Məhkəmə qərarları › İş №2(103)-564/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-564/2021

10.02.2021 · Müqavilələrin ləğv edilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mənəvi zərərin ödənilmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-564/2021 10.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X4 və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Hacıyev Elvin Ramiz oğlunun katibliyi, İddiaçı2 nümayəndəsi, eyni zamanda digər İddiaçı1 MMC-nin vəkili Vəkil1 iştirakı ilə, İddiaçılar İddiaçı1 MMC-nin və İddiaçı2 Cavabdeh MMC-yə qarşı “müqavilənin ləğv edilməsi və s.” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı1 MMC və cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətlərinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 MMC-nin və İddiaçı2, Cavabdeh MMC ilə bağlanılmış xx.xx.2017ci il tarixli françayzinq müqaviləsinin bağlanmasına dair ilkin müqaviləyə və xx.xx.2017-ci il tarixli ticarət nümayəndəsi (agent) haqqında müqaviləyə xitam verməklə, cavabdehdən “filial” üçün daxil olma haqqı kimi İddiaçı2 tərəfindən ödənilmiş 20.000 ABŞ dolları, İddiaçı1 MMC-yə vurduğu maddi ziyana görə 30.000 manat və mənəvi ziyana görə 40.000 manat olmaqla, cəmi 20.000 ABŞ dolları və 70.000 manatın tutularaq onların xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qeyd edilən qətnaməsi ilə, iddia ərizəsi qismən təmin edilərək, ödəniş gününə qüvvədə olan məzənnə ilə manatla 20.000 ABŞ dollarının Cavabdeh MMC-dən tutularaq İddiaçı2 xeyrinə ödənilməsi qət edilmişdir. İddiaçı1 MMC, apelyasiya şikayəti verərək, qətnamənin qismən ləğv edilməsi, iddia tələbinin ona münasibətdə də təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, Cavabdeh MMC ilə aralarında bağlanmış müqavilənin tələblərinə əməl etmədiyinə və aşkar şəkildə hüquqlardan sui-istifadə etdiyinə görə iddiaçı şirkətə külli miqdarda maddi və mənəvi ziyan dəymişdir. Belə ki, cavabdeh ticarət nümayəndəsi (agent) haqqında xx.xx.2017-ci il tarixli müqavilənin malların zəmanət ilə bağlı şərtlərinə əməl etmədiyindən İddiaçı1 MMC bütün müştərilərini itirmiş və bazarda barəsində mənfi imic formalaşmışdır. Bununla da, işgüzar nüfuzuna kifayət qədər zərər yetirilmişdir. Cavabdeh MMC də, apelyasiya şikayəti verərək, qətnamənin qismən - iddianın təmin edilmiş hissəsində ləğv edilməsi, iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, İddiaçı2 və Cavabdeh MMC arasında xx.xx.2017-ci il tarixli françayzinq müqaviləsinin bağlanmasına dair ilkin müqavilə bağlanılsa da, sonradan qarşılıqlı razılığa əsasən İddiaçı2 tərəfindən təsis edilmiş İddiaçı1 MMC və Cavabdeh MMC arasında françayzinq müqaviləsinin əvəzinə ticarət nümayəndəsi (agent) haqqında müqavilə bağlanılmışdır. Müqavilələrin adı fərqli olsa da, həm faktiki olaraq, həm də qanunla eyni mahiyyətli (predmetli) müqavilələrdir. Belə bir müqavilə bağlanılmaqla onlar arasında elə məhz ticarət nümayəndəsi (agenti) haqqında münasibətlər olmuş, həmin müqavilədə kommersiya konsessiyası haqqında müqaviləyə dair şərtlər isə olmamışdır və tərəflərin iradə ifadəsi başqa bir müqavilə (kommersiya konsessiyası müqaviləsi və s.) deyil, məhz elə həmin müqavilənin bağlanılmasına yönəldilmiş, həmin müqavilənin şərtləri daxilində hərəkət edilmişdir. Bundan başqa, İddiaçı2 və Cavabdeh MMC arasında xx.xx.2017-ci il tarixli françayzinq müqaviləsinin bağlanmasına dair