikləri cavabdeh tərəfindən hədəqorxu gəlinməsi barədə fatk öz təsdiqini tapmamışdır.
50. Daha sonra, birinci instansiya məhkəməsi qeyd etmişdir ki, "xxxx" MMC-nin nizamnaməsinin 6.13-cü bəndindən görünür ki, cəmiyyətin iştirakçılarının nizamnamə kapitalındakı paylarının özgəninkiləşdirilməsi Azərbaycan Respublikası mülki qanunvericiliyi əsasında həyata keçirilir. Payın özgəninkiləşdirilməsi zamanı cəmiyyətin iştirakçılarının həmin payı almaqda üstünlük hüququna malikdirlər. İş materiallarından isə alğı-satqı müqaviləsi bağlanan zaman Mülki Məcəllənin 93.3-cü maddəsinə əməl edilməsi öz təsdiqini tapmamışdır.
51. Kollegiya hesab edir ki, bu hissədə də birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlməmişdir. Belə ki, Mülki Məcəllənin 93.3-cü maddəsi Məhdud Məsuliyyətli Cəmiyyətin iştirakçılarının digər iştirakçının payını satın almaqda üstünlük hüququnu müəyyən edir. Hazırki işdə iddiaçılar təsisçiləri olduğu "xxxx" MMC-nin payını cavabdehə satdıqlarını mübahisələndirlər. Bu halda cəmi iki təsisçinin olduğu MMC-də payın alqısatqısı zamanı Mülki Məcəllənin 93.3-cü maddəsinə əməl edilməməsinin nədə ifadə olunması məlum deyil. İş materiallarında olan Kommersiya hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın surətindən görünür ki, "xxxx" MMC-nin 50% payları olmaqla iki təsisçisi vardır: İddiaçı1 və İddiaçı2.
52. Kollegiya qeyd edir ki, MMC-ni satarkən iddiaçılar İddiaçı1 və İddiaçı2 MMC-nin paylarını təklif edəcəkləri üstünlük hüququ olan üçüncü bir təsisçisi olmadığından, alqısatqı müqaviləsi bağlanan zaman Mülki Məcəllənin 93.3-cü maddəsinə əməl edilməsi arqumenti əsassızdır.
53. Beləliklə, işin hallarını araşdıraraq kollegiyanın qənaəti ondan ibarətdir ki, Mülki Məcəllənin 339.4-cü maddəsində sadalanan dispozitiv şərtlər müəyyən edilmir.
54. Kollegiya hesab edir ki, mübahisəəndirilən əqdin etibarsızlığına əsas ola biləcək hər hansı bir hal müəyyən olunmadığından iddia əsasızdır və təmin oluna bilməz.
55. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apelyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1092/2021 saylı, 24 avqust 2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçılar İddiaçı1 Nadir oğlu və İddiaçı2 Cavabdeh qarşı “müqavilənin etibarsız hesab edilməsi tələbinə dair” iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumları onu ödəmiş şəxslərin özlərinə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Fuad Babayev Hakimlər: Şərafət Məmmədova Rafael Eyvazov