ilkin müqavilə bağlanıldıqdan sonra françayzinq müqaviləsinin əvəzinə ticarət nümayəndəsi (agent) haqqında müqavilə bağlanılsa da, İddiaçı2 2 il ərzində susması, bu müddətdə İddiaçı1 MMC və Cavabdeh MMC-nin etirazsız əməkdaşlıq etməsi və məhz 2 ildən sonra məhkəməyə müraciət edilməsi, onu göstərir ki, İddiaçı2 ticarət nümayəndəsi (agent) haqqında müqaviləsinin əslində françayzinq müqaviləsinin əvəzinə bağlanılmasını, onların eyni predmetli və oxşar olduğunu, eyni münasibətləri tənzimlədiyini qəbul etmiş, razılaşmışdır. Ona görə də, Cavabdeh MMC tərəfindən xx.xx.2017-ci il tarixli françayzinq müqaviləsinin bağlanmasına dair ilkin müqavilənin şərtləri pozulmamış, onun daxil olma haqqı kimi ödənilmiş pul vəsaitinin İddiaçı2 qaytarmaq öhdəliyi yoxdur. Məhkəmə iclasında iştirak edən İddiaçı2 nümayəndəsi, eyni zamanda digər İddiaçı1 MMC-nin vəkili, İddiaçı1 MMC-nin apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, onun təmin olunmasını, cavabdehin şikayətinin isə rədd olunmasını xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlmədiyindən, MPM-in 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Kollegiya, proses iştirakçısını dinləyib, apelyasiya şikayətlərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayətlər rədd edilməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işin müəyyən edilmiş faktiki hallarına əsasən, İddiaçı2 ilə Cavabdeh MMC arasında xx.xx.2017-ci tarixində “Françayzinq müqaviləsinin bağlanmasına dair” ilkin müqavilə imzalanmışdır. Müqavilədə tərəflər aşağıdakılar barədə razılaşmışlar: françayz verən Cavabdeh MMC və françayz alan gələcəkdə təsis olunan məhdud məsuliyyətli cəmiyyətinin təsisçisi aralarında müəyyən edilmiş şərtlər əsasında müstəqil kontraktor qismində 15 iş günü ərzində imzalanacaq françayzinq müqaviləsində təsvir olunacaq minik və yük avtomobillərinə qaz-balon qurğularının satışı, quraşdırılması və təmiri üzrə xidmətlərindən istifadə etmək üçün müqavilə bağlamaq niyyətini bəyan edir; françayz verən bəyan edir ki, o françayz alana bağlanacaq müqavilə şərtlər əsasında xidmətlərin istifadə edilməsini qəbul edir və razılığını bildirir; françayz verən bəyan edir ki, françayz alana uzunmüddətli öhdəlik münasibətlər əsasında spesifik öhdəliklərin icrası yolu ilə malın satışına və xidmətlərin göstərilməsinə kömək etməyi qarşılıqlı surətdə öhdəsinə götürür, o cümlədən də françayz alana standart formalı qeyri-əmlak hüquqlarını, əmtəə (ticarət) nişanını, mal nümunələrini, qablarını, məhsulun istehsalı, əldə edilməsi, satışı və fəaliyyətin təşkili konsepsiyasını, habelə satışa kömək üçün zəruri olan başqa informasiyanı özünün tətbiq etdiyi şəkildə verməyə razılıq bildirir; françayz alan bəyan edir ki, françayzinqin həyata keçirilməsi sisteminə qoyduğu zəhmət nəzərə alınmaqla hesalanan muzd ödəməli və vicdanlı sahibkar kimi fəaliyyət göstərməli, müqavilənin məqsədi ilə bilavasitə bağlı olan hallarda françayz verənin və ya onun göstərdiyi şəxslər vasitəsilə xidmətləri qəbul etməli və mallar əldə etməlidir; françayz alan bəyan edir ki, françayz verənə təsis ediləcək filial üçün daxilolma haqqını tam miqdarda 20.000 ABŞ dolları ödəyir; françayz verən bəyan edir ki, françayz alandan “DƏRNƏGÜL” filialı üçün daxilolma haqqı üçün tam miqdarda 20.000 ABŞ dolları qəbul edir; tərəflər bəyan edir ki, 15 iş günü ərzində X2 verənin imtinası səbəbindən müqavilə imzalanmazsa və bu müqavilədə nəzərdə tutulmuş şərtlər pozularsa ödənilmiş daxilolma haqqı françayzinq verən tərəfindən françayz alana 5% (beş faiz) cərimə ilə tam miqdarda geri qaytarılır; tərəflər bəyan edir ki, 15 iş günü ərzində X2 alanın imtinası səbəbindən müqavilə imzalanmazsa və bu müqavilədə nəzərdə tutulmuş şərtlər pozularsa ödənilmiş daxilolma haqqı françayzinq verən tərəfindən françayz alana 5% (beş faiz) cərimə ilə tam miqdarda geri qaytarılır; Tərəflər bəyan edir ki, bağlanacaq Françayzinq Müqaviləsində françayzinq verənin vəzifələri, françayzinq alanın vəzifələri, etibar edilmiş informasiyanın açıqlamamaq vəzifəsi, müqaviləsinin müddəti, loyal rəqabət, françayzinq verənin məsuliyyəti, françayzinq hüquq münasibətlərinə tətbiq edilən müddəaları daxil edəcəklərinə öhdəlik daşıyırlar; tərəflər bəyan edir ki, bağlanacaq françayzinq müqaviləsi bağlandığı andan 10 il qüvvədədir; Françayz alan imza edərək təsdiq edir ki, 20.000 ABŞ Dolları məbləğində Françayzinq verənə tam miqdarda ödənildi; Françayzinq verən imza edərək təsdiq edir ki, 20.000 ABŞ Dolları məbləğində Françayz alandan tam məbləğdə qəbul edildi. xx.xx.2017-ci il tarixində Cavabdeh MMC ilə İddiaçı1 MMC arasında “Ticarət nümayəndəsi (agent) haqqında” müqavilə imzalanmışdır. Həmin müqaviləyə əsasən tərəflər – “Eksklüziv Distribütor” adlanılacaq Cavabdeh MMC, digər tərəfdən “Agent” adlanacaq İddiaçı1 MMC aşağıdakılar barədə razılaşmışdırlar: Eksklüziv Distribütor avtoqaz sistemləri avadanlıqlannı və qaz balonlanlarını (bundan sonra Mallar adlanacaq) Agentə, bu müqavilə üzrə müəyyən edilmiş Agentin ərazisində avtomobillərə quraşdırma işlərinin aparılması üçün satır, agent bu Müqavilənin şərtlərinə uyğun Eksklüziv Distribütorun adından və onun hesabına müqavilələr bağlayır, Agentə satılan Mallar yeni olmalıdır və Eksklüziv Distribütor malların, keyfiyyətinə aid sənədləri Agentə verir və mallar quraşdınlan tarixdən etibarən 2 il / 80.000 km (hansı tez başa çatsa) zəmanət verir; mallar Bakı şəhərində yerləşən Cavabdeh MMC-nin anbarından Agentə təhvil-təslim aktı ilə təhvil verilir və daşınma ilə bağlı xərclər Agent tərəfindən qarşılanır, sonradan malda əksik çıxmasından Eksklüziv Distribütor məsuliyyət daşımır; müqavilə ilə Agent Dərnəgül ərazisində (bundan sonra Agentin ərazisi adlandırılacaq) nümayəndəlik hüququ eldə edir və malların avtomobillərə quraşdırılma işlərinin bu ərazidən kənarda aparılmayacağını və ərazidən kənar hansısa bir tələb olduqda isə bunu dərhal Eksklüziv Distribütora bildirəcəyini öhdəsinə götürür. Əgər Agentin özünə məxsus olmayan ərazidə hansısa bir fəaliyyət göstərməsi sübut olunarsa, eksklüziv Distribütor tərəfindən bu müqaviləyə bir tərəfli qaydada xitam verilə bilər və Agentin müqavilənin xitam verildiyi tarixədək ödənilməmiş pul öhdəliyi olarsa, Agent həmin pul məbləğini həmin tarixdən etibarən 3 iş günü ərzində Eksklüziv Distribütora ödəməlidir; Agent sifariş verəcəyi malların siyahısını ən azı 30 (otuz) gün əvvəlcədən (hər ayın 25-də növbəti ay üçün) Eksklüziv Distribütora rəsmi qaydada təqdim etməlidir, əks halda Agentin çəkəcəyi ziyandan Eksklüziv Distribütor məsuliyyət daşımır; müqavilə ilə Eksklüziv Distribütor, Agentə İstehsalçının sertifikatları, Cavabdeh MMC-yə aid olan Azərbaycan Respublikasında verilmiş Uyğunluk Sertifikatı, sızdırma testi üçün istifadə olunan X5, Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə tələb olunan digər xüsusi razılıq (lisenziya) təqdim edir;. Agent satın aldığı mallara hansısa səbəbdən avtomobillərə quraşdıra bilmədikdə və bu səbəbdən agentlik müqaviləsinə xitam vermək istədikdə, Agent müqaviləyə xitam verildiyi tarixədək quraşdırılmamış mallan tam yararlı vəziyyətdə bu müqaviləyə xitam verilmə tarixindən etibarən 2 gün ərzində satış qiymətinin 80%-i dəyərində Eksklüziv Distribütora satmalıdır, Agent həmin mallan özündə saxlaya və (ya) 3cü şəxslərə sata bilməz. Agent sifariş verdiyi malların dəyərini tam olaraq sifarişin verildiyi tarixdən sonraki ayın 5-dək ödəyir, ödəniş tam olaraq həyata keçirilmədikdə ödəniş tam həyata keçirilən tarixədək Eksklüziv Distribütorun istehsalçının ölkəsindən mallan sifariş verməmək hüququ vardır. Agent satın aldığı malları ancaq müqavilə ilə müəyyən edilmiş Agentin ərazisində yerləşən öz Servis Mərkəzində quraşdırmaq hüququna malikdir, heç bir halda Agent malları nə öz ərazisində, nə də başqa bir ərazidə üçüncü şəxslərə sata bilməz; Agent bu müqavilə ilə Eksklüziv Distribütordan satın aldığı mallardan başqa marka və ya tiptə digər avdanlıqları quraşdıra bilməz; Bu müqavilə ilə Agent başlanğıç üçün 83 ədəd malı əvvəlcədən alacağını bilir və qəbul edir, sifarişlər hər ayın axrında (25-ində) növbəti ay üçün Eksklüziv Distribütor-a verilməlidir, vaxtında verilməyən sifarişlərə görə Eksklüziv Distribütor məsuliyyət daşımır; zəmanət müddəti ərzində quraşdırılmış mallarda qüsurlar aşkar edildikdə, Agentin qüsuru aşkar etdiyi tarixdən ən gec 30 (otuz) gün ərzində Eksklüziv Distribütora yazılı etiraz göndərmək hüququ vardır. Eksklüziv Distribütor öz təqsiri üzündən malian sifariş tarixindən etibarən 30 gün ərzində Agentə təhvil verməzsə, hər geciktirilmiş gün üçün sifariş dəyərinin 0.5%-i məbləğində cərimə ödəyir, ancaq bu cərimə sifariş dəyərinin 10%-indən çox ola bilməz; Agent sifariş tarixindən sonraki ayın 5nə qədər ödəniş etməzsə və ya sifariş tarixindən etibarən 30 gün ərzində malları təhvil almazsa, hər geciktirilmiş gün üçün sifariş dəyərinin 0.5%-i məbləğində cərimə ödəyir, ancaq bu cərimə sifariş dəyərinin 10%-indən çox ola bilməz Agent tərəfindən avtomobillərə malların quraşdırıldığı zaman və (ya) quraşdınldıqdan sonra, malların istehsalçı qüsuru istisna olmaqla, yaranan hər hansı bir neqativ hallara, bədbəxt hadisələrə (avadanlıqların işləməməsi, partlayış, həmin avtomobillərin nasaz olma» hallan və s.) görə Eksklüziv Distribütor heç bir məsuliyyət daşımır. Bu müqavilənin müddətinin qurtarması və ya ona vaxtından əvvəl xitam verilməsi tarixindən etibarən X3 satın aldığı, lakin hələ avtomobillərə quraşdırmadığı bütün malla 2 gün ərzində Eksklüziv Distribütora tam yararlı vəziyyətdə onların satış qiymətinin 80%-i dəyərində satmalı, malların avtomobillərə quraşdırmasını dayandırmalıdır və Agent tərəfindən mallann brendinin, o cümlədən Cavabdeh MMC-nin adından, onun sertifikatianndan istifadə oluna bilməz, əks halda Eksklüziv Distribütor dəymiş ziyanı Agentdən tələb etmək hüququ vardır; bu halda mallar Eksklüziv Distribütorun müəyyən etdiyi yerdə ona satılaraq təhvil verilməli və həmin mallann satış qiymətinin 80%-i Agentə ödənilməlidir. bu Müqavilə üzrə öz vəzifəsini icra etməyən və ya lazımınca icra etməyən tərəf digər tərəfə vurduğu zərərə görə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır və qarşı tərəfə vurduğu zərərin əvəzini tam həcmdə ödəyir. bu müqavilənin müddətinin bitməsinə 10 gün qalmış Tərəflərdən heç biri yazılı qaydada Müqavilənin ləğv edilməsi təşəbbüsü ilə çıxış etmədikdə müqavilə eyni şərtlərlə, eyni müddətə uzadılır. hər bir tərəf digər tərəfi 2 ay əvvəlcədən yazılı qaydada xəbərdar etməklə müqaviləyə vaxtından əvvəl xitam verə bilər. İddiaçı1 MMC-nin X8 tərəfindən Cavabdeh MMC-nin X9 Tayşiyə ünvanladığı xx.xx.2019-cu il tarixli Pretenziya məktubuna əsasən bildirmişdir ki, Cavabdeh MMC ilə İddiaçı1 MMC-nintəsisçisi olmuş İddiaçı2 Şahin oğlu arasında xx.xx.2017-ci il tarixli “Françayzinq müqaviləsinin bağlanmasına dair ilkin Müqavilə” mövcuddur. Müqavilə üzrə tərəflər bəyan etmişlər ki, 15 iş günü ərzində X2 verənin imtinası səbəbindən müqavilə imzalanmazsa və müqavilədə nəzərdə tutulmuş şərtlər pozularsa ödənilmiş daxilolma haqqı Françayz verən tərfindən Françayz alana 5% cərimə ilə tam miqdarda geri qaytarılır. İddiaçı1 MMC pretenziya qaydasında müraciət edərək xahiş edir ki, müqavilə üzrə Cavabdeh MMC-yə nağd pul şəklində ödənilmiş 20 ABŞ dolları həcmində məbləği 10 iş günü ərzində geri qaytarsın. Müştərilərdə isə Cavabdeh MMC-yə təqdim etdiyi avtoqaz sistemlərinə inamsızlıq, etibarsızlıq hökm sürür. Cavabdeh MMC tərəfindən isə bu mənfi rəyin qarşısının alınmasına dair heç bir tədbir görülmür. Dəfələrlə görüşlərində təklif etdiyi kimi, daha keyfiyyətli avdanlıqların İddiaçı1 MMCyə təqdim edilməsi və hazırki quraşdırılmış avadanlıqlarda nasazlıqların yaranmasının qarşısının alınması üçün təxirəsalınmaz tədbirlər görməyini təklif etmişdir. Lakin hal hazırda da müssisənin maddi vəziyyəti qeyri-qənaətbəxş vəziyyətə gəlib çatmış və Cavabdeh MMC ilə iş münasibətlərinə davam etmək mümkünsüz olmuşdur. Cavabdeh MMC-dən rəhbərlik etdiyi şirkətlə İddiaçı1 MMC arasında xx.xx.2017-ci il tarixli, EKO-GREEN/01-2017 saylı müqavilənin bu gündən etibarən xitam verilməsini və əldən çıxmış faydanın qarşılıqlı müzakirə nəticəsində hesablanaraq İddiaçı1 MMC-yə ödənilməsini təmin etməyi xahiş etmişdir İddiaçı1 MMC-nin X8 tərəfindən Cavabdeh MMC-nin X9 Tayşiyə ünvanladığı xx.xx.2019-cu il tarixli Pretenziya məktubuna əsasən bildirmişdir ki, şirkətlər arasında “14” Dekabr 2017-ci il tarixli EKOGREEN/01-2017 saylı müqavilə müddəti ərzində satış üçün onlara təqdim etdikləri avtoqaz avadanlıqlarından hər ay çoxsaylı müştəri şikayətləri daxil olmuş, bu şikayətlərin aradan qaldırılması üçün tərəfindən müraciətlər edilmişdir. Texniki baxımdan müştəri şikayətlərinin bəziləri həllini tapmış, bir qisim müştərilərin isə şikayətçi olmasınlar deyə öz hesablarına yeni avadanlıqların quraşdırılması nəticəsində müştəri narazılığının qarşısı alınmışdır. İşdə olan təhvil-təslim aktlarının surətlərindən görünür ki, tərəflər arasında imzalanmış müqavilə üzrə 2018-2019-cu illər ərzində Cavabdeh MMC tərəfindən İddiaçı1 MMC-yə müxtəlif çeşiddə mallar satılaraq təhvil verilmiş və ya müqavilənin zəmanət ilə bağlı şərtlərinə uyğun olaraq dəyişdirilmişdir. Kollegiya, ilk növbədə iddianın təmin edilmiş hissəsi ilə bağlı cavabdehin apelyasiya şikayətinin dəlillərinə qiymət verərək, bu hissədə rayon məhkəməsinin gəldiyi qənaəti əsaslı sayır. Belə ki, Mülki Məcəllənin 324.1-ci və 324.5-ci maddələrinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Baxılan işin hallarından görünür ki, İddiaçı2 ilə Cavabdeh MMC arasında xx.xx.2017-ci tarixində françayz verən Cavabdeh MMC və françayz alan gələcəkdə təsis olunan məhdud məsuliyyətli cəmiyyəti tərəfindən müəyyən edilmiş şərtlər əsasında müstəqil kontraktor qismində 15 iş günü ərzində müqavilədə təsvir olunacaq minik və yük avtomobillərinə qaz-balon qurğularının satışı, quraşdırılması və təmiri üzrə xidmətlərindən istifadə etmək üçün françayzinq müqaviləsini bağlanılması barədə ilkin müqavilə imzalanmışdır və məhz françayzinq müqaviləsinə daxil olma haqqı olaraq 20.000 ABŞ dolları məbləğində pul İddiaçı2 tərəfindən Cavabdeh MMC-yə ödənilmişdir. Lakin, sonradan tərəflər bu razılaşmadan geri çəkilmişlər və ilkin müqavilədə müəyyən edilmiş müddət ərzində tərəflər arasında françayzinq müqaviləsi imzalanmamışdır. xx.xx.2017-ci il tarixdə İddiaçı2 tərəfindən təsis edilmiş İddiaçı1 MMC ilə Cavabdeh MMC arasında “Ticarət nümayəndəsi (agenti) haqqında” müqavilə bağlanmışdır. Həmin müqaviləyə nəzər saldıqda görürük ki, Cavabdeh MMC avtoqaz sistemləri avadanlıqlarını və qaz balonlarını İddiaçı1 MMC-yə, bu müqavilə üzrə müəyyən edilmiş ərazidə avtomobillərə quraşdırma işlərinin aparılması üçün satılması, İddiaçı1 MMC isə bu müqavilənin şərtlərinə uyğun Eksklüziv Distribütorun adından və onun hesabına müqavilələrin bağlanılmasına dair öhdəlik götürmüşdürlər. Eyni zamanda müqavilədə İddiaçı1 MMC-nin Eksklüziv Distribütor Cavabdeh MMC-nin adından və onun hesabına fəaliyyət göstərdiyi qeyd edilsə də, işin faktiki hallarından aydın olur ki, “İddiaçı1“ MMC malların satışı ilə bağlı fəaliyyəti öz hesabına həyata keçirmiş və öz adından hərəkət etmişdir. Digər tərəfdən İddiaçı1 MMC malların satış qiymətini sərbəst şəkildə müəyyən edərək, malların alış və satış qiyməti arasında olan fərqin hesabına gəlir əldə etmişdir. Belə olan halda, birinci instansiya məhkəməsi işin sadalanan hallarını, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktikanı, onların sonrakı hərəkətlərini və imzalanmış “Ticarət nümayəndəsi haqqında” müqaviləni şərtlərini kompleks şəkildə qiymətləndirərək, haqlı olaraq belə hesab etmişdir ki, tərəflərin iradə ifadəsinin həqiqi mənası, françayzinq müqaviləsinin deyil, məhz kommersiya konsessiyası haqqında müqavilənin imzalanmasına yönəldilmişdir və tərəflər arasında imzalanmış müqavilə kommersiya konsessiyası haqqında müqavilədir. Mülki Məcəllənin 801.1-ci maddəsinə əsasən, konsessiya müqaviləsi istehsalçı və ya tacir (tapşıran) ilə sənətkarlıq şəklində müstəqil fəaliyyətlə məşğul olan şəxs (konsessioner) arasında elə bir ümumi razılaşmadır (birtipli müqavilədir) ki, onun əsasında konsessioner tapşırandan müəyyən malları (kontrakt mallarını) vaxtaşırı satın almaq, bu malları müəyyən ərazilərdə və (və ya) müəyyən müştərilərə (müqavilə ərazisi və müqavilə müştəriləri) öz adından və öz hesabına başqasına satmağı öhdəsinə götürür. Mallar barəsində tapşıran konsessionerə müstəsna satış hüququ (inhisar hüququ) verir, konsessioner isə tapşıranın mallarının onun nəzarəti altında satışına qarantiya verməlidir. Ayrı razılaşma olmadıqda konsessioner ilə tapşıran arasında hüquq münasibətlərinə müvafiq olaraq ticarət nümayəndəsi haqqında Mülki Məcəllənin müəyyən müddəaları da tətbiq edilir. Qeyd olunanlar isə ona dəlalət edir ki, iddia İddiaçı2 ödədiyi 20.000 ABŞ dolları daxil olma haqqının Cavabdeh MMC-dən tutulması hissəsində əsaslıdır. Belə ki, Mülki Məcəlləsinin 725.1-ci maddəsinə əsasən françayz alan françayzinqin həyata keçirilməsi sisteminə qoyduğu zəhmət nəzərə alınmaqla hesablanan muzd ödəməli və vicdanlı sahibkar kimi fəaliyyət göstərməli, müqavilənin məqsədi ilə bilavasitə bağlı olan hallarda françayz verənin və ya onun göstərdiyi şəxslərin vasitəsilə xidmətlər qəbul etməli və mallar əldə etməlidir. Həmin Məcəllənin 725.2-ci maddəsinə əsasən əgər müqavilə bağlanarkən françayz alan daxilolma haqqı vermişdirsə və bu haqq françayz muzdunun hesabına daxil edilməmişdirsə, onda françayz verən müqavilənin qüvvəsinə xitam verilərkən bu haqqı ona qaytarmağa borcludur. Göründüyü kimi, mülki qanunvericiliyin tələblərinə görə daxilolma haqqı françayzinq müqaviləsinin bağlanıldığı zaman ödənilən haqdır və qanunda kommersiya konsessiyası və ya ticarət nümayəndəsi haqqında müqavilələrin bağlanması zamanı belə bir haqqının ödənilməsi nəzərdə tutulmamışdır. Hazırkı işidə isə İddiaçı2 tərəfindən təsis edilmiş İddiaçı1 MMC ilə Cavabdeh MMC arasında isə ilkin müqavilənin şərtlərinə uyğun olaraq françayzinq müqaviləsi bağlanmadığından, İddiaçı2 tərəfindən françayzinq müqaviləsinə daxilolma haqqı kimi ödənilmiş 20.000 ABŞ dolları Cavabdeh MMC-dən alınaraq ona qaytarılmalıdır. Kollegiya, İddiaçı1 MMC-nin apelyasiya şikayətinin dəlillərini də qətnamənin mübahisələndirilən hissədə ləğv edilməsi üçün əsaslı hesab etmir. Ona görə ki, birinci instansiya məhkəməsi MM-in 421, 424, 442, 443, 801.2, 794- 798-ci maddələrinə istinad etməklə düzgün olaraq qeyd etmişdir ki, müqaviləyə xitam verilməsi o halda mümkündür ki, tərəflərdən biri müqaviləni əhəmiyyətli dərəcədə pozsun və bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olsun. Bunun nəticəsində borclu kreditora dəymiş ziyanı ödəməlidir və bu zərər pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) ilə ölçülür. Hazırda İddiaçı1 MMC, tərəflər arasında imzalanmış müqaviləyə əsasən 2018-ci ilin əvvəllərindən Cavabdeh MMC-nin satış üçün təqdim etdiyi “Aldessa” və “Atiker” markalı avtoqaz avadanlıqlarından hər ay çoxsaylı müştəri şikayətlərinin (məsələn; mühərrikin qaz rejimində qeyri-müntəzəm və titrəyişli işləməsi, avtomobilin qaz rejimində hərəkəti zamanı dartınmalarla işləməsi və sönməsi, tez-tez qaz rejimindən benzin rejiminə keçməsi və s.) daxil olduğunu, bu şikayətlərin aradan qaldırılması üçün dəfələrlə Cavabdeh MMC-yə müraciətlər edildiyini, şirkətin hesabına yeni avadanlıqların quraşdırıldığını, qeyd olunan problemlərin aradan qaldırılması üçün çoxsaylı müraciətlərdən sonra Cavabdeh MMC-nin müqavilə üzrə üzərinə düşən öhdəlikləri, o cümlədən təqdim etdiyi mallara quraşdırılan tarixdən etibarən 2 il və ya 80.000 km (hansı tez başa çatsa) zəmanət verməsi barədə öhdəliyi yerinə yetirmədiyini, 3 aya yaxındır onu mallarla təmin etmədiyini bildirərək, Cavabdeh MMC ilə aralarında bağlanmış xx.xx.2017-ci il tarixli müaviləyə xitam verilməsini və cavbdehin bu hərkətləri nəticəsində ona dəymiş zərərin əvəzinin ödənilməsini tələb edir. Aralarında bağlanmış xx.xx.2017-ci il tarixli müqavilənin şərtlərinə görə, tərəflər, satılan malların yeni olması və Eksklüziv Distribütor tərəfindən mallar quraşdırılan tarixdən etibarən 2 il / 80.000 km (hansı tez başa çatsa) zəmanət verildiyi, zəmanət müddəti ərzində quraşdırılmış mallarda qüsurlar aşkar edildikdə, Agentin qüsuru aşkar etdiyi tarixdən ən gec 30 gün ərzində Eksklüziv Distribütora yazılı etiraz göndərmək hüququnun olduğu barədə raşılaşmışlar. Digər tərəfdən malların sifarişi ilə bağlı müqavilədə müəyyən edilmişdir ki, Agent sifariş verəcəyi malların siyahısını ən azı 30 gün əvvəlcədən (hər ayın 25-də növbəti ay üçün) Eksklüziv Distribütora rəsmi qaydada təqdim etməlidir, əks halda Agentin çəkəcəyi ziyandan Eksklüziv Distribütor məsuliyyət daşımır. Agent sifariş verdiyi malların dəyərini tam olaraq sifarişin verildiyi tarixdən sonraki ayın 5-dək ödəyir, ödəniş tam olaraq həyata keçirilmədikdə ödəniş tam həyata keçirilən tarixədək Eksklüziv Distribütorun istehsalçının ölkəsindən malları sifariş verməmək hüququ vardır. İddiaçı1 MMC tərəfindən isə mallarda yaranmış problemlərin istehsal qüsuru ilə bağlı olduğunu, həmin mallarda yaranmış nasazlıqlara görə digər tərəfə, yəni Cavabdeh MMC-yə etirazını bildirdiyini, lakin Cavabdeh MMC tərəfindən müqavilədə göstərilən zəmanət şərtlərinə əməl edilməyərək, malları əvəz etməkdən imtina edildiyi, eyni zamanda malları müqavilə şərtlərində müəyyən edilmiş müddət ərzində sifariş etdiyini, lakin cavabdeh tərəfindən malların təhvil verilmədiyini təsdiq edəcək hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Halbuki, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Oxşar mövqe Avropa Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Belə ki, Avropa Məhkəməsinin X1rşı iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. Əksinə, birinci instansiya məhkəməsində icraat zamanı şahid qismində dindirilmiş Cavabdeh MMC-nin təsisçisi olan Çelik Selma verdiyi izahatında bildirmiş dir ki, ...avadanlıqlarda yaranan problemin qazın tərkibi ilə bağlı olmuşdur, qazın tərkibinə parafein və kükürd yığıldığı üçün keyfiyyətsiz olduğundan avtomobilin qaz filterləri tutulmuşdur. Bununla yanaşı, Cavabdeh MMC-nin təqdim etdiyi həmin avadanlıqların istehsalçıları Türkiyə Respublikasının məşhur şirkətləridir, həmin şirkətlər öz avadanlıqlarını dünyanın bir çox ölkələrinə satırlar və həmin avadanlıqlar barədə heç bir mənfi rəy mövcud deyildir. Digər şahid X6 da verdiyi ifadəsində göstəmişdir ki, o, “xxxx” MMC-nin direktoru vəzifəsində çalışır. Onlar, İtaliya avadanlıqları istehsal edir və servis xidmətləri göstərirlər. Şahid ifadəsində son 4 aydır ki, PMG qazın satışında qıtlıq olduğunu, qazın qiymətinin artmasını və bu gün avtoqaz avadanlıqlarının satışı ilə problemin qazın keyfiyyəti və qiymət artımı ilə bağlı olduğunu bildirmişdir. O, qeyd etmişdir ki, hal-hazırda satışda olan PMG qazın keyfiyyətinin pis olması onunla nəticələnir ki, qurğuların, qaz avadanlıqlarının daxilində kükürd toplanır bu isə qaz avadanlıqların istifadəsi nəticəsində nasazlıqların əmələ gəlməsi ilə nəticələnir. Nəzərə alınmalıdır ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi, həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olubolmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Beləliklə, Kollegiya qeyd olunanlara əsasən, bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Bu səbəbdən qətnamə qanuni və əsaslıdır, şikayətlərin dəlilləri onun ləğvi üçün əsas təşkil etmir. Göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı1 MMC-nin və Cavabdeh MMC-nin apelyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-337/2020 saylı iş üzrə xx xxxx 2020ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar